Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-92/2023 16.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, iddiaçı ləğv prosesində olan İddiaçı2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 və qətnamə ilə hüquq və mənafelərinə toxunulan şəxs X3 nümayəndəsi X2 Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-65/2019 nömrəli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı2 ASC-in Gəncə filialı ilə bağlanmış 03 fevral 2014-cü il tarixli, 002 F saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 mənzil təmiri məqsədi ilə illik 24 faizlə 24 ay müddətinə 19500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 mülkiyyət hüququ ilə məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Cəfərov küçəsi, 3nömrəli evin 17 nömrəli mənzil 03 fevral 2014-cü il tarixdə 02 F saylı ipoteka müqaviləsi ilə bankın xeyrinə yüklü edilmişdir. Həmçinin 03 fevral 2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh3 öhdəliyin icrasına zamin durmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı LPO İddiaçı2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixli, 002 F saylı kredit müqaviləsi üzrə yaranmış 9.039,28 manat məbləğində əsas kredit borcu və 7.793 manat məbləğində hesablanmış əldən çıxmış faydanın, cəmi 16.832,28 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutulması, tutmanın girov müqaviləsi ilə yüklü edilmiş, mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan, Gəncə şəhəri, Kəpəz rayonu, İ.Cəfərov küçəsi, 3 nömrəli evin 17 nömrəli mənzilinə yönəldilməsi, mənzilin açıq hərracda satılması və banka olan borcun ödənilməsi; həmin mənzilin satışı ilə bağlı çəkilmiş zəruri xərclər çıxıldıqdan sonra əldə olunan vəsait borcun ödənilməsinə yetərli olmadığı təqdirdə çatışmayan məbləğin borclu Cavabdeh1 tutularaq LPO "Yunayted Kredit Bank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bank müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra edərək müqavilədə nəzərdə tutulmuş kredit məbləğini cavabdehə vermişdir. Lakin cavabdeh tərəfindən kredit müqaviləsinin şərtlərı pozularaq həmin kreditin əsas məbləği və ona hesablanmış faizlərdən ödəniş edilməmişdir. Aparılan danışıqlar və rəsmi xəbərdarlıqlara baxmayaraq, cavabdehlər öhdəliklərini icra etməmiş və bu günə kimi mövcud borclarını ödəməmişlər. İddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 317, 319, 442, 443.1, 448.1, 449.1, 449.4, 460, “İpoteka haqqında” Qanunun 34.1.2, 36 və 47.5-ci maddələrinə istinad edilmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-65/2019 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim Cavid Tağıyev) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada xx.xx.2014-cü il tarixli, 002 F nömrəli kredit müqaviləsi üzrə cəmi 6.337,77 (altı min üç yüz otuz yeddi manat 77 qəpik) manat kredit borcunun və 30 manat dövlət rüsumunun tutularaq LPO İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə verilməsi, tutmanın xx.xx.2014-cü il tarixli, 002 F nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan Gəncə şəhəri, Kəpəz rayonu, İ.Cəfərov küçəsi, 3 nömrəli evin Cavabdeh1 məxsus olan 17 nömrəli mənzilinə yönəldilməsi və həmin mənzilin açıq hərracda satılması, həmin mənzilin ilkin satış qiymətinin 26.000 (iyirmi altı min) manat olmaqla tutmanın yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər çıxıldıqdan sonra əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1nun xx.xx.2014-cü il tarixli, 002 F nömrəli kredit müqaviləsi üzrə LPO İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinə olan borcunun ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra artıq qalan vəsaitin ipoteka qoyan Cavabdeh1 qaytarılması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448, 450, 467-ci maddələrini rəhbər tutaraq iddia tələbini qismən təmin etmişdir. Apellyasiya instansiya məhkəməsində birinci icraat İddiaçı LPO İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verib, əsas məbləğin qismən tutulması, əldən çıxmış faydanın tutulmasının rədd edilməsi və mənzilin ilkin satış qiymətinin 26 min manat müəyyən edilməsi hissəsində ləğv, iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırlmışdır ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən LPO İddiaçı2 ASC-nin özünün zərərçəkən tərəf olmasını, təqsirləndirilən şəxslərin cinayət əməli nəticəsində banka külli miqdarda ziyan vurulduğunu, təqsirləndirilən şəxslər tərəfindən digər zərərçəkmiş şəxslərə, o cümlədən Cavabdeh1 vurulmuş ziyana görə LPO İddiaçı2 ASC-nin məsuliyyət daşımadığını, həmin hökmə əsasən zərərçəkmiş şəxslərin Banka qarşı mülki tələblərinin təmin edilmədiyini və zərərçəkmiş şəxslərə təqsirləndirilən şəxslərə qarşı tələb hüquqlarının olduğunun izah edildiyinin hökmdə göstərilməsini məhkəmə nəzərə almamışdır. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünün həmin hissəsi üzrə hər hansı dəyişiklik olmadığından və qanuni qüvvəsini aldığından, iddia tələbi borc tələbi hissəsində tam təmin edilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində də maddi və prosessual hüquq normaları pozulmuşdur. Qətnamə qəbul edilərkən iddia tələbində ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi məhkəmədə müzakirə edilmədiyi halda, işə baxan məhkəmə ipoteka predmetinin zəruri aşınmasını, köhnəlməsini, daşınmaz əmlak bazarının hazırkı vəziyyətini, tərəflərin onun hazırkı qiymətinə münasibətini nəzərə almadan, tədqiq etmədən, 2014-cü il tarixli ipoteka müqaviləsinə istinad edərək, ipotekanın ilkin satış qiymətini 26000 manat məbləğində müəyyən etmişdir. İpoteka predmetinin ilkin satış qiymətinin belə yüksək müəyyən edilməsi sonradan həmin əmlakın açıq hərracda satılmasını və bankın tələbinin həmin əmlaka yönəldilməsini qeyri-mümkün edir. Məhkəmə iddia tələbinin 7.793 manat məbləğində əldən çıxmış fayda hissəsini təmin etməmişdir. Lakin cavabdehin qanunsuz olaraq özündə saxladığı pul vəsaitini qaytarmaması nəticəsində iddiaçı həmin vəsaiti başqa şəxslərə kredit verməklə (investisiya etməklə) 7.793 manat məbləğində gəlir əldə etmək imkanından məhrum olmuşdur. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-302/2021 nömrəli, 22 aprel 2021-ci il tarixli qətnaməsi ilə ləğv prosesində olan İddiaçı2 ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti qismən təmin edilmiş, Cavabdeh1 apelyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-65/2019 nömrəli qətnaməsi əsas borc məbləği və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı hissələrdə dəyişdirilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada cəmi 8.478,77 (səkkiz min dörd yüz yetmiş səkkiz manat 77 qəpik) manat kredit borcu və 30 manat dövlət rüsumunun tutularaq LPO İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə verilməsi, Cavabdeh1 mülkiyyətində olan, ipoteka predmeti Gəncə şəhəri, Kəpəz rayonu, İ.Cəfərov küçəsi, 3 nömrəli evin 17 nömrəli mənzilinin ilkin satış qiyməti üzrə likvid dəyərinin 34.000 manat məbləğində müəyyən edilməsi, qətnamənin 7.793 manat məbləğində hesablanmış əldən çıxmış faydanın təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kassasiya instansiyası məhkəməsindəki icraat. Qətnamədən iddiaçı LPO İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verib, qətnamənin Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən hesablanmış faiz məbləğinin tutulması və ipoteka predmetinin ilkin satış qiyməti hissəsində ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi və ya işin yeni apellyaisya baxışına qaytarılmasını xahiş etmişdir. İddiaçının kassasiya şikayətinin dəlilləri onunla əsaslandırlmışdır ki, iddiaçı nə iddia ərizəsində, nə də məhkəmə iclasları vaxtı ipoteka predmetinin qiymətinin 34000 manat qiymətləndirilməsini xahiş etməmişdir. Kredit müqaviləsinin bitdiyi vaxtdan sonra hesablanmış 7793 manat faiz məbləğinin rədd edilməsi hissəsində qətnamə əsassızdır. Apellyasiya məhkəməsi Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Qərarınında şərh edilənləri nəzərə almamışdır. Daha sonra qətnamə ilə hüquq və mənafelərinə toxunulan şəxslər X8 və X9 (vəkil X4) qətnamədən kassasiya şikayəti verib, qətnamənin ləğv edilməsi, işin yeni apellyasya baxışına qaytarılmasını xahiş etmişlər. Qətnamə ilə hüquq və mənafelərinə toxunan şəxslərin kassasiya şikayətinin dəlilləri onunla əsaslandırılmışdır ki, işə apellyasiya məhkəməsində baxılan zaman Cavabdeh1 vəfat etsə də, apellyasiya məhkəməsi cavabdehin hüququi varisini müəyyən etməmişdir. Apellyasiya məhkəməsinin 2106 manat pulun bankın üzərinə qoyulmaması, 2106 manat dəymiş ziyanla bağlı təqsirli şəxslərə qarşı ayrıca iddia qaldırılmalı olması barədə gəldiyi nəticə əsaslı deyil. Çünki mərhum Cavabdeh1 müqaviləni bankın işçiləri (fiziki şəxslər) ilə yox, hüquqi şəxs olan bankla bağlamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarilxi, 2(102)-5526/2021 saylı qərarı ilə (hakimlər X12 (sədrlik edən və məruzəçi), X10, X15) kassasiya şikayətlərinin təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)- 302/2021 nömrəli, 22 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına qaytarılması qərara alınmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları. İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Qətnamə ilə hüquq və mənafelərinə toxunulan şəxs X3 nümayəndəsi X6 iddiaçının apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh3 və qətnamə ilə hüquq və mənafelərinə toxunulan şəxs X7, X8 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “İpoteka haqqında” Qanunun Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 317.1-ci maddəsinə görə əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır; Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir; Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına ailə qanunvericiliyinə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Yuxarida qeyd olunan mülki qanunvericiliyin normalarını əhatəli təhlil edərək kollegiya hesab edir ki, iddia tələbi qismən əsaslıdır və birinci instansiya məhkəməsi gəldiyi nəticədə qanuni və əsaslı olmuşdur. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, 03 fevral 2014-cü il tarixdə LPO İddiaçı2 ASC-in Gəncə filialı ilə Cavabdeh1 arasında 002 F saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə LPO İddiaçı2 ASC-in Gəncə filialı tərəfindən Cavabdeh1 mənzil təmiri məqsədi ilə illik 24 % olmaqla 19500 manat məbləğində kredit verilmişdir və o, 24 ay ərzində yəni 25 dekabr 2015-ci il tarixədək kreditin əsas məbləğini və ona hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin öhdəliyinin icrasının təmin edilməsi məqsədilə LPO “Yunayted Kredit Bank" ASC-in Gəncə filialı ilə Cavabdeh1 arasında 03 fevral 2014-cü il tarixdə 02 F saylı ipoteka müqaviləsi bağlanaraq mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan, Gəncə şəhəri, Kəpəz rayonu, İ.Cəfərov küçəsi, 3 nömrəli evin 17 nömrəli mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Qarşılıqlı razılaşmaya əsasən ipoteka predmetinin məbləği 26000 manat dəyərində qiymətləndirilmişdir. Eyni zamanda borclunun öhdəliyinin icrasının təmin edilməsi məqsədilə 03 fevral 2014-cü il tarixdə Cavabdeh3 ilə 002F saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyin bir qismini icra edərək qalan öhdəliyi yerinə yetirmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmişdir. İddiaçı iddia etmişdir ki, cavabdehlər kredit müqaviləsi üzrə öhdəliyi vaxtında icra etməmələri nəticəsində 9039,28 manat məbləğində əsas kredit borcu qalaraq həmin məbləği vaxtında ödəmədikləri üçün əldən çıxmış fayda olaraq 7793 manat məbləğində onlara zərər dəymişdir. İşin müəyyən olunmuş hallarından isə görünür ki, cavabdehlər tərəfindən ödənilmiş 2106 (iki min yüz altı) manat bankın əməkdaşları tərəfindən mənimsənilərək bankın hesabına ödənilməmiş və eyni zamanda cavabdehlərin kredit müqaviləsi üzrə borcları Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli fərmanına əsasən restrukturizasiya olunan məbləği 8478,77 manat müəyyən olunmuşdur. Apellyatorun şikayətindən görünür ki, qətnaməni əsas məbləğin qismən tutulması, əldən çıxmış faydanın tutulmasının rədd edilməsi və mənzilin ilkin satış qiymətinin 26 min manat müəyyən edilməsi hissəsində mübahisələndirmişdir. Bununla bağlı məhkəmə kollegiyası ilk növbədə əsas borc və fazi borcu ilə bağlı aşağıdakıları qeyd etməyi zərurui hesab edir. Kollegiya tərəfindən məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/2635 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan maliyyə arayışı məlumatları, ödəniş qəbzləri, hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış kredit müqaviləsinin qeyd olunan şərtlərini nəzərə alaraq Cavabdeh1 İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinə sualda soruşulan xx.xx.2018-ci il tarixə olan borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2018-ci il tarixə: əsas borc üzrə - 6073,43 manat, faiz borcu üzrə - 464,79 manat. Bundan başqa qeyd edilir ki, iş materiallarının 1-ci cildinin 186-187-ci səhifələrində "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən hesablanılmış "Problemli kreditlərin kompensasiyası" sənədi öz əksini tapmışdır ki, həmin sənəddə Cavabdeh1 hesablanmış və borclarının ödənilməsinə yönəldilən kompensasiyanın məbləği 560,51 manat məbləğində göstərilmişdir. Bundan başqa Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanında aşağıdakılar göstərilmişdir: 6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər. Belə olduğu halda, yəni Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının şərtlərinə əsasən Cavabdeh1 İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinə sualda soruşulan tarixə olan borcu 6.073,43 manat əsas qalıq borcu - 560,51 manat kompensasiya məbləği olmaqla, cəmi 5.512,92 manat məbləğində müəyyən edilir. Bundan başqa bildirilir ki, iş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 yanvar 2019-cu il tarixli qərarı ilə qət edilmiş Cavabdeh1 tərəfindən kredit ödənişi kimi ödənilmiş 2106 manat məbləğində vəsaitin təqsirləndirilən şəxslər tərəfindən mənimsənildiyi qeyd edilsə də, ekspert qarşısında qoyulmuş sualda soruşulmadığı üçün hazırki hesablama zamanı nəzərə alınmadı. Qeyd olunanlar hüquqi məsələ olduğundan buna məhkəmə tərəfindən qiymət verilməlidir. Göründüyü kimi birinci instansiya məhkəməsinin iddia tələbinin əsas borc və fazi borcu hissəsində gəldiyi nəticə əsaslıdır. Bundan başqa apellyator şikayətində mənzilin ilkin satış qiymətinin 26 min manat müəyyən edilməsi hissəsində mübahisələndirərək qeyd etmişdir ki, həmin məbləğ yüksəkdir. Bununla bağlı kollegiya qeyd edir ki, 03 fevral 2014-cü il tarixli, 002 F nömrəli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 qızı Gəncə şəhəri, Kəpəz rayonu, İ.Cəfərov küçəsi, 3 nömrəli evin mülkiyyətində olan 17 nömrəli mənzilini ipoteka qoyaraq ipoteka predmetinin məbləği 26000 manat dəyərində qiymətləndirilmişdir. Həmçinin kollegiya tərəfindən Gəncə şəhəri, Kəpəz rayonu, İ.Cəfərov küçəsi, 3 nömrəli evin 17 nömrəli mənzilin likvid dəyərini müəyyən etmək üçün iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/7949-9/8770 saylı rəyindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, İ.Cəfərov küçəsi, 3 nömrəli evin 17 nömrəli mənzilin hazırki orta bazar qiymətlərinə uyğun likvid dəyəri təqribən 53 000 manat məbləğində müəyyən edilir. İş materiallarından da göründüyü kimi iddiaçı apellyasiya şikayəti vermiş və öz şikayətində 26 min manatın yüksək olduğunu bildirmiş, cavabdeh tərəf isə hazırki iş üzrə qətnamədən apellyasiya şikayəti vermiş, lakin Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Ona görə də, kollegiya hesab edir ki, hazırki rəydə qeyd olunan məbləğ əsas götürülə bilməz. Bundan başqa, kollegiya hesab edir ki, apellyatorun əldə çıxmış fayda ilə bağlı dəlili əsaslı hesab edilə bilməz. Belə ki, əldə çıxmış fayda ilə bağlı qeyd olunan dövrdə bank ləğv olduğuna görə ləğv prosesində olmuşdur. Bu hal isə onu göstərir ki, apellyatorun şikayətində qeyd etdiyi kimi cavabdehin qanunsuz olaraq özündə saxladığı pul vəsaitinin qaytarılmaması nəticəsində iddiaçı həmin vəsaiti başqa şəxslərə kredit verməklə 7 793 manat məbləğində gəlir əldə etmək imkanından məhrum olması kimi qiymətləndirilə bilməz. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə əsaslı nəticəyə gəlmişdir. Qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-65/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-92/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-92/2023
16.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver