Məhkəmə qərarları › İş №2(104)-925/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-925/2023

06.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-925/2023 06.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Qazax Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2(023)-1649/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə İddiaçı BOKT ASC arasında bağlanmış 22 noyabr 2018-ci il tarixli, 2018/00001EQ-0112 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 546,58 manat əsas, 236,99 manat faiz, 1495,0 manat dəbbə pulu, cəmi 2278,57 manat borc və dövlət rüsumu kimi ödənilmiş 43 manat pul vəsaitinin İddiaçı BOKT ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2(023)-1649/2021 saylı qətnaməsi ilə (sədrlik edən F.A.Məmmədov) iddia təmin edilmiş, İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 22 noyabr 2018-ci il tarixli, 2018/00001EQ-0112 nömrəli kredit müqaviləsi ləğv edilmiş, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 546,58 manat əsas, 236,99 manat faiz, 1495,0 manat dəbbə pulu, cəmi 2278,57 (iki min iki yüz yetmiş səkkiz manat əlli yeddi qəpik) pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 43 (qırx üç) manat pulun tutularaq İddiaçı BOKT ASC-yə ödənilməsi qət olunmuşdur. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərək, Qazax Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2(023)-1649/2021 saylı qətnaməsinin ləğv edilməsini, cərimə məbləğinin silinməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı təmin edərkən, cərimə borcunun tam olaraq tutulmasını qət etmişdir ki, bununla da, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinin tələblərini pozmuşdur. Hesab edir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Gəncə Apellyasiya Məhkəməsinin 20 fevral 2023-cü il tarixli apellyasiyanın mümkünlüyü barədə qərardadı ilə, hazırkı işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı BOKT ASC-yə və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qazax Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2(023)-1649/2021 saylı qətnaməsi cərimə ilə bağlı hissədə dəyişdirilməli və cərimənin məbləği 55 manat müəyyən edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 22 noyabr 2018-ci il tarixli, 2018/00001EQ-0112 saylı kredit müqaviləsi üzrə yaranmış 546,58 manat əsas, 236,99 manat faiz, 55 manat cərimə olmaqla, cəmi 838,57 manat kredit borcu və 43 manat dövlət rüsumu alınaraq İddiaçı BOKT ASC-yə verilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, Cavabdeh1 apellyasiya şikayətində Qazax Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2(023)-1649/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş etsə də, şikayətin dəlillərində həmin qətnamənin iddianın cərimə borcunun tutulması hissəsini mübahisələndirmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbayacan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. Məhkəmə kollegiyası həmçinin, qeyd edir ki, Qazax Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2(023)-1649/2021 saylı qətnaməsindən yalnız Cavabdeh1 apellyasiya şikayəti versə də, kredit borcu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulduğundan, həmin qətnamənin cərimə borcu ilə bağlı hissədə əsaslılığı hər üç cavabdehə münasibətdə yoxlanılmalıdır. İş materiallarına əlavə olunmuş İddiaçı BOKT ASC ilə Cavabdeh1 (borcalan) arasında bağlanmış 22 noyabr 2018-ci il tarixli, 2018/00001EQ-0112 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 22 noyabr 2018-ci il tarixli, 2018/00001EQ-0112 saylı kredit müqaviləsinə əsasən ona 18 ay müddətinə illik 40 faizlə 2500 manat kredit verilmişdir. İş materiallarına əlavə olunmuş İddiaçı BOKT ASC ilə Cavabdeh2 (zamin) arasında bağlanmış 22 noyabr 2018-ci il tarixli, 2018/00001EQ-Z0112 saylı zaminlik müqaviləsindən görünür ki, zamin borcverən ilə borcalan arasında bağlanmış 22 noyabr 2018-ci il tarixli, 2018/00001EQ-0112 saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarına əlavə olunmuş İddiaçı BOKT ASC ilə Cavabdeh3 (zamin) arasında bağlanmış 22 noyabr 2018-ci il tarixli, 2018/00001EQ-Z0112 saylı zaminlik müqaviləsindən görünür ki, zamin borcverən ilə borcalan arasında bağlanmış 22 noyabr 2018-ci il tarixli, 2018/00001EQ-0112 saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 22 noyabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə borcu əsas məbləğ üzrə 546,58 manat, faiz borcu üzrə 236,99 manat, dəbbə pulu borcu üzrə 1495,0 manat olmaqla, ümumilikdə 2278,57 manat təşkil edir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 22 noyabr 2018-ci il tarixli, 2018/00001EQ-0112 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 18 ay müddətinə, illik 40 faiz olmaqla, 2500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq iddiaçı Bank ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqavilələri bağlanmış və bununla zaminlər borclu Cavabdeh1 kredit müqaviləsinə dair Bank qarşısında daşıdığı öhdəliklər üzrə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşlər. Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə iddiaçı Banka əsas borc üzrə 546,58 manat, faiz borcu üzrə 236,99 manat borcu yaranmış, iddiaçı Bank tərəfindən də gecikdirilmiş günlərə 1495,0 manat məbləğində cərimə hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə, cərimə pulu (dəbbə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranı gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Plenum qərarında göstərilmişdir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli tarazlığa» cavab verməlidir (§ 71). Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən göründüyü kimi, mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (penya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası iddiaçı Bankın əsas kredit və faiz borcunun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış 1495 manat cərimə borcunun tutulması tələbi ilə bağlı qeyd edir ki, Bank tərəfindən gecikdirilmiş günlərə görə cavabdehlərə hesablanmış həmin cərimə borcu tənasübsüz surətdə yüksəkdir. Ona görə də, borclunun əsas və faiz borcunu ödəmək iqtidarında olmamasını və yüksək dəbbə pulunun onun əmlak mənafelərinə mənfi təsir edə biləcəyi hallarını, həmçinin kreditorun da əmlak mənafelərini nəzərə alaraq, əsas və faiz borcuna adekvat məbləğdə, yəni cavabdehlərdən müştərək qaydada 55 manat məbləğində cərimə tutulmasını ədalətli və qanuni hesab edir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Qazax Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2(023)-1649/2021 saylı qətnaməsi cərimə ilə bağlı hissədə dəyişdirilməli və cərimənin məbləği 55 manat müəyyən edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 22 noyabr 2018-ci il tarixli, 2018/00001EQ-0112 saylı kredit müqaviləsi üzrə yaranmış 546,58 manat əsas, 236,99 manat faiz, 55 manat cərimə olmaqla, cəmi 838,57 manat kredit borcu və 43 manat dövlət rüsumu alınaraq İddiaçı BOKT ASC-yə verilməlidir. Azərbaycan Respublikası MPM-nin: 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385,392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Qazax Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2(023)-1649/2021 saylı qətnaməsi cərimə ilə bağlı hissədə dəyişdirilsin və cərimənin məbləği 55 manat müəyyən edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 22 noyabr 2018-ci il tarixli, 2018/00001EQ-0112 saylı kredit müqaviləsi üzrə yaranmış 546,58 manat əsas, 236,99 manat faiz, 55 manat cərimə olmaqla, cəmi 838,57 manat kredit borcu və 43 manat dövlət rüsumu alınaraq İddiaçı BOKT ASC -yə verilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar