Məhkəmə qərarları › İş №2(104)-953/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-953/2023

01.06.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-953/2023 01.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı2, İddiaçı1 vəkili X2 iştirakları ilə, «yaşayış sahəsinə istifadə hüququnun tanınması və mənzilə köçürmə» tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, 2(061)1006/2022 nömrəli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax filialının verdiyi arayışdan görünür ki, Mirbəşir rayon ZDS İcraiyyə Komitəsinin xx.xx.1975-ci il tarixli, 21 nömrəli iclac protokolunun surətindən görünür ki, həmin iclasda yaşayış sahəsi 39,42 kv. metr olan, Kanal istismar idarəsində texnik işləyən 4 nəfər ailə üzvü olan X4 Nizami küçəsində 3-cü blok, 1 -ci mərtəbədə 3 otaqdan ibarət 11 saylı mənzilin verildiyi qeyd edilmişdir. İddiaçı2 və İddiaçı1 xx.xx.2007-ci il tarixli ərizələrindən məlum olur ki, Tərtər şəhəri Nizami küçəsi 105 saylı evin 11 saylı mənzilinin X1 adına özəlləşdirilməsinə etirazlarının olmadığını bildirmişlər. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2007-ci ii tarixdə ********* saylı seriya MH ******* saylı çıxarışının təsdiq olunmuş surətindən görünür ki, Tərtər şəhəri, Nizami küçəsində istifadədə olan 0,058 ha torpaq sahəsində yerləşən 91 nömrəli, 2 mərtəbəli binanın 3-cü girişində, 1-ci mərtəbəsində yerləşən 60,9 kv. metr ümumi, 40 kv. metr yaşayış sahəsindən ibarət, 3 otaqlı 11 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 76 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə sorğu edilərək alınmış cavab məktubdan görünür ki, Tərtər şəhəri, Nizami küçəsində istifadə olan 0,058 ha torpaq sahəsində yerləşən 91 saylı, 2 mərtəbəli binanın 3-cü girişində, 1-ci mərtəbəsində yerləşən 60,9 kv.metr ümumi, 40 kv.metr yaşayış sahəsindən ibarət 3 otaqlı 11 saylı mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2021-ci il tarixdə Tərtər rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm haqqında arayışın surətindən görünür ki, X7 26 yanvar 2012-ci ildə vəfat etmişdir. Tərtər rayon İcra Hakimiyyəti Tərtər Mənzil İstismar sahəsinin 376 nömrəli, 09 sentyabr 2021-ci il tarixli arayışından görünür ki, İddiaçı2, İddiaçı1 ilə birlikdə 27 sentyabr 2020-ci il tarixə kimi bacısı Cavabdeh1 məxsus evdə yaşamışlar. Birinci instansiya məhkəməsində icraat: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 qarşı ünvan 1 ünvanında yerləşən evə istifadə hüquqlarının tanınması və mənzilə məcburi köçürülmələri barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tərtər şəhəri, Nizami küçəsi, ev 91, mənzil 11 ünvanında yerləşən mənzil onların və Cavabdeh1 ata evidir. Onlar 40 ildən artıq həmin mənzildə valideynləri ilə birgə yaşamışlar. 26 yanvar 2012-ci ildə ataları X7, 27 oktyabr 2017-ci ildə isə anaları X5 vəfat etmişlər. Ataları 2006-cı ildən yataq xəstəsi olmuşdur. Cavabdeh 1990-cı ildə özbaşına, atasının iradəsi əleyhinə ailə qurub və ər evinə köçmüşdür. Təqribən 2001-2002- ci illərdə həyat yoldaşı bir qızı ilə cavabdehi tərk edərək Rusiyaya getmişdir. Həmin vaxtdan cavbdeh yenidən qayıdaraq ata evində yaşamağa başlamışdır. 27 sentyabr 2020-ci il tarixinə qədər hər üçü və cavabdehin qızı X3 mübahisəli evdə yaşamışlar. Həmin tarixdə digər şəhər sakinləri kimi onlar da öz evlərini tərk etməyə məcbur olmuşlar. Müvəqqəti Bərdə şəhərində məskunlaşmışlar. “44” günlük müharibə bitdikdən sonra evlərinə qayıtmış, lakin cavabdeh evin ona məxsus olduğunu, onlarla birlikdə yaşamaq istəmədiyini bildirmiş və onları evə buraxmamışdır. Hazırki günə qədər müxtəlif ünvanlarda kirayədə yaşamağa məcbur olmuşlar. Məhkəmə prosesində onlara məlum olmuşdur ki, ataları 2007-ci ildə mənzili cavabdehin adına sənədləşdirmişdir. Cavabdehin adına xx.xx.2007-ci il tarixli, ********* saylı qeydiyyat nömrəli çıxarış verilmişdir. İşin faktiki hallarından məlum olmuşdur ki, cavabdeh bütün bu qanunsuz hərəkətlərini gizli və şübhəli yollarla etmiş və bununla da onların hüquqlarını kobud şəkildə pozaraq onları yeganə yaşayış evlərindən məhrum etmişdir. Yaşadıqları evin atalarına deyil, cavabdehə məxsus olması barədə məlumatları olmamışdır. Bütün bunlara baxmayaraq onların da cavabdeh kimi ünvan 1 ünvanında yerləşən mənzildə yaşamaq hüquqları vardır. Hesab edirlər ki, həmin evə istifadə hüquqlarının tanınması və məcburi köçürülməkləri məsələsi məhkəmə qətnaməsi əsasında həll edilməlidir. Tərtər Rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, 2(061)1006/2022 nömrəli qətnaməsi ilə (hakim K.Rzayev) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi hesab etmişdir ki, cavabdeh mənzilin mülkiyyətçisidir və ona məxsus olan əmlakdan istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.1, 157.2-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiya məhkəməsində icraat: Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. İddiaçılar birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun 21 dekabr 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənzilin mülkiyyətçisi olmayan, lakin özəlləşdirmə zamanı kirayəçi ilə birlikdə faktiki yaşayan onun ailə üzvlərinin özəlləşdirilən mənzilə əvvəllər əldə olunmuş yaşamaq hüquqları konstitusiya əhəmiyyətli dəyərlərdən irəli gəldiyindən müdafiə olunmalıdır. Lakin hər bir halda bu mütənasib şəkildə özəlləşdirilən mənzilin mülkiyyətçisinin mülkiyyət hüquqları nəzərə alınmaqla həyata keçirilməlidir. Özəlləşdirilən mənzildə faktiki yaşayan ailə üzvlərinin həmin mənzilin onlardan birinin mülkiyyətinə verilməsi haqqında razılığının olması onların həmin mənzildə yaşamaq hüququnun imtinası kimi qiymətləndirilə bilməz. Məhkəmə iddia tələbini rədd edərkən işin faktiki hallarını, iddiaçıların 40 ildən artıq həmin mənzildə yaşamalarını, onların həmin mənzildə istifadə hüququnun olmasını, hazırda kirayədə yaşamağa məcbur olmalarını, mübahisəli mənzilin 4 nəfər ailə üzvü ilə birlikdə iddiaçıların atası X4 verilməsini, həmin mənzilin özəlləşdirilməsinə dair iddiaçıların razılıq vermələri kimi mübahisənin düzgün həlli üçün əhəmiyyətli olan halları nəzərə almamışdır. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə cavabdehin etiraz ərizəsində qeyd olunmuşdur ki, apellyator apellyasiya şikayətində yalnız «həmin mənzilin özəlləşdirilməsinə dair iddiaçıların razılıq vermələri kimi mübahisənin düzgün həlli üçün əhəmiyyətli olan halları nəzərə almamışdır» müddəasını qeyd etsə də, həmin müddəanın «Yaşayış sahəsinə istifadə hüququnun tanınması və mənzilə məcburi köçürülməyə dair» iddia ilə heç bir bağlılığın olmamasına, ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 40 kv.m- dən ibarət 3(üç) otaqlı mənzilin tam xüsusi mülkiyyətində olmasına və bu səbəbdən də ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 40 kv.m-dən ibarət 3(üç) otaqlı mənzilin onun tam xüsusi mülkiyyətində olduğundan iddiaçıların həmin mənzilə dair hər hansı bir hüquqlarının olmamasına münasibət bildirməmişdir. Başqa sözlə əgər ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 40 kv.m-dən ibarət 3(üç) otaqlı mənzil cavabdehin tam xüsusi mülkiyyətində olduğundan iddiaçılar əvvəlcə hazırki iddia ilə deyil, yalnız onun xüsusi mülkiyyətində olan həmin mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını mübahisələndirə və bu mübahisədə uğur qazandıqları təqdirdə hazırki iddia ilə məhkəməyə müraciət edə bilərdilər. Bu hal isə bir daha sübut edir ki, apelyator apellyasiya şikayətində mötəbər və təkzibedilməz dəlillərdən deyil, yalnız özü-özünü təkzib edən formal mülahizələrdən çıxış edərək mübahisə açır ki, bu da Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən mümkün deyildir. Belə ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan, mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı2 iddia tələbi və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi, əlavə olaraq bildirdi ki, 40 ildən artıq müddətdir ki, mübahisəli evdə yaşayıblar. «44 günlük Müharibə» zamanı həmin mənzildən müvəqqəti olaraq başqa yerə yaşamaq üçün getsələrdə sonradan cavabdeh onu və qardaşı İddiaçı1 mənzilə buraxmamış, həmin mənzildə yaşamalarına icazə verməmişdir. Hesab edirlər ki, onlar mənzilin özəlləşdirilməsinə razılıq versələrdə o, ümumi mənzil olub və onların həmin mənzildə istifadə hüquqları saxlanılmışdır. Hazırda onun və digər iddiaçı olan qardaşının yaşamağa yerləri yoxdur və kirayədə yaşayırlar. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 vəkili X6 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi, əlavə olaraq bildirdi ki, hazırda İddiaçı1 Bakı şəhərində kirayədə yaşasa da xx.xx.2020-ci il tarixədək mübahisəli mənzildə cavabdehlə birlikdə yaşamışdır. Həmin mənzil onların ata mülkləri olmaqla illərdir orada yaşayırlar. Lakin hazırda cavabdeh olan bacıları onların həmin mənzildə yaşamalarına icazə vermir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası:

26. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.

33. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır, qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz.

43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.3-cü maddəsinə görə, istifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 152.5-ci maddəsində göstərilir ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın;

01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsi:

123. Yaşayış evinin mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar.

53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirdər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.

54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini və tərəfin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyin müddəalarına əsasən hüquqi qiymət verərək nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməlidir. İşin hallarından görünür ki, tərəflər bacı-qardaş olmaqla qohumdurlar və mübahisə predmeti olan ünvan 2ünvanında yerləşən mənzil Mirbəşir rayon ZDS İcraiyyə Komitəsinin xx.xx.1975-ci il tarixli, 21 nömrəli iclac protokoluna əsasən mərhum ataları Əjdər Əsədova verilmiş, iddiaçılar və cavabdeh mübahisəli mənzildə qeydiyyatda olmaqla iddiaçılar mübahisəli mənzilin cavabdeh olan bacılarının adına özəlləşdirilməsinə razılıq ərizələrinə əsasən mənzil sonuncunun adına özəlləşdirilməklə mülkiyyətinə verilmişdir. Belə ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax filialının verdiyi arayışdan görünür ki, Mirbəşir rayon ZDS İcraiyyə Komitəsinin xx.xx.1975-ci il tarixli, 21 nömrəli iclac protokolunun surətindən görünür ki, həmin iclasda yaşayış sahəsi 39,42 kv. metr olan, Kanal istismar idarəsində texnik işləyən 4 nəfər ailə üzvü olan X4 Nizami küçəsində 3-cü blok, 1 -ci mərtəbədə 3 otaqdan ibarət 11 saylı mənzilin verildiyi qeyd edilmişdir. İddiaçı2 və İddiaçı1 xx.xx.2007-ci il tarixli ərizələrindən məlum olur ki, Tərtər şəhəri Nizami küçəsi 105 saylı evin 11 saylı mənzilinin X1 adına özəlləşdirilməsinə etirazlarının olmadığını bildirmişlər. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2007-ci ii tarixdə ********* saylı seriya MH ******* saylı çıxarışının təsdiq olunmuş surətindən görünür ki, Tərtər şəhəri, Nizami küçəsində istifadədə olan 0,058 ha torpaq sahəsində yerləşən 91 nömrəli, 2 mərtəbəli binanın 3-cü girişində, 1-ci mərtəbəsində yerləşən 60,9 kv. metr ümumi, 40 kv. metr yaşayış sahəsindən ibarət, 3 otaqlı 11 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 76 nömrəli vərəqində qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıların mənzilin Cavabdeh1 adına özəlləşdirilərək mülkiyyət hüququnun qeydə alınmasına yazılı razılıq vermələrini sonuncuların mənzildən istifadə hüququnun imtinası kimi qiymətləndirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə müəyyən edilməli olan məsələ mübahisəli mənzilin hüquqi statusu və iddiaçıların həmin mənzil üzrə istifadə hüquqlarının olub-olmamasıdır. İlkin olaraq qeyd edilir ki, hazırki tələb daşınmaz əmlakın üzərində mülkiyyət hüququnun və bundan irəli gələn sərəncam hüququnun mübahisələndirilməsi olmamış, həmin daşınmaz əmlakda iddiaçıların istifadə hüququnun bərpasına yönəlmişdir. Tərtər şəhəri, Nizami küçəsində istifadədə olan 0,058 ha torpaq sahəsində yerləşən 91 nömrəli, 2 mərtəbəli binanın 3-cü girişində, 1-ci mərtəbəsində yerləşən 60,9 kv. metr ümumi, 40 kv. metr yaşayış sahəsindən ibarət, 3 otaqlı 11 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh1 mülkiyyətindədir və bu işin mübahisəsiz halıdır. Lakin “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun 21 dekabr 2012-ci il tarixli qərarında qeyd olunur ki, ailə üzvləri mənzilin özəlləşdirilməsinə razılığı Qanunun məqsədlərinə əsasən həmin mənzildən daha səmərəli şəkildə istifadə etmək imkanına sahib olmaq üçün, mənzilin mülkiyyətçisinin mülkiyyət hüququndan ailə üzvlərinin bu mənzildə yaşamaqla bağlı hüquqlarına zidd şəkildə istifadə etməyəcəyinə güvənib, ona etimad göstərərək vermişlər. Bu səbəbdən mülkiyyətçi, mənzilə mülkiyyət hüququndan ona bəslənilən etimada zidd şəkildə istifadə edərək özəlləşdirməyə razılıq vermiş digər ailə üzvlərini həmin mənzildə yaşamaq imkanından məhrum edə bilməz. Əks hal hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biri olan “hüquqdan sui-istifadə qadağası”na zidd olar. Göstərilənlərlə yanaşı nəzərə alınmalıdır ki, mənzilin (evin) mülkiyyətçisi olmayan, lakin özəlləşdirilmə zamanı kirayəçi ilə birlikdə faktiki yaşayan onun ailə üzvlərinin özəlləşdirilən mənzilə əvvəllər əldə olunmuş yaşamaq hüquqları konstitusiya əhəmiyyətli dəyərlərdən irəli gəldiyindən müdafiə olunmalıdır. Lakin hər bir halda bu, mütənasib şəkildə, özəlləşdirilən mənzilin mülkiyyətçisinin mülkiyyət hüquqları nəzərə alınmaqla həyata keçirilməlidir. Belə yanaşma həm konstitusiya prinsiplərinə, həm də “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun məqsədlərinə cavab verir. Qeyd olunduğu kimi, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin ikinci hissəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğu barədə” 30 oktyabr 2000-ci il tarixli Qərarında ifadə olunan hüquqi mövqeyinə görə, mənzillərin özəlləşdirmə hüququ qanunla təsbit olunan hüquqdur və onun yaranması bilavasitə özəlləşdirilən mənzildə yaşamaq hüququ ilə əlaqəlidir. Mənzillərin əvəzsiz olaraq özəlləşdirilməsinin mümkünlüyünü qanunda təsbit etməklə yanaşı, dövlət vətəndaşlara həmin hüququn həyata keçirilməsi üçün şərait yaratmalı və müəyyən əmlakın onların xüsusi mülkiyyətinə verilməsi zamanı Konstitusiyada nəzərdə tutulmuş prinsiplərin qorunmasını təmin etməlidir. Burada xüsusi önəm həm mülkiyyət hüququnun konstitusion təminatlarına, həm də Qanunda istifadə olunan hüquqi vasitələr və konstitusiya əhəmiyyətli dəyərlər arasında olan mütənasiblik prinsipi əsasında müvafiq münasibətlərin bütün iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin müdafiəsinə verilməlidir. Məhz bu iki məqsədin qarşılıqlı təminatı baxımından qanunverici “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 12-ci maddəsində nəzərdə tutulmuş qaydanı müəyyən etmişdir. Həmin maddənin birinci hissəsinin birinci cümləsinin məzmununa görə özəlləşdirilmiş mənzilin mülkiyyətçisi yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə bu mənzilə öz mülahizəsinə görə sahiblik edir, istifadə edir və onun barəsində sərəncam verir: onu vəsiyyət edə bilər, sata bilər, bağışlaya bilər, icarəyə verə bilər, onun barəsində qanunvericiliyə zidd olmayan başqa əqdlər bağlaya bilər. Göründüyü kimi, şəxsin öz mülkiyyətində olan özəlləşdirilmiş mənzillə bağlı qanunvericiliyə zidd olmayan hər hansı əqd bağlaması mütləq şəkildə ailə üzvlərinin razılığı ilə şərtləndirilmişdir. Bununla da qanunverici ailə üzvlərinin özəlləşdirilmiş mənzilə əvvəllər əldə olunmuş və mahiyyətcə məhdud əşya hüququ olan yaşamaq hüququnu təmin etmək məqsədilə mülkiyyətçinin mülkiyyət hüququnu məhdudlaşdırmışdır. Hazırki halda mübahisəli mənzil iddiaçıların atalarına əvəzsiz olaraq Mirbəşir rayon ZDS İcraiyyə Komitəsinin xx.xx.1975-ci il tarixli, 21 nömrəli iclas protokoluna əsasən verilmiş, sonradan onların razılığı ilə digər ailə üzvünün adına özəlləşdirilmişdir. İddiaçılar mənzildə köhnə mənzil sahibinin zamanından 2020-ci il tarixədək yaşamağa davam etmişlər. Başqa sözlə mənzil iddiaçıların istifadə hüquqları ilə yüklü olmaqla cavabdehin mülkiyyətinə keçmişdir. Belə olan halda və yuxarıda qeyd olunan normalara əsasən iddiaçıların razılıq ərizələri onların ziyanına şərh oluna və onların həmin mənzildə istifadə hüququna xitam verilməsinə əsas ola bilməz. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Həmin Qərarda eyni zamanda göstərilir ki, mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, “mənzildən istifadə və yaşayış hüququ” özlüyündə ardıcıl və davam edən hüquqdur. Hazırda iddiaçıların mənzildə yaşayış hüququ onların iradəsinin ziddinə, kənar və adekvat olmayan təsirlər nəticəsində məhdudlaşdırılmış, sonuncuların mənzildə yaşama hüququnun axımı kəsilmişdir. Məhkəmə araşdırması zamanı da iddiaçıların 44 günlük Vətən müharibəsindən sonra həmin mənzildə yaşamalarının qarşısının alındığı və mənzilə daxil olmalarına icazə verilmədiyi bildirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların yaşadığı sahədən məhrum edilməsi qanunsuzdur. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilən şəxslərin hər hansı hüququ olmasın. Qeyd edilməlidir ki, mənzil hüququndan məhrum etmənin yolverilməzliyi barədə Konstitusiyanın 43-cü maddəsində müəyyən olunmuş prinsip, Mənzil Məcəlləsinin 1-ci maddəsində əksini tapan mənzil təhlükəsizliyi, onun toxunulmazlığı, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi, mənzil hüquqlarının maneəsiz həyata keçirilməsi, habelə qanunvericilikdən və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyi, pozulmuş yaşayış hüquqlarının bərpası, onların məhkəmə müdafiəsinin təmin edilməsi kimi hüquqlarla təmin olunur. Konstitusiyada təsbit olunmuş bu hüquq hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi prinsipi dedikdə, heç kəsin qanunla müəyyən olunmuş hallardan başqa yaşayış sahəsindən çıxarılmasının və ya yaşayış sahəsindən istifadə hüququnun məhdudlaşdırılmasının mümkünsüzlüyü başa düşülür. Mənzil Məcəlləsinin 3-cü maddəsinə görə mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilən maddi hüquq normalarına və iş materiallarına əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Apellyasiya şikayəti təmin edilsin. Tərtər Rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, 2(061)1006/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilsin. Cavabdeh1 mülkiyyətində olan Tərtər şəhəri, Nizami küçəsi ev 91, 11 nömrəli mənzilə iddiaçılar İddiaçı1 və İddiaçı2 istifadə hüququ tanınmaqla həmin mənzilə köçürülsünlər. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar