Məhkəmə qərarları › İş №2(104)-975/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-975/2023

13.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-975/2023 13.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-477/2023 saylı qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASCnin xeyrinə 20 iyun 2013-cü il tarixli kredit müqaviləsi üzrə banka 1.993.34 ABŞ dolları əsas borc, 3.085.15 ABŞ dolları faiz borcu, 2.875.88 ABŞ dolları cərimə, kredit müqaviləsi üzrə 20 iyun 2015-ci il tarixdən, 30 sentyabr 2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 974.35 ABŞ dolları əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 8.928.72 ABŞ dolları borcun və 135.54 manat ödənilmiş dövlət rüsmunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-477/2023 saylı qətnaməsi ilə (sədrlik edən Camal Quliyev) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 20 iyun 2013-cü il tarixli, 10-M-1- 0-929-13 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.993 ABŞ dolları 34 sent, 30 sentyabr 2022-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 3.085 ABŞ dolları 15 sent, cərimə qismində 2.875 ABŞ dolları 88 sent, müqavilənin bitdiyi tarixdən – 20 iyun 2015-ci il tarixdən 30 sentyabr 2022-ci tarixədək əsas borca illik 5 faizi dərəcəsi ilə hesablanmış faiz borcunun əvəzi qismində 974 ABŞ dolları 35 sent, cəmi 8.928 ABŞ dolları 72 sent və ödənilmiş dövlət rüsmunun əvəzi qismində 135 manat 54 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə iddianın təmin edilməməsi qərara alınmışdır. İddiaçı "xxxx" ASC həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-477/2023 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kredit müqaviləsi üzrə öhdəliyin icrası vaxtı xx.xx.2015-ci il tarixdə başa çatsa da, lakin borclu öhdəliyini tam şəkildə yerinə yetirməmiş və belə olan halda kredit müqaviləsi qüvvədə sayılır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığı davam edir və MM-in 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Kredit müddəti ilə bağlı isə nəzərə alınmalıdır ki, bu müddət müvafiq öhdəliyin əmələ gəlməsi, zərurət olduqda ona xitam verilməsi və öhdəliyin icrasının gecikdirilməsi baxımından əhəmiyyət kəsb edir. Kredit müqaviləsi üzrə tərəflər arasında hüquq və vəzifələrin müəyyən bir anda əmələ gəlməsinə dair əldə olunan razılaşma borc alanın və borc verənin hansı andan etibarən, yaxud hansı ana qədər müəyyən hərəkətləri etməli olmaları, yaxud edə bilmələri ilə bağlıdır (borc alanın borcun ödənilməsini tələb edə bilməsi; borc verənin borcun götürülməsini tələb edə bilməsi; borc alanın kredit məbləğini müvafiq qrafik üzrə hissələrlə, yaxud birdəfəlik ödəmə şəklində həyata keçirməsi). Bundan əlavə, iddia tələbinin bir hissəsini kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixdən, xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 % faizlə hesablanmış 974.35 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla zərər təşkil etmiş, birinci instansiya məhkəməsi isə iddia tələbinin bu hissəsinə də 3 illik iddia müddəti tətbiq etmişdir. Halbuki, iddiaçı olaraq tələb etdikləri illik 5 % pul tələbi kredit müqaviləsindən irəli gələn tələb olmamışdır. İşin faktiki hallarından göründüyü kimi, cavabdeh öz üzərinə götürmüş öhdəliyi tam şəkildə yerinə yetirməyərək gecikməyə yol vermiş və bundan sonra Bankın gecikdirilmiş vaxt üçün faiz tələb etmək hüququ yaranmışdır. İş üzrə cavabdehlərə işə baxılmanın vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, onun dəlilləri ilə eyni məzmunlu izahat verdi və şikayətin təmin edilməsini, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)- 477/2023 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-477/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: 20 iyun 2013-cü il tarixli, 10-M-1-0-929-13 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 kreditdən istifadəyə görə illik 28% borc faizləri ödəməsi şərtilə, 24 ay müddətinə 5.000 ABŞ dolları məbləğində kredit vermişdir 20 iyun 2013-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh1 "xxxx" İKB Açıq Səhmdar Cəmiyyətindən 20 iyun 2013-cü il tarixdə 5.000 ABŞ dolları məbləğində pul vəsaitini almışdır. 20 iyun 2013-cü tarixli, 10-M-1-0-929-13 saylı zaminlik müqaviləsindən görünür ki, Əsgərov Cavabdeh2 Günay Mübariz qızınun eyni tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına zaminliyi öz öhdəsinə götürmüşdür. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 20 iyun 2013-cü il tarixli kredit müqaviləsi üzrə maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə borcu ödənilməmiş əsas borcun əvəzi qismində 1.993 ABŞ dolları 34 sent, 30 sentyabr 2022-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 3.085 ABŞ dolları 15 sent, cərimə qismində 2.875 ABŞ dolları 88 sent, müqavilənin bitdiyi tarixdən – 20 iyun 2015-ci il tarixdən 30 sentyabr 2022-ci tarixədək əsas borca illik 5 faizi dərəcəsi ilə hesablanmış faiz borcunun əvəzi qismində 974 ABŞ dolları 35 sent, cəmi 8.928 ABŞ dolları 72 sent təşkil edir. Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, "xxxx" X2 açıq səhmdar cəmiyyəti hazırkı adı İddiaçı açıq səhmdar cəmiyyətidir. İddianı rədd edən birinci instansiya məhkəməsi gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki,İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 20 iyun 2013-cü il tarixli, 10-M-1-0-929-13 saylı kredit müqaviləsi üzrə kreditin icra müddəti 20 iyun 2015-ci il tarixdə bitmiş, sonuncu ödəniş isə 19 aprel 2019-cu il tarixdə edilmiş və iddia ərizəsi ilə məhkəməyə 25 oktyabr 2022-ci il tarixdə müraciət olunmuşdur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə iddia müddətinin axımı kredit müqaviləsi üzrə kreditin icra müddətinin bitdiyi vaxtdan, yəni 20 iyun 2015-ci il tarixdən hesablanmalıdır. İddaçı isə, hazırkı iddia ərizəsi ilə məhkəməyə 2022-ci ilin oktyabr ayında müraciət etmişdir ki, bununla da, iddia müddətini ötürmüşdür. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermiş, işə baxan məhkəmə də iddia müddətini tətbiq edərək iddianı rədd etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin nəticəsi ilə razılaşır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 20 iyun 2013-cü il tarixli, 10-M-1-0-929-13 saylı kredit müqaviləsinə əsasən "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 kreditdən istifadəyə görə illik 28% borc faizləri ödəməsi şərtilə, 24 ay müddətinə 5.000 ABŞ dolları məbləğində kredit vermişdir. Həmçinin eyni tarixli və eyni nömrəli zaminlik müqaviləsi üzrə Cavabdeh2 20 iyun 2013-cü il tarixli, 10-M-1-0-929-13 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasına zaminliyi öz öhdəsinə götürmüşdür. Cavabdeh1 kredit müqaviləsi əsasında kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmiş və iddiaçı banka borcu qalmışdır. Cavabdeh2 birinci instansiya məhkəməsinə təqdim etdiyi və işə əlavə olunmuş ərizəsindən görünür ki, o, müqavilə tələbləri üzrə iddia müddətinin keçməsini nəzərə alıb, iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlayır. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun MM-in 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu MM-in 373-cü maddəsinin şərh edilməsinə dair 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia tələbi üzrə iddia müddəti ötürüldüyündən, birinci instansiya məhkəməsi düzgün olaraq, hazırkı mübahisəyə iddia müddəti tətbiq edilməklə, iddia tələbini rədd etmişdir. Məhkəmə kollegiyası iddiaçının tələb etdikləri illik 5% pul tələbinin kredit müqaviləsindən irəli gələn tələb olmaması, kreditorun bu tələbi irəli sürməsinin müqavilədən yox, qanundan irəli gəlməsinə dair dəlillərini də əsassız sayır və qeyd edir ki, iddiaçı sözügedən tələbinin əsası Mülki Məcəllənin 445.7-ci maddəsinə söykənmişdir ki, həmin maddə borclunun müqavilə üzrə öhdəliklərin icrasını gecikdirməsi zamanı faiz qismində tətbiq edilən sanksiyanı nəzərdə tutur. Bu isə o deməkdir ki, həmin tələb də kredit müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməməsi səbəbindən, müqavilə tələblərinin pozulması əsası ilə əlavə tələb kimi irəli sürülmüşdür. Əlavə tələb də əsas tələbdən törəyir və onu təmin edir. Əsas tələb üzrə iddia müddəti keçmişsə, onda əlavə tələb üzrə iddia müddəti də ötmüş hesab edilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia müddətini tətbiq edərək, iddianı rədd etməklə, mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-477/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası MPM-in 384-385, 392-393, 402, 403, 404 və 405-406-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-477/2023 qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar