Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-93/2023 26.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 Cavabdeh1 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı1 Cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(021)-1478/2020 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 26 iyul 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Qəribova X4 Radə Niyaz qızının ona olan pul borcunun ödənilməməsi, pulun qaytarılmasında köməklik göstərilməsi barədə ərizə ilə polis idarəsinə müraciət etmişdir.
2. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 3 fevral 2020-ci il tarixli qərarı ilə İddiaçı1 müraciətində göstərdiyi xüsusatların cinayət tərkibli deyil mülki xarakterli olduğu, qanunvericiliyə əsasən mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olduğu ona izah edilmişdir.
3. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 4/1296- 4/1316 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “PRİNCO” markalı DVD diskdə olan mübahisəli proqramlar eyniləşdirici tədqiqat üçün yararlıdır. Ekspertizaya təqdim olunmuş 1 aded “PRİNCO” markalı DVD diskdə olan mübahisəli proramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. Ekspertizaya təqdim olunmuş 1 ədəd “PRİNCO” markalı DVD diskdə olan mübahisli proqramlardakı danışıqlar üç nəfər qadın diktor tərəfindən aparılmışdır. Ekspertizaya təqdim olunmuş 1 ədəd “PRİNCO” markalı DVD diskdə olan mübahisəli proqramdakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “Q2” kimi işarə olunmuş diktorun səsi və nitqi Cavabdeh1 qızına məxsusdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd “PRİNCO” markalı DVD diskdə olan mübahisəli proqramlardakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnində “Q1” və “Q3” kimi işarə olunmuş diktorun səs və nitqinin İddiaçı1 və ya digər şəxsə məxsus olub-olmamasını tədqiqi hissədə göstərilən səbəblərdən müəyyən etmək mümkün olmamamışdır. Ekspertizaya təqdim olunmuş 1 aded “PRİNCO” markalı DVD diskdə olan mübahisəli proqramlardakı danışıqlarda iştirak eden diktorların emosional-psixoloji vəziyyətlərində ekstremallıq müşahidə olunmur, mübahisəli fonogramdaki danışıqlar spontandır, əvvəlcədən əzbərlənərək səsləndirilmə, üzündən oxunma əlamətləri müəyyən olunmamışdır. Ekspertizaya təqdim olunmuş 1 ədəd “PRİNCO” markalı DVD diskdə olan mübahisəli proqramlar eyni markalı yazı qurğusu ilə qeydə alınmışdır. Mübahisəli fonogramlardakı danışıq hissələrində məntiqi rabitənin itməsi, akustik şəraitin və iştirakçı diktorların emosional vəziyyətlərinin situasiya ilə əsaslanmayan dəyişmələri, keçid prosesləri üçün xarakterik siqnallar montaj elamətləri müəyyən olunmamışdır. Lakin, mübahisəli fonoqramların qeydə alındığı yazı sorğusu ekspertizaya təqdim olunmadığından digər, dəyişikliklərin olub-olmamasını, həmçinin proqramların ilkinliyini müəyyən etmək mümkün olmamışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı1 Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 24.100 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin alınaraq onun xeyrinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı1 İsmayıl qızı birinci instansiya məhkəməsinə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, Cavabdeh1 15.000 manat və 5000 ABŞ dolları ödəniş günü Azərbaycan manatına olan məzənnəsi ilə və ödənilmiş 30 manat dövlət rüsumununun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olduğundan ərizə qəbul edilmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qızı X5 2012-ci ildə iş üzrə Cavabdeh1 qızı Muradova (Vəliyeva) Aytən Vəli qızı ilə rəfiqə olmuşlar. Sonradan qızı Pünhan rəfiqəsi Aytənlə onu tanış etmişdir. Daha sonra Aytən onu anası Radə ilə tanış etmişdir. Radə ona Çin Xalq Respublikasından mal gətirərək al-ver ilə məşğul olduğunu və iş adamı olduğunu bildirmişdir. Radə ona bildirmişdir ki, qardaşı Teymurun Bərdə rayonu, Soğanverdilər kəndində yaşayan kirvəsi Vüqar etibarlı adamdır. Vüqar danalara yaxşı baxacaqdır. Ticarət üçün Radə ona 10 ədəd ətlik dana almağı məsləhət görmüşdür. 2017ci ilin mart ayında cavabdehə evində 10 baş dana almaq üçün 8500 manat pul vermişdir. Sonra Radə ona danaların videosunu göndərmiş, həmin danaların onun olduğunu, Vüqarın danalara yaxşı baxacağını və onun danalardan qazanc götürəcəyini bildirmişdir. Bundan sonra 2017-ci il ərzində Radə ondan danalara ot almaq adı ilə 1000 manat, kökəltmə yemi almaq üçün 1500 manat, danaların saxlandığı tövlənin təmiri üçün 1500 manat, danalara dərman almaq üçün 100 manat pul almışdır. Bundan başqa Radə ona qızıl al-veri ilə məşğul olduğunu bildirərək 5000 ABŞ dolları pul istəmiş, 2017-ci ilin ortalarında Radəyə 5000 ABŞ dolları pul vermişdir. 2017-ci ildə manatın devalivasiyası ilə əlaqədar Radə ondan aldığı 5000 ABŞ dolları manata çevirərək ona 15.000 manat pul qaytaracağını bildrimişdir. Bundan sonra Radə ondan 3000 manat pul istəmiş, Radəyə evində 3000 manat pul vermişdir. Bundan başqa 2017-ci ilin mart ayında Radəyə evində 1500 manat pul vermişdir. 2018-ci ildə isə Radəyə evində qadaşı Cəbrayılın vasitəsi ilə Rusiya danası almaq üçün 2000 manat pul vermişdir. Getdikcə münasibətləri daha da yaxşılaşdığından Radəyə etibarı artmış, Radə ona al-ver etmək məqsədi ilə Çin Xalq Respublikasına birlikdə getməyi təklif etmiş və o, Radənin təklifi qəbul etmişdir. Çin Xalq Respublikasına getmək üçün xərc çəkərək viza almışdır. Sonra isə Radə səbəbini demədən getməyi təxirə almışlar. 2018-ci ildə qızı ailə qurarkən cehiz əşyaları almaq üçün pula ehtiyacı olduğundan Radədən pulunu istəmiş, Radə verəcəyini bildirmişdir. Sonra istədiyində obyektinin və həyət evinin olduğunu bildirmiş, satıb pulunu qaytaracağını bildirmişdir. Radəyə danaları satıb onun pulunu qaytarmasını bildirmiş, Radə öz qızının toyunda danaları satıb toya xərclədiyini bildirmişdir. Bundan sonra bilmişdir ki, Radə onu aldadaraq müxtəlif vaxtlarda ondan pul alaraq öz məsrəflərinə xərcləmişdir. Ümumilikdə Radə onu aldadaraq 34.100 manat pulunu almışdır. X9 Federasiyasına getmiş, Radədən pulunu qaytarmasını tələb etmiş Radə pulunun olmadığını bildirmişdir. Sonradan Radə ona borclu olduğu 34.100 manat puldan 10.000 manat qaytarmış, 24.100 manat borclu qalmışdır. Radədən borclu qaldığı pulu tələb etmiş, Radə qaytarmadığından, barəsində Xətai rayon polis idarəsinə şikayət ərizəsi vermişdir. Xətai rayon polis idarəsinin 36-cı bölməsində araşdırma aparılmış, Radə polisə izahat verərək 2017-ci ilin ortalarında ondan 15.000 manat aldığını, sonra 5000 ABŞ dolları məbləğində pul aldığını, 2017-ci ildə manatın devalivasiyasından sonra 5000 ABŞ dollarının manata olan məzənnəsinə uyğun olaraq 15.000 manat, hissə-hissə ümumilikdə 30.000 manat pul qaytardığını, lakin maddi imkanı olmadığından həmin borc məbləğinə hesablanmış faiz məbləğini qaytarmadığını bildirmişdir. xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqıda qərar qəbul edilərək, Radə barəsində cinayət işinin başlanması rədd edilmiş və ona mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Cavabdehin etiraf etdiyi pul məbləği 30.000 deyil, 34.100 manat olmuşdur. Cavabdeh həmin borcdan 10.000 manat ödəmiş, 24.100 manat borclu qalmışdır. Cavabdehdən dəfələrlə pulunu tələb etmiş, lakin cavabdeh müxtəlif bəhanələrlə borcu ödəməkdən imtina etmişdir. Hazırda da pulu ödəmək fikrində deyildir.
7. Cavabdehin nümayəndəsi və vəkili X2 birinci instansiya məhkəməsinə iş üzrə tərəflərə aid səs yazısı qeydə alındığını bildirirək, CD təqdim etmişdir.
8. Bərdə Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli 2(021)-1478/2020 saylı qətnaməsi ilə (hakim Əyyub Kərimov), iddia tələbinin təmin edilməsi, Cavabdeh1 15000 (on beş min) manat və 5000 (beş min) ABŞ dolları öhdəlik icra olunan zaman üçün Azərbaycan Respublikası Mərkəzi Bankının Azərbaycan manatına münasibətdə müəyyən etdiyi məzənnə üzrə pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi qət edilmişdir.
9. Məhkəmənin mövqeyi belə olmuşdur ki, təqdim edilmiş CD üzrə səs yazısında tərəflərin kimliyi tam olaraq aydın olmamış, audio yazıdakı səsin iddiaçı və cavabdehə məxsusluğu şübhə doğurmuşdur. Məhkəmə hesab etmişdir ki, qanunvericiliyin güddüyü məqsədlər və baxılan işin halları baxımından cavabdehin təqdim etdiyi səs yazısı qanunsuz və ya gizli yolla əldə edilmiş sübut kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, cavabdeh iddiaçı tərəfindən tələb edilən pulun qaytarıldığını təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etmədiyindən, hazırki iş materialları və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, həmçinin yalnız cavabdehin şifahi bildirdiyi formal mülahizələr əsasında cavabdehin pulu qaytardığı nəticəsinə gəlmək mümkün deyildir.
10. Məhkəmə iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 60, 63.4, 125.7-ci maddələrinə, Mülki Məcəllənin 157.2, 739.1, 740.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 4, 10.10, 95.2, 14.2, 77.1, 76, 217.3, 217.4, 77.3, 78.2, 222.2, 107, 119.1-ci maddələrinə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 10-cu bəndinə, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndinə, Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarına, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarına, Qavazov Bolqarıstana qarşı 6 mart 2008-ci il tarixli Qərarına, Avşar Türkiyəyə qarşı Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİUMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarına istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh1 apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(021)-1478/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, o, sələmi ilə iddiaçıdan 15.000 manat və 5.000 ABŞ dolları almış və iddiaçının müəyyən etdiyi faizi ilə həmin pulları qaytarmışdır. Cəmi 30.000 manat pul qaytarmışdır. Hər ay 500 manat sələm vermişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
14. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 iyul 2021-ci il tarixli, 2(104)-1138/2021 nömrəli qətnaməsi ilə (hakimlər, Loğman Süleymanov (sədrlik edən və məruzəsiçi) Şamil Rzaquliyev və Afiq Hüseynzadə), apellyasiya şikayəti qismən təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(021)-1478/2020 nömrəli qətnaməsi dəyişdirilmiş, Cavabdeh1 6.600 manat (altı min altı yüz) məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı1 verilməsi qət edilmişdir.
15. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəf cavabdehin ona 15.000 manat və 5.000 ABŞ dolları məbləğində borcu olduğunu göstərmiş, məhkəmə iddianın təmini əsası kimi Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin baş təhqiqatçısı, V.Xəlilovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarında Cavabdeh1 İddiaçı1 15.000 manat və 5.000 ABŞ dolları borc almasına dair etirafına əsaslansa da, nəzərə almamışdır ki, həmin qərarda cavabdeh həmin məbləği almasını göstərsə də, həm də sələmi ilə birlikdə 30.000 manat qaytarmasını qeyd etmişdir. Belə olan halda, onun həmin qərarda qeyd edilən izahatının bir hissəsini səmimi, digər hissəsini qeyri-səmimi qəbul edilməsi yolverilməz və məntiqsiz olmaqla, ədalətli tarazılığa cavab vermir. Ona görə də, təqdim edilən səs yazısının yoxlanılması nəticəsində onun məzmununu təşkil edən məlumatlar daha mötəbər və işin həqiqi halına uyğun gəlir.
16. Bundan başqa, məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı iş üzrə təqdim edilmiş səs yazısı şəxsi həyatın toxunulmazlığına, o cümlədən şəxsi və ailə həyatının sirrinə, habelə onun şərəf və ləyaqətinə dair məlumatlarla bağlı deyildir və həmin səs yazısı tərəflər arasında olan borc münasibətləri ilə bağlı olduğundan, sübut növü kimi qəbul edilir. Qətnamədə həmçinin qeyd edilir ki, məhkəmə kollegiyası həmin səs yazısının tərəflərə məxsusluğunu müəyyənləşdirmək üçün tərəflərin məhkəmə iclasında iştirakının təmin edilməsi üçün işi təxirə alsa da, cavabdeh tərəf gəlmiş, İddiaçı1 isə gəlməmiş və onun nümayəndəsi olan vəkil Abuzərov Heydər Saleh oğlu iddiaçının gələ bilməməsini bildirmişdir. Digər tərəfdən, həmin səs yazısının tərəflərə aid olması şübhə doğurmamışdır.
17. İddiaçının nümayəndəsi X8 Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 iyul 2021-ci il tarixli, 2(104)-1138/2021 nömrəli mülki iş üzrə protokola qeydlər vermiş, Gəncə Apellyasiya Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli 2(104)-1138/2021 nömrəli qərardadı ilə məhkəmə iclas protokoluna edilmiş qeydlərin tamamilə rədd edilməsi qərara alınmışdır.
Kassasiya instansiya məhkəməsində icraat
18. Qətnamənin dəliləri ilə razılaşmayan İddiaçı1, onun nümayəndəsi və vəkili Abuzərov Heydər Saleh oğlu kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 iyul 2021-ci il tarixli, 2(104)-1138/2021 nömrəli qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilməsini və həmin hissədə təmin edilməsini xahiş etmişdir.
19. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)- 6381/2021 nömrəli qərarı ilə (hakimlər, Sənan Hacıyev(sədrlik edən və məruzəsiçi) Aqil Abbasov və Elşad Şamayev), İddiaçı1 kassasiya şikayəti qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1138/2021 saylı iş üzrə 1 iyul 2021-ci il tarixli qətnaməsi qismən, iddia tələbinin təmin edilməyən (8400 (səkkiz min dörd yüz) manat və 5000 (beş min) ABŞ dolları) hissəsində ləğv edilməsi, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.
20. Kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, apellyasiya kollegiyası sübut kimi qəbul etdiyi CD diskdə olan səs yazısını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq qiymətləndirməmişdir. Həmin normaya görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, apellyasiya məhkəməsi qətnaməsində səs yazının tərəflərə məxsusluğunu müəyyənləşdirmək və tərəflərin məhkəmə iclasında iştirakının təmin edilməsi üçün işin təxirə salındığını, lakin cavabdeh tərəf gəlsə də, iddiaçı tərəfin gəlmədiyini, iddiaçının nümayəndəsi vəkil Heydər Abuzərovun iddiaçının gələ bilməməsini bildirdiyini qeyd etsə də, digər tərəfdən həmin səs yazısının tərəflərə aid olmasının şübhə doğurmaması qənaətinə gəlmişdir. İş materiallarına əlavə edilmiş protokola qeydlər təmin edilməsə belə orada qeyd edilənlər, kassasiya şikayətinin səs yazının iddiaçıya məxsus olmaması ilə bağlı dəlili, birinci instansiya məhkəməsində də audio yazıdakı səsin iddiaçı və cavabdehə məxsus olmasının aydınlaşdırıla bilinməməsi şübhələnməyə əsas verir ki, təqdim edilmiş CD diskdə olan səs yazının iş üzrə tərəflərə məxsus olub-olmaması apellyasiya instansiyası məhkəməsi tərəfindən hərtərəli və tam araşdırılmamışdır. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Apellyasiya icraatı iştirakçılarının izahatları
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili X2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
22. İş üzrə İddiaçı1 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Cavabdeh gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. İddiaçı isə teleqramma ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
24. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
25. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
26. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
27. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.
32. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
33. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
35. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
36. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
37. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
38. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
39. Maddə 390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir.
Apellyasiya baxışının hədləri
40. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
41. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
43. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, cavabdeh qətnamənin ləğvini xahiş etmişdir.
44. Eyni zamanda Məhkəmə Kollegiyası göstərir ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)-6381/2021 nömrəli qərarında qeyd olunmuş göstərişlərə əsasən - iddia tələbinin təmin edilməyən (8400 (səkkiz min dörd yüz) manat və 5000 (beş min) ABŞ dolları) hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi - qərara alındığı üçün Məhkəmə Kollegiyası qətnamənin əsaslılığını həmin hissədə yoxlayır.
45. Çünki, Azərbaycan Respublikasının MPM-in 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.
47. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da mübahisələndirilən hissədə qanunsuz qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
48. İşin kollegiya tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Cavabdeh1 2017-ci ildə İddiaçı1 15.000 manat və 5.000 ABŞ dolları məbləğdə borc pul almış, lakin həmin borc məbləğindən qalıq qalan 6600 manat cavabdeh tərəfindən iddiaçıya qaytarılmamışdır.
49. Məhkəmə kollegiyası ilk öncə bildirir ki, iddiaçı tərəfindən cavabdehlə öhdəlik münasibətlərinin yarandığı iddia olunduğuna görə, hazırki vəziyyətdə onların mübahisə anına qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alına bilər.
50. Belə ki, məhkəmə kollegiyasının 23 fevral 2022-ci il tarixdə keçirilmiş iclasında cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş İddiaçı1 ilə Cavabdeh1 arasında olan “CD” diskdə olan audio səs yazısı tərəflərin iştirakı ilə tədqiq edilərək dinlənilmişdir. Həmin “səs yazısı”nda olan danışıqların steonoqramması orada işlədilmiş qeyri-etik ifadələr istisna olmaqla müəyyən olunur ki, həmin səs yazısında, cavabdeh tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş və iş materiallarına əlavə edilmişdir. Apellyasiya kollegiyası qeyd edilən diski dinləmə zamanı və həmin səs yazısı ilə müəyyən etmişdir ki, İddiaçı1 cavabdehə sələmə pul verdiyini və kötükdən (yəni borcun əsas hissəsindən) ödənilməmiş 6600 manat borcu qaldığını, Cavabdeh1 isə həmin borcu qaytaracağını bildirir.
51. Məhkəmə kollegiyası iş üçün əhəmiyyəti olan hallarını tam və obyektiv araşdırılmasına görə, həmçinin həmin “CD” diskdə olan audio səs yazısının iddiaçı və cavabdehə məxsus olub-olmamasını müəyyənləşdirmək üçün məhkəmə-fonoskopik ekspertizası təyin edilmişdir.
52. Nəzərə alınmaldır ki, iş üçün əhəmiyyəti olan halların aydınlaşdırılması məhkəmə baxışının mühüm prinsipi olub, Azərbaycan Respublikasının MPM-in 14-cü maddəsi ilə nizama salınır. Azərbaycan Respublikasının MPM-in 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
53. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiqi, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır.
54. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikasının MPM-in 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
55. Belə ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 4/1296-4/1316 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “PRİNCO” markalı DVD diskdə olan mübahisəli proqramlar eyniləşdirici tədqiqat üçün yararlıdır. Ekspertizaya təqdim olunmuş 1 aded “PRİNCO” markalı DVD diskdə olan mübahisəli proramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. Ekspertizaya təqdim olunmuş 1 ədəd “PRİNCO” markalı DVD diskdə olan mübəhisli proqramlardakı danışıqlar üç nəfər qadın diktor tərəfindən aparılmışdır. Ekspertizaya təqdim olunmuş 1 ədəd “PRİNCO” markalı DVD diskdə olan mübahisəli proqramdakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “Q2” kimi işarə olunmuş diktorun səsi və nitqi Cavabdeh1 qızına məxsusdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd “PRİNCO” markalı DVD diskdə olan mübahisəli proqramlardakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnində “Q1” və “Q3” kimi işarə olunmuş diktorun səs və nitqinin İddiaçı1 və ya digər şəxsə məxsus olub-olmamasını tədqiqi hissədə göstərilən səbəblərdən müəyyən etmək mümkün olmamamışdır. Ekspertizaya təqdim olunmuş 1 aded “PRİNCO” markalı DVD diskdə olan mübahisəli proqramlardakı danışıqlarda iştirak eden diktorların emosianal-psixoloji vəziyyətlərində ekstremallıq müşahidə olunmur, mübahisəli fonogramdaki danışıqlar spontandır, əvvəlcədən əzbərlənərək səsləndirilmə, üzündən oxunma əlamətlari müəyyən olunmamışdır. Ekspertizaya təqdim olunmuş 1 ədəd “PRİNCO” markalı DVD diskdə olan mübahisəli proqramlar eyni markalı yazı qurğusu ilə qeydə alınmışdır. Mübahisəli fonogramlardakı danışıq hissələrində məntiqi rabitənin itməsi, akustik şəraitin və iştirakçı diktorların emosional vəziyyətlərinin situasiya ilə əsaslanmayan dəyişmələri, keçid prosesləri üçün xarakterik siqnallar montaj əlamətləri müəyyən olunmamışdır. Lakin, mübahisəli fonoqramların qeydə alındığı yazı sorğusu ekspertizaya təqdim olunmadığından digər, dəyişikliklərin olub-olmamasını, həmçinin proqramların ilkinliyini müəyyən etmək mümkün olmamışdır.
56. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 103-cü maddəsinə əsasən həmin rəyi qiymətləndirərək mötəbər sübut kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 76.2-ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur.
57. Azərbaycan Respublikasının MPM-in 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə tərəfindən bu Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir.
58. Məhkəmə kollegiyası rəyi tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslı olmuşdur. Çünki, ekspert diktorların fərdiləşdirilməsi zamanı danışıq semantik təhlil olunmuş, danışıqlarda hər bir diktorun rolu nəzərə alınmış, replikalar auditiv, lingvistik, melodik analiz olunmuş və spektral-formant xarakteristikaları tədqiq olunmuşdur. Müqayisə zamanı laringal və fonetik tembr, üslub, tələffüz keyfiyyəti, ayrı-ayrı sait və samit qruplarının tələffüz xüsusiyyatləri, söz və ifadələrin ritmik indivídual-spesfik əlamətləri və yaş, cins, danışıq mədəniyyəti, linqvistik psixoloji əlamətlər və yazı qurğularının və yazma kanallarının xarakteristikaları nəzərə alınmışdır.
59. Göründüyü kimi, iş materiallarında əlavə edilmiş “səs yazısı”nda olan məlumatların aydınlaşdırılması üçün məhkəmə kollegiyası tərəfindən ekspertiza təyin edilmiş, həmin “səs yazısı” tərəflərin razılığı ilə məhkəmə iclasında tədqiq olunmuş və səs yazısındakı həmin səsin iddiaçı ilə cavabdehə məxsus olması nümayəndə tərəfindən təsdiqlənmişdir.
60. Eyni zamanda həmin səs yazısı başqası tərəfindən gizli yazılmamış, iki şəxs arasında könüllü olaraq bir-birinə göndərilən yazıdır və onların etirazı olmadan həmin səs yazısı dinlənilmişdir. Bu qaydada tərtib edilmiş sübutlara güvən daha çoxdur. Ona görə ki, sərbəst səs yazısı göndərən şəxs şüuraltı olaraq ehtimal etməlidir ki, göndərmiş olduğu səs yazısı digər başqa situasiyada istifadə oluna bilər. Ona görə, analoji sübutlar digər sübutlarla birlikdə təsdiq olunduğu təqdirdə mötəbər sübut kimi dəyərləndirilə bilər.
61. Azərbaycan Respublikasının MPM-in 175.1-ci maddəsinə əsasən, məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini öyrənməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa, video yazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur
62. Mülki Prosessual Məcəlləyə əsasən, şəxsi yazışmaların gizliliyini qorumaq məqsədi ilə bu yazışmalar yalnız onların ünvanlandığı şəxslərin razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər. Səs yazısı və videoyazı materialının xüsusi əlamətləri və səsləndirmə vaxtı məhkəmə iclası protokolunda əks olunmaqla məhkəmə iclası zalında və ya bunun üçün xüsusi avadanlıq qurulmuş başqa otaqda səsləndirilə bilər. Bundan sonra məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyir. Səs yazıları və videoyazılar səslənərkən onlarda olan məlumatları aydınlaşdırmaq üçün mütəxəssis cəlb edilə bilər. Zəruri hallarda məhkəmə ekspertiza təyin edə bilər (10.10, 203.2 və 203.4).
63. Azərbaycan Respublikasının MPM-in 76, 80, 81, 88 və 95-ci maddələrinin tələbləri baxımından əgər məhkəmə hər hansı sübutu qəbul edərək, iş materiallarına əlavə edibsə işdə olan sübutlara həmin sübutların qanuniliyi (qanunvericilik baxımından sübut kimi qəbul olunmasının yolverilənliyi), aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından qiymət verilməlidir. Əgər təqdim olunan sübut elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılara aiddirsə məhkəmə MPM-in 175-ci maddəsinə əsasən işə baxarkən həmin sübutu bilavasitə tədqiq etməyə borcludur və bu zaman, həmçinin MPM-in 95, 200 və 203-cü maddələrində müəyyən edilmiş qaydaları nəzərə almalıdır.
64. Göründüyü kimi, iş materiallarında əlavə edilmiş “səs yazısı”nda olan məlumatların aydınlaşdırılması üçün məhkəmə kollegiyası tərəfindən ekspertiza təyin edilmiş, həmin “səs yazısı” tərəflərin razılığı ilə məhkəmə iclasında tədqiq olunmuş və səs yazısındakı həmin səsin cavabdehə məxsus olması nümayəndə tərəfindən təsdiqlənmişdir.
65. Lakin, kollegiya tərəfindən təyin edilmiş məhkəmə-fonoskopik ekspertizası təyin edilsə də, İddiaçı1 ekspertiza tədqiqatında iştirak etməmişdir. Buna görə də “səs yazısı”nın iddiaçıya olan hissəsində tədqiqatın aparılması mümkün olmamışdır.
66. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, haqq və ədalətin bərpası kimi məqsədə xidmət etdiyinə görə mülki icraatın müstəsna əhəmiyyəti vardır. Buna görə də qanunvericilik baxılan işdə marağı olan şəxslərin işə ciddi yanaşmasını, mübahisənin düzgün həlli məqsədilə tərəflərin prosesdə fəal iştirakını, əhəmiyyətli halların araşdırılması üçün vəsatətlərin vaxtında verilməsini, həm də sübutların vaxtında təqdim olunmasını tələb edir.
67. Məhkəmə kollegiyası xatırladır ki, Azərbaycan Respublikası Konstitusiyasının 24cü maddəsində hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqlarının olduğu elan olunmaqla yanaşı göstərilir ki, hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir.
68. Konstitusiyanın 72-ci maddəsinin İ hissəsində də göstərilmişdir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından irəli gələn vəzifələr daşıyır.
69. İddiaçı Azərbaycan Respublikası Konstitusiyasının 24 və 72-ci maddələrinə əsasən, hər bir proses iştirakçısı iddia tələbinin ağlabatan müddətdə, prosessual qənaətlilik çərçivəsində həllinə səy göstərməyə, ondan asılı olan etiraz və mülahizələri vaxtında məhkəməyə bildirməyə, ona verilmiş hüquqlardan sui-istifadə etmədən ədalət mühakiməsinin düzgün həyata keçirilməsinə şərait yaratmağa borcludur.
70. Cavabehin bu cür hərəkət etmək vəzifəsi MPM-nin 47-cü maddəsində də təsbit olunaraq göstərilmişdir ki, işdə iştirak edən şəxslər prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar.
71. Tərəflərdən bu cür prosessual tələblər, həm də ekspertiza keçirilməsi zamanı maddi əşyanı saxlayan şəxsin ona baxış keçirməsini təmin etmək üçün ekspertə təqdim olunması və müayinə olunması üçün şərait yaratmasını ehtiva edir.
72. Lakin işdən göründüyü kimi, iddiaçı tərəf ondan eksperimental səs və nitq nümunələrinin götürülməsi üçün şərait yaratmamış və ekspertiza tədqiqatında iştirak etməmişdir. Bu cür prosessual vəziyyətdən çıxış yolu müəyyən olunaraq Azərbaycan Respublikasının MPM-in 97.5-ci maddəsində göstərilmişdir ki, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.
73. Məhkəmə kollegiyası qeyd edir ki, kollegiya tərəfindən təyin edilmiş birinci ekspertiza tədqiqatında iddiaçı iştirak etmədiyindən ona münasibətdə tədqiqatın aparılması mümkün olmamışdır. Buna görə də kollegiya iş üzrə tam və obyektiv araşdırılmanın aparılması üçün yenidən məhkəmə-fonoskopik ekspertizası təyin edilmiş və iddiaçıya yaşadığı ünvana məktub ünvanlanaraq, ondan eksperimental səs və nitq nümunələrinin götürülməsi üçün ekspertiza mərkəzində iştirak etməsi təklif olunmuşdur. Lakin, iddiaçı məhkəmə kollegiyası tərəfindən təyin edilmiş hər iki ekspertiza tədqiqatından yayınmış və tələb olunan zəruri tədqiqat predmetlərini ekspertə təqdim etməkdən bilə-bilə imtina etmişdir. Göründüyü kimi, iddiaçının hərəkətləri ekspertiza tədqiqatından yayınması barədə əsaslı şübəhələr yaradır və cavabdeh tərəfindən təqdim edilmiş “CD” diskdə olan audio səs yazısında olan səsin iddiaçıya məxsus olmasına əsas verir.
74. Həmçinin, məhkəmə bir xüsusatı da vurğulayır ki, iddiaçı heç bir üzürlü səbəb göstərmədən ekspertiza tədqiqatlarında iştirak etməmiş, gəlməməyin mümkünsüzlüyü barədə məhkəmə kollegiyasına müraciəti daxil olmamışdır.
75. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
76. MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.
77. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.
78. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.
79. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
80. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
81. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
82. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
83. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
84. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
85. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi - iddia tələbinin təmin edilən 8400 (səkkiz min dörd yüz) manat və 5000 (beş min) ABŞ dolları hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə çıxarılmaqla, həmin hissədə iddia təmin edilməməlidir.
86. Eyni zamanda kollegiya hesab edir ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən 300 manat ekspertiza xərci iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.
87. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.2, 385.2, 392, 393, 403.1, 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(021)-1478/2020 nömrəli qətnaməsi - iddia tələbinin təmin edilən 8400 (səkkiz min dörd yüz) manat və 5000 (beş min) ABŞ dolları hissəsində ləğv edilsin və həmin hissə üzrə yeni qətnamə çıxarılsin. Cavabdeh1 8400 (səkkiz min dörd yüz) manat və 5000 (beş min) ABŞ dollarının alınıb İddiaçı1 verilməsi hissəsində iddia təmin edilməsin. İş üzrə ekspertiza xərci iddiaçıya aid edilməklə, 300 (üç yüz) manat pul İddiaçı1 tululub SAP (XİİS), X3, kod210005, VÖEN**********, m/h Az41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** saylı hesaba keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.