Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-912/2023 05.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər İsgəndərova Sədaqət İbrahim qızına və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair iş üzrə QƏTNAMƏSİ Açar sözlər: kredit borcu, iddia müddəti Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavavdehlər İsgəndərova Sədaqət İbrahim qızı və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli 2(023)-1190/2022 nömrəli qətnaməsindən iddiaçının nümayəndəsi Azər Əmirov tərəfindən verilmiş apellyasiya şikayətinə 05 aprel 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Ləğv prosesində olan İddiaçı ASC ilə borcalan İsgəndərova Sədaqət İbrahim qızı arasında xx.xx.2015-ci il tarixli, İKM 02 saylı kredit müqaviləsi bağlanmışdır. Göstərilən kredit müqaviləsinə əsasən, İsgəndərova Sədaqət İbrahim qızına 12 ay müddətinə illik 30 faiz hesablanmaqla 2000 ABŞ dolları məbləğində kredit verilmiş, cavabdeh isə kredit məbləğini müəyyən olunmuş müddətdə qaytarmağı öhdəsinə götürmüşdür.
2. xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 (zamin) müqavilə üzrə borcalanın öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür.
3. 18.05.2022-ci il tarixli maliyyə arayışından görünür ki, İsgəndərova Sədaqət İbrahim qızının əsas borcu 1006.82 ABŞ dolları, faiz borcu 1680.75 ABŞ dolları, cərimə borcu 1175.62 ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 306.46 ABŞ dolları faiz borcu olmaqla 4169.65 ABŞ dolları məbləğində kredit borcu mövcuddur.
4. Cavabdeh2 ərizəsindən görünür ki, o, iddia müddətinin keçməsinə əsasən iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC cavabdehlər İsgəndərova Sədaqət İbrahim qızı və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər İsgəndərova Sədaqət İbrahim qızı və Cavabdeh2 müştərək qaydada iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə əsas borcu üzrə 1006.82 ABŞ dolları əsas borcun, kredit müqaqviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2016-cı il tarixinə 1680.75 ABŞ dolları faiz borcunun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 306.46 ABŞ dolları faiz borcunun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 1175.62 ABŞ dolları cərimə borcunun, cəmi isə 4169.65 ABŞ dolları borcun və ödənilmiş 91 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İsgəndərova Sədaqət İbrahim qızı ilə Ləğv prosesində olan İddiaçı ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli İKM 02 saylı kredit müqaviləsinə əsasən ona illik 30 faiz olmaqla 12 ay müddətinə 2000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən borcalan krediti qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi təşkilatla Cavabdeh2 arasında eyni tarixli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh2 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu İsgəndərova Sədaqət İbrahim qızı ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və müqavilənin şərtlərini pozmuşdur. Öhdəliyin yerinə yetirilməməsi nəticəsində İsgəndərova Sədaqət İbrahim qızının kredit üzrə banka əsas borcu 1006.82 ABŞ dolları əsas borcun, kredit müqaqviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2016-cı il tarixinə 1680.75 ABŞ dolları faiz borcu, müqaqvilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 306.46 ABŞ dolları faiz borcu, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 1175.62 ABŞ dolları cərimə borcu, cəmi isə 4169.65 ABŞ dolları təşkil edir.
7. Qazax Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli 2(023)-1190/2022 nömrəli qətnaməsi ilə (hakim Fəxri Məmmədov) iddianın rədd edilməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
8. Məhkəmə iddianın təmin edilməməsi nəticəsinə gələrkən qeyd etmişdir ki, iddiaçının iddia ərizəsində istinad etdiyi tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti xx.xx.2016-cı il tarixdə başa çatmışdır. İddiaçı isə kredit müqaviləsinin müddətinin başa çatdığı vaxtdan sonrakı dövrdə cavabdeh tərəfindən ödəniş edilməsini təsdiq edən sübutunu məhkəməyə təqdim etməmişdir. Belə olan halda, məhkəmə hesab etmişdir ki, sözügedən kredit müqaviləsi üzrə iddia müddətinin axımı xx.xx.2016-cı il tarixdən başlamışdır. İşin materiallarından görünür ki, iddiaçı mövcud iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmiş, iddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Buna görə də məhkəmə hesab etmişdir ki, iddia müddətinin axımının xx.xx.2016-cı il tarixdən hesablanmağa başlaması nəzərə alındıqda, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət edərkən, göstərilən əsas və əlavə tələb (zamin) üçün qanunla müəyyən edilmiş üç illik iddia müddətini ötürmüşdür. Bu səbəbdən iddia tələbi rədd edilməlidir.
9. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2, 375.2, 385.1, 442, 448.1, 739.1-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 və 217.3-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
10. İddiaçının nümayəndəsi X3y apellyasiya şikayəti verərək Qazax Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli 2(023)-1190/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçının nümayəndəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnaməni maddi hüquq normasının pozulmasına və ya düzgün tətbiq edilməməsi ilə qəbul etmişdir. Belə ki, zamin Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni qəbul etmiş, iddia müddəti tətbiq edərək Bankın iddiasını rədd etmişdir. Məhkəmə mübahisəyə düzgün maddi hüquq normasını tətbiq etməmişdir. Belə ki, Cavabdeh2 zaminlik müqaviləsi üzrə zamindir. İddia müddətinin tətbiqinə dair ərizə isə yalnız zamin Cavabdeh2 tərəfindən verilmişdir. Bu halda müddətin tətbiqi yalnız Mülki Məcəllənin 477.0.4 maddəsinə əsasən Cavabdeh2 münasibətdə tətbiq olunmalıdır. Belə ki, həmin maddəyə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qutardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtı çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir və nəticədə öhdəliyin icrasının təmin edilməsi üsullarından olan zaminlik müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olur. İddia müddəti – iddia müddətinin tətbiqinə dair ərizə verən şəxsə nisbətdə tətbiq olunmalıdır. Çünki birgəborcalan da bütün öhdəliyə görə tam məsuliyyət daşıyır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13.Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, birinci instansiya məhkəməsi maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Belə ki, işdən görünür ki, iddia müddətinin tətbiqinə dair ərizə yalnız zamin Cavabdeh2 tərəfindən verilmişdir. Bu halda müddətin tətbiqi yalnız Mülki Məcəllənin 477.0.4 maddəsinə əsasən Cavabdeh2 münasibətdə tətbiq olunmalıdır.
14. İş üzrə cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə və məhkəmə bildirişini imzalayaraq almalarına baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciətləri daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
15. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
16. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
17. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
18. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
19. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
20. Maddə 445.1. Öhdəliyin icrasını gecikdirən borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 21.Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
22. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizliyi) üçün məsuliyyət daşıyır.
23. Maddə 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
24. Maddə 739.1. Borc müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür;
25. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarı.
26. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenmunun H.Həşimovun və qeyrilərinin şikayəti ilə əlaqədar olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 10 mart 2004-cü il tarixli qərarı.
27. Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 iyun 2005-ci il tarixli qərarına əsasən mülki hüquqda iddia müddətləri inistutu mülki dövriyyə iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşfiq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır.
“Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013cü il tarixli qərarı.
28. Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.
29. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
30. Həmin qərarda qeyd edilmişdir ki, kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
35. Maddə 217.3 qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya baxışının hədləri
37. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
38. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
39. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Qazax Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli 2(023)- 1190/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Beləliklə, işin halları ondan ibarətdir ki, İsgəndərova Sədaqət İbrahim qızı ilə Ləğv prosesində olan İddiaçı ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli İKM 02 saylı kredit müqaviləsinə əsasən ona illik 30 faiz olmaqla 12 ay müddətinə 2000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən borcalan krediti qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi təşkilatla Cavabdeh2 arasında eyni tarixli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh2 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu İsgəndərova Sədaqət İbrahim qızı ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və müqavilənin şərtlərini pozmuşdur. Öhdəliyin yerinə yetirilməməsi nəticəsində İsgəndərova Sədaqət İbrahim qızının kredit üzrə banka əsas borcu 1006.82 ABŞ dolları əsas borcun, kredit müqaqviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2016-cı il tarixinə 1680.75 ABŞ dolları faiz borcu, müqaqvilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 306.46 ABŞ dolları faiz borcu, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 1175.62 ABŞ dolları cərimə borcu, cəmi isə 4169.65 ABŞ dolları təşkil edir.
42. İddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərində iddia müddətinin tətbiqinə dair ərizə yalnız zamin Cavabdeh2 tərəfindən verildiyini bildirərək zaminə münasibətdə Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tətbiq edilməli olduğunu bildirmişdir. Məhkəmə kollegiyası həmin dəlillə razılaşmayarkən əvvəla qeyd edir ki, Mülki Məcəllənin tələbinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Qanunvericilikə sözügedən ərizənin mübahisə tərəfinin təqdim etməsi müəyyən edilmişdir, təqdim edilən ərizənin yalnız təqdim edənə münasibətdə tətbiqi müəyyən edilməmişdir, həm də bu hüququn ümumi prinsiplərinə ziddir. Belə ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq norması düzgün tətbiq edilmişdir.
43. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti xx.xx.2016-cı il tarixdə başa çatmışdır. İddiaçı isə kredit müqaviləsinin müddətinin başa çatdığı vaxtdan sonrakı dövrdə cavabdeh tərəfindən ödəniş edilməsini təsdiq edən sübutunu nə birinci instansiya da nə də ki apellyasiya instansiya məhkəməsində təqdim etməmişdir. Belə olan halda, sözügedən kredit müqaviləsi üzrə iddia müddətinin axımı xx.xx.2016-cı il tarixdən başlamışdır. iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət edərkən, göstərilən əsas və əlavə tələb (zamin) üçün qanunla müəyyən edilmiş üç illik iddia müddətini ötürmüşdür. Bu səbəbdən iddia tələbi rədd edilməlidir.
44. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır və təmin olunmamalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.1, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qazax Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli 2(023)-1190/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.