Məhkəmə qərarları › İş №2(104)-927/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-927/2024

10.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-927/2024 10.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X1 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı MMCnin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı ziyan tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli 2(062)-172/2023 nömrəli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlərə) vurulmuş ziyana görə 1435 manat və ödənilmiş 35 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli 2(062)-172/2023 nömrəli qətnaməsi (hakim Z.Hünmətov) ilə İddiaçı MMC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia tələbi təmin edilməməsi; Ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət olunmuşdur. Qətnamədən narazı qalan İddiaçı MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsinin və şikayətin dəlillərinə uyğun izahat verdikdən sonra, məhkəmə kollegiyasından şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, eləcədə gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir Apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, qətnəmə ləğv olunmalı və iddia ərəzəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, İddiaçı MMC ilə Cavabdeh arasında 19 iyul 2019-cu il tarixdə əmək müqaviləsi bağlanmış və sonuncu 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş, eləcədə tərəflər arasında “X3” haqqında müqavilə imzalanmışdır. 01 avqust 2019-cu il tarixli 328-K nömrəli əmrlə Cavabdeh administrator vəzifəsinə keçirilmiş, 28 iyun 2019-cu il tarixli əmrlə öz ərizəsinə əsasən işdən azad olunmuşdur. 10 oktyabr 2019-cu il tarixli və 14 mart 2020-ci il tarixli inventarizasiyalara əsasən Cavabdeh tərəfindən Cəmiyyətə 2728 manat zərər vurması müəyyən olunmuşdur. Göründüyü kimi tərəflər arasındakı mübahisə işəgötürənlə işçi arasında yaranmış əmək münasibətlərindən irəli gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.6.maddəsinə görə, ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Məcəllənin 259.0.13. maddəsinə əsasən məhkəmə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1. maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 385.1.1 maddəsinə əsasən məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi əsaslarından biri maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi əsasdır. Həmin Məcəllənin 387.1. maddəsinə görə, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 387.2.8 maddəsinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa ləğv edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9.1. maddəsinə görə, bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır. Həmin Qanunun 28.1. maddəsinə əsasən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. İşdən isə müəyyən olunur ki, tərəflər “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak etməmişlər. Birinci instansiya məhkəməsidə yuxarıda qeyd olunanları nəzərə almadan işi icraata götürərək mahiyyəti üzrə baxmışdır. Həmin Məcəllənin 402.2. maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli Tovuz Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli 2(062)-172/2023 nömrəli qətnaməsi ləğv edilməli və iddiaçı İddiaçı MMC-nin Cavabdeh qarşı ziyan tələbinə dair iddiası baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4, 259, 261, 263-266, 398, 399-401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli 2(062)-172/2023 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı MMC-nin Cavabdeh qarşı ziyan tələbinə dair iddiası baxılmamış saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar