Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-973/2023 10.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi, birgə nikah dövründə əldə edilmiş borcun bölünməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Gəncə şəhər Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli 2(125)-2021/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 10 may 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:
1. AZ-İ seriyalı, 329876 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah pozulmuş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 18 may 2020-ci il tarixdə 101 nömrə ilə qeyd aparılmışdır.
2. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-1504/2022 saylı, 14 iyun 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil paylara bölünməklə ½ hissəsində Cavabdeh, ½ hissəsində isə İddiaçı paylarının müəyyən edilməsi qət edilmişdir.
3. 19 noyabr 2018-ci il tarixli, 800850-604503/1 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC İddiaçı kreditdən istifadəyə görə illik 18% borc faizləri ödəməsi şərtilə, 36 ay müddətinə 36.000 manat məbləğində kredit vermiş və həmin kreditə görə hesablanmış faiz borcu qismində 10.853 manat 44 qəpik məbləğində əlavə ödənişlər edilməsi nəzərdə tutulmuşdur.
4. 15 avqust 2018-ci il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, X4 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzili 35.000 manata İddiaçı satmışdır.
5. xx.xx.2019-cu il tarixli TT19226JH0C9 nömrəli, xx.xx.2019-cu il tarixli TT19254050RY nömrəli, xx.xx.2020-ci il tarixli TT20253X6T3B nömrəli, xx.xx.2022-ci il tarixli TT20287QYH8W nömrəli, xx.xx.2020-ci il tarixli TT20325Y8DZN nömrəli, xx.xx.2020-ci il tarixli TT20349PHFQR nömrəli, xx.xx.2021-ci il tarixli TT2110691L4V nömrəli, xx.xx.2021-ci il tarixli TT21152T8RPS nömrəli, xx.xx.2021-ci il tarixli TT211622T15B nömrəli, xx.xx.2021-ci il tarixli TT21190CKCGR nömrəli, xx.xx.2021-ci il tarixli TT21231MWRJH nömrəli, xx.xx.2021-ci il tarixli TT21259VKNQS nömrəli, xx.xx.2021-ci il tarixli TT212819HQSC nömrəli, xx.xx.2021-ci il tarixli TT21328RX3MX nömrəli, xx.xx.2021-ci il tarixli TT21333JSJNG nömrəli, xx.xx.2021-ci il tarixli TT22124D21G2 nömrəli, xx.xx.2021-ci il tarixli TT22089FRZCG qəbzlərdən görünür ki, 19 noyabr 2018-ci il tarixli, 800850-604503/1 saylı kredit müqaviləsinin icrası məqsədi ilə xx.xx.2019-cu il tarixdən xx.xx.2022ci il tarixədək olan müddət ərzində 18.073 manat məbləğində ödəniş etmişdir.
6. 08 iyul 2022-ci il tarixli 2(044)-168/2020 saylı arayışdan görünür ki, İddiaçı Cavabdeh qarşı xx.xx.2019-cu il tarixdə nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat:
7. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Gəncə şəhər Məhkəməsinə müraciət edərək "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 19 noyabr 2018-ci il tarixli, 800850-604503/1 saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrası üzrə, yəni həm əsas, həm də faiz borcunun tərəflər arasında faktiki nikah münasibətlərinin başa çatdığı vaxtdan qalıq qalmış 36.000 manat məbləğində hissəsinin ½ hissəsinin əvəzi qismində 18.000 manat məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə nikahını 12 iyul 2001-ci il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat Şöbəsində qeyd etdirməklə ailə qurmuş, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-168/2020 saylı, 04 fevral 2020-ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuşdur. Onun hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinin səbəbi cavabdeh ilə birgə nikah dövründə yaranmış borcun bölünməsi ilə bağlıdır. Cavabdeh ona qarşı əmlakın bölünməsi tələbi ilə məhkəməyə müraciət etmişdir və Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)- 1504/2022 saylı, 14 iyun 2022-ci il tarixli qətnaməsi ilə ünvan 2 ünvanında yerləşən evə onunla cavabdehin hər birinin ½ hissədə payları müəyyən olunmuşdur. 2018-ci ildə sözügedən mənzili almaq üçün tərəflər müxtəlif banklara müraciət edərək kredit götürmək istəmişlər. Lakin Cavabdeh öz borclarını vaxtında ödəmədiyinə görə banklar onlara kredit verməkdən imtina etmişlər. Belə olan halda, o məcbur qalaraq 15 avqust 2018-ci il tarixdə bibisi oğlu olan X1 müraciət edərək ondan 35.000 manat məbləğində borc pul götürmüşdür və həmin pul vəsaiti ilə ünvan 2 saylı ünvanında yerləşən evi almışdır. Daha sonra 19 noyabr 2018-ci il tarixdə "xxxx" ASC iddiaçının öhdəliklərini vaxtında icra edəcəyinə zaminlik edən şəxs olduğu üçün ona 36 ay müddətində ödəmək şərti ilə 36.000 manat məbləğində kredit vermişdir. Həmin pul vəsaiti ilə o, X1 olan borcunu qaytarmışdır. O, "xxxx" ASC-yə olan borcunu tək ödəyir və cavabdeh ona heç bir maddi köməklik göstərmir.
9. Gəncə şəhər Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli 2(125)-2021/2022 nömrəli qətnaməsi ilə (hakim Camal Quliyev) iddianın təmin edilməsi, Cavabdeh birgə nikah dövründə "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 19 noyabr 2018-ci il tarixli, 800850-604503/1 saylı kredit müqaviləsindən yaranan öhdəliklərin icrası üzrə 18.000 (on səkkiz min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 (bir yüz) manat, cəmi 18.100 (on səkkiz min bir yüz) manat məbləğində pul vəsaitinin tutulub İddiaçı verilməsi qət edilmişdir.
10. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması olaraq Azərbaycan Respublikasının Ailə Məcəllənin 32, 37.1, 37.3-cü maddələrinə, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh apellyasiya şikayəti verərək Gəncə şəhər Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli 2(125)-2021/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işi araşdırmasını düzgün aparmamışdır. Belə ki, onun məhkəmə iclasında iştirakı təmin olunmamış, iddiaçının bibisi oğlu şahid kimi dindirilməmişdir. Həm də məhkəmə nəzərə almamışdır ki, kredit alqı-satqı müqaviləsindən sonra götürülmüşdür. İddiaçı ev alması üçün kredit götürməsinə dair hər hansı sübut da təqdim etməmişdir. Birinci instansiya məhkəməsi qeyd edilən bu halları araşdırmadan, düzgün qiymət vermədən iddianı təmin etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. İddiaçı sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, 19 noyabr 2018-ci il tarixli, 800850-604503/1 saylı kredit müqaviləsi ilə götürülən kredit ilə evin alınması üçün ona borc verən bibisi oğluna olan borcları kredit götürülməklə ödənilmişdir. Yəni kredit birgə nikah dövründə evin alınmasına sərf olunmuşdur.
15. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada dəfələrlə xəbərdar edilməsinə və məhkəmə bildirişini imzalayaraq almasına baxmayaraq, o heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəmə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
16. Maddə 225.2 Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi
17. Maddə 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur.
18. Maddə 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir.
19. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
20. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir.
21. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.
22. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.
23. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2021-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ərarvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.3-cü maddəsinə müvafiq olaraq, ər-arvadın bir-birinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar ərarvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünür. Lakin bu bölgü kreditor qarşısında ər-arvadın birgə borclu olması halını aradan qaldırmır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
26. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
30. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər.
31. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər
Apellyasiya baxışının hədləri
32. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
34. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyi, yəni şikayətin dəlilləri qətnamənin bütövlükdə ləğvinə yönəldiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, işin faktiki hallarına düzgün qiymət verilmişdir.
36. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Gəncə şəhər Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli 2(125)- 2021/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Beləliklə, işin halları ondan ibarətdir ki, İddiaçı və Cavabdeh 12 iyul 2001-ci ildə nikaha girmişdir. İddiaçı 23 iyul 2019-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında olan nikahın pozulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-168/2020 saylı, 04 fevral 2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuşdur. Tərəflər arasında olan birgə nikah dövründə "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 19 noyabr 2018-ci il tarixli, 800850-604503/1 saylı kredit müqaviləsinə uyğun olaraq, İddiaçı 36.000 manat məbləğində kredit verilmiş, həmçinin həmin kreditə görə hesablanmış faiz borcu qismində 10.853 manat 44 qəpik məbləğində əlavə, cəmi 46.853 manat 44 qəpik ödəniş edilməsi nəzərdə tutulmuşdur. İddiaçı və Cavabdeh 23 iyul 2019-cu il tarixədək birgə yaşadıqları dövrdə qeyd olunan ümumi borcdan 10.411 manat 92 qəpik məbləğində ödəniş edilmiş, qalıq borc 36.441 manat 52 qəpik qalmışdır. İddiaçı iddia ərizəsi ilə müraciət edərək 36000 manat məbləğində borcun ½ hissəsinin əvəzi qismində 18.000 manat məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddiaçının birgə nikah dövründə əldə edilmiş borclarının bölünməsini tələb etməkdə haqlı olmasını hesab etmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayətinin dəlillərində işin düzgün araşdırılmadığını, məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verilmədiyini bildirsə də iş materiallarının 53-cü səhifəsində olan çıxarışdan görünür ki, Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Apellyasiya şikayətinin digər dəlili - alqı-satqı müqaviləsi və kredit müqaviləsinin fərqli tarixlərdə bağlanılmasına bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə araşdırmaları ilə işin müəyyən edilmiş halı ondan ibarətdir ki, 19 noyabr 2018-ci il tarixli, 800850-604503/1 saylı kredit müqaviləsi ilə tərəflərin birgə nikah dövründə kredit götürülmüş və ailənin ehtiyacı üçün (yəni evin alınmasına görə götürülən pulun qaytarılmasına) sərf olunmuşdur. Odur ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla cavabdehin mülahizələrindən ibarətdir.
39. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə Məhkəmə Kollegiyası razilaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uygun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
40. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırki işin hallarına münasibətdə əsassızdır və təmin edilməməlidir.
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 403.1, 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə şəhər Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli 2(125)-2021/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.