Məhkəmə qərarları › İş №2(104)-961/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-961/2023

22.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-961/2023 22.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli 2(013)-2291/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 22 may 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 22 may 2022-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. a)İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Ağdam Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 3200 manat və ödənilmiş 41 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2020-ci ilin yay aylarında birgə təsərrüfat yaratmaq məqsədi ilə Cavabdeh 5500 manat vermişdir. Lakin Cavabdeh gəlir əldə olunması ilə bağlı vədlər versədə, onun etibarından istifadə edərək pulu ələ keçirmişdir. Dəfələrlə pulunun qaytarılmasını tələb etsədə, cavabdeh pulu geri qaytarmamışdır. Bənəqədi rayonu Polis İdarəsinə müraciət etsədə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 22 may 2022-ci il tarixli qərar qəbul olunmuşdur. Həmin qərara əsasən Cavabdeh ondan 3200 manat almasını bildirmişdir.

4. Ağdam Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli 2(013)-2291/2022 nömrəli qətnaməsi ilə (hakim R.Məmmədov) iddia tələbi təmin edilərək, Cavabdeh 3200 manat borc və dövlət rüsumu qismində ödənilmiş 41 manat tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.

5. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 739.1, 739.2 maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4, 216-220, 227, 360-cı maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

6. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normasının pozulması ilə çıxarılmışdır. Belə ki, xəstə olduğuna görə məhkəmə iclasında iştirak edə bilməmişdir. Binəqədi rayon Polis İdarəsində isə oxumadan izahatı imzalamış və həmin ifadələr düzgün yazılmamışdır. İzahatından göstəriləndən daha cox ödəniş etmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə icraatı iştirakçılarının izahatları,

9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

10. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

11. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

12. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

13. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

14. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

15. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

16. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

17. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

18. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

19. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.

22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

24. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

25. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

26. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması

27. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

28. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri

29. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Ağdam Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli 2(013)-2291/2022 nömrəli qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməlidir.

33. İlk öncə məhkəmə kollegiyası onu qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh 3200 manat İddiaçı xeyrinə tutmaqda haqlı olsada, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Halbu ki, maddi hüquq normalrı məhkəmənin icraatında olan mülki işin mahiyyətcə həll edilməsi üçün tətbiq edilməli olan hüquq normalarıdır. Mülki Prosessual qanunvericilikdə maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi hesab olunan üç hal nəzərdə tutulur: a) hüquq normasının tətbiq edilməsində səhvə yol verilməsi; b) tətbiq edilməli olan hüquq normasının tətbiq edilməməsi; c) hüquq normasının səhv təfsir edilməsi. Mülki işin mahiyyəti üzrə həll olunması üçün tətbiq edilməli olan hüquq normasının tətbiq edilməməsi vəziyyəti o halda mövcud olur ki, məhkəmə tərəflər arasındakı mübahisəli hüquq münasibətlərinin növünü və ya məzmununu düzgün müəyyən edə bilmədiyi üçün bu münasibətlərə tətbiq edilməli olan maddi hüquq normasının seçilməsində səhvə yol verir. Tətbiq edilməli olan hüquq normasının tətbiq edilməməsi, bir qayda olaraq tətbiq edilməməli olan hüquq normasının tətbiq edilməsi ilə müşaiət olunur.

34. İşin hallarından müəyyən olunur ki, İddiaçı 2020-ci ilin yay aylarında Cavabdeh oğluna birgə təsərrüfat işlərin görülməsi ilə bağlı pul vermiş, buna baxmayaraq sonuncu birgə təsərrüfat işlərini görməmiş, eləcədə aldığı pulu geri qaytarmışdır. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

35. İddiaçı iddia ərizəsində iş görmək, yəni birgə təsərrüfat yaratmaq üçün Cavabdeh 5500 manat verməsini iddia etsədə, sonuncu Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsində verdiyi izahatında birgə təsərrüfatın yaradılması üçün İddiaçı ona 5000 manat verdiyini və həmin məbləğdən 3 dəfə olmaqla 1000 manat, 500 manat və 300 manat geri qaytardığını bildirmişdir.

36. Göründüyü kimi, tərəflər arasında borc öhdəlik münasibətləri olmamışdır. Cavabdeh Polis İdarəsində aparılan araşdırma zamanı özünün deməsinə görə İddiaçı birgə təsərrüfat işlərinin görülməsi məqsədilə ona 5000 manat vermişdir. Təsərrüfat işləri həyata keçirilmədiyindən həmin məbləğdən 1800 manat qaytarılsada 3200 manat qaytarılmamışdır.

37. Bu qətnamənin 12-ci bəndində də qeyd olunduğu kimi əsassız varlanan o şəxs sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etmiş olur.

38. Cavabdeh birgə təsərrüfat yaratmaq adı ilə İddiaçı 5000 manat alsada, o, həmin təsərrüfatı yaratmamış, sonuncunun tələbi əsasında həmin məbləğdən 1800 manat qaytarsada 3200 manat özündə saxlamış və nəticədə əsassız olaraq varlanmışdır.

39. Belə olan halda öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

40. Birinci instansiya məhkəıməsi isə işin yuxarıda qeyd olunan hallarını nəzərə almadan tərəflər arasındakı mübahisəyə borc öhdəlik hüquq münasibətlərindən yanaşaraq iddianı təmin etmişdir.

41. Cavabdeh apellyasiya şikayətində Binəqədi rayon Polis İdarəsində izahatının düzgün yazılmamasını, oxumadan izahatı imzalamasını və İzahatından göstəriləndən daha cox ödəniş etməsini qeyd etsədə, kollegiya onun bu dəlilini inandırıcı saymır. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsindən alınmış 1296/22 saylı rədd materiallarından müəyyən olunur ki, izahat Cavabdeh özü tərəfindən yazılmış və imzalanmışdır.

42. Kollegiya yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Cavabdeh 3200 manat və ödənilmiş 41 manat dövlət rüsumu alınaraq İddiaçı xeyrinə ödənilməlidir.

43. İşdən müəyyən olunur ki, qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 385, 392, 393, 402, 403, 404 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh tərəfindən verilmiş verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli 2(013)-2291/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 3200 manat və ödənilmiş 41 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar