Məhkəmə qərarları › İş №2(104)-922/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-922/2023

12.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-922/2023 12.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi ilə, İddiaçı, Cavabdeh və onun nümayəndəsi (vəkil) Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(076)-2961/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(076)-2961/2022 saylı qətnaməsi ilə (hakim Ş.Məmmədova) iddia tələbinin təmin edilməsi, Cavabdeh 7050 (yeddi min əlli) manat pul və 90.50 manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(076)-2961/2022 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 7050 (yeddi min əlli) manat pulun və 90.50 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ailəsi ilə birlikdə Şəmkir şəhərində yaşayır. Cavabdeh əvvəldən tanıyır. Onunla əvvələr münasibəti yaxşı olmuşdur. Aralarında ədavət və narazılıq olmamışdır. O, qızıl-zinət əşyaları alqı-satqısı ilə məşğul olur. Cavabdeh daim ondan qızıl-zinət əşyaları nisyə almış, sonra isə hissə-hissə pulunu qaytarmışdır. O da ona etibar etmişdir. Cavabdeh 2020-ci ildə ondan 4 ədəd rekert toxunuşlu qızıl boyunbağını nisyə almış və cavabdehin ona 7720 manat borcu yaranmışdır. Cavabdeh həmin borcundan ona hissə-hissə qaytardıqdan sonra 7000 manat borcu qalmışdır. Cavabdeh əmisioğlu Müseyib Zamanov da daim ondan qızıl zinət əşyasını nisyə olaraq almışdır. Cavabdeh əmisi oğlu Müseyib Zamanovla birlikdə sonuuncu dəfə ondan 62 qram çəkidə 3520 manat dəyərində qızıl boyunbağını nisyə olaraq almışlar. Onlar həmin məbləğdən ona 900 manat qaytarmışlar. Qalan 2620 manat pulun yarısı olan 1310 manat pulu cavabdeh ona qaytarmalı olmuşdur. Cavabdehin ümumilikdə ona 8310 manat borcu yaranmşdır. Cavabdeh həmin məbləğdən ona hissə-hissə qaytarmışdır. Lakin sonradan qalan 7050 (yeddi min əlli) manat borcu qaytarmaqdan imtina etmişdir. Belə ki, cavabdeh ona hər dəfə görüşəndə pulunu yaxın günlərdə verəcəyinə söz vermiş olsa da, pulunu qaytarmır. Sonuncu dəfə görüşəndə də cavabdeh ona olan borcunu 08 sentyabr 2022-ci il tarixə kimi verəcəyinə söz versə də pulunu verməmişdir. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, iddiaçı istər məhkəmənin hazırlıq iclası zamanı, habelə məhkəmə baxışı zamanı məhkəməyə onun tərəfındən İddiaçı hər hansı qızıl-ziynət əşyalarının nisyə alınmasına dair heç bir sübut təqdim edə bilməmişdir. Reallıqda iddiaçı ona malı nisyə təqdim etdiyi halda, o, malı ondan qəbul etməyi barədə qaimədə imza etməli idi və yaxud da malı qəbul etməyi barədə iddiaçı ondan qəbz almalı idi. Onların arasında alqı-satqı tərəfi kimi belə bir razılaşma və ya hər hansı sövdələşmə olmamışdır. İddiaçı ondan 7050 (yeddi min əlli) manat pul tələbi onun öz şəxsi mülahizəsinə əsaslanır. İddiaçı ondan pul tələbinin heç bir qanuni əsası yoxdur. İddiaçının ayrı-ayrı vaxtlarda əvvəlki borcunu ödəmədiyi halda, yenidən ona nisyə mal satması qeyri məntiqi olmaqla, həm də tam əsassızdır. Həqiqətdə belə bir pul mövcud idisə, onda niyə o köhnə borcu ödəmədiyi, qaytarmadığı halda yenidən nisyə mal vermişdir. Göstərilənlərlə əlaqədar iddiaçı məhkəməyə heç bir sübut və sənəd təqdim etmədiyi halda məhkəmənin iddiaçının xeyrinə qətnamə çıxarması şübhəli və qeyri qanunidir. Birinci instansiya məhkəməsində iddiaçı tərəfindən öz xətti ilə guya ona nisyə mallar verməsi və ona 7050 manat borclu qalması barədə qeydlər olan vərəqi təqdim etmişdir. Məhkəmə onun həmin qeyddə heç bir imzası, yazısı olmadan birtərəfli qaydada iddianın təmin edilməsinə dair iddiaçının xeyrinə qətnamə qəbul etmişdir. Onunla iddiaçı arasında heç bir nisyə alqı-satqı şərtləri olmamışdır. O iddiaçıdan mal alarkən nağd qaydada ödəniş etmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi qeydlər onun özünün şəxsi mülahizəsidir və heç bir qanuni əsası yoxdur. Yəni aralarında heç vaxtı aldığı malın pulunu hansısa müddətdə ödənilməsi barədə heç bir şərt olmamışdır. Aralarında heç vaxtı nisyə alqı-satqı əməliyyatlarının aparılması barədə razılıq olmamışdır. Ona qarşı irəli sürdüyü iddia ilə öz şəxsi mülahizəsi əsasında faiz pulu hesablayır. İddiaçının ona qarşı irəli sürdüyü iddia tələbi mülki qanunvericilikdə müqavilə və qanundan əmələ gələn öhdəliklər əsasında nizamlanmır. Belə ki, iddiaçının ondən tələb etdiyi nisyə malların qəbulu üzrə, onun tərəfindən qəbul edilməsi barədə heç bir qaimə və ya qəbz yoxdur. Belə olan halda iddiaçın iddia etdiyi malların hansı qaydada qəbul etməyi barədə iddiasında heç bir sübut yoxdur. Məhkəmə tərəfindən işin məhkəmə araşdırılması birtərəfli qaydada aparılmış və nəticədə iddianın təmin edilməsinə dair iddiaçının xeyrinə qətnamə çıxarılmışdır. Yuxarıda qeyd edilmiş hallara və səbəblərə görə məhkəmə qətnaməsi əsassız və qeyri qanunidir. Prosessual məsələlər və apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi (vəkil) Nümayəndə2 apellyasiya şikayətini müdafiə edib həmin şikayətin dəlillərinə uyğun izahat verdi və iddiaçıya heç bir borcunun qalmadığını bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, əvvəllər iddiaçıdan dəyərini sonradan ödəmək şərti ilə qızıl-zinət əşyaları almış olsa da, sonradan onların dəyərini ödəmişdir. Lakin aldığı qızıl-zinət əşyalarının dəyərinin ödənilməsini yubatdığı halda iddiaçıya əlavə pul (faiz) ödəyəcəyi ilə bağlı aralarında hər-hansı razılaşma olmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkil) Nümayəndə2 apellyasiya şikayətini müdafiə edib, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, əvvəllər cavabdeh ondan dəyərini qısa müddətə ödəmək şərti ilə qızıl-zinət əşyaları almış, lakin aldığı malın dəyərini razılaşdıqları vaxtda qaytarmadığına görə onunla belə bir razılığa gəlmişdi ki, ödənilməsini yubatdığı həmin qızıl-zinət əşyalarının dəyərini vaxtında ödəmiş olsaydı dövriyyədən əldə edə biləcəyi gəliri nəzərə alaraq ona hər ay müəyyən məbləğdə ödənişlər edəcəkdir. Ona görə də cavabdeh ona ümumilikdə 2500 manat pul ödəmiş, lakin qızıl-zinət əşyalarının öz dəyərini ödəməmişdir. Cavabdeh hətta borcundan çıxılması üçün VAZ-2106 markalı avtomobilini gətirib ona vermək istəmiş, lakin avtomobili yüksək qiymətə hesabladığına görə aralarında razılıq əldə olunmamışdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, işin halları barədə məruzəçi hakimi dinləyərək hesab edir ki, apellyasiya şikayəti qimən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarındakı tövsiyyələrdə göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. İş materiallarında olan iddiaçının təqdim etdiyi nisyə dəftərinin təsdiqlənmiş surətindən görünür ki, dəftərin iş üzrə Cavabdeh aid hissələrdə 1900 manat, 1500 manat, 2230 manat, 2090 manat, daha sonra 7000 manat+1310 manat-300m-200m-260m- 500m=7550-300-200m. Qalıq 7050m qeyd edilmişdir. Həmin səhifədə həmçinin Müseyib Elçin-62 qr 3520 m- 900m=2620 m qeyd edilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, 2020-ci ildə iddiaçı ilə cavabdehin arasında qızıl əşyalarının nisyə alqı-satqı münasibəti olmuşdur. Cavabdeh iddiaçıdan müxtəlif vaxtlarda 4 ədəd qızıl boyunbağını nisyə almış və ona 7720 manat borcu yaranmışdır. Cavabdeh həmin borcundan ona hissə-hissə qaytardıqdan sonra 7000 manat borcu yaranmışdır. Cavabdeh bundan sonra iddiaçıdan aldığı qızıl-zinət əşyasına görə əlavə 1310 manat borcu yaranmışdır. Cavabdeh iddiaçıya olan borcundan hissə-hissə qaytardıqdan sonra 7050 manat məbləğində borcu yaranmış, iddiaçının məhkəmə iclasında verdiyi izahatla həm də müəyyən olundu ki, cavabdeh 7050 manat borcundan daha sonra hissə-hissə olmaqla daha 2500 manat ödəmiş, beləliklə də onun iddiaçıya 4550 manat ödənilməmiş borcu qalmışdır. İddia tələbini təmin etmiş birinci istansiya məhkəməsi gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkəti öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmənin iş üzrə gəldiyi yekun nəticə ondan ibarətdir ki, iddia təmin edilməli, Cavabdeh qızıl əşyalarının dəyəri olan 7050 (yeddi min əlli) manat pul və 90.50 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə ümumilikdə razılaşsa da, lakin hesab edir ki, məhkəmə maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi isə yuxarıda qeyd edildiyi kimi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasы Mülki Məcəlləsinin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-ci maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 439.3-cü maddəsinə görə qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. İstinad olunan maddi hüquq normalarının tələblərindən göründüyü kimi müqavilələr şifahi də bağlana bilər və müqavilənin bağlanması ilə tərəflərin öhdəliyi öhdəliyi yaranır və hər bir tərəf götürdüyü öhdəliyi icra etməməsinə görə məsuliyyət daşıyır. İşin faktiki hallarına və şərh ounan hüquq normalarına əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini tam təmin etməkdə haqlı olmamış və iş üzrə dügün nəticəyə gəlməmişdir. Kollegiya qeyd edir ki, cavabdehin iddiaçıdan satış məqsədi ilə və ya ya da şəxsi istifadəsi üçün müxtəlif vaxtlarda qızıl-zinət əşyaları alması işin mübahisəsiz halıdır. Cavabdeh verdiyi apellyasiya şikayətində bir tərəfdən iddiaçının ona qızıl-zinət əşyaları verməsinin hər hansı qəbz və ya qaimə ilə təsdiq olunmadığını göstərsə də, digər tərəfdən iddiaçıdan aldığı qızıl-zinət əşyalarının dəyərini nağd qaydada ödədiyini göstərir. Bu halın özü də tərəflər arasında qızıl-zinət əşyalarının alğı-satqısından irəli gələn münasibətlərin olduğunu təsdiq edir. Qaldı ki, iddiaçıdan aldığı qızılzinət əşyalarının dəyərinin dərhal ödənilməsi ilə bağlı cavabdehin şikayətinin dəlili ilə bağlı kollegiya qeyd edir ki, cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddiaçıdan qızıl-zinət əşyalarını nisyə olaraq aldığını, lakin onların dəyərini ödədiyinə görə iddiaçıya ödənilməsi üçün borcu qalmadığını bildirdi. Göründüyü kimi cavabdehin şikayətinin həmin dəlili onun özünün məhkəmə iclasında verdiyi izahatla təkzib olunur. İşdən görünür ki, tərəflər arasında qızıl-zinət əşyalarının alqı-satqısı ilə bağlı şifahi razılaşma olmuş olsa da, lakin alınmış malın dəyərinin ödənilməsinin gecikdirilməsi halında iddiaçıya malın dəyərinin ödənilməmiş hissəsindən faiz ödənilməsi ilə bağlı tərəflər arasında müqavilə (razılaşma) olmamışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı cavabdehin borcundan faiz şəklində 2500 manat qaytardığını etiraf etdiyindən, tərəflər arasında borcun qalıq hissəsinə faiz hesablanması ilə bağlı tərəflər arasında razılığın olması təsdiqini tapmadığına görə kollegiya hesab edir ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh İddiaçı xeyrinə 4550 manat pul və ödənilmiş 90,50 manat dövlət rüsumunun əvəzi tutulmalı, bununla da apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 372-376, 378-382, 384.0.2, 385.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti qimən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(076)-2961/2022 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh 4550 (dörd min beş yüz əlli) manat pul və ödənilmiş 90,50 manat dövlət rüsumunun əvəzi tutularaq Cavabdeh verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar