Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-955/2025 30.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-3648/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 7000 (yeddi min) manat məbləğində borcun və dövlət rüsumu üçün ödənilmiş 90 (doxsan) manatın alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-3648/2024 nömrəli qətnaməsi ilə, iddianın təmin edilməməsi qət edilmişdir. Həmin qətnamənin dəlilləri ilə razılaşmayan İddiaçı şikayət verərək, qətnamənin ləğv olunması və iddianın təmin edilməsini xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-3648/2024 nömrəli qərardadı (hakim Həvayət Məhəmmədi) ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbi barədə iddiasına dair Şəmkir Rayon Məhkəməsinin 2(076)- 3648/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qaytarılması qərara alınmışdır. Qərardaddan narazı qalan İddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassızdır. Belə ki, iddiaçı məhkəmə aktını hansı hissədə mübahisələndirdiyini qeyd etmişdir. Belə ki, məhkəmə qətnaməsində iddiaçı kimi onun izahatına istinad edilsə də, Azərbaycan Respublikasının MPM-in 54.1-ci və 54.2-ci maddəsinə istinadən onun tərəfindən iddiaçının əsil iddiaçı ilə əvəz edilməsinə razılıq vermədiyi üçün, iddia tələb hüququ olmayan şəxs verildiyinə istinad edildiyini əsası ilə qətnamə çıxarılmasından narazı olduğunu qeyd etmişdir. Məhkəmə iddia tələbi hüququ olmayan şəxs tərəfindən verildiyindən, iddia tələbi də təmin edilə bilməz nəticəsinə gəlibsə, o zaman başqa halları mübahisələndirməyə lüzum aradan qalxmışdır. 361.1.5-ci maddəyə əsasən, apellyasiya şikayətində məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslarla göstərilmişdir. 361.1.6-cı maddəyə əsasən, apellyasiya şikayətində istinad etdiyi konkret fakt və hallar habelə onları təsdiq edən sübutları göstərmişdir. Yəni pulun əsl sahibinin o olduğunu təsdiq edən və məhkəməyə təqdim etdiyi 6000 manat pulun verilməsinə dair qəbzə, PŞTB-nin xx.xx.2024-cü il tarixli qərarına və s. dəlillərinə məhkəmə tərəfindən qiymət verilmədiyini qeyd etmişdir. Onun iddiaçı kimi qəbul edilmədiyidir. İddiaçı olaraq qəbul edilmirsə, o zaman hansı sübut etmək vəzifəsindən söhbət gedə bilər. Sübut etsə belə nə faydası vardır. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-3648/2024 nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş və Azərbaycan Respublikasının MPM-in 269-cu maddəsinə müvafiq olaraq iş materialları ilə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Ona görə də, Məhkəmə kollegiyası hazırkı işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, iş materiallarını araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-3648/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, şikayətin düzgün həlli üçün qanunvericiliyin apellyasiya şikayəti vermə müddəti, bu müddətin başlanması və sair kimi hüquqi əhəmiyyət kəsb edən prosessual hüquq normaları təhlil olunmalıdır. Başlanğıc olaraq qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə verilə bilər. Bu normadan göründüyü kimi, apellyasiya şikayəti vermə müddəti, qətnamənin rəsmi qaydada verildiyi gündən başlanır. İş materialları ilə müəyyən edilir ki, məhkəmənin qətnaməsi cavabdeh Dostu Məhərrəmova rəsmi qaydada təqdim edilmiş və 1 ay müddəti çərçivəsində onun tərəfindən apellyasiya şikayəti məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikasının MPM-in 364.1-ci maddəsində göstərilmişdir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikasının MPM-in 361.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada (həmin forma Mülki Prosessual Məcəlləyə 2 saylı Əlavədə müəyyən olunmuşdur) verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı. Birinci instansiya məhkəməsi göstərilən normanın tələbinə uyğun olaraq apellyasiya şikayətinin Azərbaycan Respublikasının MPM-in 361-ci maddəsinə uyğunluğunu yoxlayan zaman müəyyən etmişdir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Mülki Prosessual Məcəlləyə 2 saylı Əlavədə müəyyən olunmuş forma və məzmuna uyğun deyildir. Həqiqətən də, apellyasiya şikayətinə diqqət yetirilən zaman müəyyən edilir ki, tərtib edilmiş apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilməmiş, apellyasiya şikayətində qeyd olunan maddi və prosessual hüquq normalarının pozulmasının hazırkı işdə konkret nədə ifadə olunmasına mövqe aydın şəkildə ifadə edən izah verilməmişdir. İddiaçı apellyasiya şikayətində yalnız işin faktiki hallarına istinad etmişdir. Bir sözlə apellyasiya şikayəti Mülki Prosessual Məcəlləyə 2 saylı Əlavədə müəyyən olunmuş forma və məzmunda tərtib edilməmişdir. Azərbaycan Respublikasının MPM-in 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-3648/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının MPM-in 398.0.1.-ci maddəsinə görə qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 263, 264, 398 və 402-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şikayət təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-3648/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-955/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-955/2025
30.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver