Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-972/2023 13.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli 2(043)-990/2013 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət edərək, kredit müqaviləsi üzrə Cavabdeh 6000 manat əsas, 5398,36 manat faiz borcu olmaqla, ümumilikdə 11398,36 manat və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 24 iyun 2013-cü il tarixli 2(043)- 990/2013 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh 6000 manat əsas kredit borcu, 5398,36 manat faiz borcu olmaqla, ümumilikdə 11398, 36 manat və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 sentyabr 2020-ci il tarixli 2(104)-3251/2020 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 mart 2021-ci il tarixli 2(104)-764/2021 nömrəli qərardadı ilə iş üzrə icraat sübutların təmin edilməsi məqsədilə dayandırılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 aprel 2022-ci il tarixli 2(104)-158/2022 nömrəli qərardadı ilə Cavabdeh adından Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 24 iyun 2013-cü il tarixli 2(043)-990/2013 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunduğundan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 sentyabr 2020-ci il tarixli 2(104)- 3251/2020 nömrəli qərardadı ləğv edilməsi; Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 24 iyun 2013-cü il tarixli 2(043)-990/2013 nömrəli qətnaməsindən Cavabdeh adından verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilbiş və iş apellyasiya baxışından çıxarılaraq apellyasiya şikayətinin geri qaytarılması üçün iş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə 20 may 2022-ci il tarixli 2(043)- 990/2013 nömrəli qərardadı ilə həmin məhkəmənin 24 iyun 2013-cü il tarixli 2(043)- 990/2013 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 24 iyun 2013-cü il tarixli 2(043)-990/2013 nömrəli qətnaməsindən apellyasiya şikayəti, eləcədə ötürülmüş prosessual müddətin bərpasına dair ərizə vermişdir. Gəncə Şəhər Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli 2(043)-990/2013 nömrəli qərardadı ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 24 iyun 2013-cü il tarixli, 2(043)-990/2013 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh apellyasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpası barədə ərizəsi təmin edilməmiş və həmin qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin bərpasından imtina olunması qərara alınmışdır. Qərardaddan narazı qalan Cavabdeh şikayət verərək, qərardadın ləğv olunmasını, prosessual müddətin bərpasına dair ərizənin təmin edilməsi və apellyasiya şikayətinin icraata götürülməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 16 fevral 2023-cü il tarixli 2(044)-990/2013 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 357.1. maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat qaydasında ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2. maddəsinə əsasən, həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxlərdə malikdir. . Həmin Məcəllənin 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 128.1. maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 130.1. maddəsinə müvafiq olaraq, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1. maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 135.3. maddəsinə görə, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi eyni hüquqi mövqedən çıxış edərək, “Miragall Eskolaho və digərləri” İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi K.N.Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 08 may 2008-ci il tarixli qərarında müddətin üzrlü hesab edilməsi ilə əlaqədar göstərmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi biləvasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhəddində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Kollegiya hesab edir ki, məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə nəticələnə bilər. Qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək məqsədilə Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları, o cümlədən məhkəmə aktlarından müvafiq şikayətin verilməsinin prosessual müddətlərini tənzimləmişdir. Bu isə proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək məhkəmə aktlarından apellyasiya və kassasiya qaydasında prosessual müddətlər çərçivəsində şikayət vermək hüququnun təmin olunmasına, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir. Eyni zamanda diqqətə alınmalıdır ki, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qeyri-müəyyən hədlərdə deyil, yalnız MPM-də nəzərdə tutulan konkret müddətlərə riayət olunmaqla həyata keçirilməsi şərtləndirilmişdir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin, şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını da əhatə edir. Konstitusiyada nəzərdə tutulmuş təminatların yerinə yetirilməsi baxımından ədalət mühakiməsinin keyfiyyətcə səmərəli və ədalətli həyata keçirilməsi, qanunvericilikdə hüquq və vəzifələrin həcminin prosessual prosedur, qaydalar, xüsusən də müddətlər çərçivəsində balanslaşdırılması zəruriliyini ortaya çıxarır ki, bu da məhkəmə icraatı zamanı məhkəmənin (hakimin), tərəflərin, prosesin digər iştirakçılarının, həmçinin maraqlı şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyrimüəyyənliyin aradan qaldırılmasına xidmət edən mühüm şərtlərdən biridir. Məhkəmə kollegiyası iclasında isə müəyyən olunur ki, Cavabdeh Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 24 iyun 2013-cü il tarixli 2(043)-990/2013 nömrəli qətnaməsinin surətini 22 iyul 2020-ci il tarixdə məhkəmə qəbzinə imza edərək qəbul etmişdir. Cavabdeh adından apellyasiya şikayəti verilmişdir. Apellyasiya icraatı zamanı sonradan müəyyən olunmuşdur ki, Cavabdeh adından apellyasiya şikayəti verilsədə, lakin onun tərəfindən imzalanmamışdır. Ona görə də Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 aprel 2022-ci il tarixli 2(104)-158/2022 nömrəli qərardadı ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 24 iyun 2013-cü il tarixli 2(043)-990/2013 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunduğundan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 sentyabr 2020-ci il tarixli 2(104)-3251/2020 nömrəli qərardadı ləğv edilməsi; Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 24 iyun 2013-cü il tarixli 2(043)- 990/2013 nömrəli qətnaməsindən Cavabdeh adından verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və iş apellyasiya baxışından çıxarılaraq apellyasiya şikayətinin geri qaytarılması üçün iş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə qaytarılması qərara alınmış və həmin məhkəmənin 20 may 2022-ci il tarixli 2(043)- 990/2013 nömrəli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Göründüyü kimi Cavabdeh Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 24 iyun 2013-cü il tarixli 2(043)-990/2013 nömrəli qətnaməsinin surətini 22 iyul 2020-ci il tarixdə məhkəmə qəbzinə imza edərək qəbul etsədə, lakin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə həmin qətnamədən apellyasiya şikayəti verməmişdir. Sonuncu prosessual müddətin bərpasına dair ərizədə apellyasiya şikayətinin vaxtında verilməməsinin üzürlü səbəbdən ötürülməsini qeyd etsədə, lakin onun bu dəlili iş materialları ilə sübut olunmur. Ona görədə kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398.0.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130, 133, 263-264, 357, 360, 398.0.1, 400, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli 2(043)-990/2013 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-972/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-972/2023
13.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver