Məhkəmə qərarları › İş №2(104)-935/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-935/2024

23.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-935/2024 23.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı pul tələbinə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı pul və qızıl zinət əşyaları tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli 2(021)-3396/2023 nömrəli qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 3994 manat pul və dövlət rüsumu hesabına ödənilmiş 59,90 manatın alınaraq onun xeyrimə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh da İddiaçı qarşılıqlı iddia ərizəsi verərək, İddiaçı ona qarşı iddia tələbi əsassız olduğundan təmin edilməməsi, mərhum ailəsindən qalmış bir boyunbağının, bir dəst sırğa üzük və bilərziyin, o cümlədən artıq ödədiyi 20000 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi 145 manatın cavabdeh İddiaçı alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli 2(021)-3396/2023 nömrəli qətnaməsi ilə (hakim Elsun Əhmədov) ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasının təmin olunmaması; Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı pul və qızıl zinət əşyaları tələbinə dair qarşılıqlı iddiasının təmin olunmaması; Ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və ilkin iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İlkin iddia üzrə İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxxx 1956-ci il təvəllüdlüdür və pensiyaçıdır, Bərdə rayonu Qasımbəyli kənd sakinidir. Həmkəndlisi Cavabdeh 15 aprel 2023-ci il tarixdə ona müraciət edərək 4000 manat borca pul verməsini xahiş etmiş və ona bildirmişdir ki, “4000 manat pul verərsənsə sənə 4800 manat pul verəcəyəm”. Aralarındakı razılaşmaya əsasən hər ay 400 manat ödəməklə 12 ay müddətində Cavabdeh ona olan borcunu başa çatdırmalı idi. Beləliklə, 15 aprel 2023-cü il tarixdə həmkəndlisi Cavabdeh 4000 manat pul vermişdir. Həmin gün dama-dama dəftər vərəqində Fədayıl 4800 manat pul verməli olmasına imza etmişdir. Bundan sonra Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş pensiya kartını ona təqdim edib bildirmişdir ki, hər ay kartından 403 manat pulu çıxarıb borc başa çatana qədər götürər. Cavabdehin pensiya kartını ona verməsi onda borcun qaytarılmasına böyük ümid yaratmışdır. Beləliklə, 2023-cü ilin may və iyun aylarında hər ay 403 manat olmaqla bankomatdan cəmi 806 (403+403=806) manat pul çıxartmışdır. Növbəti ay, yəni 2023-cü ilin iyul ayında Cavabdeh verdiyi bankomata daxil etmişdir və bu zaman məlum olmuşdur ki, Cavabdeh artıq kartı bağlatdırmışdır. Bununla bağlı cavabdehə müraciət edib bu məsələyə aydınlıq gətirməsini tələb etmiş, ancaq sonuncu borcu ödəməmişdir. Cavabdeh ona olan 4800 manat borcundan 806 manatı ödənilmiş, qalıq 3994 (4800-806=3994) manatdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tələbini onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə İddiaçı 2016-cı ildə mərhum yoldaşı xəstə olduğu üçün onun qızıllarını Ərşada girov qoyaraq 12 ay müddətinə hər ay 400 manat qaytarmaq şərti ilə borc pul almışdır. Bir müddət borcu 2016-cı ildən 230 manat kart və 170 manat nəğd şəkildə ödəməyə başlamışdır. Müddət bitdikdən sonra o, yoldaşından miras qalmış sep və komplekti geri tələb edərkən Ərşad bildirmişdir ki, “verdiyin pullar faizə çıxıb, 4000 manat pulun hər ay sələmi 10 faizlə 400 manat edir. Pulu tam şəkildə bütöv ödəməlisən”. Lakin o, bildirmişdir ki, onun yoldaşı xəstə olmuşdur, bütün pullarını onun müalicəsinə xərcləmişdir. İddiaçı isə əvəzində bildirmişdir ki, onun vecinə deyil, pulu nə vaxt tam olaraq bütöv ödəməmisən hər ay verdiyin pullar sələmə çıxılacaq. Bu münvalla hər ay kart və nəğd şəkildə halhazıra kimi Ərşada 24000 manat pul ödəmişdir. İddiaçı hal-hazıra kimi 24000 manat pul ödəmişdir. İş materiallarında olan: “Kapital Bank ASC” tərəfindən verilmiş **********648694 nömrəli kartın surətindən görünür ki, həmin kart Cavabdeh məxsusdur; "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş 27 dekabr 2016-cı il tarixdən 16 avqust 2023-cü il tarixədək olan məxaric əməliyyatları cədvəlindən müəyyən olunur ki, Cavabdeh məxsus kartdan qeyd olunan dövr üzrə ümumilikdə 24483 manat vəsait çıxardılmışdır; "xxxx" ASC tərəfindən verilmiş 27 dekabr 2016-cı il tarixdən 16 avqust 2023-cü il tarixli məxaric əməliyyatları üzrə video diskə baxış keçirilən zaman həmin dövr üzrə məxaric əməliyyatlarının İddiaçı tərəfindən aparıldığı görünür. Apellyasiya şikayətinin dəlilləri: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Cavabdeh 15 aprel 2023-ci il tarixdə 4000 (dörd min) manat borca pul verərkən, qarşılıqlı surətdə razılığa gəlmişlər ki, cavabdeh bunun müqabilində 12 ay müddətində 4800 manat pul qaytaracaq. Həmin tarixdə, yəni 15 aprel 2023-cü il tarixdə 4000 manat pul vermiş və cavabdeh Fədail Mehtiyev qəbzə imza etmişdir. Bundan sonra, "xxxx" ASC tərəfindən verilmiş pensiya kartını ona vermişdir. Ancaq 2023-cü ilin may və iyun aylarında hər ay 403 manat olmaqla bankomatdan cəmi 806 (403+403=806) manat pul çıxartdıqdan sonra, iyul ayında Fədayıl artıq kartı bağlatdırmışdır. İşə baxan məhkəmə nədənsə borcun verilmə tarixinə diqqət yetirməmiş və yalnız cavabdeh tərəfin izahatını mötəbər saymışdır. İşin hallarından görünür ki, 4000 manat borcu 2023-cü ilin 15 aprel tarixində vermişdir və bu barədə qəbz iş materillarındadır. Həqiqətən də cavabdehin ona verdiyi pensiya kartı 2023-cü ilin iyul ayında Fədayil tərəfindən bağlanmışdır. Belə olan halda, özü də etiraf edir ki, 2 ay müddətinə hər ay 403 manat olmaqla, cəmi 806 manat kartdan pul çıxartmışdır. Qalan 3994 manat borc isə bu günədək ona qaytarılmamışdır. Şərh olunanlardan görünür ki, cavabdehlə aralarında olan borc münasibətləri 15 aprel 2023-cü il tarixdən yaranmışdır və həmin dövrdən sonrakı ödənişlərin borcdan çıxılması doğru olardı. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, 15 aprel 2023-cü il tarixdə Cavabdeh borca vermiş olduğu pulu tələb edir. Sonuncu 2023-cü ilin aprel ayında özünə məxsus müavinət kartını ona verməklə ondan 4000 manat borc pul almışdır və bildirmişdir ki, borcu qaytaranda 800 manat da əlavə olmaqla ümumilikdə 4800 manat qaytaracaq. Aralarında olan razılaşmaya görə borc bir il ərzində qaytarılmalı idi. Cavabdeh ona verdiyi müavinət kartından 2023-cü ilin may və iyun aylarında hər dəfə 403 manat olmaqla, cəmi 806 manat pul çıxartmışdır. 3-4 il olar ki Cavabdeh bir neçə dəfə ondan borca pul götürmüşdür. Cavabdeh əvvəllər götürdüyü borclarını ona ödəmişdir. Cavabdeh müavinət kartı hazırkı borcu götürməmişdən əvvəl, yəni 2017ci ildə ilk dəfə borc aldığı vaxtdan onda olmuşdur. Çünki Cavabdeh ondan aldığı borcu ödəyib qurtaranda yenə ondan borca pul almış və beləliklə də kart onun sahibliyində qalmışdır. Sonuncu dəfə 2023-cü ilin iyun ayında Cavabdeh məxsus müavinət kartından pul çıxartmışdır. Əvvəlki illərdə hər ay kartdan minimum 220 manat vəsait çıxartmışdır. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və ilkin iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Sədrlik edənin suallarına cavab olaraq ilkin İddiaçı bildirmişdir ki, Cavabdeh məxsus müavinat kartı 2017-ci ildən 2023-cü ilin iyun ayına kimi onun istifadəsində olmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, 2016-cı ildə arvadı vəfat edəndə yas mərasiminə pul lazım olduğu üçün ilkin İddiaçı 4000 manat borc almışdır və bunun müqabilində mərhum arvadına məxsus qızılları İddiaçı girov vermişdir. Həmçinin borc verilməsi müqabilində özünə məxsus müavinət kartını da ilkin İddiaçı vermişdir və sonuncu kartın onda olduğu dövr ərzində karta köçən pul vəsaitini bankomat vasitəsilə çıxartmışdır. Onun İddiaçı borcunu artıqlaması ilə ödəmişdir. Belə ki, ona aid müavinat kartının 6 il ərzində iddiaçının istifadəsində olması bir daha təsdiq edir ki, onun iddiaçıya yox iddiaçının ona borcu qalmışdır. İş materiallarında olan qəbzdəki imza ona məxsus olsa da, lakin həmin imzaları əvvəlki borc məbləğinin qaytarılması ilə bağlı çəkmişdir. Çünki İddiaçı mərhum arvadına məxsus qızılları və özünün müavinət kartını istədikdə İddiaçı ona 4800 manat pul götürdüyünü təsdiq etmək üçün qəbzə imza etməsini bildirmişdir. O da həmin borcu ödəmiş olduğundan qəbzə imza etmişdir. O, 2023-cü ilin aprel ayında ilkin İddiaçı borca pul almamışdır. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddiaya aid hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir». Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, qarşılıqlı iddia üzrə iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmiş, yalnız ilkin iddia üzrə İddiaçı qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsini yalnız ilkin iddianın təmin edilməməsi hissədə mübahisələndirir. Ona görə də kollegiya hesab edir ki, qətnamənin əsaslığı yalnız həmin hissə üzrə yoxlanılmalıdır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, ilkin iddia üzrə İddiaçı cavabdeh X1 2023-cü ilin aprel ayında 4000 manat borc verdiyini, aralarındakı razılaşmaya əsasən 800 manat da əlavə olmaqla sonuncunun ona 4800 manat pul qaytarmalı olduğunu, lakin həmin borcdan cəmi 806 manat qaytarıldığını və qalıq 3994 manatın ona ödənilmədiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Bundan başqa, müəyyən edilmişdir ki, ilkin iddia üzrə Cavabdeh 2016-cı ildə İddiaçı borca pul almış və bunun müqabilində özünə məxsus "xxxx" ASC tərəfindən verilmiş **********648694 nömrəli müavinət kartını ilkin İddiaçı istifadəsinə və sərəncamına vermiş və 27 dekabr 2016-cı il tarixdən 16 avqust 2023-cü il tarixədək olan müddət ərzində həmin kart ilkin İddiaçı istifadəsində və sərəncamında olmuşdur. Sonuncu həmin dövr ərzində hər ay karta köçən pul vəsaitini bankomat vasitəsilə çıxartmışdır. Sözügedən kartdan ilkin İddiaçı tərəfindən çıxarılan vəsait 24483 manat təşkil edir. MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən olunmuş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri borcla bağlı yaranan mülki münasibətlərdir. Ona görə də işin hallarına qanunvericiliyin borc və öhdəliklə bağlı müddəaları əsasında hüquqi qiymət verilməlidir. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 406.2-ci maddəsinə əsasən, əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Həmin Məcəllənin 740-cı maddəsində deyilir ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, ilk İddiaçı ilə ilk Cavabdeh arasında borc hüquq münasibəti olmuşdur. Həmçinin işin mübahisə olunmayan halıdır ki, borcun təminatı olaraq ilk Cavabdeh özünə məxsus "xxxx" ASC tərəfindən verilmiş **********648694 nömrəli müavinət kartını 2017-ci ildə İddiaçı sərəncamına vermiş və həmin müavinat kartı 2023-cü ilin iyun ayına kimi onun sərəncamında olmuşdur. İşdən müəyyən olunur ki, birinci instansiya məhkəməsində icraat zamanı ilkin iddia üzrə Cavabdeh məxsus "xxxx" ASC tərəfindən verilmiş **********648694 nömrəli müavinət kartından 2016-cı ildən 2023-cü ilin sentyabr ayınadək olan müddət ərzində bankomat vasitəsilə çıxarılan pul məbləğlərinin kim tərəfindən çıxarılması, ümumilikdə hansı məbləğlərdə pul vəsaitlərinin hesabdan çıxarılmasına dair maliyyə əməliyyatları, eləcə də həmin bank hesabı üzrə bankomatlarda pul əməliyyatları həyata keçirən zaman qeydə alınmış foto və video görüntülərin alınması barədə müvafiq qərardad qəbul edilmiş və qərardadın icrası nəticəsində müəyyən olunmuşdur ki, Cavabdeh məxsus sözügedən kartdan 27 dekabr 2016-cı il tarixdən 16 avqust 2023-cü il tarixədək olan dövr üzrə ilkin İddiaçı tərəfindən ümumilikdə 24483 manat vəsait çıxardılmışdır. Beləliklə işin müəyyən olunmuş və faktiki halı kimi müəyyən olunmuşdur ki, ilkin İddiaçı bankomat vasitəsilə ilkin iddia üzrə Cavabdeh məxsus müvafiq bank kartından ümumilikdə 24483 manat pul çıxartmışdır ki, bununla da ilkin iddia üzrə cavabdehin ona olan borcu tam həcmdə ödənilmişdir. Bununla belə məhkəmə kollegiyası onu da qeyd edir ki, ilkin İddiaçı Cavabdeh 2023cü ilin aprel ayında 4000 manat borc verdiyini və cavabdehdən məhz həmin borcun ödənilməsini tələb etdiyini iddia etsə də, lakin 2023-cü ilin aprel ayında Cavabdeh 4000 manat borc verməsi barədə məhkəməyə sübut təqdim etməmişdir. İlkin iddia üzrə cavabeh Cavabdeh isə apellyasiya baxışı zamanı sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, 2023-cü ilin aprel ayında ilkin İddiaçı borca pul almamışdır. MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır). Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Bu baxımdan işin hallarına yanaşıldıqda müəyyən edilir ki, ilkin iddia tələbi sübutların çatışmamazlığı nöqteyi-nəzərindən əsassızdır. Çünki iddiaçı iddia tələbində göstərilən halları təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Apellyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməinin qətnaməsinin yoxlanılan hissədə ləğvi üçün əsas deyil. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-nin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İşdən müəyyən olunur ki, qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur. Göstərilənlərə əsasən və MPM-nin 372-376, 378-382, 384, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli 2(021)-3396/2023 nömrəli qətnaməsi yoxlanılan, yəni ilkin iddia tələbinin təmin olunmaması hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar