Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-976/2023 18.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-484/2023 saylı qətnaməsindən İddiaçı ASC-nin nümayəndəsi Mirimud Seyidov tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18 yanvar 2013-cü il tarixli, 10M-2-0-93-13 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 2.680 ABŞ dolları 07 sent, 30 sentyabr 2022-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 4.766 ABŞ dolları 30 sent, cərimə qismində 4.259 ABŞ dolları 74 sent, müqavilənin bitdiyi tarixdən – 18 yanvar 2015-ci il tarixdən 30 sentyabr 2022-ci tarixədək əsas borca illik 5 faizi dərəcəsi ilə hesablanmış faiz borcunun əvəzi qismində 1.271 ABŞ dolları 80 sent, cəmi 12.977 ABŞ dolları 91 sent və ödənilmiş dövlət rüsmunun əvəzi qismində 156 manat 19 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-484/2023 saylı qətnaməsi ilə (hakim C.Quliyev) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan İddiaçı ASC-nin nümayəndəsi Mirimud Seyidov apellyasiya şikayəti vermiş, qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 28 faizlə 24 ay müddətinə 9000 ABŞ dolları kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin, borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 30 sentyabr 2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə banka 2680.07 ABŞ dolları əsas borc, 4766.3 ABŞ dolları faiz borcu, 17038.94 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1271.8 ABŞ dolları məbləğində borc olmaqla, ümumilikdə cəmi 25757.11 ABŞ dolları borcu vardır. Cavabdeh1 xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 17038.94 ABŞ dolları təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 4259.74 ABŞ dolları məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Mülki iş materiallarında olan: 18 yanvar 2013-cü il tarixli, 10-M-2-0-93-13 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 kreditdən istifadəyə görə illik 28% borc faizləri ödəməsi şərtilə, 24 ay müddətinə 9.000 ABŞ dolları məbləğində kredit vermişdir. 18 yanvar 2013-cü tarixli, 10-M-2-0-93-13 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 eyni tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına zaminliyi öz öhdəsinə götürmüşdür. 18 yanvar 2013-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh1 "xxxx" İKB Açıq Səhmdar Cəmiyyətindən 18 yanvar 2013-cü il tarixdə 9.000 ABŞ dolları məbləğində pul vəsaitini almışdır. İddiaçı açıq səhmdar cəmiyyəti tərəfindən verilmiş 18 yanvar 2013-cü il tarixli kredit müqaviləsi üzrə maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı açıq səhmdar cəmiyyətinə borcu əsas borcun əvəzi qismində 2.680 ABŞ dolları 07 sent, 30 sentyabr 2022-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 4.766 ABŞ dolları 30 sent, cərimə qismində 4.259 ABŞ dolları 74 sent, müqavilənin bitdiyi tarixdən – 18 yanvar 2015-ci il tarixdən 30 sentyabr 2022-ci tarixədək əsas borca illik 5 faizi dərəcəsi ilə hesablanmış faiz borcunun əvəzi qismində 1.271 ABŞ dolları 80 sent, cəmi 12.977 ABŞ dolları 91 sent təşkil edir. Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, "xxxx" X3 açıq səhmdar cəmiyyəti hazırkı adı İddiaçı açıq səhmdar cəmiyyətidir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi prosessual hüquq normalarını pozmuş və maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, o, kredit müqaviləsi üzrə öhdəliyin icrası vaxtı xx.xx.2015-ci il tarixdə başa çatmalı idi, lakin borclu öhdəliyini tam şəkildə yerinə yetirməmiş, belə olan halda kredit müqaviləsi qüvvədə sayılır. Həmçinin, iddia tələblərinin bir hissəsini kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1271.80 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla zərər təşkil etmiş nədənsə birinci instansiya məhkəməsi iddia tələbinin bu hissəsinə də 3 illik müddəti tətbiq edərək iddianı rədd etmişdir. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin apellyasiya məhkəməsində verdiyi izahatlar: Məhkəmə kollegiyasının iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərində göstərilən hallara uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya mhəkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir». Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qətnamənin tam ləğv edilməsinə yönəldiyinə görə qətnamənin əsaslılığı tam yoxlanmalıdır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Cavabdeh1 ilə "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 18 yanvar 2013-cü il tarixli, 10-M-2-0-93-13 saylı kredit müqaviləsinə əsasən "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 kreditdən istifadəyə görə illik 28% borc faizləri ödəməsi şərtilə, 24 ay müddətinə 9.000 ABŞ dolları məbləğində kredit vermişdir. Həmçinin eyni tarixli və eyni nömrəli zaminlik müqaviləsi üzrə Cavabdeh2 18 yanvar 2013cü il tarixli, 10-M-2-0-93-13 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasına zaminliyi öz öhdəsinə götürmüşdür. Kreditor borcalanın həmin müqavilə üzrə öhdəliyini icra etmədiyindən, əsas borc üçün 2.680 ABŞ dolları 07 sent, 30 sentyabr 2022-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 4.766 ABŞ dolları 30 sent, cərimə qismində 4.259 ABŞ dolları 74 sent, müqavilənin bitdiyi tarixdən – 18 yanvar 2015-ci il tarixdən 30 sentyabr 2022-ci tarixədək əsas borca illik 5 faizi dərəcəsi ilə hesablanmış faiz borcunun əvəzi qismində 1.271 ABŞ dolları 80 sent, cəmi 12.977 ABŞ dolları 91 sent məbləğdə pulun cavabdehdən tutulmasını tələb edir. Cavabdeh isə ərizə verərək mübahisəyə iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir. İddiaçı qanunla müəyyən olunmuş iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri kreditlə bağlı yaranan mülki münasibətlərdir. Ona görə də işin hallarına tərəflər arasında bağlanmış kredit müqaviləsinə, qanunvericiliyin borc ilə bağlı, habelə iddia müddəti və digər əlaqəli müddəaları əsasında hüquqi qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri tərəflər arasında müqavilənin olmasıdır. Tərəflər arasında bağlanmış və yuxarıda göstərilən kredit müqaviləsi iddia tələbi üzrə cavabdehin hüquq və öhdəliklərinin yaranması üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci maddələrində göstərilən hüquqi əsasları təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmədə müəyyən olunmuşdur ki, iddiaçı kredit müqaviləsində nəzərdə tutulmuş borcu cavabdehə verməklə, müqavilə üzrə vəzifəsini yerinə yetirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh aldığı krediti müqavilədə müəyyən olunmuş müddətlərdə və məbləğdə tam ödəməmiş və bununla da iddiaçının hüquqları pozulmuşdur. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi işin bu faktik halını tərəflər mübahisələndirmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən kreditorun borcludan faizlərin ödənilməsini tələb etmək hüququ vardır. Lakin, iş materialları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsi verilərkən qanunla müəyyən olunmuş iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsində deyilir ki, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Mülki Məcəllənin 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MMin 368 və 377.2-ci maddələri). İddia müddəti mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. Məsələn, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərhinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında iddia müddətinin əhəmiyyəti qeyd olunaraq göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət güstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli qərarında da göstərmişdir ki, «iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. ... Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur». Konstitusiya Məhkəməsi həmin qərarında daha sonra göstərmişdir ki, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 18 yanvar 2013-cü il tarixli, 10-M- 2-0-93-13 saylı kredit müqaviləsi üzrə kreditin icra müddəti 18 yanvar 2015-ci il tarixdə bitmişdir. Lakin, iddiaçı tərəfindən isə 25 oktyabr 2022-ci il tarixdə iddia qaldırılmaqla, 3 illik iddia müddəti ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 382-ci maddəsinə əsasən iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsın pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. İş materiallarından göründüyü kimi işə birinci instansiya məhkəməsində baxılan zaman iddiaçı bank ötürülmüş iddia müddətinin bərpasını xahiş etməmiş və bu barədə məhkəmədə vəsatət qaldırmamışdır. Həmin Məcəllənin 379-cu maddəsində isə sənədlərin istintaq orqanları tərəfindən götürülməsinin iddia müddətinin axımının dayandırılmasına əsas olan səbəb kimi nəzərdə tutulmamışdır. Həmçinin nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Cavabdeh2 kredit müqaviləsi üzrə iddia müddətinin ötürülməsi barədə məhkəməyə ərizə vermiş və birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə tələbə iddia müddətini tətbiq edib iddianı təmin etməməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası həmçinin iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, Mülki Məcəllənin 399.3-cü maddəsi müqavilədə nəzərdə tutulduğu halda müqavilənin qüvvədə olma müddətinin qurtarması ilə tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamını, belə şərt olmadığı halda isə müqavilənin öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə olmasını müəyyən etməkdədir. Hazırkı iş üzrə tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə öhədliyin icrası müddəti 18 yanvar 2015-ci il tarixinədək şərtləndirilmişdir ki, hazırkı iş üzrə mübahsiə müqavilənin qüvvədə olma müddəti və ya müqavilənin qüvvədə olan müddətinin bitməsi ilə əlaqədar öhdəliyə xitam verilib-verilməməsi ilə bağlı deyil, müqavilə üzrə öhdəliyə müddətin keçməsi ilə bağlı iddia müddətinin tətbiq edilməsi olmuşdur. Bundan başqa məhkəmə kollegiyası iddiaçının gecikdirilmiş vaxt üçün faiz tələbi ilə bağlı iddianın təmin edilməli olması ilə bağlı şikayətinin dəlilini də əsassız hesab etmişdir. Belə ki, Mülki Məcəllənin 554.3-cü maddəsinə əsasən əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir ki, iddiaçının gecikdirilmiş vaxt üçün faiz tələbi də məhz əsas tələbdən irəli gəlmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, qətetdi: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-484/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-976/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-976/2023
18.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver