Məhkəmə qərarları › İş №2(104)-924/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-924/2025

28.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-924/2025 28.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı pul tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(042)- 98/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq qətnamə qəbul etdi. İşin halları: İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə Bakı şəhəri ərazisində yerləşən poçt vasitəsi ilə cabvabdehə 1.000 manat pul köçürülmüşdür. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1.500 manat pulun və ödənilmiş 35 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun doğma qardaşıdır. Əvvəllər mehriban olmuşlar, son dövrlər mərhum atası Oruc Süleymanov tərəfindən özünə məxsus olan həyətyanı torpaq sahəsindən vəsiyyətnamə qaydasında ona torpaq sahəsi verdiyi üçün cavabdehlə onların münasibətləri pozulmuşdur. Cavabdeh 2019-cu il tarixdə ona 1.000 manat pul lazım olduğunu bildirmiş və o, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Sabunçu rayonu ərazisində yerləşən poçt vasitəsi ilə cavabdehə 1.000 manat pul göndərmişdir və qəbzi ərizəsinə əlavə etmişdir. Bundan başqa Cavabdeh qayını X1 xx.xx.2021-ci il tarixdə yenidən cavabdehə 500 manat pul lazım olduğunu bildirmiş və o cavabdehlə telefon əlaqəsi yaratdıqdan sonra cavabdehin qayını Orxan Ayvazovdan yazlı iltizam alaraq sonuncuya 500 manat pul vermişdir. Həmin iltizamı da iddia ərizəsinə əlavə etmişdir. Üstündən 3 ilə yaxın müddət keçməsinə baxmayaraq cavabdeh ona çatası pulu vermək istəmir. O, zəng edib pulunu istədikdə cavabdeh onu telefonda təhqir edir. Həmin məbləği o, borc olaraq cavabdehə göndərmişdir. O, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(042)-98/2025 nömrəli qətnaməsi ilə (hakim Z.Rəsulov) iddia qismən təmin edilmiş, cavabdehdən 1.000 (bir min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 35 (otuz beş) manat məbləğində pul tutulub iddiaçıya verilməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ilk növbədə tələb etdiyi məbləğdə pulun cavabdehə verdiyini sübut etməlidir. İddiaçı cavabdehə 1.000 manat məbləğində borc verməsi halının sübutu qismində poçt qəbzi təqdim etmişdir. Cavabdeh isə qeyri-müəyyən izahat verməklə, nə iddiaçının ona pul verməsini tamamilə təkzib etməmiş, nə də ki aldığı pul məbləğini iddiaçıya qaytarmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə mövqeyini Mülki Məcəllənin 739 və Müılki Prosessual Məcəllənin 14, 77, 88-ci maddələri ilə əsaslandırmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı ilə onun arasında heç vaxt borc münasibətləri yaranmamışdır. Onun 2019-cu ildə iddiaçıdan aldığı 1000 manat pul onun Bakı şəhərində yerləşən evini təmir etməyinə görə usta haqqı olaraq almalı olduğu 2000 manat pulun qalıq hissəsi olmuşdur. İnandırıcı deyil ki, 2019-cu ildə borc verilmiş pul beş ildən sonra tələb edilsin. O beş il ki, həmin müddət ərzində idiaçı ilə münasibətləri miras işi ilə əlaqədar pozulmuş və iddiaçı ondan “qisas” almaq üçün belə bir əsassız iddia qaldırmaq fikrinə düşmüşdür. Bu baxımdan iddiaçı ilə onun arasıda heç bir borc münasibətləri, ümumiyyətlə öhdəlik münasibətləri yaranmamış və məhkəmə Mülki Məcəllənin 739-cu maddəsini həmin mübahisəyə tətbiq edilə bilməzdi. İddiaçı ilə onun arasıda heç vaxt borc və kredit münasibətləri yaranmamış, onunla arasında nə şifahi, nə də yazılı olaraq belə bir müqavilə heç vaxt bağlanmamışdır. Yuxarıda da qeyd etdiyi kimi, onun 2019-cu ildə iddiaçıdan aldığı 1000 manat pul onun Bakı şəhərində yerləşən evini təmir etməyinə görə usta haqqı olaraq almalı olduğu 2000 manat pulun qalıq hissəsi olmuşdur. Odur ki, məhkəmə Mülki Məcəllənin 740-cı maddəsini həmin mübahisəyə səhv tətbiq etməklə əsassız qətnamə qəbul etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, iddiaçı teleqramla məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavabdeh bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissəhissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. Maddə 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Maddə 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksya). Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh qətnamənin ləğv olunmasını xahiş etsədə, əslində o, qətnaməni ondan tutulmuş 1000 manata münasibətdə ləğv edilməsini arzu edir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını mübahisələndirilən hissədə yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı tərəfindən xx.xx.2019cu il tarixdə Bakı şəhəri ərazisində yerləşən poçt vasitəsi ilə cabvabdehə 1.000 manat pul köçürülmüşdür. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bir qayda olaraq “sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Hazırki halda iş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli, ********* nömrəli qəbzinin surətindən və cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə iddiaçı tərəfindən cavabdehə 1000 manat pulun verilməsi təsdiq olunur. Belə ki, cavabdehin apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, o, iddiaçının evini təmir etmiş və ona köçürülən 1000 manat ona zəhmət haqqı kimi verilməli olan pulun bir hissəsidir. Göründüyü kimi, cavabdeh iddiaçı tərəfindən ona 1000 manat məbləğində pulun verildiyini qəbul edir, lakin iddiaçının evini təmir etməsinə və ona köçürülən 1000 manatın ona zəhmət haqqı kimi verilməli olan pulun bir hissəsi olmasına dair məhkəmələrə sübut təqdim etməmişdir. Göründüyü kimi cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır və hər hansı sübutla təsdiq olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, iddia tələbi və tələbin mübahisələndirilən hissəsi 5000 manatdan azdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(042)-98/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar