Məhkəmə qərarları › İş №2(104)-900/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-900/2025

20.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-900/2025 20.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X1 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)- 6827/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. xx.xx.2023-cü il tarixli, GTKR0983016B299 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə, illik 17,5% dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmişdir.

2. xx.xx.2023-cü il tarixli, BRCB0223351B299 saylı Birbank Cashback kredit xətti müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixədək, illik 27% dərəcəsi ilə ilkin limiti 500 manat olmaqla kredit xətti ayrılmış və bank cavabdehə “Birbank Cashback” ödəniş kartı verməyi öhdəsinə götürmüşdür.

3. xx.xx.2023-cü il tarixli, 299TT**********2621 nömrəli balansdankənar məxaric orderindən görünür ki, bir ədəd plastik kart Cavabdeh təhvil verilmişdir.

4. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2023-cü il tarixli, GTKR0983016B299 saylı kredit müqaviləsi üzrə 2910,98 manat əsas, 505,65 manat faiz borcu olmaqla, cəmi 3416,63 manat borcu, xx.xx.2023-cü il tarixli, BRCB0223351B299 saylı kredit müqaviləsinə əsasən 499,57 manat əsas, 102,41 manat faiz borcu olmaqla, cəmi 601,98 manat borcu qalmışdır.

5. xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir.

6. Məhkəmə kollegiyasına təqdim edilmiş Cavabdeh məxsus hərbi qulluq keçməsi və səhhəti ilə bağlı sənədlərə baxış keçirilmiş və iş materiallarına əlavə edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı ASC Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2023-cü il tarixli, GTKR0983016B299 saylı kredit müqaviləsinə əsasən 2910,98 manat əsas, 505,65 manat faiz borcu olmaqla, cəmi 3416,63 manat borcun, xx.xx.2023-cü il tarixli, BRCB0223351B299 saylı kredit müqaviləsinə əsasən 499,57 manat əsas, 102,41 manat faiz borcu olmaqla, cəmi 601,98 manat borcun və ödənilmiş 60,19 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2023-cü il tarixli, GTKR0983016B299 saylı kredit müqaviləsinə əsasən cavabdehin kartına 24 ay müddətinə, illik 17,5% dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmişdir. Kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2023-cü il tarixli, BRCB0223351B299 saylı kredit müqaviləsinə əsasən, cavabdehin kartına illik 27% dərəcəsi ilə 500 manat məbləğində kredit verilmişdir. Kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqavilələrinin şərtlərinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixli, GTKR0983016B299 saylı kredit müqaviləsinə əsasən 2910,98 manat əsas, 505,65 manat faiz borcu olmaqla, cəmi 3416,63 manat borcu, xx.xx.2023-cü il tarixli, BRCB0223351B299 saylı kredit müqaviləsinə əsasən 499,57 manat əsas, 102,41 manat faiz borcu olmaqla, cəmi 601,98 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildiriş göndərilməsinə (pretenziya qaydasında həll olunma) baxmayaraq borcun qaytarılması təmin edilməmişdir.

9. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-6827/2024 saylı qətnaməsi ilə (hakim Cavid Tağıyev) iddia tələbinin təmin edilməsi, Cavabdeh xx.xx.2023cü il tarixli, GTKR0983016B299 saylı kredit müqaviləsinə əsasən 2910,98 manat əsas, 505,65 manat faiz borcu olmaqla, cəmi 3416,63 manat və xx.xx.2023-cü il tarixli, BRCB0223351B299 saylı kredit müqaviləsinə əsasən 499,57 manat əsas, 102,41 manat faiz borcu olmaqla, cəmi 601,98 manat, ümumilikdə hər iki müqavilə üzrə cəmi 4018,61 manat kredit borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 60,19 manat alınaraq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi qət edilmişdir.

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, həmin müqavilə üzrə verilən kredit müqabilində ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284, 385.1, 442, 445 və 739.1-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

12. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-6827/2024 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qismən faiz borcu hissəsində ləğv edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müəyyən müddət ödədikdən sonra hərbi xidmət dövrü aldığı ağır xəsarət nəticəsində həm cərahiyyə əməliyyatı olmuşdur. Uzun müddətdir ki, həmdə hal-hazırda stasionar və ambulator müalicə kursları keçir və əmək qabiliyyətini itirdikdən sonra ödəmə qabiliyyəti heçə enmişdir. Məhkəmə iclası onun iştirakı olmadan keçirilmişdir. Onun iştirak etməməyi onun yuxarıda göstərdiyi xəstəliyi ilə bağlıdır. 44 günlük 2-ci Qarabağ müharibəsi iştirakçısıdır, order, medalla təltif olunmuşdur, anti-terror əməliyyatında da iştirak etmişdir. Xəstəliyi barədə sənədləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, eyni məzmunlu izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, 80 manat təqaüd alır. Döyüşlərdə iştirak etmiş, Suqovuşan ərazisində mühasirəyə düşdüyü zaman xəsarət almış və iflic olmuşdur. Bu səbəblərdən borcu ödəyə bilməmişdir.

16. İş üzrə iddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, ərizə ilə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə bildirişi ilə onlara hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasına gəlməyəcəkləri təqdirdə işə onların iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

17. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

18. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

19. 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir.

20. 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir.

21. 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir.

22. 742.2. Əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın.

23. 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.

24. 746.1. İstehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür.

25. 746-2.1. İstehlak krediti müqaviləsi yazılı formada kağız və ya digər davamlı daşıyıcıda tərtib edilir.

26. Maddə 386.1 Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

27. Maddə 399.4 Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.

28. Maddə 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

29. Maddə 425.2 Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

30. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

31. Maddə 448.1 Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

32. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

37. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

38. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

39. 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

40. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

41. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

42. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

43. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən faiz borcu hissəsində mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-6827/2024 saylı qətnaməsi münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

45. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli, GTKR0983016B299 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə, illik 17,5% dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmişdir. Bundan sonra, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2023-cü il tarixli, BRCB0223351B299 saylı kredit müqaviləsinə əsasən, cavabdehin kartına illik 27% dərəcəsi ilə kredit verilmişdir. Kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqavilələrinin şərtlərinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Hazırda cavabdeh ona hesablanmış faiz borcunu mübahisələndirərək, ləğv edilməsini xahiş etmişdir.

46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin faiz məbləğin düzgün hesablanmaması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, qanunvericiliyə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Hazırki iş üzrə iddiaçı bank tərəfindən iş materiallarına maliyyə arayışı, hesabdan çıxarış, ödəniş planı və digər əhəmiyyətli bütün sənədlər təqdim edilmişdir. Cavabdeh apellyasiya şikayətində əsas borc və faiz hissəsində iddia tələbini mübahisələndirməmiş, qəbul etmişdir. Yalnız borcun ödənilməsi üçün ona vaxt verilməsini xahiş etmişdir. Ona görə də, kollegiya onun şikayətinin dəlillərini formal mülahizələr kimi qəbul edərək, hesab edir ki, əsassız hesab edir.

47. Məhkəmə kollegiyası cavabdehin hərbi qulluqçu kimi döyüşlərdə iştirak etməsi, xəsarət alması və hazırda səhhətində problemlər olması ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, cavabdehin xidmətləri yüksək qiymətləndirilir. Lakin qeyd olunan əsaslar hazırki iddia tələbi üzrə onu öhdəliklərindən azad etmir. Cavabdeh müqavilə şərtləri ilə razı olarkən mövcud riskləri də, qəbul etmişdir. Onun öz öhdəliklərini vaxtında və lazımınca yerinə yetirməməsi kreditorun hüquqlarını pozmaqla onun mənafeyinə cidd ziyan vura bilər. Bundan başqa, iddiaçı Bank və işə baxan birinci instansiya məhkəməsi tərəfindən cavabdehin maddi durumu nəzərə alınaraq, cərimə məbləği hesablanmamışdır.

48. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki hallarına uyğun olaraq, iddianın qismən təmin edilmiş hissəsində düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin həmin hissədə ləğv edilməsi üçün əsas ola bilməz.

49. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normasını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi:

Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-6827/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-6827/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar