Məhkəmə qərarları › İş №2(104)-976/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-976/2024

26.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-976/2024 26.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), X1 və Süleymanov Loğman Srac oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-161/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin Qazax filialı ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, İK İK-129392/22-PK saylı kredit müqaviləsi üzrə Cavabdeh2 banka olan 3651,36 manat əsas, 183,15 manat faiz, 138,45 manat cərimə borcu olmaqla, cəmi borcu 3972,96 manat məbləğində borcun və ödənilmiş 59,73 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(125)-161/2024 nömrəli qətnaməsi ilə (hakim C.Tağıyev) iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2022-ci il tarixli, İK İK-129392/22-PK nömrəli kredit müqaviləsi üzrə 3624,84 manat əsas, 183,15 manat faiz və 8,45 manat cərimə olmaqla, cəmi 3816,79 (üç min səkkiz yüz on altı manat 79 qəpik) manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 58,16 manatın tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manatın cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Məhkəmə Ekspertizası Mərkəzi ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin “Qazax” filialı ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli kredit müqaviləsi bağlanaraq cavabdehə 36 ay müddətinə, illik faiz dərəcəsi 17,5% olmaqla, 4000 manat məbləğində kredit verilmişdir. Həmçinin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi tərəflər arasında xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlərə kredit borcunun ödənilməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq müqavilə üzrə üzərilərinə düşən öhdəliyi icra etməmişdirlər. Nəticədə Cavabdeh2 İddiaçı ASC-yə 3651,36 manat əsas borcu qalmış, 183,15 manat faiz borcu hesablansa da ekspert rəyindən sonra məlum olmuşdur ki, faiz borcu 364,75 manat təşkil edir. İddianın təmin edilərək 3651,36 manat əsas borcun, 364,75 manat faiz borcun və 138,45 manat cərimənin və 61,55 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan: xx.xx.2022-ci il tarixli, İK İK-129392/22-PK nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə, illik faiz dərəcəsi 17,5% olmaqla, 4000 manat məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il tarixli, İK-129392/22-PK nömrəli zaminlik müqaviləsindən görünür ki, xx.xx.2022-ci il tarixli, İK İK-129392/22-PK nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi bankla Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən zamin Cavabdeh1 borcalan Cavabdeh2 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2022-ci il tarixli, İK İK-129392/22-PK nömrəli kredit müqaviləsinə əlavə olunan ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 kredit borcunu xx.xx.2025-ci ilə qədər hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh2 İddiaçı ASC-dən 4000 manat pulu qəbul etmişdir. xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli, İK İK129392/22- PK nömrəli kredit müqaviləsi üzrə 3651,36 manat əsas borc, 364,75 manat faiz borcu, 138,45 manat cərimə olmaqla ümumilikdə, 4154,56 manat hesablanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/7511 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2022-ci il tarixli, İK İK- 129392/22-PK nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 xx.xx.2023-cü il tarixə olan əsas borcu 3624,84 manat, faiz borcu isə 364,75 manat təşkil edir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Gəncə Şəhər Məhkəməsi çıxardığı qətnamədə onun iştirakını məhkəmədə təmin etməməklə ifadə və etirazlarına münasibət bildirməyi üçün şərait yaratmamışdır. xx.xx.2024-cü il tarixdə bu barədə teleqramda ünvanlasa da məhkəməyə buna məhəl qoyulmamışdır. Həmçinin, iddiaçı tək-tərəfli qaydada müqaviləyə zidd olaraq vaxtından əvvəl kredit müqaviləsini ləğv etmiş, bununla bağlı isə birinci instansiya məhkəməsi qanunsuz olaraq sübut və dəlillərə dayanmadan çıxardığı qətnaməyə münasibətdə əlavə sübut və dəlillər gətirməsini iddiaçıdan tələb etməyərək ona münasibətdə çəkişmə prinsipini pozmuşdur. Gəncə Şəhər Məhkəməsi mənə özünü tam ifadə etmə fürsəti verməmiş, sübutlar toplamağa şərait yaratmamış, tərəflərin sübutları müzakirə etməsi üçün hərəkətsiz qalmış və heç bir sübut tələb etməmiş, öz mülahizəsinə əsasən və iddiaçının əsassız ifadə və dəlilləri ilə qətnamə çıxarmaq üçün bunu əvvəlcədən qiymətləndirərək əsas hesab etmişdir. Nəticədə ortaya qanunsuz, ədalətsiz və əsaslı olmayan bir qətnamə çıxarılmışdır. Məhkəmə öz qətnaməsində qeyd etmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə onun baxış iclası tarixində səhhətində yaranmış çətinliyə dair ona ünvanladığı sürətli poçt barədə öz qətnaməsində qeyd etməmişdir. Həmçinin iddiaçı ilə aralarında olan kredit müqaviləsinin onun iştirakı olmadan ləğv edilərək yaranmış borc məbləğinin birdəfəlik qaydada ondan istəməsi məsələsini də araşdırmamışdır. Məhkəmə çıxardığı qətnaməsində qeyd etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü iltarixli, 9/7511 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2022-ci il tarixli, İK İK-129392/22-PK nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 xx.xx.2023-cü il tarixə olan əsas borcu 3624,84 manat, faiz borcu isə 364,75 manat təşkil edir və bu borc rəqəmləri sübut kimi qiymətləndirilmişdir. Halbu ki, onun indiyədək banka olan ödənişlərinə dair qəbzlər məhkəməyə təqdim edilməmiş və bu qəbzlər məhkəmə tərəfindən də, iddiaçıdan tələb edilməmişdir. Məhkəmə iclasında iştirakı təmin edilsə idi, ekspertiza rəyinə etiraz edəcəkdi. Eyni zamanda eyd edilən rəqəmlərdən aydın olur ki, təkrar ekspertiza keçirilməsi zəruridir. Təqdim edilmiş rəylə tanış olmadığından və çıxarılan məbləğin ödənilmiş məbləğlərə nisbətdə üst-üstə düşməməsi bu məsələnin işin hallarına uyğun olmayaraq həll edilməsi kimi qiymətləndirir. Prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin dəlilinə uğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasına gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir». Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin Cavabdeh2 borcunun tutulması hissələri üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı mübahisələndirməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, qətnamədən Cavabdeh1 şikayət vermədiyindən qətnamə ona münasibətdə yoxlanılmır (müştərək borcluluqdan irəli gələn hədd istisna olmaqla). Kollegiya bu qənaətini onunla əsaslandırır ki, iddianın əsas borclulara qarşı yönəlmiş hissələri bir-biri ilə bağlı olmaqla mübahisənin predmeti bölünməz xarakterli olsa da, borclu Cavabdeh2 verdiyi şikayətə əsasən qətnamənin bütünlüklə və digər şəxslərə münasibətdə yoxlanılması sonuncuların hüquqlarına toxunan hal kimi qiymətləndirilə bilər. Beləliklə qətnamə digər Cavabdeh1 münasibətdə hazırkı apellyasiya baxışı çərçivəsində yoxlanılmır. (müştərək borcluluqdan irəli gələn hədd istisna olmaqla) Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli kredit müqaviləsi bağlanaraq cavabdehə 36 ay müddətinə, illik faiz dərəcəsi 17,5% olmaqla, 4000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi tərəflər arasında xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlərə kredit borcunun ödənilməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq müqavilə üzrə üzərilərinə düşən öhdəliyi icra etməmişdirlər. Nəticədə Cavabdeh2 İddiaçı ASC-yə 3651,36 manat əsas borcu qalmış, 183,15 manat faiz borcu hesablansa da ekspert rəyindən sonra məlum olmuşdur ki, faiz borcu 364,75 manat yaranmışdır. Ona görə də kreditor hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən olunmuş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri kredit ilə bağlı yaranan mülki münasibətlərdir. Ona görə də işin hallarına tərəflər arasında bağlanmış kredit və bank hesabı müqaviləsinə, habelə qanunvericiliyin faiz borcu ilə bağlı müddəaları əsasında hüquqi qiymət verilməlidir. Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsindən bəhs edən 2-ci fəslinin 14.2.1-ci maddəsinə görə, Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. İddia tələbinin kökündə tələb etmənin əsası xx.xx.2022-ci il tarixli, İK İK-129392/22-PK saylı kredit müqaviləsi dayanır. Məhz iddiaçı bank həmin müqavilələri rəhbər tutaraq hazırda cavabdehlərdən əsas və ona hesablanmış faiz borcu tələb edir və əsas kimi göstərir ki, borcalanlar kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişlər, apellyator isə kredit borcunun mövcudluğunu inkar etməyərək yalnız borcun düzgün hesablanmadığını mübahisələndirmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən olunmuş hallarına əsasən Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəsaitini banka ödəməli olduğu halda öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuşdur. Bu qənaətinə uyğun olaraq kollegiya apellyatorların borcun düzgün hesablanmaması və ekspertiza təyin edilməsi barədə vəsatəti ilə bağlı məhkəmə kollegiyası göstərir ki, bu dəlil formal mülahizə olmaqla cavabdehin subyektiv mülahizəsinə söykənir. Məhkəmə kollegiyasının bu nəticəyə gəlməsinə əsas Mülki Prosessual Məcəllənin 77.1-ci və Mülki Məcəllənin 433.3-cü maddəsidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində göstərilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. (Mülki Məcəllənin 433.3-cü maddəsi). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 9/7511 nömrəli ekspert rəyi ilə borc məbləği dəqiqliklə göstərilmişdir. Həmin rəyin şübhə altına alacaq hər hansı əsas olmamaqla yenidən mühasibatlıq ekspertizasın keçirilməsinə zərurət yoxdur. Həmçinin iş materiallarına əlavə olunmuş məhkəmə bildirişindən görünür ki, cavabeh Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkəmə yoxlanılan hissədə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə qanuni və əsaslıdır, qətnamənin yoxlanılan hissədə ləğvi üçün heç bir hüquqi əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İşdən müəyyən olunur ki, iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 372-376, 378-382, 384.0.1, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-161/2024 nömrəli qətnaməsi yoxlanılan hissədə Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar