Məhkəmə qərarları › İş №2(104)-942/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-942/2023

11.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-942/2023 11.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və Süleymanov Loğman Srac oğlundan ibarət tərkibdə, Kəsəmənli Nicat Güloğlan oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiаçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra MMC) Cavabdeh qarşı «borcun ödənilməsi» tələbi barədə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(042)-946/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı icraat qaydasında baxaraq, Müəyyənetdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, New Klassika çarpayı, dolab, termo, tumba, Matras üçün 2424.4 manat ödənilməmiş hissə, 363 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Lenovo komputer üçün 1934 manat ödənilməmiş hissə, 316 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********02363 olan X4 9S markalı telefon, Hoco TWS qulaqlıq üçün 230.3 manat ödənilməmiş hissə, 75 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********96629 olan iPhone 8 plus markalı telefon üçün 189 manat ödənilməmiş hissə, 56.6 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********01204 olan X4 8 markalı telefon üçün 18.7 manat ödənilməmiş hissə, ümumilikdə 5607 manat borc, 76.07 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(042)-946/2022 saylı qətnaməsi ilə (hakim M.Kazımov) iddia tələbi təmin edilmiş, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə üzrə New Klassika çarpayı, dolab, termo, tumba, Matras üçün 2424.4 manat ödənilməmiş hissə, 363 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə Lenovo komputer üçün 1934 manat ödənilməmiş hissə, 316 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********02363 olan X4 9S markalı telefon, Hoco TWS qulaqlıq üçün 230.3 manat ödənilməmiş hissə, 75 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********96629 olan iPhone 8 plus markalı telefon üçün 189 manat ödənilməmiş hissə, 56.6 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********01204 olan X4 8 markalı telefon üçün 18.7 manat ödənilməmiş hissə, ümumilikdə 5607 manat borc və 76.07 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 5683 (beş min altı yüz səksən üç) 06 (altı) qəpik məbləğində pul Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin cərimə hissəsində ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən, New Klassika çarpayı, dolab, termo, tumba, Matras, Lenovo komputer, İMEİ kodu **********02363 olan X4 9S markalı telefon, Hoco TWS qulaqlıq, İMEİ kodu **********96629 olan iPhone 8 plus, İMEİ kodu **********01204 olan X4 8 markalı telefonlar almış və nəticədə 5607 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2644.8 manat (24 ay x 110.2 manat + 0 manat ilkin ödəniş) New Klassika çarpayı, dolab, termo, tumba, Matras üçün ümumilikdə, 2787.4 manat olmaqla ondan, 2424.4 manat ödənilməmiş hissə, 363 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2550.8 manat (24 ay x 96.7 manat + 230 manat ilkin ödəniş) Lenovo komputer üçün ümumilikdə 2250 manat olmaqla ondan, 1934 manat ödənilməmiş hissə, 316 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 600 manat (12 ay x 50 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********02363 olan X4 9S markalı telefon, Hoco TWS qulaqlıqüçün ümumilikdə 305.3 manat olmaqla ondan, 230.3 manat ödənilməmiş hissə, 75 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 1045 manat (15 ay x 63 manat + 100 manat ilkin ödəniş) İMEİ kodu **********96629 olan iPhone 8 plus markalı telefon üçün ümumilikdə 245.6 manat olmaqla ondan, 189 manat ödənilməmiş hissə, 56.6 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 581 manat (20 ay x 27.1 manat + 39 manat ilkin ödəniş) İMEİ kodu **********01204 olan X4 8 markalı telefon üçün ümumilikdə 18.7 manat olmaqla ondan, 18.7 manat ödənilməmiş hissə, 0 (sıfır) manat dəbbə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2625.2 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2021ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən ərizəyə əlavə olunan tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhviltəslim aktı və ödəniş cədvəlindən ibarətdir. Mülki iş materiallarında olan: xx.xx.2021-ci il tarixli müqavilədən və həmin müqaviləsinin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, İsgəndərov X1 üçün hər ay 96.7 manat olmaqla 24 aya 2550.8 manat (24 ay x 96.7 manat + 230 manat ilkin ödəniş) ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli müqavilədən və həmin müqaviləsinin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, Cavabdeh İMEİ kodu **********02363 olan X4 9S markalı telefon üçün hər ay 50 manat olmaqla 12 aya 600 manat (12 ay x 50 manat +0 manat ilkin ödəniş) ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli müqavilədən və həmin müqaviləsinin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, Cavabdeh İMEİ kodu **********96629 olan iPhone 8 plus telefon üçün hər ay 63 manat olmaqla 15 aya 1045 manat (15 ay x 63 manat +100 manat ilkin ödəniş) ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli müqavilədən və həmin müqaviləsinin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, Cavabdeh İMEİ kodu **********01204 olan X4 8 markalı telefon üçün hər ay 27.1 manat olmaqla 20 aya 581 manat (20 ay x 27.1 manat +39 manat ilkin ödəniş) ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli müqavilədən və həmin müqaviləsinin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, Cavabdeh New Klassika çarpayı, dolab, termo, tumba, Matras üçün hər ay 110.2 manat olmaqla 24 aya 2644.8 manat (24 ay x 110.2 manat +0 manat ilkin ödəniş) ödəməyi öhdəsinə götürmüşdür. 23 avqust 2022-ci il tarixli maliyyə ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il və xx.xx.2019-cu il tarixli müqavilələr üzrə ümumilikdə 5607 manat məbləğində borcu yaranmışdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, işsiz olduğu üçün hazırda əsas borcu ödəyə bilmir. Həmçinin, dəbbə məbləği çox hesablanmışdır və buna görə də əsas borcu ödəməkdə çətinlik çəkir. İşdə iştirak edən şəxslərin apellyasiya məhkəməsində verdiyi izahatlar Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 məhkəmə kollegiyasının iclasında əsas məbləğlərə hesablanmış cərimənin müəyyən qədər silinməsinə etiraz etmədiyini bildirdi. Prosessual məsələlər Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Cavabdeh ilə məhkəmə iclasında əlaqə saxlanılan zaman Bakı şəhərində yaşadığından mülki işə iştirakının olmadan baxılmasını xahiş etmişdir. Bu barədə telefonoqram tərtib edilmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir». Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, cavabdeh tərəfindən qətnamənin yalnız cərimə hissəsi mübahisələndirilir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı iddianın cərimə borcu hissəsi üzrə yoxlanmalı və digər hissələr üzrə yoxlanılmamalıdır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi “Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 363 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 316 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 75 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 56,6 manat dəbbə pulunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi” hissəsində dəyişdirilməlidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, Cavabdeh "xxxx" MMC-dən “X4 8” markalı telefonu 20 ay müddətinə hər ay 27,1 manat; xx.xx.2020ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********96629 olan iPhone 8 plus markalı telefonu 15 ay müddətinə hər ay 63 manat, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********02363 olan X4 9S markalı telefonu 12 ay müddətinə hər ay 50 manat, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, “Lenovo” markalı komputeri 24 ay müddətinə hər ay 96.7 manat, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, New Klassika çarpayı, dolab, termo, tumba, Matrası 24 ay müddətinə hər ay 110.2 manat ödəmək şərti ilə almışdır. Lakin, cavabdeh müqavilənin şərtlərin pozmuş və üzərinə düşən öhdəlikləri vaxtında icra etməmişdir. Nəticədə onun xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 2424.4 manat ödənilməmiş hissə, 363 manat dəbbə pulu; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 1934 manat ödənilməmiş hissə, 316 manat dəbbə pulu; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 230.3 manat ödənilməmiş hissə, 75 manat dəbbə pulu; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, 189 manat ödənilməmiş hissə, 56.6 manat dəbbə pulu; xx.xx.2019cu il tarixli müqaviləsinə əsasən, 18.7 manat ödənilməmiş hissə olmaqla, cəmi 5607 manat məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflərin arasında yaranmış mübahisə, nisyə satılmış əşyanın dəyərinin ödənilməsi münasibətləri üzrə yaranmışdır. Ona görə də işin hallarına nisyə satılmış əşyanın dəyərinin ödənilməsi ilə bağlı qanunvericiliyə əsasən hüquqi qiymət verilməli və Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. Mülki Məcəllənin 567-ci maddəsində alğı-satqı müqaviləsinin anlayışı müəyyən edilərək göstərilir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsidir. Həmin normada deyilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsində deyilir ki, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri tərəflər arasında müqavilənin olmasıdır. İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında nisyə satılmış əşyaların dəyərinin ödənilməsi ilə bağlı müqavilə olmuşdur. Həmin müqavilə üzrə cavabdeh öhdəliklərini lazımınca yerinə yetirməmiş və ona cərimə borcları hesablanmışdır. Məhkəmə kollegiyası tərəflər arasında üzrə cərimə olaraq hesablanmış cərimə borclarının tutulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız sayır. Belə ki, cərimə məbləğinin ödənilməsinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Tərəflər arasında bağlanmış müqavilədən görünür ki, dəbbə pulu barədə şərt mövcuddur. Mülki Məcəllənin 465.2-ci maddəsində deyilir ki, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə kollegiyası dəbbə pulu ilə bağlı gəldiyi nəticəni daha ətraflı izah etmək üçün qeyd edir ki, öhdəliklərin icrasının təmin edilməsinin xüsusi vasitələrindən biri kimi dəbbə pulu çıxış edir. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Dəbbənin hüquqi mahiyyəti ondan ibarətdir ki, dəbbə qanunda və müqavilədə nəzərdə tutulmuş hallarda tətbiq edilən maddi təsir tədbiri, yəni pul tənbehi kimi çıxış edir. Bu tənbeh, borclunun mülkiyyət hüquqlarına təsirsiz ötmür və dəbbə pulu tələbi müəyyən dərəcədə borclunun mülkiyyətinə müdaxiləni ifadə edir. Nəzərə alınmalıdır ki, dəbbə pulu ilə bağlı tələb həll edilərkən, borclu şəxsin də mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bu baxımdan kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq cavabdehə cərimə hesablanmasının mümkünlüyü barədə nəticəyə gəlmişdir. Çünki, tərəflər arasında bağlanılmış müqavilədə cərimənin tutulması barədə göstəriş vardır. Lakin, müəyyən olunan cərimənin məbləği işin hallarına, kreditin məbləğinə və borclunun əmlak vəziyyətinə uyğun deyildir. Kollegiya hesab edir ki, cərimənin məbləğinin xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələr üzrə ümumilikdə 81,6 manat məbləğdə müəyyən edilməsi əsaslıdır. Bu məbləğ işin hallarına görə tənasübsüz dərəcədə yüksək sayıla bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli, cavabdehdən tutulmalı olan cərimə borcunun məbləği ümumilikdə 81,6 manat məbləğdə müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki iddianın qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392 və 402.1, maddələrini rəhbər tutaraq, Qətetdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(042)-946/2022 saylı qətnaməsi yoxlanılan hissədə yəni, “Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 363 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 316 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 75 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 56,6 manat dəbbə pulunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi” hissəsində dəyişdirilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 36.6 (otuz altı manat, altı qəpik) manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 31.6 (otuz bir manat altı qəpik) manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 7.5 (yeddi manat əlli qəpik) manat və xx.xx.2020-ci il tarixli müqavilə üzrə 5.6 (beş manat altmış qəpik) manat məbləğdə cərimə borcu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar