Məhkəmə qərarları › İş №2(104)-905/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-905/2024

10.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-905/2024 10.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədirliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı və cavabdeh Şamilov Cavabdeh iştirakları ilə, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2658/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Şamilov Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Şamilov Cavabdeh 1.000 manat məbləğində pulun ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2658/2023 saylı qətnaməsi ilə ( hakim Həvayət Məhəmmədi ) iddianı təmin etməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2658/2023 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, cavabdehlə arasında olan razılaşmaya əsasən 1.000 (min) manat məbləğində borc vermiş, cavabdeh almış olduğu borcu qısa zamanda qaytarmağı öhdəsinə götürmüş və cavabdehdən öhdəsinə götürmüş olduğu borcun tələb etməsinə baxmayaraq, cavabdeh borcunu qaytarmamışdır. Bu səbəbdən cavabdehə qarşı iddia qaldırmış, lakin birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsi iddianı əsassız olaraq təmin etməmişdir. İddiaçı məhkəmə kollegiyasına iclasında verdiyi izahatında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, o, 2020-ci ildə cavabdehə 1.000 manat yox, cavabdeh Şamilov Cavabdeh ilə Elpərəst Qurbanlı adlı şəxsə 1.720 manat məbləğində borca pul vermiş, lakin cavabdehlərdən borcun ödənilməsini tələb etsə də, borcunu qaytarmamışlar. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2658/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh Şamilov Cavabdeh məhkəmə kollegiyasına apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, o, iddiaçıdan 500 manat borc pul almış və onu da qaytarmışdır. O, iddiaçıdan başqa bir borc almamışdır. İddiaçı ona və Elpərəstə qarşı əvvəllər də əsassız iddialar qaldırmışdır. Ona görə də, apellyasiya şikayətinin təmin olunmamasını və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2658/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2658/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Şəmkir Rayon Məhkəməsinin 2(076)-1280/2021 nömrəli xx.xx.2021-ci tarixli qiyabi qətnaməsidən görünür ki, İddiaçı cavabdeh Şamilov Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddiası təmin edilmiş, cavabdeh Şamilov Cavabdeh 400 manat məbləğində pul və 20 manat məbləğində dövlət rüsumu alınıb İddiaçı vərilməsi qət etdilmişdir. Şəmkir Rayon Məhkəməsinin 2(076)-384/2023 nömrəli xx.xx.2023-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh X1 qarşı 1720 manat pul tələbinə dair iddiası rədd edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməyərək, gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehə 1.000 manat borc pul verməsini sübut edə bilməmiş və bu barədə heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası həmin nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşakarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə görə, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formadabağlanır. 740.2-ci maddəsinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğində asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İddiaçı cavabdeh Şamilov Cavabdeh qarşı 1.000 manat məbləğində pul tələbinə dair iddia irəli sürmüş, birinci instansiya məhkəməsində verdiyi izahatında borcun məbləğinin 1000 manat olmasını göstərmiş, məhkəmə kollegiyasında isə, o, 2020-ci ildə cavabdehə 1.000 manat yox, cavabdeh Şamilov Cavabdeh ilə Elpərəst Qurbanlı adlı şəxsə 1.720 manat məbləğində borca pul verdiyini göstərərək, ziddiyyətli mövqe göstərmişdir. Bundan başqa, Şəmkir Rayon Məhkəməsinin 2(076)-384/2023 nömrəli xx.xx.2023-ci il tarixli qətnaməsi ilə, ddiaçı İddiaçı cavabdeh X1 qarşı 1720 manat pul tələbinə dair iddiası rədd edilmiş və həmin qətnamə ilə də, onun X1 1720 manat pul verməsi halı öz təsdiqini tapmamış və hazırkı cavabdehə pul verməsini göstərməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı cavabdehə 1.000 manat borc pul verməsi öz təsdiqini tapmır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki hallarına uyğun olaraq, iddianı təmin etməyərək düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin həmin hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2658/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-nin 372, 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2658/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar