Məhkəmə qərarları › İş №2(104)-96/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-96/2023

24.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-96/2023 24.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi vəkil X9, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun vəkili X3 iştirakı ilə, İlk iddia üzrə İddiaçı Cavabdeh, həmçinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı «pul» tələblərinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2(061)-1154/2021 saylı qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 50.000 ABŞ dolları pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra ilk iddia üzrə İddiaçı ilk iddia üzrə cavabdehin qarşılıqlı iddiasında ondan 100000 ABŞ dolları almasını təsdiq etdiyini əsas gətirərək, iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edib, Cavabdeh 100.000 ABŞ dolları pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, o hüquq-mühafizə orqanlarına müraciət edərək Cavabdeh ondan 50.000 ABŞ dolları aldığına görə məsuliyyətə cəlb edilməsini və pulun geri qaytarılmasını xahiş etmişdir. Xərai rayon polis idarəsində fakt üzrə cinayət işi başlanılaraq istintaqı aparılmışdır. İstintaq tərəfindən dindirilmiş cavabdeh 50.000 ABŞ dollarını ona verildiyini təsdiq etdi. Lakin müraciətlərinə baxmayaraq həmin vəsaiti geri qaytarmır. İstintaqın yekunununda xx.xx.2017-ci il tarixli sübutların qiymətləndirilməsi və cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən müəyyən edilmişdir ki, o cavabdehlə “Beş qardaşlar” kafesində tanış olmuş, ona 50.000 ABŞ dolları vermiş və həmin vəsait iddiaçıya geri qaytarılmamışdır. Münasibətlərin təfərrüatı cinayət işi materiallarında vardır. Cavabdehə həmin vəsaiti geri qaytarmaq üçün dəfələrlə müraciət etməyinə və onun dəfələrlə vəd verməsinə baxmayaraq pulu qaytarmamışdır. Bu səbəbdən məhkəməyə müraciət etməli olmuşdur. Həmçinin ilk iddia üzrə Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia qaldıraraq, ilk iddia üzrə cavabdeh İddiaçı 23200 manat pulun alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ona qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, 50 000 ABŞ dolları pul verdiyini iddia edib həmin məbləğdə pulu ondan tələb edir. Hesab edir ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ona qarşı şantaj və dələduzluq yolu tutub bu yolla əsassız varlanmaq istəyir. Belə ki, o 2016-cı ilin yay aylarında metronun «Həzi Aslanov» stansiyası ünvanında yerləşən «Üç qardaş» kafesində keçmiş polis işçisi və qanunsuz hərəkətlərinə görə Daxili İşlər orqanlarından xaric olunmuş İddiaçı ilə tanış olmuş və sentyabrın ortalarında həmin kafedə təkrar görüşüb çay içərkən bir qədər ətraflı tanış olmuşalr. O, «Binə» yarmarkasında özünün icarəyə götürdüyü mağazada işlədiyini, o isə həmin kafenin ona məxsus olduğunu bilmişdir. Sonra Fizuli təklif etmişdir ki, o pul qoysun, bir yerdə «Binə» yarmarkasında əlavə dükan açıb işləsinlər. O, bu təkliflə razılaşmışdır. Onlar belə qərara gəlmişlər ki, pulu Fizuli verəcək, o isə Türkiyədən gedib mal gətirəcək və yeni açdığları dükanda satıb qazancı böləcəylər. O Fizuli ilə taniş olanda tanışı əslən Ağcabədi rayonu Avşar kəndindən olan və «Binə» yarmarkasında satıcı işləyən İntiqam adlı oğlanı da özü ilə götürmüşdür. Aralarındakı razılaşmaya görə, İntiqam təzə dükanda oturub mal satışı ilə məşğul olmalı, o Türkiyədən mal vurmalı, Fizuli isə bu işi görmək üçün pul verməli idi. Beləcə razılaşandan sonra sentyabrın ortalarında elə həmin Fizuliyə məxsus kafedə Fizuli 50 min ABŞ dollarını gətirib onlara demişdir ki, o pulu gətirmişdir, lakin hər kəs ona dil kağızı yazıb verməlidirlər. Onlara 50 min dollar etibar edir. O, nə yazmalı olduğunu soruşduqda Fizuli cibindən kağız qələm çıxarıb özünün qabaqcadan mətnini yazıb gətirdiyi sözləri diktə etmişdir. Fizuli onlara guya onun Bərdə Rayon İcra Hakimiyyətinin hüquq şöbəsində işə düzəltmək üçün bu pulu ondan alır, yəni ona verir. O isə Fizuliyə demişdir ki, “Bu nə kağızdır, mənə yazdırırsan? Mən kiməm ki, səni işə düzəldəm.” O da gülüb demişdir ki, “Bu elə-belə kağızdır, notariusda təsdiq olunmayıb. “Əlli min dolları mən sənə güvənirəm, sən bir dənə kağızı mənə güvənmirsən?” Buna görə də ona inanıb dediyi yazını yazmışdır. Sonra elə oradaca İntiqama yazdırmışdır ki, guya Kəlbəcər rayonundan olan Fizulinin dostu Qanboy adlı şəxsin oğlunu Bakı şəhərində DYP yaxud Fövqəladə Hallar Nazirliyində işə düzəltmək üçün ondan 50 min ABŞ dolları alır. Bundan iki gün sonra Fizuli 50 min dolları gətirmiş, lakin onlara verməmişdir. Demişdir ki, o da Türkiyəyə onlarla gedir, bir az gəzib gələr. Onlarda razılaşmışlar. İki gün sonra üçü birlikdə Türkiyəyə təyyarə ilə uçmuşlar. Orada üçü birlikdə müxtəlif mallar almış və birlikdə geri qayıtmışlar. Orada mal aldığları dövrdə pullar İntiqamda olmuş, amma hesablarını bilmişlər. Onlar aldıqları malları «Binə» bazarının 3-cü sırasının 4-cü korpusunda 80 kvadrat metrlik mağaza aylığı 2200 manata götürdükləri mağazaya gətirmiş və İntiqam malları satmağa başlamışdır. Oktyabrın əvvəllərində onlar 20 günün haqq-hesabı üçün yığışmışlar. Təxminən 15-20 günə 20 min dollar pul düzəlmişdi. Fizuli demişdir ki, hər şey yaxşıdı. Belə olsa yaxşı olacaq. Pulu İntiqam yığırdı. Buna görə də o təklif etmişdir ki, gedib Çindən gödəkcə gətirsinlər. Fizuli isə bacısı oğlu Sadiqin onu əvəz edəcəyini bildirmişdir. Sonra Çinə getmək üçün Fizuli Sadiqlə ona 20 min dollar pul vermişdir. Onlar da adama 10 min dollar ciblərinə qoyub Çinə gedib kurtka aİıb gətirmişlər. Sonra 10 gün dincəlib Sadiqlə birlikdə Türkiyəyə getmişlər. Bu dəfə Fizuli onlara 30 min dollar pul vermişdir. Gedib Türkiyədən mal alıb gəlmiş və işləməyə başlamışlar. 2017-ci ilin fevralında Sadiq əməliyyat olunmuş, xərçəng xəstəliyinin diaqnozu qoyulmuşdur. Fizuli ona demişdir ki, Sadiqinin analizini götür, apar Türkiyəyə yoxlat cavabını al gətir. O da getmiş və 20 günə orada analizin cavabını almışdır. Dükanda İntiqam tək qalmışdı. O Bakıya çatanda onu Xətai polisindən müstəntiq Rəhman müəllim yanına çağırmış və İddiaçı ondan şikayət yazdığını ona bildirmişdir. Müstəntiq onun qarşısına Fizulinin onu aldadıb yazdırdığı 50 min dollara dair qəbzi qoymuşdur. Fizulidən bunun nə olduğunu soruşduqda, o da saymazyana “Məni işə düzəltmək üçün pul almısan, pulumu qaytar”. Cavabını vermişdir. Sonra o müstəntiqə hadisənin necə cərəyan etməsi barədə ətraflı ifadə vermişdir. O da dedi ki, onluq burada heç nə yoxdur, ancaq Fizuli ilə razılaşmaq lazımıdr. Fizuli ilə müstəntiq əvvəllər bir rayonda işləyiblər. O isə Fizuli ilə görüşə bilməmişdir. Çünki Fizuli onunla görüşməkdən yayınmışdır. Elə həmin vaxt Fizuli İntiqamın barəsində də Qanboyun adından ərizə vermişdi. Hər iki fakt üzrə araşdırma aparılmışdır. Araşdırmanın gedişində onu Fizuli məcbur elədi ki, Tərtər rayonu, Ələsgərli kəndindəki evini Kənan adlı Fizulinin tanışı olan şəxsə sənədləşdir. Kənana da demişdir ki, bu evi keçirt öz adına Ramil ilə onun arasında pul haqq-hesabı var. Fizuli isə onun bir neçə il əvvəl 20 min manata aldığı həmin evi ondan 9 min manata qəbul etmişdir. İmkan verməmişdir ki, 20 min manata 2009-cu ildə aldığı evi bir qədər yuxarı qiymətə satsın. Bu yolla evin qiymətində də onu aldatdı. Sonra Fizuli ondan yenə fasiləsiz pul tələb edirdi. O da Fizuliyə demişdir ki, dükanda malı var, ona 5 ay möhlət ver, malı satsın pulu versin. O da malı satmağa qoymamış və İntiqamı dükanı bağlamağa məcbur etmişdir. Buna görə də məcbur qalıb yeznəsi Ceyhun Cəfərova məxsus olan Lökbatan qəsəbəsində yerləşən iki mərtəbəli həyət evini satmaq qərarına gəlmiş və Fizuli 50 min manatlıq həmin evi 35 min manata ondan qəbul edib sürücüsü Xocavənd rayon sakini Sadiqin əmisi oğlu Xaliq adlı şəxsin adına rəsmiləşdirmişdir. Oktyabrın əvvəllərində Fizuli onu, İntiqamı və Sadiqi bir yerə toplayıb Nərimanov parkında söhbət edərkən Fizuli İntiqama demişdir ki, “Get dükanda nə qədər mal var say, Ramilin payını ayır, onları sat, pulunu mənə ver.” Gedib saymışlar, orada onun payına 37 min dollarlıq mal düşmüş və o 37.000 dolları 1 manat 60 qəpiyə vurub cəmi 59200 manat pulu sayıb İntiqamın vasitəsilə Fizuliyə vermişdir. Beləliklə, Fizuli ondan 103200 manat pulu zorla aldı. Ona dedi ki, daha səninlə qurtardıq. Sonra da İntiqamdan da pul tələb edib almışdır. Fizulinin şikayəti ilə qaldırılan cinayət işinə xitam verildiyi üçün o heç nəyə əhəmiyyət verməmiş və hesab etmişdir ki, Fizuli ilə bir daha qarşılaşmaz. Buna baxmayaraq, dil kağızını geri istəmiş, ona isə yalandan demişdir ki, cinayət işinin içindədir, o da xitama verilib. Lakin bu gün Fizulinin əsassız iddia qaldırdığını görüb, ona 50000 ABŞ dollarının ekvivalenti olan 80 000 manat əvəzinə odədiyi 103 200 manat puldan ona məxsus olan, yəni Fizulinin hüquqdan sui-istifadə etməklə artıq aldığı 23200 manatı ondan geri tələb edir. Tərtər Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2(061)-1154/2021 saylı qətnaməsi ilə (hakim E.Bayramov) ilk və qarşılıqlı iddia tələbləri rədd edilmişdir. İşdə olan sübutlar: Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 27 noyabr 2017-ci il tarixli Qərarından görünür ki, İddiaçı 50.000 ABŞ dollarının Cavabdeh tərəfindən alınmasına dair şikayəti üzrə araşdırma aparılmış, cinayət tətqibinə xitam verilmiş, İddiaçı zərərçəkmiş qismində tanınmasına xitam verilmiş və məsələnin mülki xarakterli olması tərəflərə izah edilmişdir. İlk iddia üzrə Cavabdeh məhkəməyə təqdim etdiyi İntiqam adlı şəxs tərəfindən yazılması görünən əlyazmada 50.000 ABŞ Dolları x, 1,6 = 800000 manat, Tərtərdəki ev 9000 manat, Bakıdakı ev 35.000 manat olmaqla, cəmi 44000 manat, Fizuliyə borc 36.000 manat, Ramilin malı 78:2=37.000 ABŞ Dolları qeydləri aparılmışdır. Qarşılıqlı iddiaçı Cavabdeh məhkəməyə təqdim etdiyi Daşınmaz Əmlakın 06 avqust 2017-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, həmin vaxt X7 özünə mülkiyyət hüquqları ilə məxsus olan Bakı şəhər Lökbatan qəsəbəsində yerləşən torpaq sahəsini X2. Qarşılıqlı iddiaçı Cavabdeh məhkəməyə təqdim etdiyi Daşınmaz Əmlakın 14 iyun 2017ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, həmin vaxt hazırkı qarşılıqlı iddiaçı Cavabdeh özünə mülkiyyət hüquqları ilə məxsus olan ünvan 1 ünvanmda yerləşən ümumi sahəsi 41.2 kv.metr fərdi yaşayış evini X1. "xxxx" MMC-nin 01/22-541 nömrəli xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ünvanında yerləşən **********07 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışla verilmiş 0.015 ha torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin 2017-ci il üçün bazar dəyəri: 0.015 ha torpaq sahəsisinin bazar dəyəri 4500 (dörd min beş yüz) manat; fərdi yaşayış evinin bazar dəyəri 17500 (on yeddi min beş yüz) manat təşkil etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Tərtər Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2(061)-1154/2021 saylı qətnaməsindən narazı qalan ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayəti verərək, Tərtər Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2(061)- 1154/2021 saylı qətnaməsinin ilkin iddianın rədd edilməsi hissəsində ləğv edilməsini və ilkin iddianın tam təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o cinayət törədilməsi ilə əlaqədər hüquq mühafizə orqanlarına müraciət etmişdir. Şikayəti Cavabdeh idi. Xətai rayon polis idarəsində ibtidai istintaq aparılmış və istintaqın yekununda xx.xx.2017-ci il tarixli sübutların qiymətləndirilməsi və cinayət işi üzrə icraata xitam verilməsi haqqında Qərar qəbul edilmişdir. Həmin qərarda ifadə edilmiş hallar iş üzrə mübahisə doğurmayan hallardır. Belə ki, bu halların böyük əksəriyyəti cavabdehin qarşılıqlı iddia ərizəsində öz əksini tapmışdır. Beləliklə cavabdeh etiraf etdiyi üçün işin mübahisəsiz hallarıdır ki, onunla cavabdehin arasında razılaşma olmuşdur ki, o malın maya dəyərini verir, gəlir (malın dəyəri və xərclər çıxıldıqdan sonra qalan məbləğ) isə bölünür. Beləliklə onun cavabdehə verdiyi malın dəyəri ona qaytarılmalıdır. O cavabdehə 50.000 ABŞ dolları Türkiyədən mal almaq üçün, 20.000 ABŞ dolları Çin istehsalı kurtkalar almaq üçün, 30.000 ABŞ dolları Türkiyədən mal almaq üçün vermişdir. Göründüyü kimi onun Cavabdeh cəmi 100.000 ABŞ dollarını verməsi cavabdehin yazılı ərizə verməklə etiraf etməsi nəticəsində sübut olunur. Tərəflərin mübahisəsiz qaydada təsdiq olunmuş həqiqi münasibətlərinə əsasən ilkin iddia üzrə iddiaçı ilkin iddia üzrə cavabdehə mal alınması üçün 100.000 dollar həcmində vəsait verib və tərəflər razılaşıblar ki, malın alış qiyməti iddiaçıya qaytarılmaqla xərclər çıxıldıqdan sonra qalmış gəlir onlar arasında bölünəcəkdir. Məhkəmə MPM-nin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli idi. Yəni Mülki Məcəllənin 14.1-ci, 14.2.1-ci, 329.2-ci, 385.1- ci, 386.1-ci, 389.1-ci, 390.1-ci, 406.1-ci, 425.1-ci və 442-ci maddələrini tətbiq edib ilkin iddianı təmin etməli idi. Lakin məhkəmə bunu etməli olduğu təqdirdə etməmiş və bununla hüququn tətbiqində səhvə yol vermişdir. Nəticədə ilkin iddiaya münasibətdə qanunsuz qətnamə qəbul edilmişdir. İlk iddia üzrə cavabdeh və vəkilinin məhkəməyə ərizə (qarşılıqlı iddia) təqdim etməklə ondan 100.000 dollar almasını təsdiq etməsinə baxmayaraq məhkəmə bunu faktın etirafı kimi qəbul edib nəzərə almamışdır. Bununla da MPM-nin 106.3-cü maddəsini pozmuş və nəticədə ilkin iddiaya münasibətdə qanunsuz qətnamə qəbul etmişdir. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə etiraz: Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətinə etiraz verərək, etirazını onunla əsaslandırmışdır ki, Tərtər Rayon Məhkəməsinə həmçinin Cavabdeh qarşılıqlı iddia ilə müraciət edərək 2016-cı ilin yayında İddiaçıla tanış olub, Fizulinin təklifi ilə üç nəfər, yəni İddiaçı özü, Cavabdeh və İntiqam adlı şəxslə birlikdə aralarındakı razılaşmaya görə, İntiqam ayı 2250 manata icarəyə götürdükləri təzə dükanda oturub mal satışı ilə məşğul olmalı, Ramil Türkiyədən mal vurmalı, Fizuli isə bu işi görmək üçün pul verməli idi. Bu razılaşmadan sonra sentyabrın ortalarında elə həmin Fizuliyə məxsus kafedə Fizuli 50 min ABŞ dollarını gətirib onları aldadaraq onların hər birinə 50 min dollar müqabilində vəzifəyə gedəcəyi barədə dil kağızı yazdırmış, Ramildən də Fizulini Bərdə rayon İcra hakimiyyətinin hüquq şöbəsində işə düzəltmək üçün 50000 dollar pulu ondan alması barədə yazı yazdırır. Sonra Fizuli oradaca İntiqama yazdırmışdır ki, guya Kəlbəcər rayonundan olan Fizulinin dostu Qanboy adlı şəxsin oğlunu Bakı şəhərində DYP yaxud Fövqəladə hallar nazirliyində işə düzəltmək üçün ondan 50 min ABŞ dolları alması barədə qəbz yazdırdı və onu da götürdü. Bundan iki gün sonra Fizuli 50 min dolları gətirdi, lakin heç kimə vermədi, dedi ki, o da Türkiyəyə onlarla gedir, bir az gəzib gələr. Onlar da razılaşmışlar. İki gün sonra üçü də birlikdə Türkiyəyə təyyarə ilə uçmuşlar. Orada üçü birlikdə müxtəlif mallar almış və birlikdə geri qayıtmışlar. Orada mal aldıqları dövrdə pullar İntiqamda olurdu, amma hesablarını bilirdilər. Onlar artıq «Binə» bazarının 3-cü sırasının 4-cü korpusunda 80 kvadrat metrlik mağaza aylığı 2200 manata götürmüşdülər. Malı Karqo ilə birbaşa həmin dükana gətirmiş və İntiqam satmağa başlamışdır. Oktyabrın əvvəllərində onlar 20 günün haqq-hesabı üçün yığışmışlar. Təxminən 15-20 günə 20 min dollar pul düzəlmişdi. Fizuli dedi ki, hər şey yaxşıdı. Belə olsa yaxşı olacaq. Pulu İntiqam yığırdı. Onda o, təklif vermişdir ki, gedib Çindən kurtka gətirsinlər. Fizuli isə bacısı oğlu Sadiqin onu əvəz edəcəyini bildirmişdir. Sonra Çinə getmək üçün Fizuli və Sadiq ona 20 min dolları gödəkcə almaq üçün vermişdir. Onlar isə adambaşına 10 min dollar götürmüşlər ki, 10 min dollardan gömrükdə problem olmasın. Daha sonra onlar gedib kurtka alıb gətirmişlər. ÇXR-də olarkən pullar Fizulinin bacısı oğlu Sadiqdə olurmuşdur. Onlar 10 günə geri qayıtmış, daha sonra 10 gün dincəlib Sadiqlə birlikdə Türkiyəyə getmişlər. Bu dəfə də Fizuli mal üçün onlara 30 min dollar pul vermiş, həmin pullar yenə də bacısı oğlu Sadiqdə olmuşdur. Gedib Türkiyədən mal alıb gətirmiş və satmağa başlamışlar. Göründüyü kimi, o, bir dəfə də olsun Fizulidən pul qəbul etməmişdir. 2017-ci ilin fevralında Sadiqin əməliyyat olunması ilə bağlı Fizuli onu Türkiyə Respublikasına göndərmişdir. O, geri qayıdanda onu Xətai polisindən müstəntiq çağıraraq barəsində İddiaçı şikayət etdiyin bildirmişdir. Müstəntiq onun qarşısına Fizulinin onu aldadaraq yazdırdığı 50 min dollara dair qəbzi qoymuşdur. O isə həmin qəbzin nə olduğunu soruşanda Fizuli ona işə düzəltmək üçün pulunu almasını bildirərək, ondan pulunu qaytarmasını tələb etmişdir. Sonra o, müstəntiqə hadisənin necə cərəyan etməsi barədə ətraflı ifadə vermiş, müstəntiq isə ona şikayətçi ilə razılığa gəlməsini məsləhət görmüşdür. Fizuli ilə müstəntiq əvvəllər bir rayonda işləmişlər. Həmin ərəfədə o, Fizuli ilə görüşə bilməmişdir. Eyni vaxtlarda Fizuli İntiqamın barəsində də Qanboyun adından ərizə vermiş və hər iki fakt üzrə araşdırma aparıldı. Araşdırmanın gedişində Fizuli onu məcbur edərək Tərtər şəhərindəki evini Fizulinin tanışı olan Kənan adlı şəxsin adına sənədləşdirmişdir. Kənana isə Ramillə arasında pul haqqı hesabı olmasını bildirərək evi öz adına keçirməsini tapşırmışdır. Fizuli isə onun bir neçə il əvvəl 20 min manata aldığı həmin evi ondan 9 min manata almışdır. Ona imkan verilməmişdir ki, 20 min manata 2009-cu ildə aldığı evi bir qədər yuxarı qiymətə satsın. Bu yolla evin qiymətində də onu aldatmışlar. Sonra Fizuli ondan yenə pul tələb edirdi. O isə Fizuliyə dükanında malı olduğunu, ona 5 ay möhlət verməsini bildirmişdir. Onlar əvvəlcə 5 ay müddətinə, hər ay 5000 dollar verməsi barədə razılaşmışlar. O, isə həmin məbləği hər ay ona vermişdir. Lakin, sonra onu həmin malı satmağa qoymamış, İntiqamı da məcbur etmişdir ki, mağazanı bağlasın. O da məcbur qalaraq yeznəsi Ceyhun Cəfərova məxsus olan Lökbatan qəsəbəsində yerləşən iki mərtəbəli həyət evini satmaq qərarına gəlmişdir. Fizuli 50 min manatlıq həmin evi 35 min manata ondan qəbul edib sürücüsü Xocavənd rayon sakini Sadiqin əmisi oğlu Xaliq adlı şəxsin adına rəsmiləşdirmişdir. Oktyabrın əvvəllərində Fizuli onu, İntiqami və Sadiqi bir yerə toplayıb Nərimanov parkında söhbət edərkən Fizuli İntiqama gedərək mağazada olan malları saymasını, Ramilin payını ayırmasını, onları sataraq, pulunu ona verməsini tapşırmışdır. Onlar isə gedib malları saymış, onun payına 37 min dollarlıq mal düşmüş və o 37.000 dolları 1 manat 60 qəpiyə vurub cəmi 59200 manat pulu sayıb İntiqamın vasitəsilə Fizuliyə vermişdir. Beləliklə, Fizuli ondan 103200 manat pulu zorla almışdır. Ona isə daha haqq hesablarının qutardığını bildirmişdir. Daha sonra da İntiqamdan da pul tələb edib almışdır. Fizulinin şikayəti ilə qaldırılan cinayət işinə xitam verildiyi üçün o heç nəyə əhəmiyyət verməmiş və hesab etmişdir ki, Fizuli ilə bir daha qarşılaşmaz. Buna baxmayaraq, onun yazdığı qəbzi geri istəmiş, o isə yalandan ona cinayət işinin içində olduğunu, iş üzrə də icraata xitam verildiyini bildirmişdir. Lakin bu gün Fizulinin əsassız iddia qaldırdığını görüb, ona 50000 ABŞ dollarının ekvivalenti olan 80000 manat əvəzinə ödədiyi 103200 manat puldan ona məxsus olan, yəni Fizulinin hüquqdan sui-istifadə etməklə artıq aldığı 23200 manatı ondan geri tələb etmişdir. Tərtər Rayon Məhkəməsi öz qətnaməsində hər iki iddianı rədd etmişdir. Apellyasiya şikayətində ilk iddia üzrə iddiaçının nümayəndəsi heç bir hüquqi fakta söykənməyib, qətnamənin hansı hissədə yalnış, hansı hissədə düzgün olması barədə heç bir dəlil təqdim etməmişdir. Yalnız prosessual məcəllənin maddələrini şərh etməklə məşğul olmuşdur. İddiaçı şikayət etməklə hesab edirdi ki, istintaqda olduğu kimi, yenə onu qorxudub pul alacaqdır. Bununla belə qətnamənin İddiaçı aid olan hissəsində birinci instansiya məhkəməsi haqlı olaraq ona əsaslanmışdır ki, faktla bağlı 2017-ci ildə Xətai rayon Polis İdarəsində Cinayət işinin istintaqı aparılmış, araşdırma zamanı İddiaçı Cavabdehla üzləşdirilmiş, üzləşmə zamanı Cavabdeh İddiaçı işə düzəltmək adı ilə ondan pul almadığı, lakin aralarında pul məsələsinin yalnız ticarət etmək məqsədilə yarandığını bildirmişdir. Daha sonra xitam qərarında İddiaçı bacısı oğlu X5, Fizulinin dostu X11 və qeyriləri ifadələrində Fizulinin Cavabdeh işə düzəltmək üçün onların yanında 50000 ABŞ dolları pul vermədiyini, lakin onların arasında ticarət münasibətləri olduğunu təsdiq etmişlər. Halbuki, Fizulinin təqdim etdiyi etirafnamədə 50000 dolları məhz Qanboy Həsənov və Sadiq Kərimovun yanında Cavabdeh verildiyi göstərilmişdir. Bu fakta da istintaq orqanı hüquqi qiymət verib cinayət işinin icraatına xitam vermişdir. Lakin ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək, heç bir hüquqi fakta əsaslanmayıb, yalnız göstərmişdir ki, guya o, 100 min ABŞ dollarını qəbul etməyimi etiraf etmişdir. Bu da tam əsassızdır, çünki belə fakt olmayıb. Görünür, qarşılıqlı iddia ərizəsini ilkin iddia üzrə iddiaçı və onun nümayəndəsi oxuyub dərk etməmişlər. Ona ümumiyyətlə, İddiaçı pul verməyib. Göründüyü kimi, birinci instansiya məhkəməsi heç də ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin dediyi kimi, qeyri-obyektiv deyil, tam obyektiv araşdırma aparıb sübutlara düzgün qiymət vermişdir. Lakin onların təqdim etdiyi qarşılıqlı iddia üzrə 23200 manat pul tələbi barədə qətnamənin hissəsi ləğv edilib həmin hissədə iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Apellyasiya Məhkəməsinin təyin etdiyi məhkəmə əmtəəşünaslıq ekspertizası barədə onu bildirir ki, bu barədə apellyasiya məhkəməsi ona və nümayəndəsinə heç bir məlumat verməyib və qəbul etdiyi qərardaddan və vəsatətdən də xəbəri yoxdur. Ona görə də ekspert rəyini əsassız hesab edilib rədd edlməsini xahiş edir. Göstərilənləri nəzərə alaraq hesab edir ki, Tərtər rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı aid hissədə tam qanunidir və Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsinin tələbləri pozulmayıb, ona görə qətnamənin həmin hissədə qüvvədə saxlanılmasını, onların təqdim etdiyi qarşılıqlı iddia üzrə 23200 manat pul tələbi barədə qətnamənin hissəsi ləğv edilib həmin hissədə qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili X14 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, həqiqətən də Fizuli cavabdehdən pulunun bir qisminin əvəzinə Tərtər rayonunda yerləşən evi və Lökbatan qəsəbəsində yerləşən evi yaxınlarının adına keçməklə əvəzləşdirmişdir. Belə ki, o Tərtərdəki evə 9000 manat əvəzinə, Lökbatan qəsəbəsində yerləşən evi isə 20000 manat əvəzinə qəbul etmişdir. Həmçinin, təxminən bir taksi ilə 5000 manatlıq geyim əşyalarından ibarət malı ona göndərmişdir. Cavabdehin Lökbatan qəsəbəsində yerləşən evi 35000 manat əvəzinə və 37000 ABŞ dollar pul verməsi ilə bağlı göstərdikləri yalandır. Münasibətlər pozulduqdan sonra keçən müddət ərzindən Cavabdeh iddiaçıya pulunu ödəyəcəyi ilə bağlı vədlər verdiyindən, iddianı gec qaldırmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəməyə verdiyi yazılı etirazında göstərilənlərə uyğun izahat verib, apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, yazılı etirazında onun payına 37 min dollarlıq mal düşməsi və 37.000 dolları 1 manat 60 qəpiyə vurub cəmi 59200 manat pulu sayıb İntiqamın vasitəsilə Fizuliyə verməsi ifadəsi ilə bir qədər fikri düzgün qeyd edilməmişdir. Əslində isə o, Fizuliyə İntiqam vasitəsi ilə 37000 ABŞ dolları məbləğində mal vermişdir. Bundan başqa işlədikləri vaxt 5 ay Fizulyə 5000 ABŞ dolları olmaqla, manat hesabı ilə 37500 manat pul vermişdir. Sonradan verilmiş 50000 ABŞ dolları isə əvvəl verilmiş 50000 ABŞ dolları məbləğinə alınmış malların satılmasından əldə edilmiş pul olmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili X6 apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 373.1. Ümumi iddia müddəti on il təşkil edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası tərələrin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, Tərtər Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2(061)-1154/2021 saylı qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddianın rədd edilməsi hissəsində ləğv edilərək, həmin hissədə yeni qətnamə çıxarılmalı və ilk iddia tələbi qismən təmin edilməlidir. İlk iddia tələbini rədd edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı pul tələbi etməsi üçün istinad etdiyi sənəd üzrə Bakı şəhəri Xətai Rayon Polis İdarəsində araşdırma aparılmış, İddiaçı 50.000 ABŞ dollarının Cavabdeh tərəfındən alınmasına dair şikayəti üzrə cinayət təqibinə xitam verilmiş, İddiaçı zərərçəkmiş qismində tanınmasına xitam verilmişdir. İstintaq orqanının işin materiallarında olan həmin qərarından görünür ki, İddiaçı Cavabdeh 50000 ABŞ dolları pul verməsinə dair göstərdikləri öz təsdiqini tapmamış, hətta onun bacısı oğlu Sadiq də dayısı Fizulinin Ramilə pul verməsini görmədiyini və eşitmədiyini bildirmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, həmin qərar preyudisial xarakterli olduğundan İddiaçı həmin sənədə istinadən etdiyi iddia tələbi əsassız olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmayaraq qeyd edir ki, ilk iddiaçı tərəfindən pul vermək şərti ilə birgə fəaliyyət göstərilməsi və ilk iddiaçı tərəfindən birgə fəaliyyət göstərilməsi üçün 50000 ABŞ dollarının sərmayə kimi qoyulması və həmin pula görə müxtəlif geyim əşyalarının alınması işin mübahisəsiz halı olmaqla yanaşı, bu hal Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 27 noyabr 2017-ci il tarixli cinayət tətqibinə xitam verilməsi barədə qərarı ilə də təsdiq olunmaqdadır. Tərəflər arasında mübahisə onlar arasında birgə fəaliyyət pozulduqdan sonra məhz ilk iddia üzrə Cavabdeh tərəfindən ilk iddia üzrə iddiaçının qoyduğu sərmayəni ona geri qaytarmaması və bununla da ona zərər vurması ilə bağlı olmuşdur. Həmin mübahsiə ilə bağlı Cavabdeh İddiaçı 50000 ABŞ dolları məbləğinin əvəzinə Tərtər şəhərində 9000 manat qitmətləndirilməklə ev, Lökbatan qəsəbəsində 35000 manat qiymətləndirlilməklə ev və 37.000 ABŞ dolları məbləğinin ekvivalenti qismində 59200 manatlıq mal olmaqla, ümumilikdə 50000 ABŞ dollarının ekvivalenti olan 80000 manat əvəzinə 103200 manat pul ödədiyini, bununla da ilk iddia üzrə iddiaçının ondan 23200 manat artıq pul aldığını iddia etmişdir. İlk iddia üzrə İddiaçı isə ilk iddia üzrə cavabdehə ümumilikdə 100000 ABŞ dolları verdiyini, həmin pulun müqabilində isə yalnız ilk iddia üzrə cavabdeh tərəfindən ona 9000 manat dəyərində Tərtər şəhərində ev, 20000 manat dəyərində Lökbatan qəsəbəsində yerləşən ev və və 5000 manatlıq geyim əşyası qaytarıldığını iddia etmişdir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, ilk iddia üzrə İddiaçı ilkin iddia tələbi 50000 ABŞ dolları məbləğində olsa da sonrdan qarşılıqlı iddiada 100000 ABŞ dollarının verilməsinin göstərilməsi ilə əlaqədar iddia tələbinin həcminin artırılarq Cavabdeh 100.000 ABŞ dolları pulun tələb edilmişdir ki, iddia həcminin artırılması ilə əlavə olaraq tələb edilən 50000 ABŞ dolları məbləği əsassız olmuşdur. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı iddia ərizəsində həqiqətən də ilk iddiaçı tərəfindən ilk dəfə 50000, daha sonra isə 20000 və 30000 ABŞ dolları məbləğinin verildiyini qeyd etmişdir. Lakin, işin hallarından görünür ki, sonradan verilmiş 20000 və 30000 ABŞ dolları məbləğlər əvvəlki 50000 ABŞ dolları məbləğinə alınmış malların satılması ilə əldə edilmiş məbləğ olmuşdur. Digər tərəfdən ilk iddia üzrə iddiaçının iddianın həcmini yalnız qarşılıqlı iddia verildikdən sonra artırması da həmin tələbin əsassızlığını təsdiq etməkdədir. Lakin, məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə iddiaçının iddiası qismən əsaslı olmuşdur. Belə ki, ilk iddia üzrə iddiaçının qoyduğu 50000 ABŞ dolları əvəzinə ilk iddia üzrə cavabdeh tərəfindən Tərtər şəhərində və Bakı şəhəri, Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən iki ədəd evin verilməsi işin mübahisəsiz halı olmuşdur. 50000 ABŞ dolları məbləğinin əvəzinə Tərtər şəhərindəki evin 9000 manat qiymətləndirlməsi də işin mübahisəsiz halı olsa da, Lökbatan qəsəbəsində yerşləşən evi ilk iddia üzrə iddiaçı 20000 manata dəyərləndirilməklə qəbul etdiyini, ilk iddia üzrə cavabdeh isə 35000 manata dəyərləndirildiyini iddia etmişdir ki, məhkəmə kollegiyası ilk iddia üzrə iddiaçının evin 20000 manat qəbul edilməsi ilə bağlı iddiasını əsassız hesab edərək, ilk iddia üzrə cavabdehin evin 35000 manata dəyərləndirilməsi ilə bağlı arqumentini işdə olan sübutlara uyğun olması qənaətinə gəlmişdir. Belə ki, qeyd olunan evin dəyərləndirilməsi üçün məhkəmə tərəfindən qiymətləndirilmə aparılmış və əldə edilmiş "xxxx" MMC-nin 01/22-541 nömrəli xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ünvanında yerləşən **********07 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışla verilmiş 0.015 ha torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin 2017-ci il üçün bazar dəyərinin - 0.015 ha torpaq sahəsi üçün 4500 (dörd min beş yüz) manat, fərdi yaşayış evi üçün isə 17500 (on yeddi min beş yüz) manat olması müəyyən edilmişdir ki, məhkəmə kollegiyası mütəxəssis rəyi ilə razılaşmamışdır. Belə ki, məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində daşınmaz əmlaka baxış keçirilməsi və evin vəziyyəti ilə bağlı hər hansı bir məlumalar qeyd olunmamışdır. Bundan başqa məhkəmə kollegiyası tərəfindən “emlak.az” saytına Bakı şəhəri, Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən evlərin dəyərləri ilə bağlı baxış keçirilmiş və müvafiq çıxarışlar edilərək iş materiallarına əlavə edilmişdir ki, qeyd olunan ərazidə 17500 manata evin olması müəyyən edilməmişdir. Həmin ərazidə evlərin minumum dəyərinin 40000 manat civarında olması müəyyən edilmişdir ki, 17500 manata evin olması da ağlabatan və inandırıcı olmamışdır. Bundan başqa ilk iddia üzrə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş, İntiqam adlı şəxs tərəfindən əl ilə yazılmış qeydlərdə də Lökbatan Qəsəbəsində yerləşən evin 35.000 manat hesabı götürülməsi görünməkdədir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən ev 35000 manat dəyər hesabı ilə ilk iddia üzrə cavabdehə verilmiş hesab olunmalıdır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, ilk iddia üzrə Cavabdeh ilk iddia üzrə iddiaçıya 37000 ABŞ dolları məbləğində mal verməsi ilə bağlı mövqeyində ziddiyyətlər olmuşdur. Belə ki, Cavabdeh qarşılıqlı iddiasında və apellyasiya şikayətinə qarşı yazılı etirazında münasibətlər pozulduqdan sonra birlikdə malları saydıqlarını və onun payına düşən 37.000 dollarlıq malı 1 ABŞ dollarını 1 manat 60 qəpik ekvivalentində hesablamaqla, 59200 manat pulu sayıb İntiqam vasitəsilə Fizuliyə verdiyini bildirsə də, məhkəmə kolegiyasının iclasında iddiasında və yazılı etirazında fikrinin düzgün ifadə edilmədiyini, əslində isə Fizuliyə 37000 ABŞ dolları məbləğində mal verdiyini bildirmişdir. İlk iddia üzrə iddiaçı isə ona cəmi 5000 manatlıq mal verildiyini etiraf etmişdir ki, ilk iddia üzrə cavabdehin 37000 ABŞ dolları məbləğində malın verilməsini sübut edə bilməməsi, o cümlədən həmin hala dair mövqeyindəki ziddiyyətlər nəzərə alındıqda, ilk iddia üzrə iddiaçıya 5000 manatlıq malın verilməsi öz təsdiqini tapır. Digər tərəfdən ilk iddia üzrə Cavabdeh məhkəməyə təqdim etdiyi İntiqam adlı şəxs tərəfindən yazılması görünən əlyazmada 50.000 ABŞ Dolları x, 1,6 = 800000 manat, Tərtərdəki ev 9000 manat, Bakıdakı ev 35.000 manat olmaqla, cəmi 44000 manat, Fizuliyə borcun 36.000 manat olması qeyd olunmaqla, Ramilin malı kimi qeyd olunan 78:2=37.000 ABŞ dolları məbləğində malın İddiaçı verilməsi qeyd olunmamaqla yanaşı, əksinə Fizuliyə borcun 36.000 manat olması qeyd qeyd olunmuşdur. Yəni, 37000 dollarlıq mal verildiyi halda borcun mövcudluğu ilə bağlı hər hansı bir qeydin aparılmasına da zərurət qalmazdı. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, ilk iddia üzrə cavabdeh 37000 ABŞ dollarlıq malı İntiqam adlı şəxs vasitəsi ilə iddiaçıya verdiyini iddia etsə də bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Qarşılıqlı iddia ərizəsindən və iş materiallarında olan polis orqanında verilən izahatlardan da göründüyü kimi İntiqam İsmayılov adlı şəxsi satıcı qismində ilk iddia üzrə cavadbeh iddiaçı ilə birgə fəaliyyətinə cəlb etmişdir. Buna görə də məhkəmə kollegiyası tərəfindən həmin şəxsin şahid qismində dindirilməsi üçün məhkəməyə təqdim edilməsi təklif edilsə də, ilk iddia üzrə cavabdeh tərəfindən həmin şəxs məhkəməyə təqdim edilməmişdir. Hərçənd ki, məhkəmə iclasında ilk iddia üzrə cavabdeh vasitəsi ilə İntiqam İsmayılov adlı şəxslə telefon əlaqəsi saxlanılmış onun iş materiallarında olan əlyazması və ilk iddia üzrə cavabdehin malları onun vasitəsi ilə iddiaçıya verilməsinin aydınlaşdırılması üçün şahid qismində dindirilməsi üçün məhkəmə iclasının vaxtı uyğunlaşdırıldığı zaman, həmin şəxs ilk iddia üzrə Cavabdeh bacısı oğlunun onun mallarını götürməsi ilə əlaqədar ona mal verildiyini, İddiaçı ilə Cavabdeh arasında olan məsələyə aidiyyətinin olmadığını və onların mübahisəsinə qarışmaq istəmədiyini bildirmişdir. Beləliklə, ilk iddia üzrə cavadbeh 37000 ABŞ dollarlıq malı İntiqam adlı şəxs vasitəsi ilə iddiaçıya verdiyini iddia etsə də bu faktı da sübut edə bilməmişdir. Hərçənd ki, iddiaçı həmin məbləği də hesab etməklə ilk iddia üzrə iddiaçıya artıq pul verməsi və həmin pulun geri qaytarılması ilə bağlı qarşılıqlı iddia da qaldırmış, qarşılıqlı iddiası təmin edilməmiş və qətnamədən də şikayət verməmişdir. Məhkəmə kollegiyası ilk iddia üzrə cavadbehin iddia müddətinin tətbiqi ilə bağlı birinci instansiya məhkəməsinə verdiyi ərizəsinə münasibətdə isə qeyd edir ki, işin hallarına əsasən 50000 ABŞ dolları borc qismində verilmiş pul məbləği olmamış, həmçinin hazırkı tələb tərəflərin birgə fəaliyyəti ilə bağlanmış şifahi müqavilə üzrə ilk iddia üzrə cavadbehin hər hansı bir öhdəliyindən irəli gəlməmişdir. Buna görə də 3 illik iddia müddətinin ötürülməsi ilə bağlı cavabdeh tərəfin dəlilini də məhkəmə kollegiyası əsassız hesab etmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə ilk iddia üzrə cavabdeh tərəfindən ilk iddia üzrə iddiaçının sərmayə üçün qoyduğu 50000 ABŞ dollarının əvəzində 9000 və 35000 manat dəyərində iki ədəd ev və 5000 manatlıq mal verməsi təsdiq olunmaqla, malların və evlərin verildiyi 14 iyun 2017-ci il və 10 avqust 2017-ci il tarixlərdə 1 ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsinin 1,70 manat olması nəzərə alındıqda, ilk iddia üzrə cavabdeh tərəfindən 28823 ABŞ dolları məbləğinin verilməsi təsdiqini tapır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, Tərtər Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2(061)-1154/2021 saylı qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddianın rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılaraq, ilk iddia üzrə Cavabdeh 21177 ABŞ dolları ödəniş anına manata məzənnə ilə manat ekvivalentində alınaraq, ilk iddia üzrə İddiaçı verilməli, iddia qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Tərtər Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2(061)-1154/2021 saylı qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Tərtər Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2(061)-1154/2021 saylı qətnaməsi ilk iddianın rədd edilməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılsın. İlk iddia qismən təmin edilsin. İlk iddia üzrə Cavabdeh 21177 (iyirmi bir min yüz yetmiş yeddi) ABŞ dolları ödəniş anına manata məzənnə ilə manat ekvivalentində alınaraq, ilk iddia üzrə İddiaçı verilsin. İlk iddia qalan hissədə rədd edilsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar