Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-97/2025 22.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(013)-90/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(013)-90/2024 saylı qətnaməsi ilə (hakim M.Niftəliyev) iddia tələbi təmin edilmiş, Cavabdeh 10200,68 manat əsas, 1088,76 manat faiz, cəmi 11289 (on bir min iki yüz səksən doqquz) manat 44 (qırx dörd) qəpik borc və ödənilmiş dövlət rüsumu əvəzində 124,27 manatın İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(013)-90/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 10200,68 manat əsas, 1088,76 manat faiz, cəmi 11289,44 manat borcun və ödənilmiş 124,27 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh iddiaçı tərəfindən 36 ay müddətinə illik 16,5 faizlə 13000 manat kredit verilmişdir. Cavabdeh ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəmədiyindən İddiaçı ASC-yə 10200,68 manat əsas, 1088,76 manat faiz, cəmi 11289,44 manat borcu qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edilmiş və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələr isə işin hallarına uyğun deyildir. Belə ki, işə baxılmasının yeri və vaxtı barədə ona rəsmi olaraq ona heç bir məlumat verilməmişdir. Bununla da hesab edir ki, tərəflər arasında çəkişmə və bərabərlik hüququ pozulmuşdur. Banka olan borcundan ən azı 5.000 manat ödəmişdir. Ancaq işə baxan məhkəmə yalnız Bankın təqdim etdiyi maliyyə arayışını əsas götürərək iddia tələbini təmin etmişdir. Əgər məhkəmə iclasında iştirak etsə idi, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatət verərdi. Bildirdiklərinin doğru olmasını müəyyən etmək üçün iş üzrə məhkəməmühasibatlıq ekspertizası keçirilməlidir. Sadalananlara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və sözügedən qətnamə ləğv edilməlidir. Prosessual məsələlər və apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahjiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək qətnamə faiz və ümumi borc hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə çıxarılaraq iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 36 ay müddətinə illik 16,5 faizlə 13000 manat kredit verilmişdir. İşdə olan İddiaçı ASC-nin təqdim etdiyi maliyyə arayışından görünür ki, xx.xx.2023cü il tarixə Cavabdeh banka olan borcu 10200,68 manat əsas, 1088,76 manat faiz təşkil edir. İşdə olan 900/900/0107/2023 nömrəli xx.xx.2023-cü il tarixli xəbardarlıq məktubundan görünür ki, Cavabdeh oğluna 10351,32 manat borcun (10200,68 manat əsas borc və 150.64 manat faiz borcu) xx.xx.2023-cü il tarixədək ödəmədiyi təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi barədə xəbərdar olunmuşdur. Məhkəmə kollegiyasının qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/8551 saylı rəyindən görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 900804-481669/1 saylı kredit müqaviləsi üzrə borcalanın banka olan əsas borcu 10292,30 manat, faiz borcu 495,32 manat, cəmi 10.787,62 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Expressbank” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh iddiaçı tərəfindən 36 ay müddətinə illik 16,5 faizlə 13000 manat kredit verilmişdir. İddia ərizəsinə görə Cavabdeh ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəmədiyindən İddiaçı ASC-yə 10200,68 manat əsas, 1088,76 manat faiz, cəmi 11289,44 manat borcu qalmışdır. Ekspert rəyinə görə isə xx.xx.2023-cü il tarixdə Cavabdeh əsas borc üzrə 10292,30 manat, faiz borcu üzrə 495,32 manat, cəmi 10.787,62 manat borcu qalmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli kredit müqaviləsi bağlanmış və hər iki tərəf üzərinə öhdəlik götürmüşdür. İddiaçı Cavabdeh müqaviləyə əsasən 36 ay müddətinə illik 16,5 faizlə 13000 manat kredit verməklə üzərinə düşən öhdəlikləri tam icra etmiş, qarşı tərəf isə 10200,68 manat əsas, 1088,76 manat faizdən borclu qalmaqla öhdəliyi icra etməmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı pulu vaxtında qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Birinci instansiya məhkəməsnin mövqeyi ilə qismən razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağıöhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun ) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borclundan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinəəsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Kredit müqaviləsinin müddəaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilir. Ona görə də cavabdehə münasibətdə iddiaçının əsas borca münasibətdə tələbi qanuni və əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdehdən müqavilədə nəzərdə tutulmuş öhdəliklərin icrasını tələb etməkdə haqlıdır, cavabdeh isə həmin müqavilə ilə nəzərdə tutulmuş öhdəlikləri icra etməyə, habelə müqavilə öhdəliklərini lazımi qaydada icra etməməyə görə kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Faiz borcu ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair “ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında aşağıdakılar göstərilmişdir:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir.
3. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.
4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır.
5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. İşin hallarından göründüyü kimi iddiaçı "xxxx" ASC xx.xx.2023-cü il tarixdə Cavabdeh 10200,68 manat əsas borc və 150,64 manat faiz borcunun olması barədə xəbərdarlıq göndərmiş, bununla da tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 900804- 481669/1 nömrəli kredit müqaviləsinə xitam verilmiş sayılmış və bundan sonra iddiaçı yalnız gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malik olmuşdur. Buna baxmayaraq iddiaçı iddia ərizəsində faizi borcunu maliyyə arayışında göstərilən xx.xx.2023-cü il tarixə 1088,27manat təşkil etdiyini göstərmiş, iddia tələbini təmin etmiş birinci instansiya məhkəməsi isə həmin xüsusatı nəzərə almamışdır. Bundan başqa cavabdehin vəsatətinə əsasən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, lakin ekspert rəyində göstərilən borc iddia tələbindən çox olduğundan məhkəmə kollegiyası həmin rəyi mötəbər sübut kimi qəbul etmir. Cavabdeh apellyasiya şikayətinin dəlillərində işə onun iştirakı olmadan baxıldığını vurğulayaraq çəkişmə prinsipinin pozulduğunu göstərmişdir. Kollegiya apellyasiya şikayətinin həmin dəlili ilə razılaşmır. Ona görə ki, işdən göründüyü kimi iş üzrə tərəflər, o cümlədən cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi və “SMS” xəbərdarlığı göndərilməklə məlumatlandırılmış, lakin hər hansı üzrlü səbəb göstərmədən məhkmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını tam və hərtərəfli araşdırmalı olduğu halda bunu etməmiş, nəticədə cavabdehin kredit borcunun ödənilməmiş məbləğini müəyyən etməkdə səhvə yol vermişdir. Odur ki, apellyasiya şikayəti qismən təmin edilərək məhkəmənin şikayətlə mübahisələndirilən həmin qətnaməsi qismən Cavabdeh -1088,86 manat manat faiz borcu və cəmi 11289,49 manat borcun tutularaq İddiaçı ASC-yə ödənilməsi hissəsində ləğv edilməli və Cavabdeh 10200,68 manat əsas borc, 150,64 manat faiz borcu - cəmi 10351,22 manat İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, 50 (manat ekspertiza xərci Cavabdeh aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-57/2023 saylı qətnaməsi qismən – Cavabdeh -1088,86 manat manat faiz borcu və cəmi 11289,49 manat borcun tutularaq İddiaçı ASC-yə ödənilməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılsın. Cavabdeh 150,64 manat əsas, 1088,76 manat faiz borcu - cəmi 10351,22 manat borc İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci olan 50 (əlli) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X1, kodu:210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.