Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-912/2024 01.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi ilə, İddiaçı “X4 Azərbaycan” QSC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Daşkəsən Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli 2(030)-658/2023 nömrəli qətnaməsindən iddiaçı “X4 Azərbaycan” QSC tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “X4 Azərbaycan” QSC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Daşkəsən Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X1 14 may 2015-ci il tarixli 95614/01 nömrəli kredit müqaviləsi üzrə 47312,70 ABŞ dolları, 22 fevral 2014-ci il tarixli 95614/04 nömrəli kredit müqaviləsi üzrə 2902,43 manat və ödənilmiş 340 manat dövlət rüsumunun tutularaq “X4 Azərbaycan” QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daşkəsən Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli 2(030)-658/2023 nömrəli qətnaməsi ilə (hakim M.Mustafayev) iddiaçı “X4 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh X2 qarşı pul tələbinə dair iddiası təmin edilməməsi; Ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur. Qətnamədən narazı qalan iddiaçı “X4 Azərbaycan” QSC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. “X4 Azərbaycan” QSC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə ərizə verərək, “X4 Azərbaycan” QSC ilə Cavabdeh arasında razılıq əldə olunduğundan iddia tələbindən imtina etiklərini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Kollegiya iddiaçı “X4 Azərbaycan” QSC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddiadan imtina barədə ərizəsini nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalı və iddiadan imtina qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1. maddələrinə əsasən maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.1. maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2. maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilibedilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 261.0.4. maddəsinə görə, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul edilmişsə, iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.1. maddəsinə görə, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Sadalanan mülki prosessual qanunvericilik normalarından bu nəticəyə gəlmək olur ki, mülki məhkəmə icraatında tərəflər dispozitivlik prinsipindən çıxış edərək öz pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edirlər. Tərəflərin öz maddi hüquqları üzərində sərəncam vermək imkanları saxlanılır. Prosesin gedişində tərəflər mübahisə predmetinə dair öz mövqelərini müəyyən dərəcədə dəqiqləşdirə və ya ümumiyyətlə mübahisədən imtina edə bilərlər. Mülki Prosessual Məcəllənin 52-ci maddəsində iddiaçının iddiadan imtina etməsi dedikdə, iddiaçının cavabdehə olan öz maddi-hüquqi tələblərindən və deməli, məhkəmə prosesini davam etdirməkdən şərtsiz imtina etməsi başa düşülür. İddiadan imtina iddiaçının birtərəfli sərəncamverici hərəkətidir və yazılı formada ifadə edilməlidir. Məhkəmə iddiadan imtinanın motivlərini qiymətləndirmir, lakin o, imtinanın qanuniliyini qiymətləndirməli və bu zaman imtinanın azad iradə ifadəsi nəticəsində baş vermədiyini (məsələn, iddiaçı bunu cavabdeh tərəfindən hədələndiyinə görə etdikdə və s.) aşkar etdikdə imtinanı qəbul etməməlidir. Bununla belə, iddiaçı iddiadan imtina barədə ərizəsində imtinanın səbəblərini, motivlərini göstərməyə borclu deyildir. Məhkəmə iddiaçının etdiyi hərəkətlərin əhəmiyyətini və mənasını ona izah etməli və belə imtinanın könüllü olmasını müəyyənləşdirməlidir. İddiadan imtina edilməsinin məhkəmə tərəfindən təsdiq edilməsi barədə qərardad çıxarılır və eyni zamanda bu qərardadla iş üzrə icraata xitam verilir. “X4 Azərbaycan” QSC İdarə Heyətinin sədri,Baş Drektor Çenk Yüksel tərəfindən verilmiş 31 oktyabr 2023-cü il tarixli etibarnamədən görünür ki, etibarnamədə adları qeyd olunanlarla yanaşı aparıcı hüquqşunas Nümayəndə da iddiadan imtina etmək səlahiyyəti verilmişdir. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, “X4 Azərbaycan” QSC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddiadan imtinası qanunvericiliyin tələbinə uyğundur, eləcə də iddiadan imtina digər şəxslərin qanunla qorunan hüquq və mənafelərinə toxunmur. Ona görə də iddiadan imtina qəbul edilməli, Daşkəsən Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli 2(030)- 658/2023 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verili, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2.4 maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261.0.4, 263-264, 267-268, 370, 402, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı “X4 Azərbaycan” QSC-nin Cavabdeh qarşı pul tələbinə dair iş üzrə iddiaçı “X4 Azərbaycan” QSC-nin iddiadan imtina barədə ərizəsi qəbul edilsin. Daşkəsən Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli 2(030)-658/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-912/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-912/2024
01.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver