Məhkəmə qərarları › İş №2(104)-956/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-956/2024

16.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-956/2024 16.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Rüstəmova Mülayim Akif qızının katibliyi, Cavabdeh etibarnamə üzrə nümayəndəsi (qardaşı) X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli 2(066)-163/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə birgə nikahlarından olan X1 üçün cavabdehdən tutulan alimentin miqdarı artırılaraq, hər ay 220 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli 2(066)-163/2024 nömrəli qətnaməsi ilə (hakim Qələmdar Abbasov) iddia qismən təmin edilərək, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(066)-253/2023 nömrəli qətnaməsi ilə təyin edilmiş 160 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq hər ay sabit pul məbləğində 180 manat müəyyən edilərək İddiaçı xeyrinə tutulması; Alimentin tutulmasının əvvəlinin qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması; Cavabdeh mediasiya xidmətinə görə ödənilmiş 55 manat xidmət haqqı alınıb İddiaçı və dövlət rüsumu hesabına 44 (qırx dörd) manat alınaraq dövlət büdcəsinə keçirilməsi; Bu qətnamə qanuni qüvvəyə mindikdən sonra xx.xx.2023-cü il tarixli 2(066)- 253/2023 nömrəli qətnaməsi əsasında verilmiş icra vərəqəsinin icraatina xitam verilməsi; İddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ayrılmış və 08 noyabr 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 150 manat alimentin Cavabdeh tutulması qət edilmişdir. Lakin azyaşlı X4 xərcləri 150 manatdan artıq olduğu üçün təyin olunan aliment uşağın xərclərini qarşılamır. Cavabdeh isə uşağın saxlanılmasında köməklik göstərmir. Ona görə də müəyyən edilmiş aliment artırılaraq 220 manat məbləğində olmalıdır. İş materiallarında olan: Göygöl Rayon Məhkəməsinin 17 fevral 2023-cü il tarixli 2(066)-253/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı və cаvаbdeh Cavabdeh arasında 22 oktyabr 2013-cü il tarixdə 218 nömrə ilə qeydə alınmış nikahın pozulması; Tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan 08 noyabr 2013-cü il təvəllüdlü X4 İddiaçı himayəsində və yanında saxlanılması; 08 noyabr 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 160 (yüz altmış) manat məbləğində aliment tutularaq İddiaçı verilməsi; Alimentin tutulma müddətinin məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 09 yanvar 2023- cü il tarixdən müəyyən edilməsi; Qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi; Cavabdeh 50 (əlli) mаnаt dövlət rüsumu аlınаrаq İddiaçı ödənilməsi; İddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir; Mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı alimentin artırılması tələbi ilə bağlı müraciət etmiş, İddiaçı tərəfindən ilkin mediasiya sessiyası xərci olaraq 55 manat ödənilmişdir; Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi tərəfindən verilmiş məşğulluq haqqında 15 dekabr 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh işaxtaran kimi qeydiyyata alınmışdır. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, 2024-cü il üzrə yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. O, 220 manat tələb etmiş, lakin məhkəmə qismən təmin edərək 180 manat qət etmişdir. Həmin məbləğ uşağın saxlanılması üçün yetərli deyildir. O,uşağı saxlamaqda çətinliklər çəkir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (qardaşı) X3 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, qardaşı Cavabdeh işsizdir və maddi vəziyyəti çox ağırdır. Hazırda müəyyən edilmiş 180 manat aliment qardaşı üçün yüksək məbləğdir. Buna baxmayaraq, qardaşı Cavabdeh uşağın mənafeyini nəzərə alıb birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmişdir. Sonuncu məhkəməyə teleqram göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, həmçinin apellyasiya şikayətini müdafiə etdiyini qeyd edərək şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir». Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia tələbi qismən təmin olunmuş, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Yalnız iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. Sonuncu apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv olunmasını xahiş etsə də, lakin apellyasiya şikayətinin məzmunundan müəyyən olunur ki, qətnamə iddia tələbinin təmin olunmamış hissəsində mübahisələndirilmişdir. Qətnamə digər hissələrdə mübahisələndirilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı yalnız mübahisələndirilən hissə üzrə yoxlanılmalıdır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına ailə qanunvericiliyinə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan, yəni iddia tələbinin təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, tərəflər nikaha daxil olaraq ailə qurmuş və birgə nikahlarından 08 noyabr 2013-cü il tarixdə X5 adlı uşaqları anadan olmuşdur. Sonradan məhkəmə qətnaməsinə əsasən tərəflərin nikahı pozulmuşdur. Bundan əlavə, tərəflərin birgə nikahlarından anadan olmuş Nihat adlı uşaq iddiaçı (ana) İddiaçı himayəsində qalmışdır. Göygöl Rayon Məhkəməsinin 17 fevral 2023-cü il tarixli 2(066)-253/2023 nömrəli qətnaməsi ilə həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılmasına görə cavabdehdən (ata) hər ay 160 manat alimentin iddiaçının (ana) xeyrinə tutulması müəyyən edilmişdir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ilə 08 noyabr 2013-cü il təvəllüdlü Nihat adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılmasına görə müəyyən olunmuş aliment məbləği artırılaraq hər ay 180 manat məbləğində müəyyən olunmuşdur. İddiaçı həmin məbləğin uşağın saxlanılması üçün kifayət etmədiyini bildirir və alimentin hər ay 220 manat məbləğində müəyyən olunmasını xahiş edir. MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən olunmuş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri valideynin aliment, habelə məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi ilə bağlı yaranan mübahisədir və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-cı bəndinəəsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görəəsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən, minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən, yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. “Azərbaycan Respublikasında yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa görə 2023-cü ildə uşaqlar üçün yaşayış minimumu 220 manat müəyyən edilmişdir. Sadalanan hüquq normaları əsasında işin faktiki halları sistemli şəkildə araşdırıldıqda müəyyən olunur ki, aliment müəyyən olunan vaxtdan sonra uşaqlar üçün qanunla nəzərdə tutulmuş yaşayış minimumu artırılaraq 2023-ci il üçün 220 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş 180 manat sabit pul məbləğində aliment miqdarı 08 noyabr 2013-cü il təvəllüdlü Nihat adlı uşağın fiziki, əqli, mənəvi və sosial cəhətdən sağlam böyüməsi və inkişaf etməsi üçün yetərli olmaqla uşağın da mənafeyinə uyğundur. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, uşağın saxlanması hər iki valideynin vəzifəsi olması, cavabdehin yüksək gəlirə malik olması ilə bağlı da məhkəməyə hər hansı bir sübut təqdim edilməməsini nəzərə alınmaqla, birinci instansiya məhkəməsi alimentin məbləğinin artırılaraq hər ay uşaq üçün 180 manat sabit pul məbləğində müəyyən edib iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-nin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. İşə baxan məhkəmə yoxlanılan hissədə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, yoxlanılan hissədə qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin izah edir ki, yoxlanılan hissədə (iddianın təmin edilməmiş hissəsi) bir aylıq alimentin məbləği 40 manat, həmin məbləğin bir illik məcmusu isə 480 manat təşkil edir. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur. Belə ki, MPM-nin 402-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli 2(066)-163/2024 nömrəli qətnaməsi yoxlanılan, yəni iddia tələbinin təmin olunmaması hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul olunduğu andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar