Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-903/2025 21.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra- iddiaçı) Cavabdeh(bundan sonra- cavabdeh) qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 21 yanvar 2025-ci il tаrixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları AB seriyalı 875098 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ilə müəyyən olunur ki, “UAZ-452D” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 adına qeydiyyata alınmışdır. xx.xx.2015-ci il tarixdə ƏN-İİ seriyalı 548935 nömrəli etibarnamə əsasında sözügedən avtomobili idarə etmək səlahiyyəti 14 yanvar 2022-ci il tarixədək cavabdehə verilmişdir. PAA seriyalı ********** nömrəli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsi ilə müəyyən olunur ki, sözügedən avtomobil "xxxx" ASC-də xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilə qədər “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü ilə sığortalanmışdır. 16 avqust 2021-ci il tarixdə cavabdeh tərəfindən idarə edilən “UAZ-452D” markalı, **- BM-*** dövlət qeydiyyat nişanlı avtomobil “Hyundai Sonata” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilə toqquşmuş və nəticədə sonuncu nəqliyyat vasitəsinə zərər dəymişdir. AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinmişdir. “Hyundai Sonata” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyana görə iddiaçı tərəfindən 5.000 manat məbləğində sığorta ödənişi X3 ödənilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5.000 manat sığorta ödənişinin və 70 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə PAA********** nömrəli sığorta müqaviləsi bağlanmış və “UAZ 452D” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2021-ci il tarixdə “UAZ 452D” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Tovuz rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmiş və “Hyundai Sonata” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 5000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Tovuz RPŞ DYPB-nin İnzibati Xəta haqqında protokola əsasən Cavabdeh İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri görülməsi qərara alınmışdır. Tovuz RPŞ DYPB-nin "xxxx" ASC-yə təqdim etdiyi arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Həmçinin Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “UAZ 452D” markalı, **-BM- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnun olmadığı(B kateqoriyası olmadan) müəyyən olunmuşdur. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək, iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən məhkəməyə verilən iddia ərizəsində qeyd edilən tələb üzrə iddia müddəti ötürüldüyündən hazırki iş üzrə iddia müddəti tətbiq edilərək iddia tələbi rədd edilməlidir. Belə ki, sığorta hadisəsi xx.xx.2021-ci ildə baş vermiş, lakin iddiaçı sığorta hadisəsi baş verdikdən üç il sonra sonra məhkəməyə müraciət etmişdir. Tovuz Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) e-2(062)- 168/2025 nömrəli iş üzrə qəbul etdiyi 21 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakim Z.Hümmətov) iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, cavabdeh idarə etdiyi nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törədərək “Hyundai Sonata” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. İddiaçı həmin sığorta hadisəsinə görə 5000 manat sığorta ödənişini vermişdir. Sığorta ödənişi edildikdən sonra müəyyən edilmişdir ki, Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “UAZ 452D” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili “C” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etmişdir. Yəni onun avtomobili idarə etmək hüququnun olmadığı (“B” kateqoriyası olmadan) müəyyən olunmuşdur. Zərərin vurulmasında təqsirkar cavabdeh olduğuna görə iddiaçının ödədiyi sığorta ödənişi həcmində subroqasiya qaydasında cavabdehə qarşı tələb hüququ yaranmışdır. Lakin cavabdeh iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının subroqasiya qaydasında əvəzini tələb etdiyi sığorta ödənişi xx.xx.2021-ci ildə edilmişdir. Beləliklə bu müqavilədən irəli gələn tələb üzrə üç illik iddia müddəti xx.xx.2024cü ildə başa çatmışdır. İddia ərizəsi isə xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddia müddətinin axımının xx.xx.2024-cü il tarixdən hesablanmağa başlaması nəzərə alındıqda, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət edərkən, qanunla müəyyən edilmiş üç illik iddia müddətini ötürmüşdür. İddia müddətinin keçməsi öhdəliyin xitamına səbəb olmasa da öhdəliyin məcburi qaydada icrasının tələb edilməsi hüququnu ortadan qaldırır. Bu səbəbdən iddia tələbi rədd edilməlidir. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 375.2, 883.1, 936.1, 936.2, 936.5, 1108.1-ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Apellyasiya şikayətinin dəlilləri Dəlilləri iddia tələbinin dəlilləri ilə eyni olan apellyasiya şikayətində əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2023-cü il tarixli Qərarında qeyd olunub ki, Mülki Məcəllənin 373-cü və 551-ci maddələri ilə nəzərdə tutulan “bütün tələblər on il(adi müddət) keçdikdən sonra qüvvəsini itirir” və “aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir” ifadələrində tələb dedikdə, məhz cavabdeh üçün tanınan prosessual müdafiə vasitəsi olaraq öhdəliklərin məhkəmə qaydasında məcburi icrası ilə bağlı tələblər nəzərdə tutulur. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, onun avtomobili idarə etmək hüququ olmuş, eyni zamanda iddiaçı iddia müddətini ötürmüşdür. Apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, apellyasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam yoxlanılmışdır. Tətbiq edilən hüquq “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: .... 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır; Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, işin mübahisəsiz halları kimi müəyyən olunur ki, 16 avqust 2021-ci ildə cavabdeh tərəfindən idarə edilən və "xxxx" ASC-də icbari sığortalanmış “UAZ 452D” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil “Hyundai Sonata” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə sonuncu nəqliyyat vasitəsinə zərər dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsinə görə cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. Sığorta hadisəsi zamanı “Hyundai Sonata” markalı avtomobilin sahibi X3 maddi ziyan dəymişdir. 19 avqust 2021-ci il tarixdə iddiaçının əməkdaşları tərəfindən dəymiş zərərin qiymətləndirilməsi barədə hesabat tərtib edilmiş və həmin hesabata əsasən “Hyundai Sonata” markalı avtomobilin zədələnməsi nəticəsində tələb olunan təmir xərcləri cəmi 9.235 manat müəyyən edilmişdir. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli, 009800 nömrəli ödəniş tapşırığına əsasən X3 5.000 manat ödənilmişdir. Eyni zamanda işin mübahisəsiz halı kimi müəyyən edilmişdir ki, cavabdeh “UAZ 452D” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili “C” kateqoriyası olan sürücülük vəsiqəsi əsasında idarə etmişdir. Sözügedən avtomobiln qeydiyyat şəhadətnaməsindən isə müəyyən olunur ki, nəqliyyat vasitəsi üçün icazə verilmiş maksimal kütlə 2620 kq-dır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinin İV bəndində, idarə etmə hüququnun qüvvəsinin şamil edildiyi nəqliyyat vasitələrinin kateqoriyaları və altkateqoriyaları göstərilmişdir. Həmin bəndin 4-cü hissəsinə əsasən “C” kateqoriyalı sürücülük vəsiqəsi - “D” kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan artıq olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “C” kateqoriyasından olan avtomobilləri idarə etmək üçün verilir. Göründüyü kimi cavabdeh sığorta hadisəsi zamanı maksimal kütləsi 2620 kq olan, yəni 3500 kq-dan az olan avtomobili “C” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyindən iddiaçının ona qarşı subroqasiya hüququ yaranmışdır. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddia tələbi üzrə iddia müddəti ötürülmüşdür. Məhkəmə qeyd edir ki, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qanunda ayrı-ayrı tələblər üçün xüsusi iddia müddətləri nəzərdə tutulsa da, ümumi iddia müddəti on il təşkil edir. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbi üzrə iddia müddəti 10 ildir. Mülki hüquq pozuntusu (delikt) üzrə qanunda xüsusi müddət nəzərdə tutulmadığından bu əsasa söykənən tələblər üzrə də on illik iddia müddəti tətbiq olunur. Belə ki, deliktin törədildiyi tarixdən etibarən on il keçmişdirsə həmin qanunazidd əmələ görə iddia müddəti ötmüş hesab edilir. Hazırki iş üzrə sığorta hadisəsinin(deliktin) 16 avqust 2021-ci ildə baş verməsi işin mübahisəsiz halıdır. İddiaçı isə iddia tələbi ilə məhkəməyə xx.xx.2024-cü ildə müraciət etmişdir. Odur ki, iddia tələbi üzrə 10 illik iddia müddəti ötməmişdir. Beləliklə, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, iddiaçının iddiası əsaslıdır. Lakin Rayon Məhkəməsi işin hallarına uyğun olmayan nəticəyə gələrək, iddia tələbini təmin etməməklə iş üzrə səhv nəticəyə gəlmişdir. Cavabdehin apellyasiya şikayətlərinin dəlilləri formal mülahizə xarakteri daşımır, şikayətlərin dəlilləri əsaslıdır. Məhkəmə, MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə MPM-nin 119-cu maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 70 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Tovuz Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 21 yanvar 2025cü il tаrixli qətnamə ləğv edilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 5.000(beş min) manat sığorta ödənişi və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 70(yetmiş) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-903/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-903/2025
21.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver