Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-899/2024 06.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), X2 və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (atası) X5 və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli 2(125)-273/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 06 may 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 06 may 2022-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh1 7000 manat vermiş, sonuncu aldığı borcu xx.xx.2022-ci il tarixidək qaytarmağı öhdəsinə götürmüşdür. Kreditin faizsiz verilməsi şərtləndirilmişdir.
2. 06 may 2022-ci il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 06 may 2022-ci il tarixli, 3M-403 reyestr nömrəli kredit müqaviləsinin təminatı kimi borcalan Cavabdeh1 ilə birlikdə borcverən İddiaçı qarşısında birgə məsuliyyət daşımağı öz üzərinə götümüşdür.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 06 may 2022-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehlərdən 7000 manat onun xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə 2022-ci ilin əvəllərində atası X3 vasitəsilə tanış olmuşdur. Tanış olduqdan bir müddət sonra Cavabdeh1 ondan borc istəmiş və borcunu 2 ay ərzində qaytaracağını bildirmişdir. Cavabdehə 7000 manat borc vermiş və buna dair aralarında Bakı şəhəri 52 saylı notariat ofisində 06 may 2022-ci il tarixli kredit müqaviləsi bağlanmış, Cavabdeh2 da zəmin durmuşdur. Cavabdeh1 06 iyul 2022-ci il tarixədək borcu qaytarmağı öhdəsinə götürsədə, lakin qaytarmamışdır.
5. Birinci instansiya məhkəməsində icraat zamanı İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək Cavabdeh1 və Cavabdeh2 06 may 2022-ci il tarixli kredit müqaviləsi üzrə 4500 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Gəncə Şəhər Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli 2(125)-273/2024 nömrəli qətnaməsi ilə (hakim C.Quliyev) iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 06 may 2022-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1000 (bir min) manat alınıb İddiaçı verilməsi; iddia tələbinin qalan hissədə təmin edilməməsi; Cavabdeh1 ödənilməli olan dövlət rüsmunun bir hissəsinin əvəzi qismində 30 (otuz) manat dövlət nəfinə tutulması qət olunmuşdur.
7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 427.3, 448.1, 472.1, 472.2, 477.0.4, 739.1-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı apellyasiya şikayəti verərək, iddia tələbinin təmin edilməməsi hissədə qətnamənin ləğv edilməsini və həmin hissədə də iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün araşdırma aparmamış, çəkişmə prinsipini pozmuş və rəsmi sənədlərə əhəmiyyət vermədən iddianı qismən təmin etmişdir. Belə ki, o Cavabdeh1, anası Cavabdeh2 zaminliyi ilə 06 may 2022-ci il tarixdə, Bakı şəhəri, 52 saylı notariat ofisində kredit müqaviləsi bağlayaraq, 7000 manat borc vermiş və cavabdeh həmin borcdan 2500 manat hissə-hissə qaytarmış, 4500 manat qaytarmamışdır. Buna baxmayaraq birinci instansiya məhkəməsi 4500 manat borcun ancaq 1000 manatını Cavabdeh1 tutulmasını barədə qətnamə qəbul etmişdir. Halbuki, zamində borc götürənlə eyni məsuliyyət daşıyır. Birinci instansiya məhkəməsinin qətnaməsində borcun zaminlə birlikdə müştərək qaydada ödənilməsi göstərilməmişdir. Məhkəmə işin bütün faktiki hallarını lazımınca araşdırmadan ədalətsiz qətnamə çıxartmışdır. Birinci instansiya məhkəməsi cavabdehin verdiyi həqiqətə uyğun olmayan ifadələrinə əsaslanaraq onun iddiasını qismən təmin etmiş, lakin onun ifadələrinə əhəmiyyət belə verməmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Cavabdeh1 apellyasiya şikayətinə etiraz verərək şikayətin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi X5 iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, cavabdeh hissə-hissə 2500 manat əsas borcdan qaytarmışdır. Oğlunun pulunu cavabdeh özündə saxladığı üçün əlavə olaraq da 3500 manat vermişdir və həmin pul 7000 manat borcun üstü kimi hesablanmışdır. Eləcədə cavabdehin anası Cavabdeh2 pulun qaytarılmasına zamin dursada, məhkəmə zamindən pulun tutulmasını təmin etməmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmoin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, kredit müqaviləsi üzrə iddiaçıdan aldığı 7000 manatın 6000 manatını qaytarmış, 1000 manat ödənilməmiş qalmışdır. İddiaçı tərəfin pülün üstü hesab etdiyi 3500 manat da borcdan qaytarılan məbləğdir. Çünki kredit borc ona faizziz verilmiş və bu hal müqavilədə də qeyd olunmuşdur. Cavabdeh1 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iclasında iddiaçı nümayəndəsi vastəsilə təmsil olunur, Cavabdeh2 isə gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
16. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
17. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
18. Maddə 472.1 və 472.2. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
19. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
20. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
21. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
22. Maddə 740.2. Borc müqaviləsi üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
23. Maddə 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 88-ci maddəyə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
26. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya baxışının hədləri
27. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
29. Apellyasiya şikayətindən müəyyən olunur ki, qətnamə iddianın təmin edilməməsi hissədə mübahisələndirilir. Ona görədə hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının həmin hissədə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
31. İşin müəyyən olumuş faktiki hallarından görünür ki, 06 may 2022-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı Cavabdeh1 06 iyul 2022-ci il tarixidək qaytarmaq şərtilə 7000 manat borc vermiş və bu barədə tərəflər arasında Bakı şəhəri 52 saylı notariat ofisində 06 may 2022-ci il tarixli 3M-403 reyestr nömrəli kredit müqaviləsi bağlanmış, eləcədə Cavabdeh2 kredit müqaviləsinin təminatı kimi borcalan Cavabdeh1 ilə birgə borcverən İddiaçı qarşısında birgə məsuliyyət daşımağı öz üzərinə götümüşdür. Tərəflər kreditin faizsiz verilməsini şərtləndirmişlər. Borcalan Cavabdeh1 kredit müqaviləsi üzrə götürmüş olduğu öhdəliyi vaxtında və lazımı qaydada yerinə yetirmədiyindən borcverən İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, daha sonra isə iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək cavabdehlərdən müştərək qaydada 4500 manat alınmasını məhkəmədən xahiş etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı qismən təmin etmişdir.
32. Kollegiya hesab edir ki, iddia tələbini qismən, yəni 1000 manat təmin etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsas deyil.
33. Belə ki, borc müqaviləsinin bağlanmış hesab olunması, yəni hüquqi nəticə əmələ gətirməsi, digər müqavilələrdə olduğu kimi sırf razılaşma sayəsində olur. Bununla bağlı təkcə Mülki Məcəllənin borc müqaviləsini tərif edən 739.1-ci maddəsindəki müddəanın nəzərdən keçirilməsi kifayətdir. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
34. Yuxarıda da qeyd olunduğu kimi İddiaçı Bakı şəhəri 52 saylı notariat ofisində bağlanmış 06 may 2022-ci il tarixli kredit müqaviləsi əsasında Cavabdeh1 sonuncunun anası Cavabdeh2 zaminliyi ilə 06 iyul 2022-ci ilədək qaytarmaq şərtilə 7000 manat borc verməsi işin mübahisəsiz halıdır. Tərəflər arasındakı mübahisə borcun hansı məbləğdə qaytarılıb-qaytarılmamasından ibarətdir. Belə ki, iddiaçı tərəf 2500 manat qaytarıldığını, cababdeh isə 6000 manat qaytardığını iddia edir. İşə baxan birinci instansiya məhkəməsidə cavabdeh tərəfin dəlilini əsas götürərək iddianı qismən, yəni 1000 manat hissədə təmin etmişdir.
35. Bu qətnamənin 32-ci bəndində də qeyd olunduğu kimi kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
36. Mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. İddiaçı etibarnamə üzrə nümayəndəsi (atası) X5 apellyasiya icraatı zamanı izahatında bildirmişdir ki, Cavabdeh1 əsas borcdan hissə-hissə 2500 manat qaytarmış, 7000 manat borcun üstü kimi də əlavə olaraq 3500 manat vermiş əsas borcdan 4500 manat qalmışdır. Cavabdeh1 isə iddiaçı tərəfin borcun üstü kimi verilməsini güman etdiyi 3500 manatın da aldığı borcdan qaytarıldığını, 2500 manat da nəzərə alınmaqla, iddiaçıya ümumilikdə 6000 manat ödədiyini bildirmişdir.
38. “Elektron məhkəmə” informasiya sistemi vastəsilə qeydə alınmış məhkəmə iclasının audio-video yazısı tədqiq edilərkən də müəyyən olunmuşdur ki, iddiaçının nümayəndəsi X5 birinci instansiya məhkəməsində icraat zamanı verdiyi izahat, apellyasiya icraatı zamanı verdiyi izahatla eyni mazmunlu olmuşdur.
39. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.3. maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.
40. Göründüyü kimi borcalan Cavabdeh1 tərəfindən borcverən İddiaçı ümumilikdə 6000 manat qaytarması tərəflərin izahatları ilə sübut olunur.
41. Tərəflər arasında Bakı şəhəri 52 saylı notariat ofisində 06 may 2022-ci il tarixdə bağlanmış və 3M-403 reyestr nömrə ilə qeydə alınmış kredit müqaviləsinin 3-cü bəndində qeyd olunmuşdur ki, kredit faiziz verilir. Belə olan təqdirdə cavabdeh tərəfin qaytarmış olduğu 3500 manat, iddiaçının güman etdiyi kreditin üstü (bir nov faiz) kimi nəzərə alına bilməz.
42. Apellyasiya şikayətinin “borcun zaminlə birlikdə müştərək qaydada tutulmamasına” münasibətdə kollegiya qeyd edir ki, iddianın qismən təmin edilməsi hissədə, yəni yalnız Cavabdeh1 1000 manat tutulmasını qət etməkdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə də qanuni və əsaslı olmuşdur. düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0.4. maddəsinə görə, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Yuxarıdada qeyd olunduğu kimi tərəflər arasında bağlanmış kredit müqaviləsinin başa çatdığı müdət 06 iyul 2022-ci il göstərilmişdir. Belə olan təqdirdə İddiaçı Cavabdeh2 (zaminə) qarşı qanunla müəyyən edilmiş müddət ərzində, yəni 06 iyul 2023-cü il tarixədək iddia irəli sürməliydi. Sonuncuya qarşı iddia ərizəsi isə 27 sentyabr 2023cü il tarixdə məhkəməyə verilmişdir. Mülki qanunvericiliyə görə isə qanunla müəyyən edilmiş müddət ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminliyə xitam verilir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4. maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsinə zərurət yoxdur.
43. Eləcədə, apellyasiya şikayətində “çəkişmə prinsipinin pozulması” qeyd olunmuşdur. Lakin işdən müəyyən olunur ki, işə baxılarkən iddiaçının etibarnamə üzrə nümayəndəsi birinci instansiya məhkəməsində iştirak etmişdir. Qeyd olunanları nəzərə alan kollegiya hesab edir ki, şikayətin dəlilləri əsassızdır və mübahisələndirilən hissədə qətnamənin ləğvi üçün əsas deyil.
44. Qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdir. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayət verilə bilməz.
45. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsi tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, mübahisələndirilən hissədə qətnamənin ləğvi üçün heç bir hüquqi əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə, yəni “borcun müştərək qaydada tutulmaması, eləcədə iddianın 3500 manat hissədə təmin olunmaması” hissədə dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372-376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli 2(125)-273/2024 nömrəli qətnaməsi mübahisələndirilən, yəni “borcun müştərək qaydada tutulmaması, eləcədə iddianın 3500 manat hissədə təmin olunmaması” hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.