Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-925/2024 18.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədirliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Cavabdeh nümayəndəsi (atası) X1 iştirakı ilə, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-188/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26 oktyabr 2010-cu ildə anadan olmuş Nuray və 26 may 2014-cü ildə anadan olmuş Ömər adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay hər uşağa görə 250 manat aliment alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-188/2024 saylı qətnaməsi ilə (sədrlik edən Qafil Baxşıyev) iddia qismən təmin edilmiş,Tovuz Rayon Məhkəməsinin 2(062)-1216/2019 saylı 07 may 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 26 oktyabr 2010-cu il tarixdə anadan olmuş Nuray və 26 may 2014-cü ildə anadan olmuş Ömər adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 190 manat məbləğində aliment tutularaq İddiaçı verilməsi, iddianın alimentin məbləğinə aid qalan hissəsi təmin edilməməsi və Cavabdeh 30 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-188/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, ailəsi ilə birlikdə atasının himayəsində yaşayır, heç bir yerdə işləmir və atasının pensiyası ilə dolanır. Həmçinin, onun ikinci ailəsinnən iki övladları var. Uşaqları saxlamaq hər iki valideynin borcudur və o, bundan boyun qaçırmır. Hal-hazırda qətnamədə qeyd olunmuş alimenti ödəmək iqtidarında deyildir. Hesab edir ki, məhkəmə maddi və ailə vəziyyətini nəzərə almadan hazırkı qətnaməni qəbul etmişdir. İddiaçı və Cavabdeh işə baxılmanın vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər. Cavabdeh məhkəmə kollegiyasının iclasında nümayəndəsi (atası) X3 ilə təmsil edilmişdir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə görə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh X2 nümayəndəsi (atası) X3 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, cavabdeh “Kamaz” markalı yük maşını sürür və ayda 2-3 dəfə reysə gedir və qazancı az olur. Həmçinin cavabdeh ikinci dəfə ailə qurmuş və ikinci evliliyindən də 2 uşağı vardır. Onun özü 420 manat, həyat yoldaşı isə 220 manat pensiya alır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-188/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-188/2024 nömrəli qətnaməsi iddianın qismən təmin edilmiş hissəsində dəyişdirilmədən saxanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüqüq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, Cavabdeh apellyasiya şikayətində Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-188/2024 saylı qətnaməsinin alimentin məbləği ilə bağlı, yəni 26 oktyabr 2010-cu ildə Nuray və 26 may 2014-cü ildə Ömər adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər növ qazancından hər ay hər uşaqa görə 190 (yüz doxsan) manat sabit pul məbləğində alimentin (vəsait) tutularaq İddiaçı verilməsi hissəsini mübahisələndirərək, qətnamənin həmin hissədə ləğv edilməsini xahiş etmişdir. Qətnamənin digər hissələri isə mübahisələndirilməmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apelyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissədə və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbaycan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apelyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İş materiallarına əlavə olunmuş: arayışdan görünür ki, tərəflərin birgə nikahlarından 26 oktyabr 2010-cu ildə Nuray və 26 may 2014-cü ildə Ömər adlı uşaqları anadan olmuşdur. Tovuz Rayon Məhkəməsinin 2(062)-1216/2019 saylı, 07 may 2019-cu il tarixli qətnamədən görünür ki, 26 oktyabr 2010-cu il tarixdə anadan olmuş Nuray və 26 may 2014-cü ildə anadan olmuş Ömər adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 150 manat məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də borcudur. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin aşağıdakı maddələrinə görə : 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 26 oktyabr 2010-cu i il təvəllüdlü X4 və 26 may 2014-cu il təvəllüdlü X6 adlı uşaqları anadan olmuşdur.Aralarında yaranmış mübahisəyə görə tərəflər ayrılmışlar. Tərəflər ayrıldıqdan sonra uşaqlar anasının himayəsində qalmış və onunla yaşamışdır. Tovuz Rayon Məhkəməsinin 2(062)-1216/2019 saylı, 07 may 2019-cu il tarixli qətnaməsi ilə 26 oktyabr 2010-cu il tarixdə anadan olmuş Nuray və 26 may 2014-cü ildə anadan olmuş Ömər adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 150 manat məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, alimentin miqdarının hər ay hər uşağa görə 190 manat sabit pul məbləğində müəyyən edilməsi məqsədəmüvafiqdir. Məhkəmə kollegiyası həmin nəticə ilə razılaşır və qeyd edir ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşıyırlar. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh hər ay hər bir uşağa görə 190 (bir doxsan) manat, cəmi 380 manat məbləğində alimentin müəyyən edilməsi hazırda tərəflərin real vəziyyətinə uyğun gəlir. Belə ki, tərəflərin birgə nikahlarından doğulmuş Nuray adlı uşaq 14, Ömər adlı uşaq isə 10 yaşında olmaqla, analarının yanında yaşayırlar və böyüdükcə onların təhsil, səhhət, geyim və qida ilə bütün xərcləri mütəmadi şəkildə artmaqla cavabdeh tərəfindən ödənilir. Məhkəmə kollegiyası Cavabdeh “Kamaz” markalı yük maşını sürüb, ayda 2-3 dəfə reysə getsə də, qazancının az olması, həmçinin cavabdehin ikinci dəfə ailə qurması və ikinci evliliyindən də 2 uşağının olması barədə dəlillərini əsassız hesab edir və qeyd edir ki, həmin dəlillər qətnamə ilə müəyyən edilmiş alimentin məbləğinin azaldılmasına əsas vermir. Belə ki, yuxarıda sadalanan qanunvericilik normalarından da göründüyü kimi, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmaqla, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyəti daşıyırlar və hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Valideynlər uşaqlarını saxlamağa borcludur və bu borcun yerinə yetirilməsi onların işləyib-işləməməsindən asılı deyildir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-188/2024 saylı qətnaməsi iddianın qismən təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384-385, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-188/2024 saylı qətnaməsi iddianın qismən təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-925/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-925/2024
18.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver