Məhkəmə qərarları › İş №2(104)-957/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-957/2023

10.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-957/2023 10.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı mülki iş üzrə Qətnaməsi Açar söz: maddi ziyan tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçılar İddiaçı2, İddiaçı1 və cavabdehin vəkili X1 iştirakı ilə, Tərtər Rayon Məhkəməsinin 04 sentyabr 2022-ci il tarixli 2(061)-1141/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 10 may 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Kənd Təsərüfatı Nazirliyi Tovuz X4 Mərkəzinin Tovuz Rayon Vəkil Bürosuna ünvanladığı 13 iyul 2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Mərkəzin mütəxəssisləri tərəfindən İddiaçı2 mülkiyyətində olan 1.28 ha torpaq sahəsinə baxış keçirilmiş, həmin sahədə damcı suvarma sistemi ilə təmin edilmiş meyvə bağı salınmış, müəyyən edilmişdir ki, 2018-ci ildə Göycə Sultan adı ilə əkilmiş 115 ədəd meyvə ağacı və 2021-ci ildə nektarin adı ilə əkilmiş 25 ədəd meyvə ağacı deyilən sort üzrə çıxmamış, çox hissəsi cır meyvə vermişdir, ona görə də həmin ağacların bərpasına, calanmasına və yenidən əkilməsinə ehtiyac var.

2. Tovuz Rayon "xxxx" Firmasının xx.xx.2022-ci il tarixli arayışından görünür ki, 2018-ci ilin oktyabr-noyabr aylarında göyçə-sultan Tinginin firmaya məxsus olan bazarda 1 ədədinin qiyməti 6-7 manat, nektarin şaftalı tinginin 1 ədədinin qiyməti 5-6 manat olmuşdur. 2022-ci ildə isə göyçə-sultan alçasının fərdi satış qiyməti 2-4 manat, nektarin şaftalısı meyvəsinin topdansatış qiyməti 2-3 manat təşkil etmişdir. Arayışa əlavə edilmiş hesabatda göstərilmişdir ki, göyçə-sultan alça sortu adına 2018-ci ildə 115 ədəd ting alınıb, onlara 4 il qulluq göstərilib, hazırda meyvə ağacları məhsul verməli idilər. Tinglər yenidən basdırıldıqda yenidən onlara 4 il qulluq olunmalıdır. Ağacların bu ildən məhsula düşdüyü nəzərə alınsa növbəti 4 ilin məhsul itkisi də olacaq,1 ədəd göyçə-sultan tinginin bazar qiyməti 6 manat olmuşdur, ona görə də 115 ədəd tingin qiyməti 115X6=690 manat təşkil edir. 4-cü ildən başlayaraq hər bir bitki bar verməyə başlayır. Bir bitki orta hesabla 15 kiloqram bar verir. 115 bitki isə 1 ildə 115 ədəd x 15 kq = 1725 kq məhsul verir. 3 ildə isə 115 bitki 1725 kqX3=5174 kq məhsul verir. 1 kq göyçə-sultan meyvəsinin topdan satış qiyməti orta hesabla 3 manat olduğuna görə 3 ilin məhsulu 5175 kq olduğuna görə itirilən məbləğ 5175 x 3 AZN=15525 AZN olur. 1 il ərzində aqrotexniki qulluğun, suvarmanın, istifadə olunan gübrə və dərmanların qiyməti 1 bitki üçün ən azı hədlə 6 manat olarsa 115 ədəd x 6 manat=690 manat x 3 il =2070 manat təşkil edir, cəmi 690+15525+2070=18285 manat. 2021-ci ildə 25 ədəd nektarin şaftalı tingi alınıb, 2 il ona qulluq edilib. Nektarin şaftalısı 2 ildən sonra məhsul verir. Əgər tinglər yenidən alınıb əkilsə ona 2 il əlavə qulluq və 2 illik məhsul itkisi olacaqdır. 1 ədəd nektarin şaftalısının tingi 5 AZN-dir. 25 ədəd tingin məbləği isə 25 ədəd x 5 = 125 AZN təşkil edir. 3-cü ildən başlayaraq hər bir bitki bar verməyə başlayır. Bir bitki orta hesabla ilk illərdə 10 kq bar verir. 25 bitki isə 1 ildə 25 ədəd x 10 kq=250 kq məhsul verir. 2 ildə isə 250 kq x 2=500 kq olur. 1 kq nektarin şaftalısının bazar qiyməti 2.50 AZN-dir. 2 ilin məhsulu 500 kq olduğuna görə 500kq x 2.50 AZN=1250 AZN olur. 1 il ərzində göstərilən aqrotexniki qulluğun, suvarmanın, istifadə olunan gübrə və dərmanların qiyməti 1 bitki üçün ən azı hədlə 5 manat olarsa bir ildə 25 bitki üçün. 25 ədəd x 5 manat = 125 manat x 2 il = 250 manat təşkil edir, cəmi 125 manat +1250 manat + 250 manat =1625 manat. Beləliklə 115 ədəd alça göyçə-sultan alçası və 25 ədəd nektarin şaftalısı bitkisinin yenidən alıb əkilsə alınacaq ting, becərmə xərcləri və bitkilər məhsul verənə qədər olan məhsul itkisi cəmi 18285 manat + 1625 manat = 19910 manat.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 19.910 manatın, həmçinin dövlət rüsumu kimi ödədikləri 165 manat pulun, cəmi 20,075 manat pulu cavabdehdən onların xeyrinə tutulmasını xahiş etmişlər.

4. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, ailələrinin mülkiyyətində 1.28 ha torpaq sahəsi var və Dövlət Reyestrində LN-0098 sayla qeydə alınıb. Həmin torpaq sahəsinə meyvə bağı salmaq üçün Tərtər rayon sakini, Cavabdeh 2018-ci il tarixdə Göycə Sultan adı ilə 115 ədəd alca ağacı almışlar. Həmin ağacları torpaq sahəsinə əkiblər, ağacların əkildiyi sahəni damcı suvarma sistemi ilə təmin etmişlər. 2021-ci ildə yenə də Cavabdeh nektarin adı ilə 25 ədəd meyvə ağacı alıb əkmişlər. Ancaq Cavabdeh aldıqları ağaclar sort çıxmamış, həmin ağaclar tamamilə cır meyvə vermişlər. Cavabdeh həmin ağacları satanda onları aldatmış, indiyə qədər onlara küllü miqdarda ziyan vurmuş, təxminən bu günə kimi ümumlikdə onlara 19.910 manat məbləğində ziyan dəymişdir. Dəfələrlə cavabdehə vurulmuş ziyan ilə bağlı müraciət etmiş, vurulan zərər məbləğini ondan tələb etmiş, lakin heç bir bir müsbət nəticə olmamış, cavabdeh ziyanı ödəməkdən imtina etmişdir. Cavabdeh dəfələrlə gələcəyini, əraziyə baxacağını bildirmiş, onunla telefon danışıqları etmiş, lakin heç bir nəticəsi olmamışdır. 4 illik zəhməti heç olub, əldə etməli olduğu faydadan məhrum olub, bütün xərcləri batmışdır. Sonra əraziyə mütəxəssis çağırıb, mütəxəssislər də əraziyə baxıb, ağacların cır olmasını müəyyən edib, bu barədə onlar tərəfindən rəy verilmişdir. Daha sonra isə ağacların hamısını kəsmişdir. Buna görə də Cavabdeh ona vurduğu zərər məbləği ilə bağlı məkəməyə müraciət etmişdir. Onlara vurulan zərərlə bağlı Azərbaycan Respublikası Kənd Təsərüfatı Nazirliyi Tovuz X4 Mərkəzinin Aktını da ərizəsinə əlavə etmişdir. Hesab edir ki, məhkəmə iddianın təmin edilməsi barədə qətnamə çıxaracaqdır.

5. Tərtər Rayon Məhkəməsinin 04 sentyabr 2022-ci il tarixli 2(061)-1141/2022 nömrəli qətnaməsi ilə (hakim Elşad Bayramov) iddianın təmin olunması, Cavabdeh vurduğu zərərə görə 19.910 (on doqquz min doqquz yüz on) manat, həmçinin dövlət rüsumu kimi iddiaçıların ödədikləri 165 (bir yüz altmış beş) manat, cəmi 20,075 (iyirmi min manat yetmiş beş) manat məbləğində pulun alınıb İddiaçı2 və İddiaçı1 xeyrinə verilməsi qət edilmişdir.

6. Məhkəmə iş üzrə mübahisə xüsusatlara, yəni iddiaçıların hazırki tələblə müraciət etmək üçün subyektiv hüquqa malik olub-olmamasına, cavabdehin iddiaçılar qarşısında öhdəlik daşıyıb-daşımamasına sübutetmə yükü aspektindən yanaşaraq cavabdehin iddianın tələbini qismən etiraf etməsinə, iddiaçının təqdim etdiyi arayışa və cavabdehin hərəkətlərində hüquqdan sui-istifadə halları olmasına, bu hərəkətlərin iddiaçılara onların mülkiyyətinə ziyan vurmasına əsaslanaraq iddianı təmin etmişdir.

7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 1096.1, 1096.2, 1097.1 və 1115-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 78.1, 88-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh apellyasiya şikayəti verərək, Tərtər Rayon Məhkəməsinin 04 sentyabr 2022-ci il tarixli 2(061)-1141/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi mübahisələndirilən tinglərin hansı növə aid olması ekspertiza keçirilməklə müəyyən edilməmişdir. Məhkəmə ziyanın məbləğinin müəyyən edilməsi hissəsində mütəxəssisin verdiyi rəyə əsaslansa da həmin rəydə bitkiyə qulluq edilməsi, gübrə və suvarma məsələləri ehtimallar əsasında müəyyən edilməsi nəzərə alınmamışdır. İddiaçılar tərəfindən mineral gübrə alınması və digər aqrotexniki qulluğun yerinə yetirilməsi barədə heç bir dəlil, sübut təqdim edilməməsi nəzərə alınmamışdır. Həmçinin ağacların meyvəsinin cır (kiçik) olması səbəbinin lazımi qulluq edilməməsi, ağacın becərilməsi üçün əkilmiş torpaq sahəsinin uyğunluğu müəyyən edilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili X2 apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən meyvə bağının real vəziyyəti araşdırılmamış, ekspertiza təyin etməklə mübahisələndirilən ağac növü müəyyənləşdirilməmişdir. Bundan başqa iddiaçıların bağ saldıqları ərazinin həqiqətən də sözügedən meyvə ağacları növlərinin yetişdirilməsi üçün uyğun keyfiyyətdə torpaq sahəsi olub-olmaması müəyyən edilməmişdir. İddiaçılar tərəfindən salınmış meyvə bağına aqrotexniki qulluqların vaxtlı-vaxtında edilməsi, müvafiq dərmanlama və mineral kübrələrlə təmin edilməsi barədə sübutlar təqdim edilməmişdir. Məhkəmə göstərilən halları araşdırmadan iddiaçıların sözləri əsasında qətnamə çıxarmışdır. İşdə olan KTN Tovuz Dövlət AİMin 13. 07.2022-ci il tarixli məktubunda qeyd edilir ki, “ağacların çox hissəsi çır meyvə vermişdir”. Bu hal da məhkəmə tərəfindən araşdırılmamışdır. Ağacların meyvəsinin kişik (cır) olması vaxtlı-vaxtında suvarılmaması və aqrotexniki qulluq göstəriilməməsindən də mümkündür. Bundan başqa iddiaçı iddia edir ki, aldığı ağaclar guya “Göyşə Sultan” növü deyil, amma həmin növdən olan tinglərin qiymətinin müəyyən edilməsi haqda arayışlarda ziyan tələbi kimi “Göyçə Sultan” tinginin bazar qiymətləri sübut kimi məhkəməyə təqdim edilmişdir. Əgər iddaçı “Göyçə Sultan” növdə və ya “Nektarin Şaftalı” növlü tinglər alımışdırsa onda nəyi mübahisələndirir? Bundan başqa tinglərin satılıb-alınmasından uzun müddət keçməsi səbəbindən mübahisələndirilən bağda əkilmiş tinglərin məhz cavabdeh tərəfindən satılmış tinglər olubolmamasını da müəyyən etmək mümkün deyil. Məhkəməyə təqdim edilmiş mübahisələndirilən bağın fotoşəkillərindən də görünür ki, bağ sahəsi baxımsızdır, bəzi ağacların isti havada üzərində olan yarpaqları qurumuşdur. Belə bir şəraitdə hətta cavabdehin satmış olduğu tinglər olsa belə təsərrüfata qulluq edilməməsi səbəbindən də meyvələrin kişik olması mümkündür. İş materiallarında olan mütəxəsis rəyində də meyvələrin çır olması qeyd edilmişdir. Ancaq meyvə ağaclarının növünün çır olmasına dair heç bir sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı məhkəmə iclasında bildirmişdir ki, bağ sahəsini tam olaraq meyvə ağaclarından təmizləmiş və yeni bağ sahəsi salmaq qərarına gəlmişdir. Bu səbəbdən də mübahisələndirilən tinglərin növünün hazırda ağaclardan nümunələr götürərək ekspertiza keçirilməklə müəyyən edilməsi də mümkün deyildir. Odur ki, Tərtər rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin vəkil sədrlik edənin - cavabdeh tərəfindən birinci instansiya məhkəməsində iddianın qismən qəbul edilməsi ilə bağlı sualına cavab olaraq göstərmişdir ki, cavabdeh iddiaçılara 115 ədəd “Göyçə Sultan” və 25 ədəd “Nektarin Şaftalı” növlü tinglər satmasını izahatında etiraf etmişdir. Ziyanı qəbul etməsi ilə bağlı etiraf etməmişdir.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı2 və İddiaçı1 apellyasiya şikayətinə etiraz edərək izahatında göstərmişlər ki, onların mülkiyyətində 1.28 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə meyvə bağı salmaq üçün Tərtər rayon sakini, Cavabdeh 2018-ci il tarixdə “Göycə Sultan” adı ilə 115 ədəd alça ağacı almışlar. Həmin ağacları torpaq sahəsinə əkiblər. 2021-ci ildə yenə də Cavabdeh nektarin adı ilə 25 ədəd də meyvə ağacı alıb əkmişlər. Həmin ağaclar tamamilə cır meyvə vermişlər. Cavabdeh həmin ağacları satanda onları aldatmış, onlara 19.910 manat məbləğində ziyan dəymişdir. Sonra əraziyə mütəxəssis çağırıb rəy almışlar. Daha sonra isə ağacları kəsmiş, bağ sahəsinin təmizləmişlər. Bu barədə fotoşəkillər təqdim olunmuşdur. Onlara vurulan zərərlə bağlı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Tovuz X4 Mərkəzinin Aktını da ərizəsinə əlavə etmişdir. Onların başqa sübutları yoxdur. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.

13. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə və məhkəmə bildirişini imzalayaraq almasına baxmayaraq, o, məhkəmə kollegiyasının iclasına gəlməmiş, vəkili ilə təmsil olunmuşdur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

14. Maddə 386.1. Öhdəliyin əmələ gəlmə əsaslarından biri də zərər vurulmasıdır.

15. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

16. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

17. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

18. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

19. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.

24. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

25. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

26. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

27. Maddə 390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir.

Apellyasiya baxışının hədləri

28. Maddə MPM-in 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Maddə MPM-in 372.7. apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Tərtər Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli 2(061)-1141/2022 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə çıxarılmalı, iddia təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir.

32. Məhkəmə kollegiyası əvvəla qeyd edir ki, iddiaçıların iddiasına görə Cavabdeh onlara cır ağac tinglərini satmaqla onlara ziyan vurmuşdur. Belə ki, həmin ağaclara 4 il qulluq etsələr də ağaclar bəhər verməmiş, onlara maddi ziyan dəymiş, əldə etməli olduğu faydadan məhrum olmuş və beləliklə də onlara cəmi 19910 manat məbləğində maddi ziyan dəymişdir. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən iddiaçılara göstərilən məbləğdə maddi ziyan dəyməsi qənaətinə gələrkən cavabdehin iddianın tələbini qismən etiraf etməsinə, iddiaçının təqdim etdiyi arayışa və cavabdehin hərəkətlərində hüquqdan sui-istifadə halları olmasına, bu hərəkətlərin iddiaçılara onların mülkiyyətinə ziyan vurmasına istinad etmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərində göstərmişdir ki, mübahisələndirilən tinglərin hansı növə aid olması ekspertiza keçirilməklə müəyyən edilməmişdir. Məhkəmə ziyanın məbləğinin müəyyən edilməsi hissəsində mütəxəssisin verdiyi rəyə əsaslansa da həmin rəydə bitkiyə qulluq edilməsi, gübrə və suvarma məsələləri ehtimallar əsasında müəyyən edilməsi nəzərə alınmamışdır. O, iddianı etiraf etməmişdir.

33. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı onu qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən iddiaçılara göstərilən məbləğdə maddi ziyan dəyməsi qənaətinə gələrkən cavabdehin iddianın tələbini qismən etiraf etməsinə istinad etmişdir. Halbuki, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli məhkəmə baxış iclasının protokolunda Cavabdeh izahatında göstərmişdir ki,o, “ağac satmaqla məşğul olur, uzun müddətdir ki, ayrı-ayrı şəxslərə, o cümlədən Tovuz rayonunda tanıdığı şəxslərə ağac satır. İndiyədək satdığı ağaclarla bağlı hər hansı problem olmamışdır. Tovuz rayon sakini, Cabirə də 2018-ci il tarixdə “Göycə Sultan” adı ilə və Nektarin adı ilə meyvə ağacları satmışdır. Ağacları onlarla birlikdə əkmişdir. Sonradan aradan 1-2 il keçmiş Cabir ona əvvəl zəng vuraraq ağacların yaxşı bar verməsini, sonra isə ağacların cır olduğunu bildirmişdir. İndiyədək çoxlu sayda sair şəxslərə də ağaclar satmış, lakin belə vəziyyət olmamışdır. Agacların hamısı bar vermişdir. İddiaçılar onu telefonla hədələdiklərinə görə o, Tovuza getməmişdir. İddianı qəbul etmir, rədd edilməsini xahiş etmişdir”. Göründüyü kimi, iş materialında Cavabdeh iddianı qismən etiraf etməsi təsdiq olunmur.

34. Məhkəmə kollegiyası tərəfində tələbin qanuni əsası müəyyən edərkən aydın olmuşdur ki, iddiaçılar öhdəlik hüquq münasibətinin yaranmasına səbəb olan ziyanın cavabdeh tərəfindən vurulmasını göstərən sübutu məhkəməyə təqdim etməmişlər. Zərər vurmadan əmələ gələn öhdəliyin yaranması üçün şərtlərin hamısının, həm də eyni vaxtda olması tələb olunur. Hazırki halda mülki iş materiallarına cavabdehin əməlində qanunda nəzərdə tutulmuş həmin dispozitiv şərtlərin mövcud olmasını göstərən sübut əlavə edilməmişdir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq birinci instansiya məhkəməsi iddia tələbinin dəlillərinə münasibət bildirməmiş, ehtimal xarakterli arayışa istinad etmişdir. MPM-in 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Bundan başqa, məhkəmə iclasında iddiaçı tərəf cavabdeh tərəfindən onlara maddi zərər dəyməsini sübut edə bilməmişdir.

35. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarıdan irəli gələ bilər.

36. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hanısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcudluğuna (baş verməsinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aiddir. Qayda olaraq sübutetmə yükü bir qayda olaraq iddiaçının üzərinə düşür.

37. Baxılan işin mübahisəli halları cavabdeh tərəfindən iddiaçılara nəzərdə tutulmuş məhsulu verməyən cır tinglərin verilməsi, ağaclara 4 il qulluq edilməsi ilə çəkilmiş xərclər və nəzərdə tutulan məhsulun götürülməməsi iddia edilən məbləğdə zərər vurmasıdır. Belə olan halda iddiaçı sübuta yetirməlidir ki, tinglər aralarındakı razılaşmaya uyğun yox, başqa-cır növdən verilmişdir, iddiaçı həmçinin sübut etməlidir ki, o həqiqətən də 4 il ağaclara düzgün qulluq etmiş və ağaclar ondan qaynaqlanmayan səbəbdən nəzərdə tutulmuş məhsulu verməmişdir. Məhsulun miqdarı və məbləği də konkret normativlərlə müəyyən edilməmiş, iddiaçı onunla bağlı təqdim etdiyi arayışa istinad edir. O ki, qaldı cavabdeh tərəfindən birinci instansiya məhkəməsində iddianın qismən etiraf edilməsinə bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən iddianın qismən etiraf edilməsinə dair işdə subut yoxdur. Bundan başqa tinglərin satılıb-alınmasından uzun müddət keçməsi səbəbindən mübahisələndirilən bağda əkilmiş tinglərin məhz cavabdeh tərəfindən satılmış tinglər olub-olmamasını da müəyyən etmək mümkün deyil. Məhkəməyə təqdim edilmiş mübahisələndirilən bağın fotoşəkillərindən də görünür ki, bağ sahəsi baxımsızdır, bəzi ağaclar isti havada üzərində olan yarpaqlar qalıb qurumuşdur. Bu şəraitdə cavabdehin satmış olduğu tinglər olsa belə təsərrüfata qulluq edilməməsi səbəbindən də meyvələrin cır (kişik) olması mümkündür. İş materiallarında olan mütəxəsis rəyində də meyvələrin çır olması qeyd edilmişdir. Ancaq meyvə ağaclarının növünün çır olmasına dair heç bir sübut təqdim edilməmişdir. İddiaçı məhkəmə iclasında bağ sahəsini tam olaraq həmin meyvə ağacları çıxarıb təmizləmiş və yeni bağ sahəsi salmaq qərarına gəlmişdir. Bu səbəbdən də mübahisələndirilən ağacların məhz həmin satılmış agacların olmasını müəyyən etmək mümkün deyildir.

38. Beləliklə, Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsaslıdır.

39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 382, 384.0.2, 392, 393, 403.1, 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilsin. Tərtər Rayon Məhkəməsinin 04 sentyabr 2022-ci il tarixli 2(061)-1141/2022 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh 19.910 manatın, həmçinin dövlət rüsumu kimi ödədikləri 165 manat, cəmi 20,075 manat pulun alınmasına dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar