Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-914/2023 04.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Kəsəmənli Nicat Güloğlan oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X13, müstəqil tələb irəli sürən üçüncü şəxs X2 nümayəndəsi və ilkin iddia üzrə cavabdeh Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Nümayəndə2 və Cavabdeh3 qarşı mənzildən istifadəyə yaradılan maneənin aradan qaldırılması tələbinə, müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdeh İddiaçı qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 06 yanvar 2023-cü il tarixli 2(125)-282/2023 nömrəli qətnaməsindən İddiaçı, həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs X5 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Nümayəndə2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə ünvan 1 ünvanında yerləşən Təmir-tikinti idarəsinin qonaq evinə aid yaşayış otaqlarından iddiaçının və ailə üzvlərinin istifadə hüququna cavabdehlər tərəfindən yaradılan maneənin aradan qaldırılması və gələcəkdə yaradılan maneənin qadağan olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Bundan sonra müstəqil tələb irəli sürən üçüncü şəxs X1 Xuraman Bəşir qızına qarşı iddia ərizəsi verərək, cavabdehin və ailə üzvlərinin ona məxsus Gəncə şəhəri, Atabəylər küçəsi, 2A ünvanından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 06 yanvar 2023-cü il tarixli 2(125)-282/2023 nömrəli qətnaməsi ilə (hakim C.Quliyev) İddiaçı cavabdehlər Cavabdeh1, Nümayəndə2 və Cavabdeh3 qarşı «mənzildən istifadəyə maneənin aradan qaldırılması» tələbinə dair iddiasının təmin edilməməsi; Müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdeh İddiaçı qarşı «mənzildən çıxarılma» barədə iddiasının qismən təmin edilməsi; Müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası üzrə cavabdeh İddiaçı ünvan 3 ünvanından çıxarılması; Müstəqil tələb irəli sürən üçüncü şəxs X2 iddiasının qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, onun iddia tələbinin təmin edilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, qətnamənin dəlilləri ilə razılaşmayan müstəqil tələb irəli sürən üçüncü şəxs X5 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv olunmasını, iddia tələbinin cavabdehin ailə üzvləri X13, X16 və X3 çıxarılması hissəsində təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə 1993-cü ildə ünvan 4 ünvanında yerləşən təmir-tikinti idarəsinin qonaq evində məskunlaşmış və 1993-cü ildən hazırkı vaxtadək həmin ünvanda yaşamaqla qeyd olunan yaşayış otaqlarından istifadə edir və hazırda onlara məxsus bütün əşyalar həmin yaşayış otaqlarındadır. Buna baxmayaraq cavabdehlər qanunsuz və əsassız olaraq onların qeyd olunan otaqlardan və əşyalarından istifadə etmələrinə maneə törədirlər və onları hədələyirlər. Müstəqil tələb irəli sürən üçüncü şəxs X5 iddia tələbini onunla əsaslandırmışdır ki, ilk iddia üzrə İddiaçı atası Cavabdeh1 və digərlərinə qarşı məhkəmədə iddia qaldıraraq Gəncə şəhəri Atabəylər küçəsi 2A ünvanında yaradılmış maneələrin aradan qaldırılması, gələcəkdə yaradılacaq maneələrin qadağan olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hesab edir ki, ilk iddia əsassız olduğundan təmin edilməməli və hazırkı verdiyi iddia isə təmin edilərək İddiaçı və ailə üzvləri onun mülkiyyətindən çıxarılmalıdır. Bildirir ki, mübahisəli ərazi olan Gəncə şəhər Atabəylər küçəsi 24 mülkiyyət hüququ əsasında ona məxsusdur. Hazırkı iddia üzrə cavabdeh, ilk iddia üzrə İddiaçı illərdir ki, onun mülkiyyətindən maneəsiz və əvəzsiz qaydada istifadə edir. Qaçqın və Məcburi köçkünlərin yerləşdirilməsi dövlətin müvafiq orqanlarının borcudur. Ona görə də hazırkı vəziyyətdə o mülkiyyətindən İddiaçı və ailə üzvlərinə görə sərbəst istifadə edə bilmir. Bu da onun konustitusion hüququnun pozulması deməkdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi onun iddiasının təmin edilməməsi, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının təmin edilməsi hissədə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Həmin hissədə iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, o, ailəsi ilə birlikdə 1993-cü ildə ünvan 5 ünvanında yerləşən təmir-tikinti İdarəsinin qonaq evində məskunlaşmış və 1993-cü ildən hazırki vaxtadək həmin ünvanda yaşamaqla qeyd olunan yaşayış otaqlarından istifadə edirlər və hazırda onlara məxsus bütün əşyalar həmin yaşayış otaqlarındadır. O qeyd olunan yaşayış yerində uşaqlarını evləndirmiş, nəvələri orada doğulub böyüyüb. Onlar qeyd olunan idarədə məskunlaşan vaxt həmin idarə dövlətə məxsus olub və 30 ildir maneəsiz həmin ünvanda yaşayırlar. O və ailə üzvlərinin 1993-cü ildən mübahisəli ünvanda məskunlaşmışlar və həmin yaşayış yerindən başqa heç bir yerdə yaşamaq yerləri yoxdur. Müstəqil tələb irəli sürən üçüncü şəxs X5 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi onun iddiasının təmin edilməməsi hissədə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Həmin hissədə iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, cavabdehlə yanaşı onun digər ailə üzvlərinin də mübahisəli əmlakda yaşamalarına dair sübutlar təqdim etməsinə baxmayaraq, birinci instansiya məhkəməsi cavabdehin ailə üzvlərinin həmin əmlakdan çıxarılması hissədə iddiasını təmin etməmişdir. Həmçinin məhkəmə araşdırması zamanı cavabdehin ailə üzvlərinin də orada yaşaması müəyyən olunsa da, məhkəmə həmin şəxsləri işə cəlb etməmişdir. İşdə iştirak edən şəxslərin apellyasiya məhkəməsində verdiyi izahatlar Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (oğlu) X13 nümayəndəsi olduğu şəxs tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək həmin şikayətin dəlillərinə uyğun izahat verib, müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətini qəbul etməyərək sonda məhkəmə kollegiyasından nümayəndəsi olduğu şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, onun iddiasının təmin edilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürən üçüncü şəxs X2 etibarnamə üzrə nümayəndəsi (həmçinin iddiaçının iddiası üzrə cavabdeh) Nümayəndə2 nümayəndəsi olduğu şəxs tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək həmin şikayətin dəlillərinə uyğun izahat verib, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini qəbul etməyərək sonda məhkəmə kollegiyasından nümayəndəsi olduğu şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, onun iddiasının təmin edilməməsi hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və həmin hissədə də iddiasının təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh3 məhkəmə kollegiyasının iclasına gəlməmişlər, eləcə də, üçüncü şəxs qismində işə cəlb edilmiş Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi nümayəndəsinin iştirakı təmin edilməmişdir. Həmçinin gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2. maddəsinə əsasən, gəlməyən cavabdehlərin və üçüncü şəxs qismində işə cəlb edilmiş Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti isə təmin edilməməlidir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2. maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6. maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7. maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin 28 iyun 2022-ci iil tarixli, 618 nömrəli arayışından görünür ki, İddiaçı 1993-cü ildən hal-hazıradək Gəncə şəhəri Atabəylər küçəsi 2A ünvanında Təmir-tikinti İdarəsinin Qonaq evində (SMD-4) məskunlaşmışdır. Ailə tərkibi isə - oğlu X13, gəlini X6, nəvələri X7 və X4 ibarətdir; Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il qeydiyyat tarxli, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 6 ünvanında yerləşən 0,377 hektar torpaq sahəsində yerləşən 285,3 kvadrat metr ərazisi olan daşınmaz əmlak X2 mülkiyyətindədir; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin 22 dekabr 2022-ci il tarixli **********135 nömrəli arayışdan görünür ki, araşdırma zamanı mübahisəli tikililərin yerləşdiyi torpaq sahəsinin, sözügedən daşınmaz əmlak obyektinə dair mülkiyyət hüququnu təsdiq edən **********72-12301 reyestr nömrəli Çıxarışa əsasən ünvan 6 ünvanında olduğu göstərilmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, elektron baza məlumatlarına istinadən, mübahisəli tikililərin yerləşdiyi torpaq sahəsinin ünvanı, yeni qaydalara əsasən ünvan 7 Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Gəncə şəhəri, Samux, Göygöl, Daşkəsən rayonları üzrə sektoru tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 85 nömrəli arayışdan görünür ki, 1993-cü ilin aprel ayında Kəlbəcər rayonunun ermənilər tərəfindən işğal olunması zamanı ünvan 8 ünvanında daimi qeydiyyatda olan X12, həyat yoldaşı İddiaçı, oğlanları X13 və X16 öz el-obalarından məcburi köçkün düşərək Gəncə şəhərinə pənah gətirmişlər. Gəncə şəhəri İcra Hakimiyyəti tərəfindən 1993-cü ildə (ay və gün dəqiq deyil) ünvan 9 ünvanında yerləşən qeyri-yaşayış obyekti olan SMD-4-ün qonaq evində məskunlaşdırılaraq müvəqqəti qeydiyyata alınmışlar. Hazırda ailə tərkibində və ünvanın adında dəyişikliklər olunmuş, yəni ünvan Atabəylər küçəsi 2A adlandırılmış, ailə başçısı X12 vəfat etmiş, oğlanları ailə quraraq ailə üzvləri ilə birlikdə qeyd edilən keçmiş Keçid küçəsi 2A, hazırki Atabəylər küçəsi, 2A ünvanında yerləşən SMD 4-ün qonaq evində məskunlaşmışlar və müvəqqəti qeydiyyatdadırlar. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 50.1, 50.3, 54.1 və 54.2-ci maddələrinə əsasən hesab etmişdir ki, İddiaçı iddiası təmin edilməməlidir. Həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1 və 157.2-ci maddələrinə əsasən hesab etmişdir ki, müstəqil tələb irəli sürən üçüncü şəxs X2 iddiası qismən təmin edilməlidir. Məhkəmə kollegiyası müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının qismən təmin edilməsi hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə həmin hissədə iş üzrə müəyyən edilmiş faktlardan tərəflər arasındakı qarşılıqlı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı iddiasını təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş olsa da, lakin həmin nəticəni qanunvericiliyin tələblərinə uyğun əsaslandırmamışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5. maddəsinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə kollegiyasının iclasında isə müəyyən olunur ki, İddiaçı ailəsi ilə birlikdə 1993-cü ildə ünvan 10 ünvanında yerləşən təmir-tikinti idarəsinin qonaq evində məskunlaşdığını və 1993-cü ildən hazırkı vaxtadək həmin ünvanda yaşamaqla qeyd olunan yaşayış otaqlarından istifadə etdiyini və hazırda onlara məxsus bütün əşyaların həmin yaşayış otaqlarında olduğunu, cavabdehlərin qanunsuz və əsassız olaraq onların qeyd olunan otaqlardan və əşyalarından istifadə etmələrinə maneə törətdiklərini və hədələdiklərini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, müstəqil tələb irəli sürən üçüncü şəxs X5 da İddiaçı qarşı iddia qaldırmış və iddiasının onunla əsaslandırmışdır ki, mübahisəli ərazi olan Gəncə şəhəri Atabəylər küçəsi 24 ünyanda yerləşən əmlak mülkiyyət hüququ əsasında ona məxsusdur, İddiaçı uzun müddətdir ki, onun mülkiyyətindən maneəsiz və əvəzsiz qaydada istifadə edir. Hazırkı vəziyyətdə, o, İddiaçı və ailə üzvlərinə görə mülkiyyətindən sərbəst istifadə edə bilmir. İşə baxan birinci instansiya məhkəməsi də iddiaçının iddia tələbini təmin etməmiş, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasını isə qismən təmin etmişdir. İşə baxan birinci instansiya məhkəməsi İddiaçı iddiasını təmin etməməklə bağlı gəlmiş olduğu nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1, Nümayəndə2 və Cavabdeh3 mübahisəli əmlakın mülkiyyətçisi deyillər və belə olan halda sonuncular iddia üzrə cavabdehlik daşıyan şəxs deyillər. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlər Cavabdeh1, Nümayəndə2 və Cavabdeh3 mübahisəli əmlakın mülkiyyətçisi olmamaları, onların həmin əmlakda mülkiyyətçinin, habelə digər şəxslərin hüquqlarını həyata keçirmələrinə maneəçilik yaratması halını istisna etmir. Yəni cavabdehlər Cavabdeh1, Nümayəndə2 və Cavabdeh3 mübahisəli əmlakda faktiki yaşayan İddiaçı mülkiyyətçi hüquqlarını həyata keçirməsinə hər hansı maneəçilik yaradacağı halda İddiaçı iddiasının qanuni əsaslarla təmin edilməsi istisna deyil. İşə baxan birinci instansiya məhkəməsi isə qeyd olunan hallara düzgün hüquqi qiymət vermədən cavabdehlərin əsl cavabdeh olmamaları əsası ilə iddianı təmin etməmişdir. Eyzi zamanda məhkəmə kollegiyası onu da qeyd edir ki, İddiaçı iddia ərizəsində cavabdehlər Cavabdeh1, Nümayəndə2 və Cavabdeh3 tərəfindən qanunsuz və əsassız olaraq onların qeyd olunan otaqlardan və əşyalarından istifadə etmələrinə maneə törətdiklərini və hədələdiklərini iddia etsə də, lakin bununla bağlı iş materiallarında hər hansı sübut mövcud deyil, eləcə də iddiaçı tərəfdən məhkəmə kollegiyasına hər hansı mötəbər sübut təqdim edilməmişdir. Halbuki, mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlara obyektiv baxılması məhkəmədən tələb edir ki, subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlilləri və faktları qiymətləndirsin. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutlara hərtərəfli baxaraq qiymətləndirmək dedikdə, sübut edilməli olan halları və faktları həm təsdiq, həm də inkar edən sübutların dəqiq araşdırılaraq qiymətləndirilməsi, həm də istənilən sübutun qanunvericiliyin bütün tələblərinə cavab verib-vermədiyinin yoxlanılması başa düşülür. İşin qeyd olunan hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı iddiasının təmin edilməməsi hissədə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə həmin hissədə iddia sübut olmaması əsası ilə təmin edilməməlidir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdeh İddiaçı və onun ailə üzvlərinin mübahisəli əmlakdan çıxarılması hissədə müstəqil tələb irəli sürən üçüncü şəxs X2 iddiasını qismən təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Belə ki, üçüncü şəxs X2 xüsusi mülkiyyətində olan qeyri yaşayış sahəsinin iş üzrə İddiaçı tərəfindən tutulması onun mülkiyyət hüquqlarına müdaxilədir. Həm də bu müdaxilə əsassızdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyət növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır; Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur; Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148.2-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Həmin Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və onun üzərində sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” 27 sentyabr 2007-ci il tarixli Qərarında qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. Mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir (bax, Ceyms və digərləri Birləşmiş Krallığa qarşı, 21 fevral 1986-cı il tarixli qərar, A seriyaları, s. 29-30, § 37). Məhkəmə qeyd edir ki, məcburi köçkünlərin ərizəçinin mənzilindən çıxarılması barədə qətnamənin mövcud olmasına baxmayaraq, qətnamənin icrası qeyri-müəyyən müddətə təxirə salındığına görə ərizəçi bir neçə ildir ki, mənizilinə sahiblik edə bilmir. Belə ki, ərizəçinin mənzilin kirayəçisi olduğu tanındığı halda, məcburi köçkünlərə mənzildə yaşamağa davam etməyə icazə verilmişdir, halbuki, bu cür sahiblik faktını qanunsuz elan edib. Belə olan halda, Məhkəmə hesab edir və tərəflər də buna etiraz etmir ki, ərizəçinin mülkiyyət hüququna müdaxilə baş verib. Ərizəçi yalnız kirayə hüquqlarına malik olduğu üçün bu müdaxilə nə müsadirəni, nə də mülkiyyətdən istifadəyə nəzarəti təşkil edir, lakin 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndinin birinci cümləsinin tətbiq dairəsinə düşür. Hökumət ərizəçinin hüquqlarına müdaxilənin «Məcburi köçkünlərin məskunlaşdırılması Qaydaları»na əsaslandığını iddia etdi. Məhkəmə Hökumətin bu dəlilini qəbul edə bilməz. «Məcburi köçkünlərin məskunlaşdırılması Qaydaları»nda daxili məhkəmələrə mənzildən çıxarılma barədə məhkəmə qərarının icrasının qeyri- müəyyən müddətə təxirə salmaq səlahiyyətinin verildiyinə dair hər hansı mülki prosessual norma nəzərdə tutulmayıb ki, bu işdə məhz belə oldu. «Məcburi köçkünlərin məskunlaşdırılması Qaydaları» sadəcə məcburi köçkünlər tərəfindən qanunsuz olaraq tutulmuş mənzillərin yaşayış orderlərinin hüquqi qüvvəsini dayandırıb. Hazırkı işdə ərizəçinin yaşayış orderinin hüquqi qüvvəsinin nə vaxtsa dayandırıldığını göstərən heç bir sübut mövcud deyildir. Əksinə, daxili məhkəmələr ərizəçiyə verilmiş yaşayış orderinin qanuniliyini və onun bu mənzilin qanuni kirayəçisi olduğunu müəyyən etdilər. Məhkəmə, həmçinin, məcburi köçkünlər müstəqil surətdə özlərinə yaşayış yeri taparkən digər şəxslərin hüquqlarını pozarlarsa, dövlət hakimiyyəti orqanlarının onları başqa yaşayış yerlərinə köçürməli olduğu barədə «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Qanunun 5-ci maddəsinin, eləcə də «Məcburi köçkünlərin məskunlaşdırılması Qaydaları»nın 4-cü maddəsinin tələblərini nəzərə alır (bax, yuxarıda § 23 və 25). Avropa Məhkəməsi “Sporronq və Lonnort İsveçə qarşı” işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və ya qeyri-sabit” xarakter almışdır. Həmin iş üzrə Avropa Məhkəməsi məhz uzun müddətə mülkiyyətçilərin onlara məxsus olan torpaq sahəsindən maneəsiz istifadə etməsinə məhdudiyyət qoyulması əsasına görə Konvensiyanın 1 saylə protokolunun 1-ci maddəsinin pozulması faktını qeyd etmişdir. Hər bir mübahisəyə baxılarkən mülkiyyət hüququna bu və ya digər müdaxilənin mülkiyyət hüqunun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını müəyyən etmək lazımdır. Bu cür tarazlıq o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar “xüsusi və həddən artıq məhrumiyyətlərə” məruz qalırlar. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı müstəqil tələb irəli sürən üçüncü şəxs X2 mülkiyyətində olan qeyri-yaşayış sahəsində yaşaması onun mülkiyyət hüququna müdaxilə olmaqla, onu ”xüsusi və həddən artıq məhrumiyyətlərə” məruz qoyur və Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası həmçinin iddia tələbinin cavabdeh İddiaçı ilə yaşayan ailə üzvlərinin mübahisəli əmlakdan çıxarılması hissəsi ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi həmin hissədə iddianı təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Belə ki, müstəqil tələb irəli sürən üçüncü şəxs X5 iddia tələbində cavabdeh İddiaçı və onun ailə üzvlərinin ona məxsus Gəncə şəhəri, Atabəylər küçəsi, 2A ünvanından çıxarılmasını xahiş etsə də, lakin iddia tələbi üzrə yalnız İddiaçı cavabdeh qismində göstərmişdir. Sonuncunun ailə üzvləri olan şəxslərin konkret kimlər olması iddia tələbində göstərilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 50.2-ci maddəsinə əsasən, özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Mülki prosessual qanunvericilik mülki məhkəmə icraatında tərəflərin dairəsini müəyyən edir. Normanın məzmunundan aydın olur ki, tərəflər işdə iştirak edən şəxslərdir. Bu zaman tərəf ifadəsinin işlədilməsi isə təsadüfi deyildir. Mülki məhkəmə icraatının bu iştirakçılarının bir-biri ilə konkret mübahisəli hüquq münasibəti bağlayır və onlar bu münasibətlərdə birbirinə qarşı olan maraqlara malikdirlər. Tərəf ifadəsi həm də onu bildirir ki, bu iştirakçıların mübahisəsinə baxılması üzrə məhkəmə icraatında hərəsi bir və ya bir neçə nəfərdən ibarət olmaqla iki qarşı-qarşıya duran tərəf mövcuddur. Tərəflər işdə iştirak edən şəxslər üçün nəzərdə tutulmuş ümumi hüquqlara malikdirlər. Mülki prosesdə tərəflər iddiaçı və cavabdeh adlanır. İddiaçı hüquq və mənafelərinin müdafiəsi üçün məhkəmədə iddia qaldırmış şəxsdir. Cavabdeh isə iddia tələbinin yönəldiyi şəxsdir. O, iddiaçının hüququnu və ya qanuni maraqlarını pozduğu güman edildiyinə, yaxud onun iştirak etdiyi hüquq münasibəti mübahisələndirildiyinə görə prosesə cəlb edilir və tərəf olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.2, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 06 yanvar 2023-cü il tarixli 2(125)-282/2023 nömrəli qətnaməsi ilə “İddiaçı cavabdehlər Cavabdeh1, Nümayəndə2 və Cavabdeh3 qarşı mənzildən istifadəyə maneənin aradan qaldırılması tələbinə dair iddiasının təmin edilməməsi” hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılsın və iddia tələbi həmin hissədə sübut olunmaması əsası ilə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə şikayət verilməzsə 2 (iki) ay müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-914/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-914/2023
04.04.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver