Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-940/2023 16.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər: Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, İddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli 2(021)-1108/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı X2 cavabdeh MCavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona borclu olduğu 10.000 manat məbləğində borcun və dövlət rüsumu üçün ödədiyi 120 manat məbləğində pulun alınıb ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir Bərdə Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli 2(021)-1108/2023 nömrəli qərardadı ilə (hakim Fuad Babaşov) iddia ərizənin icraata qəbul edilməsindən imtina edilməsi və iddia ərizəsinin ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı X2 şikayət verərək qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilərək baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh Məhiyəddin oğlu ondan ilk olaraq 3500 manat məbləğində borc almış, bununla bağlı heç bir notariat hərəkəti aparılmamışdır. Bundan sonra Anar Əliyev əlavə olaraq ondan 6500 manat borc pul istədikdə Anar Əliyevlə notarial qaydada borc müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 9-cu bəndinə əsasən tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. Cavabdeh ümumiyyətlə borcu qaytarmaq istəmir, borca görə onunla cavabdeh arasında mübahisə yaranmışdır. Bu səbəbdən də mübahisənin məhkəmə qaydasında həll edilməsini istəyir. Bərdə Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli 2(021)-1108/2022 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Ona görə də, Məhkəmə kollegiyası hazırkı işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli və Bərdə Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli 2(021)-1108/2023 nömrəli qərardadı və onun əsasında çıxarılmış 27 yanvar 2023cü il tarixli 2(021)-1108/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq ərizənin icraata qəbul edilməsindən Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina etmişdir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında notariat ofisində xx.xx.2022-ci il tarixli kredit müqaviləsi imzalanmışdır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinin bəndlərinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərınə müraciət edə bilərlər. Həmin qanunun 79-cu maddəsinə əsasən icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin 7-ci bəndinə əsasən ödəniş müddətinin keçirilməsi haqqında kreditorun borcluya yazılı bildiriş göndərməsindən qanunla müəyyən edilmiş müddətdən sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. Beləliklə, qanunvericiliyin tələbinə əsasən kreditor olan iddiaçı pretenziya qaydasına riayət edərək müqavilə üzrə borclu olan hazırki iş üzrə cavabdehə yazılı bildiriş göndərməli, qanunla müəyyən edilmiş müddət keçdikdən sonra isə notariusa müraciət edərək icra qeydinin edilməsini tələb etməli olduğu halda iddia ərizəsinə əlavə edilmiş sənədlərdən borcun ödənilməsi ilə bağlı yazılı bildiriş göndərməsi, bundan sonra icra qeydinin aparılması ilə bağlı notariusa müraciət etməsi və notariusun imtinasını alması müəyyən olunmur. İddiaçı şikayətin dəlillərində göstərmişdir ki, cavabdehlə onun arasında bağlanmış müqaviləyə əsasən tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. Kollegiya həmin dəlillə razılaşmayaraq qeyd edir ki, iddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin 7-ci bəndinə əsasən ödəniş müddətinin keçirilməsi haqqında kreditorun borcluya yazılı bildiriş göndərməsindən qanunla müəyyən edilmiş müddətdən sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. Odur ki, şikayətin dəlili əsassızdır və birinci instansiya məhkəməsinin mövqeyi haqlı olmuşdur. Azərbaycan Respublikasının MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi mövqeyi ilə razılaşır və hesab edir ki, iddia tələbinin Azərbaycan Respublikasının MPM-in 153.2.1cü maddəsinə əsasən ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir və iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina düzgün nəticədir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Məhkəmə Kollegiyası hesab edir ki, formal mülahizələrə görə qərardadın ləğv edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının MPM-in 398.0.1-ci maddəsinə görə, apellyasiya kollegiyasının birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə (MPM maddə 402.2 və 402.3) müəyyənləşdirilmişdir. Ona görə də hazırki iş üzrə çıxarılan qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 384, 395,397,398, 400 və 402.2-ci maddələrini rəhbər tutub, Qəraraaldi: Şikayət təmin edilməsin. İş üzrə Bərdə Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli 2(021)-1108/2023 nömrəli qərardadı və onun əsasında çıxarılmış 27 yanvar 2023-cü il tarixli 2(021)- 1108/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-940/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-940/2023
16.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver