Məhkəmə qərarları › İş №2(104)-931/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-931/2023

16.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-931/2023 16.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər: Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Bərdə Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli 2(021)-4105/2018 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: Bərdə Rayon Məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli 2(021)-4105/2018 nömrəli qətnaməsi ilə (hakim Cavid Tağıyev) iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və X2 müştərək qaydada 14 oktyabr 2014-cü il tarixli PB/0xx/xx/3181243 nömrəli kredit müqaviləsi üzrə 1474.58 manat əsas, 2506.88 manat hesablanmış faiz, 79.79 manat dəbbə pulu olmaqla cəmi 4061.25 manat kredit borcunun və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq "xxxx" BOKT ASC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini xahiş etmiş, eyni zamanda prosessual müddətin bərpasına dair ərizə verərək apellyasiya şikayətinin verilmə müddətinin bərpasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh ərizəsini onunla əsaslandırmışdır ki, iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsi ona rəsmi şəkildə təqdim olunmamışdır. Məhkəmə iclasının keçirilməsi barədə ona heç bir məlumat verilməmişdir. Həmin qətnamədən bank tərəfindən ona məlumat verildikdən sonra xəbər tutmuşdur. Bundan sonra 06 dekabr 2022-ci il tarixdə Bərdə Rayon İcra və Probasiya şöbəsinə müraciət edərək qətnamənin surətini əldə etmişdir. Buraxılmış müddəti üzürlü hesab edib apellyasiya şikayətinin vermə müddətinin bərpa edilməsini və işin apellyasiya şikayəti ilə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli 2(021)-4105/2018 nömrəli qərardadı ilə (hakim Qamət Əbilov) ərizənin təmin edilməməsi, Cavabdeh1 Bərdə Rayon Məhkəməsinin 2(021)-4105/2018 saylı 11 oktyabr 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilməsindən imtina edilməsi və apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan Cavabdeh1 şikayət verərək qərardadın ləğv edilməsini əks halda işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə işin faktiki hallarını nəzərə almamışdır. Onun həqiqətən də qətnamədən məlumatı olmamışdır. İcra tədbirləri qaydasında kartından pul tutulsa da məhz hazırki iş üzrə borcuna görə olduğunu bilməmişdir, çünki bir neçə banka borcu vardır. Onun mülkiyyətində olan avtomobilin üzərinə həbs qoyulmasından da məlumatsız olmuşdur, ona görə ki, həmin avtomobili etibarnamə ilə başqa şəxsə satmışdır. Bərdə Rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli 2(021)-4105/2018 nömrəli qərardadı ilə (hakim Qamət Əbilov) şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikasının MPM-in 133.3-cü maddəsinə görə müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Məhkəmə kollegiyası qeyd edir ki, hazırki şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Ona görə də, Məhkəmə kollegiyası hazırkı işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, iş materiallarından aydın olur ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Bərdə Rayon Məhkəməsinin 2(021)-4105/2018 nömrəli 11 oktyabr 2018-ci il tarixli qətnaməsinin surətini xx.xx.2022-ci il tarixdə məhkəmə qəbzinə imza etməklə almışdır. Eyni zamanda birinci instansiya məhkəməsinin Bərdə Rayon İcra və Probasiya şöbəsinə sorğu əsasında əldə edilmiş icra işindən surəti iş materialına əlavə edilmiş Şöbənin 31 may 2022-ci il tarixli qərarına əsasən borclu Cavabdeh1 mülkiyyətində olan “Mercedes E220 minik” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilinin üzərində həbs qoyulması qərara alınmışdır. İcra sənədi üzrə 05 avqust 2022-ci il, 03 sentyabr 2022-ci il, 06 oktyabr 2022-ci il və 11 noyabr 2022-ci il tarixli inkasso sərəncamlarına əsasən Cavabdeh1 kart hesabından pul tutulmuşdur. Bundan başqa cavabdeh buraxılmış müddətin bərpasına dair ərizəsində və şikayətinin dəlillərində qətnamədən məlumatsız olduğunu bildirsə də iş materialından görünür ki, 11 oktyabr 2018-ci il tarixdə keçiriləcək məhkəmə iclası barədə 03 sentyabr 2018-ci il tarixli məhkəmə bildirişi tərəflərə göndərilmiş, Cavabdeh1 həmin məhkəmə bildirişini 15 sentyabr 2018-ci il tarixdə xəbərnaməyə imza etməklə almış, onun barəsində olan cavabdeh olduğu mülki işdən xəbəri olmuşdur. Odur ki, cavabdehin dəlilləri əsassız olmaqla məhkəmə kollegiyasının araşdırması ilə apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin heç bir üzürlü səbəb olmadan ötürüldüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarında göstərmişdir ki, “qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən aslı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən aslıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhəddində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın”. Avropa İnsan Hüquqları Məhkəməsi “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” işüzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar”. Bundan başqa İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli, 2(021)-4105/2018 nömrəli qətnaməsinə əsasən verilmiş icra vərəqəsi icra edilməsi üçün 12 noyabr 2018-ci il tarixdə Bərdə Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş və xx.xx.2018-ci ildə icraata başlamaq haqqında qərar verilmişdir. Göründüyü kimi 4 ildən çoxdur ki, icra vərəqəsi üzrə icraat başlanılmışdır. Ona görə də, kollegiya şikayətin təmin edilməməsi və Bərdə Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli 2(021)-4105/2018 nömrəli qərardadının və onun əsasında çıxarılmış 13 fevral 2023-cü il tarixli 2(021)-4105/2018 nömrəli qərardadının dəyişdirmədən saxlanılması qənaətinə gəlir. Azərbaycan Respublikasının MPM-in 398.0.1-ci maddəsinə görə, apelyasiya kollegiyası birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmişdir. Ona görə də hazırki iş üzrə çıxarılan qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 263, 264, 395-398.0.1, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, Qəraraaldı: Şikayət təmin edilməsin. İş üzrə Bərdə Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli 2(021)-4105/2018 nömrəli qərardadı və onun əsasında çıxarılmış 13 fevral 2023-cü il tarixli 2(021)- 4105/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar