Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-963/2025 23.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X3 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin hüquqi varisi Nümayəndə ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh və qeyrilərinə qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2(015)-64/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" Kommersiya Bankı ASC məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 müştərək qaydada 20976,86 manat əsas, 3599,44 manat faiz, 2228,46 manat cərimə olmaqla, cəmi 26804,76 manat borcun, 0,40 manat xidmət haqqının və 170,42 manat dövlət rüsumunun "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli əsas kredit müqaviləsinə əsasən cavabdehə 120 ay müddətinə 300000 manat kredit limiti ayrılmış, xx.xx.2023-cü il tarixli əlavə kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə illik 21% olmaqla 22728 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci bəndinə görə bu müqaviləyə əsasən borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Eyni zamanda tərəflər arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq Zamin1 və Zamin2 ilə zaminlik müqaviləsi bağlanılmışdır. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Nəticədə borclunun 20 avqust 2024-cü il tarixinə kredit müqaviləsi üzrə "xxxx" KB ASC-yə 20976,86 manat əsas, 3599,44 manat faiz, 2228,46 manat cərimə olmaqla, cəmi 26804,76 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar kreditor tərəfindən aparılmışdır, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(015)-64/2025 saylı qətnaməsi ilə (hakim Natiq Abbasov) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 müştərək qaydada 20976,86 manat əsas, 3599,44 manat faiz, 2228,46 manat cərimə olmaqla, cəmi 26804,76 manat borc, 0,40 manat xidmət haqqı və 170,42 manat dövlət rüsumu "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə tutulması qət edilmişdir. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(015)-64/2025 saylı qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işin yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə “ağına-bozuna” baxmadan tam məbləğdə dəbbə pulunu cavabdehdən tutmuşdur. Məhkəmə cavabdehin aidiyyətlə bağlı vəsatətini görməzdən gələrək, bankın maraqları üçün tezbazar qətnamə qəbul etmişdir. Buna görə qətnamə ləğv edilməli, işin ərazi aidiyyəti ilə bağlı məsələnin həlli üçün iş birinci instansiya məhkəməsinə göndəriməlidir. İşdən görünür ki, məhkəmə xüsusi bilik tələb edən məsələ üzrə ekspertiza təyin etmədən qətnamə qəbul etmişdir. Bu barədə onun vəsaitini isə heçə saymışdır. Ona görə də, qətnamə ləğv edilməli, məbləğin düzgün hesablanması üçün ekspertiza keçirilməlidir. Cavabdeh məhkəməyə ekspertizanın keçirilməsi barədə ərizə təqdim etsə də, heç bir nəticəsi olmamışdır. Məhkəmə vəsatətə ümumiyyətlə qiymət verməmişdir. Digər tərəfdən işin ərazi aidiyyəti üzrə göndrilməsini xahiş etsə də, məhkəmə bu halı nəzərə almamış, ərizəyə müvafiq qaydada qərardad qəbul etməklə qiymət verməli olduğu halda verməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" KB ASC-nin hüquqi təmsilçisi Nümayəndə ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, iş üzrə yekun məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, kredit təsərrüfatla bağlı verilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh tərəfə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işdə iştirak etməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə olan sənədləri araşdırıb hesab edir ki, iddiaya məhkəmə aidiyyəti pozulmaqla baxıldığına görə Ağstafa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(015)-64/2025 saylı qətnaməsi ləğv olunmalı, iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. İş materiallarında olan vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların verilməsi barədə sistemdən çıxarışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyində ********** VÖEN nömrəsi ilə qeydiyyata alınmışdır. Fəaliyyət istiqaməti uşaq geyimlərinin pərakəndə satışıdır, fəaliyyəti müvəqqəti dayanfırılmışdır. Kollegiya tərəflərin subyektiv tərkibini, iddiaçının hüquqi şəxs, cavabdehin isəqanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxs olduğunu, həmçinin mübahisənin predmetinin tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəldiyini nəzərə alaraq hesab edir ki, hazırkı işə kommersiya mübahisəsi kimi kommersiya məhkəməsində baxılmalıdır. İşin hallarından göründüyü kimi "xxxx" KB ASC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli əsas kredit müqaviləsinə əsasən cavabdehə 120 ay müddətinə 300000 manat kredit limiti ayrılmış, xx.xx.2023-cü il tarixli əlavə kredit müqaviləsinə əsasən cavabdehə dövrüyyə vəsaitinin alınması və cari xəclər məqsədi ilə 18 ay müddətinə illik 21% olmaqla 22728 manat məbləğində kredit verilmişdir. Eyni zamanda tərəflər arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq Zamin1 və Zamin2 ilə zaminlik müqaviləsi bağlanılmışdır. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Nəticədə borclunun 20 avqust 2024-cü il tarixinə kredit müqaviləsi üzrə "xxxx" KB ASC-yə 20976,86 manat əsas, 3599,44 manat faiz, 2228,46 manat cərimə olmaqla, cəmi 26804,76 manat borcu yaranmışdır. Müqavilə tərəflərinin subyektiv tərkibini, həmçinin mübahisənin predmetinin tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəldiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə kommersiya mübahisəsi kimi kommersiya məhkəməsində baxılmalıdır. Lakin, birinci instansiya məhkəməsi məhkəmə aidiyyəti qaydasını pozaraq işə mahiyyəti üzrə baxmışdır. Belə ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarına görə, MPM-in 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin olunmalı, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(015)-64/2025 saylı qətnaməsi ləğv edilməli və iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Mülki Prosessual Məcəllənin 30-cu maddəsinə əsasən, bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 387.2.9-cu maddəsinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa, ləğv edilməlidir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 402.2.5-ci maddəsinə əsasən bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-266, 385, 387.2.1 və 402-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Ağstafa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(015)-64/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(015)-64/2025 saylı qətnaməsi ləğv edilsin və iş üzrə qərardad çıxarıslın. İş baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-963/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-963/2025
23.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver