Məhkəmə qərarları › İş №2(104)-920/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-920/2024

02.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-920/2024 02.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-115/2024 nömrəli qətnaməsindən iddiaçı Məmmədova (Yusifova) Təhminə Elşad qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Məmmədova (Yusifova) Təhminə Elşad qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Məmmədova (Yusifova) Təhminə Elşad qızının ondan qanunsuz alıb saxladığı 1402,00 (bir min dörd yüz iki) manat pulun və ödədiyi 35 (otuz beş) manat məbləğində ödənilmiş dövlət rüsumunun, ümumilikdə 1437,00 (bir min dörd yüz otuz yeddi) manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdeh Məmmədova (Yusifova) Təhminə Elşad qızı “OCOS” adlı şirkətə pul qoyub guya əlavə gəlir gətirəcəyini təklif edərək, onun Kapital Bank kart hesabına pul ödəməyini ona bildirmiş, iddiaçı isə cavabdehə etibar edərək, xx.xx.2021-ci il tarixdə 515 manat, xx.xx.2021-ci il tarixdə 515 manat, xx.xx.2021-ci il tarixdə 172 manat və bir neçə gün sonra yenidən 200 manat olmaqla, cavabdehin kartına cəmi 1402 manat pul göndərmişdir. Bundan bir müddət sonra, iddiaçı cavabdehin onu aldatmasını hiss edərək o, cavabdehdən pullarını geri tələb etmişdir. Lakin, cavabdeh onunla danışmaqdan və görüşməkdən yayınmışdır. Buna baxmayaraq, iddiaçı cavabdehin yaşadığı evə getmiş və cavabdeh onu kameradan görüb onunla görüşməmişdir. Bundan sonra, o, məcbur olub Ağstafa rayon polis şöbəsinə şikayət etmiş, orada araşdırma aparılarkən cavabdeh verdiyi izahatında ondan pul almasını, həmin pulu şirkətə yatırmasını və guya şirkətin də həmin pulu mənimsəməsini qeyd etmişdir. Bu barədə onun cavabdehlə “WhatsApp” sosial şəbəkəsində yazışması da olmuşdur. Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-115/2024 nömrəli qətnaməsi ilə (sədrlik edən Nemət Musayev ) iddia qismən təmin edilmiş, Cavabdeh 1374 (bir min üç yüz yetmiş dörd) manat pul və 35 (otuz beş) manat dövlət rüsumu olmaqla, cəmi 1409 (bir min dörd yüz doqquz) manat pul alınaraq İddiaçı verilməsi və iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh Məmmədova (Yusifova) Təhminə Elşad qızı həmin qətnamədən apellyasiya şikayəti verərək, Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)- 115/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçı ilə onun arasında heç bir müqaviləsi olmadan məhkəmə zalında verilən yalan ifadələrə əsaslanmaqla qətnamə qəbul edilmişdir. Onun iddiaçıya zərər vurmağı, əsassız varlanması, yəni onun pul kartına daxil olan pulun iddiaçı tərfəfindən göndərilməsi sübut olunmur. Cavabdeh Məmmədova (Yusifova) Təhminə Elşad qızına işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı Yadigar oğlu məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, iddiasının dəlillərinə uyğun izahat verdi və apellyasiya şikayətinin təmin edilməməsini, Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-115/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-115/2024 nömrəli qətnaməsi iddianın qismən təmin olunan hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, cavabdeh Məmmədova (Yusifova) Təhminə Elşad qızı qətnamədən apellyasiya şikayəti verərək, Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-115/2024 saylı qətnaməsinin ləğv edilməsini xahiş etsə də, əslində o, şikayətinin dəlillərində həmin qətnamənin iddianın qismən təmin edilmiş hissəsini mübahisələndirmişdir. İddianın təmin edilməyən hissəsi mübahisələndirilməmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apelyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbaycan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda, apelyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İş materiallarında olan: Ağstafa RPŞ-nin HK-1/515 nömrəli cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, araşdırma zamanı Cavabdeh verdiyi izahatında göstərmişdir ki, “OCOS” adlı şirkətinə əlavə gəlir əldə etmək üçün 35000 (otuz beş min) manat pul yatırmışdır. Həmin pulları terminal vasitəsi ilə şirkətin rəhbərləri Xəyal və Gülarə vasitəsi ilə yatırmışdır. Həmin vaxt bu sahədən anlayışı olduğu üçün tanışı Pərişan da onun üçün yatırım etməsini xahiş etmişdir və o Pərişana kömək etmiş, kartına göndərdiyi pulları əvvəldən tanıdığı Səbinə və onun əri Firdovsiyə vermişdir. Pərişan ondan yatırım etmək üçün xahiş etdiyi pulun qohumu Rəşad adlı şəxsin olduğunu bildirmişdir. “OCOS” şirkəti dələduzluq etdiyi üçün cinayət məsulliyyətinə cəlb edilmişdir və o zərərçəkmiş şəxs kimi tanınmışdır. Onun və digər şəxslərin şirkətin hesabına yatırdığı pullar qaytarılmamışdır. O, heç kimi aldatmamışdır, sadəcə həmin pulu göndərmə sistemini bildiyi üçün Pərişanın xahişini qəbul etmişdir. Onun pulu “OCOS” şirkəti tərəfindən geri qaytarılacağı halda, Rəşadın pulu da qayıdacaqdır. İş materiallarına əlavə olunmuş qəbzlərdən görünür ki, İddiaçı ödəmə terminalı vasitəsi ilə xx.xx.2021-ci il tarixdə 515 manat, xx.xx.2021-ci il tarixdə 515 manat, xx.xx.2021-ci il tarixdə 172 manat və həmin tarixdə yenidən 172 manat olmaqla, cəmi 1374 manat pulu Təhminə Yusifovanın adına açılmış Bank kartına göndərmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, e Manat ödəniş terminalı vasitəsilə İddiaçı tərəfindən cavabdeh Məmmədova (Yusifova) Təhminə Elşad qızının adına ümumilikdə 1374 manat pul köçürülmüş, lakin iddiaçı aldadılmasını hiss edib pulunu tələb edərkən cavabdeh pulları ödəməkdən imtina edərək qaytarmamışdır. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091.1-ci və 1091.2-ci maddələrinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarılmalıdır. Məhkəmə kollegiyasında aydın oldu ki, Cavabdeh qanuni əsas və ya müqavilə əsası olmadan iddiaçıdan 1374 manat məbləğində “OCOS” şirkətinə pul yatırılıb əlavə gəlir gəlməsi adı ilə əldə edərək, əsassız varlanmışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki hallarına uyğun olaraq, iddianın qismən təmin edilmiş hissəsində düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin həmin hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh pulu şirkətə yatırıb əlavə gəlir gətirməsini etiraf etdiyi halda, onlar arasında müqaviləsinin olmaması iddianı rədd etmək üçün əsas deyildir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Qazax Rayon Məhkəməsi bu iş üzrə mübahisələndirilən hissədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmuşdur. Qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-115/2024 nömrəli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 382, 384, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-115/2024 nömrəli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi vaxtdan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar