Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-943/2024 23.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Süleymanov Loğman Srac oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli 2(125)-1566/2022 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin Gəncə filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK № 142/İST/2022 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi; xx.xx.2022-ci il tarixli, İK № 142/İST/2022 saylı kredit müqaviləsi üzrə 5000 manat əsas, 331.68 manat faiz, 262.10 manat cərimə, cəmi 5593.78 manat məbləğində borcun və ödənilmiş 75.94 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir Gəncə Şəhər Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli 2(125)-1566/2022 nömrəli qətnaməsi ilə (hakim Xədicə Səfərli) iddia təmin edilərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK № 142/İST/2022 saylı kredit müqaviləsinin ləğv edilməsi; xx.xx.2022-ci il tarixli, İK № 142/İST/2022 saylı kredit müqaviləsi üzrə 5000 manat əsas, 331.68 manat faiz, 262.10 manat cərimə borcu olmaqla, cəmi 5593 (beş min beş yüz doxsan üç) manat 78 (yetmiş səkkiz) qəpik pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 75 (yetmiş beş) manat 94 (doxsan dörd) qəpik pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK № 142/İST/2022 saylı kredit müqaviləsi üzrə, bank borcalana illik 16.7 faiz dərəcəsi ilə 24 ay müddətinə 5000 manat kredit vermiş, borcalan isə krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ASC, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsinə əsasən, Cavabdeh1 tərəfindən xx.xx.2022-ci il tarixli, İK № 142/İST/2022 saylı kredit müqaviləsi üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsinə görə Cavabdeh2 və Cavabdeh3 kreditor qarşısında zamin qismində öz üzərinə məsuliyyət götürmüşlər. Buna baxmayaraq, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş və nəticədə iddia ərizəsində göstərilən məbləğdə borcu yaranmışdır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədən kənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq, heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları cavabsız qalmışdır. İş materiallarında olan: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK № 142/İST/2022 saylı kredit müqaviləsindən görünür ki, Bank borcalana illik 16.7 % dərəcəsi ilə, 24 ay müddətinə 5000 manat kredit vermiş, borcalan isə krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür; İddiaçı ASC, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 tərəfindən xx.xx.2022-ci il tarixli, İK № 142/İST/2022 saylı kredit müqaviləsi üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsinə görə Cavabdeh2 və Cavabdeh3 kreditor qarşısında zamin qismində öz üzərinə məsuliyyət götürmüşdür; Xəbərdarlıqlardan görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsi barədə kreditor tərəfindən cavabdehlərə xəbərdarlıq edilmişdir; İddiaçı ASC-nin 24 oktyabr 2022-ci il tarixli 537 nömrəli maliyyə arayışından görünür ki, borclu Cavabdeh1 xx.xx.2022-ci il tarixli, İK № 142/İST/2022 saylı kredit müqaviləsi üzrə 5000 manat əsas borcu, 311,68 manat faiz borcu, 262,10 manat cərimə borcu olmaqla, cəmi borcu 5593,78 manat təşkil edir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, işə baxılmasının yeri və vaxtı barədə ona məlumat verilməmişdir. İştirakı olmadan işə baxılması ilə tərəflər arasındakı çəkişmə və bərabərlik prinsipi pozulmuşdur. Bundan başqa, birinci instansiya məhkəməsi bank tərəfindən təqdim edilmiş maliyyə arayışı əsasında iddianı qismən təmin etmişdir. Halbuki, kredit müqaviləsi üzrə borc məbləğinin müəyyən edilməsi üçün mühasibatlıq ekspertizası təyin edilməsinə zərurət vardır. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, maddi imkanı yoxdur, ona görə də kredit borcunu ödəməkdə çətinlik çəkir. Kredit müqaviləsi üzrə borcun tutulması pensiyasına yönəldilmişdir. Kredit müqaviləsi üzrə ödəniş etməmişlər, lakin hesab edir ki, borc məbləği düzgün hesablanmamışdır. Cavabdeh2 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1 apellyasiya şikayətini qəbul etməyərək iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir». Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin cavabdeh (zamin) Cavabdeh2 borcun tutulması hissələri üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı mübahisələndirməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, qətnamədən cavabdeh (borclu) Cavabdeh1 və zamin Cavabdeh3 apellyasiya şikayəti vermədiyindən qətnamə onlara münasibətdə yoxlanılmır (müştərək borcluluqdan irəli gələn hədd istisna olmaqla). Kollegiya bu qənaətini onunla əsaslandırır ki, iddianın əsas borclu və digər zaminə qarşı yönəlmiş hissələri bir-biri ilə bağlı olmaqla mübahisənin predmeti bölünməz xarakterli olsa da, Zamin Cavabdeh2 verdiyi şikayətə əsasən qətnamənin bütünlüklə və digər şəxslərə münasibətdə yoxlanılması sonuncuların hüquqlarına toxunan hal kimi qiymətləndirilə bilər. Beləliklə qətnamə digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 münasibətdə hazırkı apellyasiya baxışı çərçivəsində yoxlanılmır (müştərək borcluluqdan irəli gələn hədd istisna olmaqla). Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK № 142/İST/2022 saylı kredit müqaviləsi üzrə, bank borcalana illik 16.7 % dərəcəsi ilə, 24 ay müddətinə 5000 manat kredit vermiş, borcalan isə krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ASC, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsinə əsasən, Cavabdeh1 tərəfindən xx.xx.2022-ci il tarixli, İK № 142/İST/2022 saylı kredit müqaviləsi üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsinə görə Cavabdeh2 və Cavabdeh3 kreditor qarşısında zamin qismində öz üzərinə məsuliyyət götürmüşdür. Borcalan kredit müqaviləsi üzrə öddəliklərini vaxtında və lazımi qaydada icra etmədiyindən kreditor hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Zamin Cavabdeh2 isə bildirir ki, kredit müqaviləsi üzrə borc məbləğinin müəyyən edilməsi üçün iş üzrə mühasibatlıq ekspertizası təyin edilməlidir. MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən olunmuş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri kredit ilə bağlı yaranan mülki münasibətlərdir. Ona görə də işin hallarına tərəflər arasında bağlanmış kredit və bank hesabı müqaviləsinə, habelə qanunvericiliyin faiz borcu ilə bağlı müddəaları əsasında hüquqi qiymət verilməlidir. Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsindən bəhs edən 2-ci fəslinin 14.2.1-ci maddəsinə görə, Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. İddia tələbinin kökündə tələb etmənin əsası xx.xx.2022-ci il tarixli, İK № 142/İST/2022 saylı kredit müqaviləsi dayanır. Məhz iddiaçı bank həmin müqaviləni rəhbər tutaraq hazırda cavabdehlərdən əsas,ona hesablanmış faiz və cərimə borcu tələb edir və əsas kimi göstərir ki, borcalan kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir, apellyator isə kredit borcunun mövcudluğunu inkar etməyərək yalnız borcun düzgün hesablanmadığını mübahisələndirmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən olunmuş hallarına əsasən borcalan Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəsaitini banka ödəməli olduğu halda öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuşdur. Bu qənaətinə uyğun olaraq kollegiya apellyatorun borcun düzgün hesablanmaması və ekspertiza təyin edilməsi barədə vəsatəti ilə bağlı göstərir ki, bu dəlil formal mülahizə olmaqla cavabdehin subyektiv mülahizəsinə söykənir. Məhkəmə kollegiyasının bu nəticəyə gəlməsinə əsas MPM-nin 77.1-ci və Mülki Məcəllənin 433.3-cü maddəsidir. MPM-nin 77.1-ci maddəsində göstərilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. (Mülki Məcəllənin 433.3-cü maddəsi). Məhkəmə kollegiyası diqqətə çatdırır ki, cavabdeh tərəfindən edilmiş ödənişlər barədə apellyasiya şikayətinə mötəbər sübutlar (ödəniş qəbzləri, mədaxil orderləri və.s.) təqdim edilməmişdir. Əksinə iş materiallarında olan maliyyə arayışı ilə borc məbləği dəqiqliklə göstərilmişdir. Həmin arayışı şübhə altına alacaq hər hansı əsas olmamaqla hər hansı xüsusi biliyin tətbiqinə zərurət yoxdur. Məhkəmə kollegiyası kredit müqaviləsi üzrə müəyyən olunmuş 331,68 manat faiz borcuna münasibətdə qeyd edir ki, tərəflər verilmiş kreditə görə faizlərin ödənilməli olduğunu müqavilədə nəzərdə tutmuşlar və cavabdeh müqavilə üzrə öhdəliklərin vaxtında və lazımi qaydada icra edilməsini üzərinə götürmüşdür. Bununla da tərəflər öz hüquq və vəzifələrini müəyyənləşdirmişlər. Kredit müqaviləsinin şərtlərinə uyğun olaraq da faiz borcu hesablanmışdır. Faiz borcunun düzgün hesablanmasını şübhə altına alacaq hər hansı əsas yoxdur. Həmçinin cərimə məbləğinin ödənilməsinin hüquqi əsasları kimi qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Tərəflər arasında bağlanmış kredit müqavilələsindən görünür ki, dəbbə pulu barədə şərt mövcuddur. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi düzgün olaraq kredit müqaviləsi üzrə cərimə hesablanmasının mümkünlüyü barədə nəticəyə gəlmiş və 262,10 manat cərimə borcu müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan məbləğdə dəbbə pulu işin hallarına görə tənasübsüz dərəcədə yüksək sayıla bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkəmə yoxlanılan hissədə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə qanuni və əsaslıdır, qətnamənin yoxlanılan hissədə ləğvi üçün heç bir hüquqi əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə Cavabdeh2 Mikayıl oğluna münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. MPM-nin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və MPM-nin 372-376, 378-382, 384.0.1, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli 2(125)-1566/2022 nömrəli qətnaməsi yoxlanılan hissədə Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-943/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-943/2024
23.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver