Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-942/2024 23.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli 2(021)-299/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı Cavabdeh səhlənkar hərəkəti nəticəsində vurmuş olduğu maddi və mənəvi ziyana görə 3000 manat ziyanın alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, maddi ziyanın 1850 manat, mənəvi zərərin isə 1150 manat olduğunu qeyd etmişdir. Bərdə Rayon Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli 2(021)-299/2024 nömrəli qətnaməsi ilə (hakim Qamət Əbilov) İddiaçı Cavabdeh qarşı “maddi ziyan və mənəvi zərər” tələbinə dair iddianın təmin edilməməsi; İş üzrə ödənilmiş 50 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun və ailə üzvlərinin xüsusi mülkiyyətində torpaq sahəsi var. Həmin torpaq sahəsi yaşadıqları kənddən xeyli kənarda yerləşir və oraya getmək üçün Oğlanbaba meşəsi deyilən yerin yanından keçirlər. Lakin torpaq sahəsinə keçib getmək təhlükəli və qorxuludur. Çünki, həmin meşədə olan çaqqallar, canavarlar insanlara heyvanlara dəfələrlə hücum çəkmişlər. Bu isə onları həmişə ehtiyatlı olmağa sövq etmişdir. Onlar həmin torpaq sahəsində ailə gəlirlərini yaxşılaşdırmaq üçün mal-qara saxlayırlar. Mal-qaranın isə hər zaman bütün işlərini o görmüşdür. xx.xx.2023-cü il tarixdə həyatı təhlükəyə məruz qalmamaq üçün özünə məxsus olan “İJ" markalı 16 kolibrili bir lülə E38421 nömrəli ov silahını götürüb evdən çıxmış və mal-qaranı otlaqdan gətirmək üçün yola düzəlmişdir. Lakin həmin zaman Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarından biri hazırkı iş üzrə Cavabdeh ona hücum çəkmiş, ona zor tətbiq edərək əlində olan silahını və üzərində olan cəmi 1 ədəd patronu almışdır. Həmin zaman isə ona protokol yazacağını və protokol əsasında yazılmış 1000 manat cəriməni lazımi quruma ödəyəcəyini bildirərək getmişdirlər. O, nə olduğunu anlaya bilmədiyindən lazımı orqana yaxınlaşmış və ona 1000 manat cərimə yazıldığı barədə protokolu istəmişdir. Protokolu aldıqdan sonra isə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli MNN ******* nömrəli qərarından Bərdə Rayon Məhkəməsinə şikayət vermişdir. Bərdə Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixdə işə baxaraq şikayətinin təmin olunması barədə 3(021)-98/2023 saylı qərar qəbul etmişdir. Həmin qərara əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli MN ******* saylı qərarı ləğv edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(104)-317/2023 saylı qərarı ilə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmdən saxlanılmışdır. Hazırda Azərbaycan Respublikası Ekologiya və Təbi Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı hazırkı iş üzrə Cavabdeh qanunsuzluq edərək ona cərimə yazması nəticəsində onun vaxtını almış, 1500 manat dəyərində iri buynuzlu heyvanının itməsinə səbəb olmuşdur. Qərardan şikayət verdiyi zaman şikayət yazdırmaq üçün 50 manat ödəmiş, Bərdə rayonu Nazırlı kəndindən Ekologiya və Təbii Sərvətlər İdarəsinə 3 dəfə getdiyi üçün 60 manat olmaqla cəmi 180 manat, Bərdə rayonu Nazırlı kəndindən Bərdə Rayon Məhkəməsinə şikayət ərizəsini gətirdiyi zaman taksi pulu 30 manat, şikayətə baxılması üçün məhkəmə iclasına gəldiyi zaman taksi pulu 30 manat, Bərdə rayonu Nazırlı kəndindən Gəncə Apelyasiya Məhkəməsinə getmək üçün taksi pulu 60 manat ödəniş etmişdir. Hətta şikayət ərizəsini vermək üçün Bərdə rayonundan Ağcabədi rayonuna gedərək, Bərdə Rayon Məhkəməsinə və Gəncə Apellyasiya Məhkəməsinə gedərək vaxt itirdiyi üçün və ən önəmlisi heyvanı itirdiyi üçün işləyə bilməmiş və ailəsinə gəlir əldə edə bilməmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı Cavabdeh səhlənkar hərəkəti nəticəsində ona maddi və mənəvi ziyan vurmuşdur. İş materaillarında olan: Azərbaycan Respublikası DİN Bərdə rayon Polis Şöbəsi tərəfindən verilmiş 01 №li Şəhadətnamənin surətindən görünür ki, “İJ" markalı 16 kolibrili bir lülə E38421 nömrəli ov silahı saxlanması və təyinatı üzrə istifadə edilməsi üçün İddiaçı verilmişdir; Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Bərdə rayon ərazisində qeyd olunan tarixdə reyd keçirən zaman Bərdə rayonu Nazırlı kəndi ərazisində yerləşən X9 X2 Meşəbəyliyinin 01 saylı dolayısında meşə arası yolun sağ hissəsində 2 nəfər şəxsin ov təqib etməsini müşahidə etmişlər. İddiaçı üzərinə baxış keçirilmiş, baxış zamanı onun üzərində 1 ədəd 16 kalibrili təklüləli № E-38421 nömrəli ov silahı və silahın içərisində 01 ədəd 16 kalibrili patron dolu vəziyyətdə aşkar olunmuşdur. Lakin onun üzərindəki çantadan heç bir ovlanmış ov qəniməti aşkar edilməmişdir; Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati xəta haqqında MN № ******* saylı, 09 yanvar 2023-cü tarixli protokolunun surətindən görünür ki, Bərdə rayonu Nazırlı kənd ərazisində Bərdə RMTM-nin Oğlanbaba Meşəbəyliyinin 01 saylı dolayısında İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə saat 10:00 radələrində qanunsuz ov təqib etdiyi üçün İXM-nin 272.3-cü maddəsi ilə barəsində protokol tərtib edilmişdir; Bərdə Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli 3(021)-98/2023 nömrəli qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü tarixli, MN № ******* saylı qərarı ləğv edilmiş və İddiaçı barəsində İXM-in 272.3-cü mаddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir; Gəncə Apellyasiya Məhkəməsinin 31 may 2023-cü il tarixli 3(104)-317/2023 nömrəli qərarının surətindən görünür ki, Bərdə Rayon Məhkəməsinin 3(021)98/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından verilmiş şikayət təmin olunmamış, Bərdə Rayon Məhkəməsinin 9 fevral 2023-cü il tarixli 3(021)-98/2023 saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır; Cavabdeh xx.xx.2023-cü il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hüquq və X4 müdiri Aynurə Kərimovaya verdiyi izahatında qeyd etmişdir ki, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 5 nəfər əməkdaşları ilə birgə xx.xx.2023-cü il tarixdə reyd keçirərkən Bərdə rayon Nazırlı kəndi ərazisində yerləşən X9 X1 meşəbəyliyinin 01 saylı meşə dolayında meşə arası yolun sağ hissəsində 2 vətəndaşın üzərlərində atışa hazır vəziyyətdə ov silahı yanlarında 1 ədəd ov tulası ilə meşə ərazisində ovu təqib edərkən (yəni güdərkən) tərəflərindən saxlanılmışdır. Həmin şəxslər onlara heç bir sənəd təqdim etmədən şifahi olaraq Bərdə rayonu Nazırlı kənd sakinləri olduqlarını və ova icazə sənədi almadıqlarını bildirmişlər. Onlardan biri şifahi olaraq adlarının İddiaçı və Mənsur Babaşov olduğunu bildirmişdirlər. Onların qanunsuz ov təqib etmələrini əsas tutaraq üzərlərində olan 2 ov silahı və patronlar tərəflərindən götürülmüşdür. İddiaçı çiynində olan ov çantasını və özünün dediyinə görə ona məxsus ov tulasını götürmək mümkün olmamışdır. İddiaçı barəsində tərəflərindən 09.01 2023-ci il il tarixli 77185 saylı akt tərtib edilmiş, lakin o, akta imza etməkdən imtina etmişdir. Həmin şəxslərin üzərlərində şəxsiyyət vəsiqələri və ov silahının qeydiyyat sənədləri üzərlərində olmadığından onlara snədlərini götürərək İdarəyə gəlməkləri təklif edilmişdir. İddiaçı həmin gün yəni xx.xx.2023-cü il tarixdə idarəyə gələrək şəxsiyyət vəsiqəsini və ov silahının qeydiyyat sənədini təqdim etmiş və izahat verərək bəhanələr gətirməklə ov silahı və yanındakı ov iti ilə heyvanını axtarmağa getdiyini bildirsə də onunla birlikdə ov təqib edən X6 ova gəldiklərini etiraf etmişdir. Lakin İddiaçı bəhanəsi əsas vermir ona görə ki, onunla birlikdə ova gələn şəxs ova gəldiklərini etiraf etmiş onun üzərində ov silahının atışa hazır vəziyyətdə olması, çiynində ov çantası olması və yanında ov tulasının olması onun ov təqib etməsinə əsasdır. Bundan sonra İddiaçı barəsində xx.xx.2023-cü il tarixli MN ******* saylı protokol ovçuluq haqqında qanunun tələblərinə uyğun aparılmış, yəni vətəndaş əlində ov silahı ilə əraziyə hazır vəziyyətdə çıxırsa ov vurmasa belə bu ov etmə sayılır. Yazdığı protokol əsaslı olduğu üçün İddiaçı barəsində İdarə tərəfindən 1000 manat məbləğində inzibati tənbeh verilməsi haqqında qərar çıxarılmışdır; Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, cavabdehin ona vurmuş olduğu maddi və mənəvi ziyanın cəmi məbləği 3000 manatdır. Çünki cavabdeh onu qanunsuz olaraq cərimələdiyinə görə onun bir neçə gün vaxtı itmiş, 1500 manatlıq dəyərində iri buynuzlu heyvanı itmişdir. İnzibati xəta haqqında protokol tərtib edilməsinə dair qərardan şikayət verdiyi zaman şikayət yazmaq üçün 50 manat ödəmiş, Bərdə rayonu Nazırlı kəndindən Ekologiya və Təbii Sərvətlər İdarəsinə 3 dəfə getdiyi üçün hər dəfə 60 manat olmaqla, cəmi 180 manat, Bərdə rayonu Nazırlı kəndindən Bərdə Rayon Məhkəməsinə şikayət ərizəsini gətirdiyi zaman taksi pulu 30 manat, şikayətə baxılması üçün məhkəmə iclasına gəldiyi zaman taksi pulu 30 manat, Bərdə rayonu Nazırlı kəndindən Gəncə Apellyasiya Məhkəməsinə getmək üçün taksi pulu 60 manat ödəniş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, heyvanlarını otarmaq üçün qanuni sahibliyində olan ov tüfəngi ilə meşəyə getmişdir və meşə ərazisində olan zaman Cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyiin əməkdaşı olaraq onu saxlamış və ov tüfəngi olan silahını əlindən almışdır. Bundan sonra, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə getmiş və ona məlum olmuşdur ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilərək 1000 manat məbləğində cərimə edilmişdir. Şikayəti əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin qərarı məhkəmə tərəfindən ləğv edilmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona 1850 manat maddi ziyan və 1150 manat mənəvi zərər dəymişdir. Həmçinin meşədə baş verən hadisədən sonra bir baş inəyini itirmişdir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində baş müfəttiş vəzifəsində işləyir. Bərdə rayonu Nazırlı kəndi ərazisində yerləşən X9 X1 meşəbəyliyinin 01 saylı meşə dolayında yoxlamada olan zaman İddiaçı üzərindəki bir ədəd ov tüfəngi ilə orada olmuşdur. Həmin vaxt iddiaçıdan şəxsiyyət vəsiqəsini və ov tüfənginin sənədini istədikdə sonuncu sənədlərinin üzrərində olmadığını bildirmişdir. Qanunvericiliyin tələblərinə əsasən iddiaçıya məxsus ov tüfəngi idarəyə aparılmışdır. Sonradan da müəyyən olunmuşdur ki, iddiaçının ov etmək üçün icazəsi olmamışdır. Ona görə də qanunla müəyyən edilmiş qaydada iddiaçının barəsində inzibati tənbeh vermə haqqında protokol tərtib edilmişdir. İddiaçıya maddi və mənəvi zərər vurmaq barədə onun heç bir təqsiri olmamışdır. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırıldıqda müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslığı tam yoxlanılmalıdır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, İddiaçı 09 yanvar 2023-cü il tarixdə sahibliyində olan 1 ədəd 16 kalibrili təklüləli № E-38421 nömrəli ov silahı və silahın içərisində 01 ədəd 16 kalibrili patron dolu vəziyyətdə Bərdə rayonu Nazırlı kəndi ərazisində yerləşən X9 X1 meşəbəyliyinin 01 saylı meşə dolayında hərəkət edərkən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı olan Cavabdeh tərəfindən qanunsuz ov etməsi əsası ilə saxlanılmış və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan sonra adıçəkilən idarə tərəfindən İXM-nin 272.3-cü maddəsi ilə İddiaçı barəsində inzibati tənbeh vermə haqqında protokol tərtib edilərək 1000 manat məbləğində inzibati qaydada cərimə tənbehi tətbiq edilmişdir. İddiçı İddiaçı həmin qərardan məhkəməyə şikayət vermiş və Bərdə Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli 3(021)98/2023 nömrəli qərarı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 23 yanvar 2023-cü tarixli, MN № ******* nömrəli qərarı ləğv edilmiş və İddiaçı barəsində İXMin 272.3-cü mаddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 31 may 2023-cü il tarixli 3(104)317/2023 nömrəli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Bərdə rayonu Nazırlı kəndi ərazisində yerləşən meşə ərazisində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı olan Cavabdeh tərəfindən saxlanılması nəticəsində maddi ziyana düşdüyünü, habelə mənəvi zərər çəkdiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən olunmuş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 13 iyun 2002-ci il tarixli qərarına əsasən şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunarsa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər biləvasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli qərarında məhkəmələrin diqqəti Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamənin qanuni və əsaslı tərtib olunmasının zəruriliyinə cəlb edilmiş, məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edildiyi vurğulanmışdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi onu tələb edir ki, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələr belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalıdırlar. Bununla hər kəs onun barəsindən çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına əsasən İddiaçı 09 yanvar 2023-cü il tarixdə sahibliyində olan 1 ədəd 16 kalibrili təklüləli № E-38421 nömrəli ov silahı və silahın içərisində 01 ədəd 16 kalibrili patron dolu vəziyyətdə Bərdə rayonu Nazırlı kəndi ərazisində yerləşən X9 X1 meşəbəyliyinin 01 saylı meşə dolayında hərəkət edərkən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı olan Cavabdeh tərəfindən saxlanılaraq ov etmək üçün müvafiq icazənin olmaması əsası ilə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və bunun nəticəsində İXM-nin 272.3-cü maddəsi ilə barəsində 1000 manat məbləğində inzibati qaydada cərimə tənbehi tətbiq edilmişdir. Sonradan isə məhkəmə qərarı əsasında idarənin həmin inzibati xətta haqqında qərarı ləğv edilmiş və İddiaçı barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İddiaçı məhz işin müəyyən olunmuş sözügedən hallarına istinad edərək müvafiq iddia tələblərini irəli sürmüş, birinci instansiya məhkəməsi isə sübut yetərsizliyi əsası ilə iddia tələbini təmin etməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyini qanuni və əsaslı hesab etmir; belə ki, mülki qanunvericilikdə dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyətlə bağlı müvafiq qaydalar müəyyənləşdirilmişdir. Mülki Məcəllənin 1100-cü maddəsində deyilir ki, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Göründüyü kimi, mülki qanunvericilikdə imperativ qaydada müəyyən edilmişdir ki, müvafiq orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən həmin orqanın qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə tərəfindən ödənilməlidir. İddiaçı isə iddia tələbini bu tələbə cavab verməli olmayan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində baş müfəttiş vəzifəsində işləyən cavabdeh X3 yönəltmişdir. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə və təmin oluna bilər; Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində baş müfəttiş vəzifəsində işləyən cavabdeh X5 isə iddiaçının müvafiq tələbinə cavab verməli olan subyekt deyildir. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, irəli sürdüyü iddia tələbinə münasibətdə iddiaçı məhkəmə müdafiəsi hüququna malik olsa belə, həmin tələb buna cavab verməli olan subyektə qarşı yönəldilmədiyindən təmin edilə bilməz; iddianın əsaslılığı məsələsinə isə, iddiaya cavab verməli olan subyektə qarşı tələb irəli sürüldüyü təqdirdə müvafiq məhkəmə qərar verə bilər. Qeyd edilməlidir ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (MPM-nin 50-ci maddəsi). Həmçinin qeyd olunmalıdır ki, MPM-nin 51-ci maddəsinə görə, başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər, lakin digər cavabdehin işə qoşulması məsələsi hər bir halda iddiaçı tərəfindən ona qarşı tələb irəli sürülməsi qaydasında həyata keçirilməlidir. Həmin Məcəllənin 51.3-cü maddəsinə görə isə, başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Ona görə də qətnamə ləğv olunmalı və yeni qətnamə çıxarılaraq iddia təmin edilməməlidir. MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə; 384.0.3-cü maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-nin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İşdən müəyyən olunur ki, iddianın qiyməti 5000 manatdan azdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, bu qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmur. Göstərilənlərə əsasən və MPM-nin 372-376, 378-382, 384, 385, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli 2(021)-299/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-942/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-942/2024
23.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver