Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-937/2025 05.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilə şərtlərinin məhkəmə qaydasında dəyişdirilməsi tələbinə dair iş üzrə Açar sözlər: məhkəmə aidiyyəti, işin kommersiya məhkəməsinə aidiyyəti Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilə şərtlərinin məhkəmə qaydasında dəyişdirilməsi tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(061)-22/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə xx.xx.2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, qərardad qəbul etdi. İşin halları İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış “qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair” xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən İddiaçı mobil telefon rabitəsinə aid texnoloji avadanlığın quraşdırılması üçün 100 kv.m və transformatorun quraşdırılması üçün 10 kv.m qeyri-yaşayış sahəsini Cavabdeh MMC-yə icarəyə vermişdir. Müqavilənin 2.1-ci bəndi “müqavilə hər iki tərəfin imzaladığı tarixdən qüvvəyə minir və xx.xx.2023-cü ilədək qüvvədə qalır”; 2.2-ci bəndi “müqavilənin qüvvədə olma müddətinin bitməsinə 10 gün qalmış ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin yazılı müraciəti olmadıqda müqavilə eyni müddətə və eyni şərtlərlə uzadılmış hesab edilir”; 4.1- ci bəndi “illik icarə haqqı 1600 (bir min altı yüz, vergilər daxil deyil) Azərbaycan manat təşkil edir” kimi redaksiyada müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, aralarında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin şərtlərinin dəyişdirilərək; 2.1-ci bəndinin “müqavilə hər iki tərəfin imzaladığı tarixdən qüvvəyə minir və xx.xx.2024-cü ilədək qüvvədə qalır”; 2.2-ci bəndinin “müqavilənin qüvvədə olma müddətinin bitməsinə 10 gün qalmış ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin yazılı müraciəti olmadıqda müqavilə 01 il müddətinə uzadılmış hesab edilir”; 4.1-ci bəndinin “müqavilənin məzmununa uyğun olaraq əldə ediləcək gəlirlərdən “İcarəçi tərəf” “İcarə verən tərəfə” bir ildə əlavə dəyər vergisi (ƏDV) nəzərə alınmamaqla 3000 manat ödəyir” kimi dəyişdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, aralarında bağlanmış xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən mobil telefon rabitəsinə aid texnoloji avadanlığın quraşdırılması üçün Tərtər rayonu Hüsənli kəndində yerləşən 100 kv.m və transformatorun quraşdırılması üçün 10 kv.m qeyri-yaşayış sahəsini cavabdehə icarəyə vermişdir. Müqavilənin 2.1-ci bəndində müqavilənin xx.xx.2023-cü il tarixə kimi qüvvədə olması; 2.2-ci bəndində “müqavilənin qüvvədə olma müddətinin bitməsinə 10 gün qalmış ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin yazılı müraciəti olmadıqda müqavilənin eyni müddətə və eyni şərtlərlə uzadılmış hesab edilir”; 4.1-ci bəndində illik icarə haqqının 1600 Azərbaycan manatı müəyyən edilmişdir. Hesab edir ki, münasibətlərinin əvvəlki qaydada davam etdirilməsi obyektiv olaraq onun mənafelərinə uyğun deyildir və əvvəlki şərtlərlə münasibətləri davam edə bilməz. Belə ki, həmin müqavilənin bağlanmasından artıq 11 ildən artıq bir müddət keçmişdir. Müqavilənin şərtlərini müəyyənləşdirən hallar artıq dəyişmişdir. Müqavilədə nəzərdə tutulmadığı halda xx.xx.2015-ci il və xx.xx.2015-ci ildə devalivasiya nəticəsində Azərbaycan manatının dəyəri ABŞ dollarına münasibətdə 100 faiz aşağı düşmüş, bu səbəbdən bütün vergi və komunal ödəniş haqqları, eləcə də istehlak mallarının qiymətləri kəskin surətdə artmış, qiymətlərin artımı sonrakı illərdə də artmaqda davam etmiş, bu hal cari ildə də davam etmişdir. Azərbaycan Dövlət Statistika Komitəsinin rəsmi məlumatına əsasən 2023-cü ildə 2013-cü ilə nisbətən istehlak qiymətləri indeksi 190,8 faiz təşkil etmiş, qiymətlərin səviyyəsi 90,8 faiz artmışdır. Müqavilə bağlanarkən onlar tərəf olaraq milli valyutanın məzənnəsinin bu qədər aşağı düşəcəyini, bütün vergi və komunal ödəniş haqqlarının artmasını, eləcə də istehlak qiymətlərinin indeksinin 190,8 faiz təşkil edəcəyini, istehlak mallarının qiymətlərinin 90,8 faiz qalxacağını ağlabatan şəkildə əvvəlcədən görə bilməzdilər. Qeyd olunanlara əsasən hesab edir ki, milli valyutanın bu şəkildə ucuzlaşması, bütün vergi və komunal ödəniş haqlarının, eləcə də istehlak mallarının qiymətlərinin 90,8 faiz qalxması “şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi” kimi qiymətləndirilməli və müqavilənin şərtlərinə yenidən baxılaraq icarə haqqı 3000 manat (1600 x 190,8 faiz : 100 =3052 manat) müəyyən edilməlidir. Lakin o, hazırda illik icarə haqqının 2400 manat müəyyən edilməsinə də razıdır. Müqavilənin şərtlərinin dəyişdirilməsi barədə cavabdehə iki dəfə, yəni xx.xx.2024cü il və xx.xx.2024-cü il tarixlərdə təkliflər (bildirişlər) göndərmişdir. Birinci təklifinə imtina alsa da, ikinci təklifinə cavab verilməmişdir. Ona görə də hazırkı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddiasının təmin edilməsini və aralarında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin şərtlərinin dəyişdirilərək; 2.1-ci bəndinin “müqavilə hər iki tərəfin imzaladığı tarixdən qüvvəyə minir və xx.xx.2024-cü ilədək qüvvədə qalır”; 2.2-ci bəndinin “müqavilənin qüvvədə olma müddətinin bitməsinə 10 gün qalmış ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin yazılı müraciəti olmadıqda müqavilə 01 il müddətinə uzadılmış hesab edilir”; 4.1-ci bəndinin “müqavilənin məzmununa uyğun olaraq əldə ediləcək gəlirlərdən “İcarəçi tərəf” “İcarə verən tərəfə” bir ildə əlavə dəyər vergisi (ƏDV) nəzərə alınmamaqla 2400 manat ödəyir” kimi redaksiyada müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(061)-22/2025 nömrəli qətnaməsi ilə (hakim T.Qubadov) iddia təmin edilmişdir. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, həqiqətən sözügedən müqavilənin bağlanmasından ötən 11 il ərzində müqavilənin şərtlərini müəyyənləşdirən hallar əhəmiyyətli dərəcədə dəyişmişdir. Belə ki, müqavilədə nəzərdə tutulmadığı halda xx.xx.2015-ci il və xx.xx.2015-ci ildə devalivasiya nəticəsində Azərbaycan manatının dəyəri ABŞ dollarına münasibətdə kəskin şəkildə aşağı düşmüş, bu səbəbdən bütün vergi və komunal ödəniş haqqları, eləcə də istehlak mallarının qiymətləri tənasübsüz şəkildə artmış, qiymətlərin artımı sonrakı illərdə də artmaqda davam etmiş, bu hal cari ildə də davam etmişdir. Müqavilə bağlanarkən tərəflər milli valyutanın məzənnəsinin bu şəkildə aşağı düşəcəyini, bütün vergi və komunal ödəniş haqqlarının artmasını, eləcə də istehlak mallarının qiymətlərinin bu şəkildə qalxacağını ağlabatan şəkildə əvvəlcədən görə bilməzdilər. Məhkəmə iddiaçının hazırda sərgilədiyi iradə ifadəsinə əsasən hesab edir ki, iddiaçı müqavilə bağlanarkən yuxarıda qeyd edilən əhəmiyyətli dəyişikliyi qabaqcadan görə bilsəydi xx.xx.2013-cü il tarixli müqaviləni bağlamazdı və ya fərqli şərtlərlə bağlayardı. Məhkəmə iddiaçının cavabdehlə icarə münasibətlərinin əvvəlki qaydada davam etdirilməsinin obyektiv olaraq onun mənafelərinə uyğun olmaması və əvvəlki şərtlərlə münasibətləri davam edə bilməməsi barədə dəlillərini əsaslı hesab edir. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ, İİ və İV hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-424-cü maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 54-cü maddəsinə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 88, 106.1, 119.1, 216-220, 227 və 233-cü maddələrinə istinad etmişdir. Cavabdeh qətnamənin dəlilləri ilə razılaşmayaraq apelyasiya şikayəti ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İşə baxan birinci instansiya məhkəməsi devalvasiyanın baş verməsini şəraiti əhəmiyyətli dərəcədə dəyişən hal kimi qiymətləndirmiş və müqavilənin bağlanıldığı tarixdə (xx.xx.2013) iddiaçının devalvasiya baş verəcəyini görə biləməyəcəyinə istinad edərək iddia tələbini təmin etmişdir. Məhkəmənin qərarı qanunsuz və əsassız olmaqla ləğv edilməlidir: İddiaçı tələbinin hüquqi əsası qismində MM-in 422.1-ci maddəsinə istinad etmişdir. MM-in 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Müqavilənin 2.1-ci bəndinə əsasən Müqavilə xx.xx.2013-cü il tarixinədək qüvvədədir. Müqavilənin 2.2-ci bəndinə əsasən isə Müqavilənin qüvvədə olma müddətinin bitməsinə 10 gün qalmış ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin yazılı müraciəti olmadıqda Müqavilə eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. İddiaçının şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinə səbəb olan hal kimi əsaslandığı manatın devalvasiyası xx.xx.2015-ci il tarixində baş versə də, iddiaçı Müqavilənin müddətinin bitməsinə 10 gün qalmış – xx.xx.2013-cü il tarixində Müqavilənin dəyişdirilməsi və ya xitamı ilə bağlı cavabdehə hər hansı müraciət ünvanlamamış, nəticədə müqavilənin qüvvədə olma müddəti eyni şərtlərlə 10 il daha uzadılmışdır. Yəni, Müqavilə uzaldılmazdan əvvəl iddiaçı şəraitin dəyişməsi kimi qiymətləndiridiyi devalvasiyadan xəbərdar idi, lakin müqavilə şərtlərinin dəyişdirilməsi və ya müqavilənin xitam edilməsi ilə bağlı hüququndan istifadə etməmişdir. İddiaçı Müqavilə şərtlərinin dəyişdirilməsi ilə bağlı cavabdehə ilk dəfə xx.xx.2024-cü il tarixli məktubu ilə müraciət etmişdir. Lakin məhkəmə qeyd edilənləri nəzərə almamış, iddiaçının müqaviləni bağladığı an (xx.xx.2013) devalvasiyanı görə bilmədiyinə istinad etməklə, müqavilənin 10 illik müddətinin bitdiyi xx.xx.2023-cü il tarixində iddiaçının devalvasiyadan və inflyasiyadan xəbərdar olduğunu nəzərə almamışdır. İddiaçının istehlak qiymətləri indeksinin artım tempi ilə bağlı irəli sürdüyü dəlilə münasibətdə isə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Statistika Komitəsi (bundan sonra “Komitə”) tərəfindən qəbul edilmiş Metodologiyaya və digər aidiyyəti sənədlərə əsasən rəsmi olaraq istehlak qiymətləri indeksi 1995-ci il yanvar ayından etibarən aylıq və illik əsaslarla Komitə tərəfindən hesablanır və yayımlanır. Komitənin rəsmi internet səhifəsində yayımlanmış statistik məlumatlara nəzər yetirildikdə isə aydın olur ki, 1995-ci ildən bugünədək 1998 və 1999-cu illər istisna olmaqla digər bütün illər üzrə istehlak qiyməti indeksi artmış, yəni inflyasiya baş vermişdir. Belə ki, iddiaçı müqaviləni bağladıqdan əvvəlki və sonrakı hər bir il üzrə inflyasiyanın baş verdiyinin şahid olmuş, lakin nə müqaviləni bağlayarkən icarə haqqının illik inflyasiyanın artım tempinə müvafiq nisbətdə artırılması barədə bənd əlavə etmiş, nə də ki müqavilənin müddətinin bitməsinə 10 gün qalmış müqavilənin dəyişdirilməsi və ya xitam edilməsi barədə qarşı tərəfə niyyətini ifadə etmişdir. Odur ki, iddiaçının inflyasiyaya əvvəlcədən görülə bilməyən hal kimi istinad edərək həmin halı şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinə səbəb olan hal kimi qiymətləndirməsi tamamən əsassızdır. Bundan əlavə, qeyd edilməlidir ki, iddiaçının istinad etdiyi hal (devalvasiya) mahiyyəti üzrə də faktiki olaraq icarə münasibətləri üzrə şəraiti əhəmiyyətli dərəcədə dəyişdirən hal kimi çıxış edə bilməzdi. Çünki Müqavilə üzrə icarə haqqı yerli valyutada – manatla ifadə edilmişdir. Müqavilənin İddiaçı tərəfindən icrası isə müvafiq qeyri-yaşayış sahəsinin Cavabdehin istifadəsinə verilməsindən ibarət olmaqla, manatın devalvasiyası iddiaçının hazırkı öhdəliyinin icrasını çətinləşdirməmiş, iddiaçıya müqavilənin icrası ilə bağlı itkilər üz verməsinə səbəb olmamışdır. Yəni, İddiaçı müqavilənin icrası məqsədilə ABŞ dolları ilə hər hansı əməliyyatlar aparmamış, nəticə etibarilə manatın devalvasiyanın müqavilə üzrə iddiaçının vəziyyətinə - hüquq və öhdəlikləri üzərində hər hansı təsiri olmamışdır. Bu səbəbdən də iddiaçı sözügedən devalvasiyanı əvvəlcədən görə bilsəydi belə, Müqaviləni eyni şərtlərlə bağlayardı. Bundan əlavə Müqavilədə manatın devalvasiyası halında Müqavilə məbləğinin müvafiq nisbətdə artırılması ilə bağlı müddəa müəyyən edilməmişdir. Qeyd edilənlərdən bir daha aydın olur ki, hazırkı mübahisə predmeti üzrə manatın devalvasiyası “şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halı” kimi qiymətləndirilə bilməz. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli Qərarında qeyd etmişdir: “Manatın məzənnəsinin dəyişməsini tərəflər üçün gözlənilməz olan və ya qabaqcadan görmək mümkün olmayan hal kimi qiymətləndirmək olmaz. Belə ki, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 5.0.3-cü maddəsinə əsasən, Mərkəzi Bank manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsini mütəmadi müəyyən edir və elan edir. Göründüyü kimi, manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin mümkünlüyü qanunvericilikdə təsbit edilmişdir”. Həmçinin Plenum ABŞ dolları ilə ifadə edilmiş kredit müqavilələrinə münasibətdə qeyd etmişdir ki, borc alan krediti xarici valyutada götürdüyü zaman manatın məzənnəsinin dəyişməsinin mümkünlüyünü görməli və bilməli idi. Bu halda borclu krediti xarici valyutada götürməklə manatın məzənnəsinin dəyişməsi riskini öz üzərinə götürmüş olur. Həmin Qərarının nəticə hissəsində qət edilmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin mənasına uyğun olaraq, Azərbaycan Respublikasının pul vahidi olan manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilmədiyini və borc alanın krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz”. Xüsusilə vurğulanmalıdır ki, sözügedən Qərarın aid olduğu münasibətlər borc münasibətləri olduğundan devalvasiyanın həmin münasibətlərə təsir etməsi ehtimalı icarə münasibətlərindən daha yüksək olmuşdur. Lakin Plenum devalvasiyanı həmin (borc) münasibətlərdə belə şəraiti əhəmiyyətli dərəcədə dəyişdirən hal hesab etməmişdir. Odur ki, Plenumun sözügedən mövqeyini analoji olaraq hazırkı mübahisə üzrə icarə münasibətlərinə tətbiq etməklə belə nəticəyə gəlmək olar ki, manatın devalvasiyası şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halı kimi qiymətləndirilə bilməz. İddiaçı manatın devalvasiyasının mümkünlüyünü görməli və bilməli, devalvasiya baş verdiyi halda müqavilə çərçivəsindəki mənafelərinə təsir edəcəyinə inanırdısa, müqavilə azadlığı prinsipinə müvafiq olaraq Müqavilə bağlayarkən “manatın məzənnəsində dəyişiklik olduğu halda icarə haqqının müvafiq nisbətdə artırılması” ilə bağlı Müqaviləyə müvafiq bənd əlavə etməli idi. Göründüyü kimi Konstitusiya Məhkəməsinin Plenumunu Qərarında devalvasiyanın şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halı kimi qiymətləndirilməməsi birmənalı qeyd edilsə də, məhkəmə sözügedən qərarı nəzərə almamışdır. MM-in 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. MM-in 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Belə ki, iddiaçı azad iradə ifadəsinə əsasən xx.xx.2013-cü il tarixdə 1.600,00 manat icarə haqqı məbləği nəzərdə tutulmaqla, müqaviləni bağlamış, həmçinin könüllü mülahizəsinə əsasən Müqavilənin müddətinin bitdiyi xx.xx.2023-cü il tarixdə Müqavilənin xitamı və şərtlərinin dəyişdirilməsi ilə bağlı qarşı tərəfə müraciət etməmiş, bununla da Müqavilənin ilkin şərtlərlə növbəti 10 il müddətinə uzadılmasına razılığını ifadə etmişdir. Belə ki, Məhkəmə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi əsası olmadan müqavilənin şərtlərinin dəyişdirilməsi barədə qətnamə qəbul edərək həmçinin müqavilə azadlığı prinsipini pozmuşdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə etirazla məhkəməyə müraciət edərək etirazını onunla əsaslandırmışdır ki, məhkəmə iş üzrə maddi və prosessual normaları düzgün tətbiq etmişdir. Devalvasiya ilə bağlı isə cavabdehin istinad etdiyi Plenum qərarında hüquqi mövqe fərqli olmuşdur. Belə olduqda müqavilənin şərtlərinin dəyişdirilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi əsaslıdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə iclasında məhkəmə aidiyyəti müzakirə olunarkən izahatında bildirdi ki, o, iddia tələbinə mahiyyəti üzrə baxılmasını istəyir və işin kommersiya məhkəməsinə göndərilməsinə etiraz edir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 387.2.9-cu maddəsinə əsasən, işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. 387.3-cü maddəsinə əsasən, bu Məcəllənin 387.2.1—387.2.9-cu maddələrində göstərilmiş halların mövcudluğu birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların kobud pozulması kimi qiymətləndirilməlidir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Plenumunun qərarı Bənd 10. 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Bənd 11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Bənd 12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Bənd 13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 24.3. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Maddə 30. Bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 44.1. Aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Maddə 44.2. Məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa; Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.4. işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi. Maddə 387.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir: 387.2.9. işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası (bundan sonra – məhkəmə) proses iştirakçısının izahatını dinləyib, mülki işdə olan sənədləri araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Posessual Məcəlləsinin 1-ci maddəsinə edilmiş qeydə əsasən, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Sahibkarlıq fəaliyyəti isə şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikası Mülki Posessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddəsində məhkəmə aidiyyətinin ümumi qaydası müəyyən edilərək deyilir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Məhkəmə qeyd edir ki, mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Bu halda, həm mübahisənin subyekt tərkibi, həm də predmeti məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2004-cü il tarixdən etibarən sahibkar kimi vergi orqanında qeydiyyata alınmış və ona ********** nömrəli VÖEN verilmiş, cavabdeh isə sahibkar subyekti olan Məhdud Məsuliyyətli Cəmiyyətdir. İddiaçı ilə cavabdeh arasında yaranmış hüquq münasibətlərinin xarakterinə münasibətdə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair müqavilə bağlanmış və müqaviləyə əsasən iddiaçıya məxsus qeyri-yaşayış sahəsi cavabdehin icarəsinə verilmişdir. Hazırki mübahisə isə qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair müqavilənin dəyişdirilməsindən ibarətdir ki, prosessual qanunvericiliyin tələbi baxımından həm tərəflərin subyektiv tərkibi, həm mübahisənin xarakteri, həm də mübahisənin predmeti baxımından hazırki mübahisəyə kommersiya məhkəmələri tərəfindən baxılmalıdır. Belə ki, hazırki mübahisə tərəflərin hər ikisinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranmış mübahisədir. Lakin qeyd edilən hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılaraq hüquqi qiymət verilməmişdir ki, birinci instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxmaqda haqlı olmamış, iş aidiyyət qaydalarına zidd icraatına qəbul etmiş və bununla da birinci instansiyası məhkəməsi tərəfindən prosessual normaların kobud pozulmasına yol verilmişdir. Qeyd edilməlidir ki, verilmiş iddia üzrə məhkəmənin ilk növbədə fəaliyyəti MPM-in 151-ci maddəsinə əsasən iddia ərizəsinin mümkünlüyünün yoxlanılmasından ibarətdir. Bu mümkünlük şərtlərindən biri iddianın məhkəmə aidiyyətinin müəyyən olunmasıdır. Əgər aidiyyət pozulmuşdursa, MPM-nin 152.1.3-cü maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin geri qaytarılması barədə qərardad çıxarır. Birinci instansiyası məhkəməsi mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır ki, məhkəmə aidiyyəti ilə bağlı məsələrinin araşdırılması məhkəmələrin vəzifəsidir. “İnsan hüquqlarının və əsas azadlıqları müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər bir şəxs, ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılması zamanı və yaxud hər hansı bir mülki prosesdə onun hüquq və vəzifələrinin müəyyən edilməsi zamanı qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətli və açıq məhkəmə araşdırması hüququna malikdir. Şərh olunanla əsasən məhkəmə hesab edir ki, hazırki iddia ərizəsi ümumi məhkəmə tərəfindən məhkəmə aidiyyəti qaydalarına zidd icraata götürülüb baxıldığından apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktı ləğv edilməli və iş baxılması üçün məhkəmə aidiyyəti üzrə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 384.0.4-cü maddəsinə əsasən, işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, apellyasiya instansiyası məhkəməsi qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinə əsasən, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 26, 44, 263, 264, 384, 385, 387, 402, 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(061)-22/2025 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilə şərtlərinin məhkəmə qaydasında dəyişdirilməsi tələbinə dair iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-937/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-937/2025
05.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver