Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-974/2023 04.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbi tələbinə dair Gəncə Şəhər Məhkəməsinin 2(125)- 301/2023 saylı mülki iş üzrə 09 yanvar 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 04 aprel 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmədə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 03 dekabr 2019cu il tarixli, 1(044)-150/2019 saylı hökmünün surətindən görünür ki, Cavabdeh Gəncə şəhər sakini İddiaçı məxsus Gəncə şəhəri, Atatürk prospekti, 239 ünvanında yerləşən ticarət obyektini 20.000 ABŞ dolları pul müqabilində sonuncunun adına dövlət reyestr xidmətindən çıxarış alaraq, rəsmiləşdirmək adı ilə yalan vədlər verib inandırmaqla etibarından sui-istifadə etmə və aldatma yolu ilə 2015-ci ilin noyabr ayında günü istintaqa dəqiq məlum olmayan tarixdə həmin ticarət obyektində vahid niyyətlə 3.153 manat 60 qəpik məbləğində 3.000 ABŞ dolları pulunu, 2015-ci ilin noyabr ayında günü istintaqa dəqiq məlum olmayan tarixdə yaşadığı ünvan 2 ünvanının qarşısında 17.870 manat 40 qəpik məbləğində 17.000 ABŞ dolları pulunu, ümumilikdə vahid niyyətlə 20.000 ABŞ dolları məbləğində 21.024 manat, xeli miqdarda pulunu ələ keçirərək dələduzluq etmişdir. Bu əməlinə görə Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli, 1(044)-150/2019 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməklə təqsirli bilinib 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cinayət nəticəsində vurulmuş maddi zərərin əvəzi qismində 20.000 ABŞ dolları məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 192 manat məbləğində pul vəsaitinin Cavabdeh iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 03 dekabr 2019-cu il tarixli, 1(044)-150/2019 saylı hökmü ilə Cavabdeh dələduzluq və aldatma yolu ilə ona məxsus 20.000 ABŞ dolları pul vəsaitini ələ keçirməkdə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cavabdeh ona məxsus pul vəsaitini hazırki tarixədək qaytarmamışdır. Hazırda Cavabdeh həbsdən azad edilmişdir və Gəncə şəhərində yaşayır.
4. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, sonda cinayət nəticəsində vurulmuş maddi zərərin əvəzi qismində 20.000 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o heç vaxt İddiaçı 20.000 ABŞ dolları məbləğində pul vəsaiti almamışdır. İddiaçı yalnış izahat verir və ona böhtan atır. Buna görə də iddia təmin edilə bilməz. Sonda iddianın rədd edilməsi barədə qətnamə çıxarılmaısını məhkəmədən xahiş etmişdir.
6. Gəncə Şəhər Məhkəməsinin 2(125)-301/2023 saylı mülki iş üzrə 09 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim: C.Quliyev) İddiaçı iddiası təmin edilmiş, Cavabdeh cinayət nəticəsində vurulmuş maddi zərərin əvəzi qismində 20.000 (iyirmi min) ABŞ dolları məbləğində pul vəsaitinin, ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan manatı ilə və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 192 (bir yüz doxsan iki) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması qət edilmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 2(125)- 301/2023 saylı mülki iş üzrə 09 yanvar 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar ayınlaşdırılmamışdır. Belə ki, qətnamədə qeyd olunmuşdur ki, iddiaçı 2015-ci ildə guya ona 20000 ABŞ dolları məbləğində pul vermişdir. Qeyd olunan tarixdən sonra pulu qaytarmamışdır. Göründüyü kimi iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün iddia müddəti ötürülmüşdür. Qeyd olunan fakt qətnamənin ləğv edilməsi üçün əsasdır. İddiaçının iddia tələbini irəli sürməsi üçün kifayət qədər imkanı olduğu halda müddəti ötürməklə müraciət etmişdir. Qanunvericiliyin tələblərinə görə hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Hazırki işdə məhkəmə qətnaməsində müddətin ötürülməsi məsələsi faktı ümumiyyətlə araşdırılmamışdır. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək şikayətin dəlillərinə uyğun izahat vermiş, əlavə olaraq qeyd etmişdir ki, qeyd olunan pulun onun tərəfindən alınmasına dair heç bir sübut olmadığı halda onu şərləyərək cinayət məsuliyyətinə cəlb etmişlər. O, iddiaçıdan heç bir məbləğdə pul almamışdır. Sonda apellyasiya şikayətinin təmin edilərək qətnamənin ləğv olunması, iddia tələbinin təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin olunmaması, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsn xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
11. Maddə 21 - zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 12.Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir 13.Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 14.Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 15.Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 16.Maddə 384.0.4. mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə;
17. Maddə 1096.1 - mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsiri, hüquqa zidd əməldir.
18. Maddə 1097 - mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
19. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 82.4 - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir
22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
24. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya baxışının hədləri
25. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, işdə iştirak edən şəxləri və məruzəçini dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
28. Belə ki, iş materiallarından müəyyən edilir ki, Cavabdeh İddiaçı məxsus Gəncə şəhəri, Atatürk prospekti 239 ünvanında yerləşən ticarət obyektini 20.000 ABŞ dolları məbləğində pul müqabilində sonuncunun adına dövlət reyestr xidmətindən çıxarış alaraq rəsmiləşdirməka adı ilə yalan vədlər verib inandırmaqla etibarından sui-istifadə etmə və aldatma yolu ilə 2015-ci il noyabr ayında həmin ticarət obyektində vahid niyyətlə 3.000 ABŞ dolları pulunu, 2015-ci il noyabr ayında yaşadığı ünvan 4 ünvanının qarşısında 17.000 ABŞ, ümumilikdə vahid niyyətlə 20.000 ABŞ dolları məbləğində pulunu ələ keçirərək dələduzluq etmişdir. Bu hallar qanuni qüvvədə olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli, 1(044)-150/2019 saylı hökmü ilə öz təsdiqini tapdığına görə iddiaçı qeyd olunan xüsusatları sübut etmək vəzifəsindən azaddır. Buna görə də məhkəmə hesab etmişdir ki, Cavabdeh 20.000 ABŞ dolları məbləğində pul vəsaiti, ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan manatı ilə alınıb İddiaçı verilməlidir.
29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir və qeyd edir ki, məhkəmə irəli sürülən iddianı təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla, əsaslandırılmamışdır.
30. Belə ki, hazırki işin faktiki halları ondan ibarətdir ki, iş üzrə cavabdeh olan Cavabdeh İddiaçı yalan vədlər verib inandırmaqla, onun etibarından sui-istifadə etməklə sonuncudan 20.000 ABŞ dolları məbləğində pul almış, onun əməli cinayət hesab edildiyindən barəsində ittiham hökmü çıxarılmış və 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən həmin məbləğdə pulun alınaraq ona verilməsini xahiş etmiş və iddiası təmin olunmuşdur. Qətnamə ilə razılaşmayan Cavabdeh isə apellyasiya şikayətində iddiaçıdan 20.000 ABŞ dolları məbləğində pul almadığını bildirmiş, bundan əlavə, iddiaçının iddia müddətini ötürdüyünü bildirərək iddianın rədd edilməsini xahiş etmişdir.
31. Apellyasiya şikayətinin iddiaçıdan 20.000 ABŞ dolları məbləğində pul almadığı ilə bağlı dəlilinə münasibətdə kollegiya qeyd edir həmin dəlil əsassızdır. Belə ki, həmin halın təsdiq olunduğu barədə qanuni qüvvədə olan məhkəmə hökmü mövcuddur və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.Ona görə də kollegiya bu qənaətdədir ki, cavabdehin apellyasiya şikayətinin iddiaçıdan 20.000 ABŞ dolları məbləğində pul almadığı ilə bağlı dəlili əsassızdır.
32. Apellyasiya şikayətinin iddia müddətinin ötürülməsi ilə bağlı dəlilinə münasibətdə kollegiya qeyd edir həmin dəlil əsassızdır. Belə ki, əvvəla iş materiallarından müəyyən olunur ki, iş üzrə cavabdeh olan Cavabdeh işə birinci instansiya məhkəməsində baxılarkən məhkəmədə iştirak etmiş, ancaq ona qarşı irəli sürülən tələbə iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə verməmişdir. Halbuki, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Digər tərəfdən Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə iddia müddəti şamil edilmir.
33. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmişdir və Məhkəmə işin hallarını hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış, nəticə etibarı ilə qanuni və tam əsaslı qətnamə qəbul etmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin 2(125)-301/2023 saylı mülki iş üzrə 09 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.1, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq,
Q Ə T E T D İ:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-301/2023 saylı mülki iş üzrə 09 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməzsə, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.