Məhkəmə qərarları › İş №2(104)-965/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-965/2024

26.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-965/2024 26.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədirliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və X1 ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(040)-102/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı, birgə ailə münasibətlərindən 14 iyun 2017-ci ildə doğulmuş Uğurun yetkinlik yaşına çatanadək saxlanması üçün Kəlbəcər Rayon Məhkəməsinin 07 iyun 2019-cu il tarixli 2(040)-537/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş 160 (yüz altmış) manat məbləğində alimentin miqdarının artırılaraq, hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində müəyyən edilməsi və ilkin mediasiya prosesində iştiraka görə ödədiyi 55 (əlli beş) manat pulun cavabdehdən tutularaq ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(040)-102/2024 qətnaməsi ilə (hakim Həsən Qəniyev) ilk iddia təmin edilmiş, 14 iyun 2017-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Kəlbəcər Rayon Məhkəməsinin 07 iyun 2019cu il tarixli 2(040)- 537/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş aylıq 160 (yüz altmış) manat sabit pul məbləğində alimentin miqdarının artırılması, 14 iyun 2017-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, hazırki qətnamə üzrə alimentin tutulmasının bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması, Cavabdeh İddiaçı qarşı “alimentin miqdarının azaldılması tələbinə dair” qarşılıqlı iddiası təmin edilməməsi, ilkin mediasiya sessiyasına görə ödənilmiş 55 (əlli beş) manatın pul əvəzinin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(040)-102/2024 qətnaməsinin ləğv edilməsini və iddiaçının iddiasının alimentin miqdarına münasibətdə təmin olunması hissəsində ləğv edilərək, ondan hər ay uşağa görə 100 (bir yüz) manat sabit pul məbləğində alimentin alınıb iddiaçıya verilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, ikinci dəfə ailə qurmuş və onun himayəsində olan ikinci evliliyindən 1 uşaqı vardır. Bundan əlavə, o, hal hazırda işsizdir və heç bir yerdə işləmir. Həmçinin, qətnamədə qeyd olunmuş 220 (iki yüz iyirmi) manat aliment ödəmək üçün onun maddi imkanı yoxdur, lakin hər ay uşağa görə 100 manat aliment ödəməyə maddi imkanı çatır. Uşaqları saxlamaq hər iki valideynin borcudur və o, bundan boyun qaçırmır. Hesab edir ki, məhkəmə maddi və ailə vəziyyətini nəzərə almadan hazırkı qətnaməni qəbul etmişdir. Cavabdeh işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, cavabdeh Sumqayıt şəhərində yaşayır, özünə məxsus avtomobili var və faktiki olaraq özəl firmada sürücü kimi işləyir. O, özü isə Kəlbəcər qəsəbəsində himayəsində olan övladı ilə yaşayır, uşaqı azyaşlı olduğu üçün onun dərslərinə köməklik edir, heç bir yerdə işləmir və uşağın saxlanılmasına görə maddi cəhətdən çətinlik çəkir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(040)-102/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(040)-102/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüqüq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, Cavabdeh apellyasiya şikayətinin dəlillərində Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(040)-102/2024 nömrəli ləğv edilməsini xahiş etsə də, şikayətin dəlillərində təyin edilmiş alimentin məbləğini mübahisələndirmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbaycan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İş materiallarına əlavə olunmuş: Sumqayıt “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 04 sentyabr 2017-ci il tarixdə verilmiş AZ-İİİ № 996486 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 14 iyun 2017-ci ildə Azərbaycan Respublikasının Sumqayıt şəhərində doğulmuş, atası-Cavabdeh, anası- İddiaçıdır. Kəlbəcər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 07 iyun 2019-cu il tarixli 2(040)-537/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, 14 iyun 2017-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 160 (yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 27 avqust 2019-cu il tarixli 2(104)-3487/2019 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Kəlbəcər Rayon Məhkəməsinin 07 iyun 2019-cu il tarixli 2(040)-537/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Gəncə 1 saylı Mediasiya Təşkilatının mediatoru X3 tərəfindən verilmiş 04 noyabr 2023-cü il tarixli MŞG/1-03512 nömrəli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 55 manat xərci tam ödəmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də borcudur. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin aşağıdakı maddələrinə görə : 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.13-cü bəndinə əsasən, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunu uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. «Azərbaycan Respublikasında 2023-cı il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2023-cı il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyasında müəyyən edildi ki, İddiaçı və Cavabdeh ilə birgə ailə münasibətlərindən 14 iyun 2017-ci il təvəllüdlü X4 anadan olmuşdur. Aralarında yaranmış mübahisəyə görə tərəflər ayrılmışlar. Tərəflər ayrıldıqdan sonra uşaq isə anasının himayəsində qalmış və onunla yaşamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, alimentin miqdarının hər ay uşağa görə 220 manat sabit pul məbləğində müəyyən edilməsi məqsədəmüvafiqdir. Məhkəmə kollegiyası həmin nəticə ilə razılaşır və qeyd edir ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşıyırlar. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh hər ay uşağa görə 220 (iki yüz iyirmi) manat məbləğində alimentin müəyyən edilməsi hazırda tərəflərin real vəziyyətinə uyğun gəlir. Belə ki, tərəflərin birgə nikahlarından doğulmuş Uğur 7 yaşında olmaqla, anasının yanında yaşayır və böyüdükcə onun təhsil, səhhət, geyim və qida ilə bütün xərcləri mütəmadi şəkildə artmaqla cavabdeh tərəfindən ödənilir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək,qeyd edir ki, onun maddi vəziyyətinin aşağı olması və cavabdehin ikinci dəfə ailə qurması həmçinin ikinci evliliyindən də 1 uşağının olması barədə dəlillərini alimentin azaldılması üçün əsassız hesab edir və qeyd edir ki, həmin dəlillər qətnamə ilə müəyyən edilmiş alimentin məbləğinin azaldılmasına əsas vermir. Belə ki, yuxarıda sadalanan qanunvericilik normalarından da göründüyü kimi, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmaqla, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyəti daşıyırlar və hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Valideynlər uşaqlarını saxlamağa borcludur və bu borcun yerinə yetirilməsi onların işləyibişləməməsindən asılı deyildir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə mübahisələndirilmiş hissəsində gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları həmin hissədə düzgün müəyyən edilmişdir. Qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(040)-102/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384-385, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(040)-102/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar