Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-899/2023 03.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, Ağdam Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(013)-2400/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 03 may 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2022-ci il tarixdə, əl yazısı ilə yazılmış qəbzdən görünür ki, Ağdam rayonu Quzanlı kənd sakini, cavabeh Cavabdeh, tanıdığı İddiaçı ehtiyacı olduğu üçün 3500 (üç min beş yüz) manat məbləğində pul almış və aldığı borcu iddiaçının istədiyi vaxt ona qaytaracağına söz vermişdir. Eyni zamanda qəbzin doğruluğunu imzası ilə təsdiq etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş iddia tələbinin azaldılması barədə ərizəsindən görünür ki, Cavabdeh iddiaçıya olan 3500 manat borcundan 560 manatı ödəmişdir.
2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi sosial müaavinət və təqaüd haqqında xx.xx.2022-ci il tarixi arayışından görünür ki, Cavabdeh vətən müharibəsi iştirakçısı olmaqla 80 manat məbləğində Prezident təqaüdü alır.
3. E-manat postterminalının xx.xx.2022-ci il tarixli qəbzindən görünür ki, 416973******2864 kart nömrəsinə 505 manat məbləğində pul ödənilmişdir.
4. Səsyazısı olan disk dinlənilərkən müəyyən edilmişdir ki, Cavabdeh iddiaçıya olan 3500 manat borcundan 560 manatı ödəmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçıı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 3500 manat məbləğində borcun və ödədiyi 55 manat məbləğində dövlət rüsumu pulun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabeh Cavabdeh arasında tərtib etdikləri borc müqaviləsinə əsasən cavabdehə ehtiyacı olduğu üçün 3500 manat məbləğində borc pul verilmişdir. Həmin pulu Cavabdeh şəxsən verdiyini və borc müqaviləsinə qol çəkdirmişdir. Həmin müqavilənin əslini işə əlavə etmişdir. Cavabdehə borcunu qaytarması barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borc hələ də qaytarılmamışdır.
7. Ağdam Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(013)-2400/2022 nömrəli qətnaməsi ilə (hakim Rafiq Məmmədov) iddianın təmin edilməsi, Cavabdeh 2940 (iki min doqquz yüz qırx) manat məbləğində pulun və dövlət rüsumu qismində ödənilmiş 55 (əlli beş) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.
8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 739.1 və 739.2-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 191.1 və 217.4-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(013)-2400/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamışdır. Belə ki, ehtiyacı olduğu üçün pul götürmüşdür. 500 manata görə iddiaçıya hər ay 50 manat verməli idi. İddiaçı özü qəbzdə 3000 manat qeyd etmişdir ki, o borcu tez müddətdə qaytarsın. 2 ay ərzində 100 manat faiz ödəmişdir, daha sonra 505 manat ödəmişdir. Bununla bağlı qəbzi və telefon danışıqlarını əks etdirən səs yazısını işə əlavə etmişdir. Məhkəmə iclasında iştirakı təmin olunmadığına görə onda olan sübutlarını təqdim edə bilməmişdir. Çəkişmə prinsipi pozulmuş, ona məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz ünvanlayaraq təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, ona olan 3000 manat borcun ödənilməsi barədə onda səs yazısı vardır. Həqiqətən də həmin səs yazısında o bildirmişdir ki, Cavabdeh ona ümumilikdə 6500 manat borcdan 3560 manatını ödəmişdir. Cavabdeh ona borclu olduğu 6500 manatdan 3560 manat ödəmişdir, hazırki qətnamə isə 2940 manat borcla bağlı çıxarılmışdır. Cavabdehin məqsədi borcdan yayınmaqdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, o, hərbi hissədə xidmət etməklə işləyir. Onun ehtiyacı olduğu üçün iddiaçıdan 500 manat pul borc götürmüşdür. Ona görə iddiaçıya hər ay 50 manat verməli idi. İddiaçı özü qəbzdə 3500 manat qeyd etmişdir ki, o borcu tez müddətdə qaytarsın. 2 ay ərzində 100 manat faiz ödəmişdir, daha sonra 505 manat ödəmişdir. Qəbzi o əlyazma ilə yazmış və imza etmişdir. Məhkəmə iclasında iştirak etmədiyinə görə sübutlarını təqdim edə bilməmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsinin xahiş etmişdir.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək izahatında göstərmişdir ki, cavabdeh ona 3000 manat borcun ödənilməsi barədə onda səs yazısı oldugunu bildirir. Həqiqətən də həmin səs yazısında o bildirmişdir ki, Cavabdeh ona ümumilikdə 6500 manat borcundan 3560 manatını ödəmişdir. Cavabdeh ona borclu olduğu 6500 manatdan 3560 manat ödəmiş, hazırki qətnamə isə 2940 manat borcla bağlı çıxarılmışdır. Cavabdehin məqsədi borcdan yayınmaqdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini və Ağdam Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(013)-2400/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
14. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
15. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. Maddə 433.3. Öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır.
17. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
18. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun pisk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
19. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
20. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
21. Maddə 740.2 .Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
22. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
26. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
27. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
28. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
29. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsini xahiş etdiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, iş faktiki hallarına düzgün qiymət verilmişdir.
33. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixdə, əl yazısı ilə yazılmış qəbzdən görünür ki, Ağdam rayonu Quzanlı kənd sakini, cavabeh Cavabdeh, tanıdığı İddiaçı ehtiyacı olduğu üçün 3500 (üç min beş yüz) manat məbləğində pul almış və aldığı borcu iddiaçının istədiyi vaxt ona qaytaracağına söz vermişdir. Eyni zamanda qəbzin doğruluğunu imzası ilə təsdiq etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş iddia tələbinin azaldılması barədə ərizədəndə görünür ki, Cavabdeh iddiaçıya olan 3500 manat borcundan 560 manatı ödəmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərində 505 manat məbləğində ödəniş etdiyini və əlavə etdiyi qəbzlə bunu sübut etdiyini bildirsə də həmin qəbzlə pulun məhz cavabdeh tərəfindən iddiaçıya göndərilməsi müəyyən edilmir. Tərəflər arasındakı danışıqdan qeydə alınmış səsyazısı ilə bağlı kollegiya qeyd edir ki, orada cavabdehin iddiaçıya olan borcunun tam ödənilməsi barədə məlumat yoxdur. Cavabdehin apellyasiya şikayətinin digər dəlili isə çəkişmə prinsipinin pozulması olmuşdur, bununla bağlı kollegiya qeyd edir ki, iş materiallarından görünür ki, cavabdehə çatdırılması üçün məhkəmə bildirişi onun yaşayış yeri üzrə icra nümayəndəliyinə göndərilmişdir. Cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Göründüyü kimi, baxılan işdə məhkəmə bildirişi cavabdehə çatdırılması üçün göndərilmiş və çatdırılması üçün qəbul edilmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, hazırkı vəziyyətdə çagırılan şəxsə məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir.
35. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır və cavabdehin formal mülahizələrindən ibarətdir.
36. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə Məhkəmə Kollegiyası razilaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uygun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
37. Məhkəmə Kollegiyası qeyd edir ki, baxılan iş üzrə çıxarılan qətnamədən (qətnamənin mübahisələndirilən hissəsi iddianın qiyməti beş min manatdan az olduğu üçün) kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdam Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(013)-2400/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayət verilə bilməz .