Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-908/2024 02.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Şəmkir Rayon Məhkəməsinin 2(076)-2649/2023 saylı mülki iş üzrə 12 fevral 2024-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul və maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hesabından onun nəfınə 300.000 (üç yüz min) Rus rubulu pulun qətnamə icra olunan vaxt Azərbaycan manatına uyğun məzənnəsinin, 76 (yetmiş altı) manat dövlət rüsumunun, 500 manat vəkil xidmət haqqının, 17 manat 25 qəpik etibarnamayə görə ödəmiş olduğu dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2649/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 285.000 (iki yüz səksən beş min) rus rublu (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) borc pul və məhkəmə xərci olaraq 74 (yetmiş dörd) manat dövlət rüsumu və 500 (beş yüz) manat vəkilə ödənilmiş vəsait tutularaq İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Şəmkir Rayon Məhkəməsinin 2(076)-2649/2023 saylı mülki iş üzrə 12 fevral 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. Həmin qərardaddan narazı qalan Cavabdeh şikayət ilə məhkəməyə müraciət edərək, Şəmkir Rayon Məhkəməsinin 2(076)-2649/2023 saylı mülki iş üzrə 12 fevral 2024-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, sözügedən məhkəmə qətnaməsini nə poçtdan, nə də məhkəmədən rəsmi qəbul etmişdir. Ona qarşı tam qərəzli mövqeydən çıxış edilir. Belə ki, ona məhkəmə qətnaməsi verilmədiyi halda iş dərhal icraya yönəldilmişdir. İşə baxan məhkəmə onu prosessual hüquqlarından məhrum edir. Şəmkir Rayon Məhkəməsinin 2(076)-2649/2023 saylı mülki iş üzrə 29 fevral 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq işə yazılı icraat qaydasında baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə kollegiyası mülki işin materiallarını tədqiq edib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin 2(076)-2649/2023 saylı mülki iş üzrə 12 fevral 2024-cü il tarixli qərardadı tam və onunla bağlı 29 fevral 2024-cü il tarixli qərardadı qismən-şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli, iş üzrə Şəmkir Rayon Məhkəməsinin qətnaməsindən verilən apellyasiya şikayətinin mümkünlük məsələlərinə yenidən baxılması üçün iş Şəmkir Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi öz qərardadında göstərmişdir ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-2649/2023 saylı 31 oktyabr 2023-cü il tarixli qətnaməsinin surəti poçt vasitəsilə cavabdehə göndərilmiş, cavabdeh xx.xx.2023-cü il tarixdə poçt xəbərnaməsinə “Mustafayev” qeydi yazılmaqla qətnaməni şəxsən almış, həmin qətnamədən xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti vermişdir. Lakin, apellyasiya şikayətinə şikayət vermə müddətinin üzürlü səbəbdən buraxılmasını təsdiq edən rəsmi sənədlər və müddətin bərpası barədə ərizə əlavə edilməmişdir. Ona görə də məhkəmə şikayəti geri qaytarmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır və aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının MPM-in 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər апелйасийа şikayəti verə bilər. Azərbaycan Respublikasının MPM-in 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi təqdim olunan (alınan) gündən bir ay müddətinə verilə bilər. Qeyd olunan hüquq normasının məzmununa görə 1 aylıq apellyasiya şikayəti vermə müddətinin axımı qətnamənin tərəfə rəsmi təqdim edildiyi gündən başlayır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu Q.Hüseynovun şikayəti üzrə 29 iyun 2007-ci il tarixli Qərarında qeyd etmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. Mülki Prosessual Məcəllədə müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir. Belə ki, cavabdeh şikayətində göstərmişdir ki, qətnamənin surəti ona rəsmi qaydada göndərilməmiş və qətnamə ona çatdırılmamışdır. Məhkəmə kollegiyasında işə baxılarkən qətnamənin Cavabdeh göndərilməsi ilə bağlı iş materiallarının 91-ci vərəqində olan xx.xx.2023-cü il tarixli poçt xəbərnaməsində qətnamənin qəbul edilməsi ilə bağlı hər hansı imzanın olması müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 135.1-ci maddəsinə görə bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Məhkəmə kollegiyası göstərir ki, qeyd edilən qətnamənin 23 noyabr 2023-cü il tarixdə cavabdehə çatdırılması sübuta yetirilmir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)- 2649/2023 saylı mülki iş üzrə 12 fevral 2024-cü il tarixli qərardadı tam və onunla bağlı 29 fevral 2024-cü il tarixli qərardadı qismən-şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli, iş üzrə Şəmkir Rayon Məhkəməsinin qətnaməsindən verilən apellyasiya şikayətinin mümkünlük məsələsinə yenidən baxılması üçün iş Şəmkir Rayon Məhkəməsinə qaytarılmalıdır. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2649/2023 saylı qətnaməsindən verilən apellyasiya şikayətinin mümkünlüyü məsələsinə yenidən baxılarkən həmin qətnamənin xx.xx.2023-cü il tarixdə Cavabdeh çatdırılıb çatdırılmaması məsələsi tam aydınlaşdırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu növ qərardadlarından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPMin 264, 396, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 2(076)-2649/2023 saylı mülki iş üzrə 12 fevral 2024-cü il tarixli qərardadı tam və onunla bağlı 29 fevral 2024-cü il tarixli qərardadı qismən-şikayətin təmin edilməməsi hissəsində ləğv edilsin. Şəmkir Rayon Məhkəməsinin 2(076)-2649/2023 saylı mülki iş üzrə 31 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinin mümkünlük məsələsinə yenidən baxılması üçün mülki iş Şəmkir Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı gündən qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-908/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-908/2024
02.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver