Məhkəmə qərarları › İş №2(104)-977/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-977/2025

27.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-977/2025 27.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh (üçüncü şəxs X10) qarşı mülki iş üzrə Açar sözlər: əsassız varlanma Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil1 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh (üçüncü şəxs X10) qarşı pul tələbinə dаir mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli 2(125)-192/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 27 may 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. xx.xx.2024-cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarının surətindən görünür ki, İddiaçı 6.070 manat məbləğində pul vəsaitinin geri qaytarılmasına dair müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir;

2. X4 şəhəri 1-ci Polis Şöbəsinə verdiyi xx.xx.2024-cü il tarixli izahatında qeyd etmişdir ki, təxminən 1 il əvvəl Avtandil adlı şəxslə tanış olmuşdur. Avtandil xaricdən yük avtomobili gətirdiyini demiş, Avtandilə avtomobil sifariş etmiş, 1-ci avtomobili razılaşdığı kimi gətirib ona təhvil vermiş, ödənişini də tam etmişdir. Bundan sonra Avtandil şəriklə yük avtomobili gətirib satmağı və qazanc əldə etməyi təklif etmişdir. O, da razılaşmış, Avtandilə 30000 manat pul vermişdir. Lakin qısa müddətə avtomobilin gəlməsini şərt qoymuşdur, Avtandil isə avtomobilin 20-25 günə gələcəyini söz vermişdir. Buna baxmayaraq yük avtomobili 4 ay yarıma gəlmişdir. Həmin vaxt artıq avtomobili istəməmiş və Avtandildən pulunu geri tələb etmişdir. Avtandil isə avtomobilin Gürcüstanda olduğunu və istəsə gedib götürməsini, istəməsə də pul tələb etməməyi və ondan əlavə də pul istməyəcəyini sadəcə gömrük rəsmiləşdirilməsi etməyini demişdir. O, da avtomobili Gürcüstandan gətizdirib gömrük rəsmiləşdirməsi etmiş, 12000 manat xərci çıxmışdır. Həmin vaxt Avtandil ondan başqa heç bir pul istəməmiş, sadəcə ona sürücü kimi təqdim etdiyi Eldəniz adlı şəxsə şirinlik verməsini istəmişdir. O, isə 1000 manat və hissə-hissə olmaqla ümumilikdə Eldənizə 1500 manat pul göndərmişdir. Həmin vaxt Eldəniz ondan baqşa pul istəməsə də vicdanı yol vermədiyi üçün qalan pulu da verəcəyini lakin vaxt istədiyini demişdir, Avtandil isə onu tələsdirməmiş və nə vaxt istəsə verəcəyini demişdir. Həmin ərəfədə qohumu Rəşad üçün də Avtandilə yük avtomobili sifariş etmişlər və Rəşaddan 30000 manat pulu alaraq Avtandilə vermişdir. Avtandil 2023-cü ilin sonunadək avtomobili təhvil verəcəyini söz vermişdir. Lakin söz verdiyi vaxt gəlib keçmiş, yük avtomobili gəlib çıxmamışdır. xx.xx.2024-cü il tarixdə Eldəniz onunla əlaqə saxlamış və sifariş olunan avtomobilin Türkiyədən gəlib çıxması üçün pul vermək lazım olduğunu demiş, Eldənizi Rəşadla calaşdırmış, özləri aralarında danışmışlar, Eldənizin sözü ilə kürəkəni Kamala aparıb 6070 manat pulu Raşad vermişdir. Bundan sonra yenə yük avtomobili gəlib çıxmamış, o, səbəbini Avtandildən soruşan zaman Avtandil Rəşaddan alıb verdiyi 30000 manat pulun onun əvvəlki avtomobilə görə olan borcuna silindiyini demişdir. Bu vaxt artıq narazılıq yaranmışdır. O, da məcbur qalaraq özündə olan yük avtomobilini Rəşada satmış, qalıq pulu Rəşaddan almışdır. Rəşad isə Eldənizin kürəkəninə verdiyi pulu tələb etsə də Eldəniz həmin pulu da Avtandilin olan borcuna çıxdığını demişdir. Onun nə Avtandilə nə də ki, Eldənizə heç bir borcu qalmamışdır. O, artıqlaması ilə Avtandilə pul vermiş, Avtandil ilə Eldənizin aralarında baş verənləri isə bilmir.

3. Cavabdeh Gəncə şəhəri 1-ci Polis Şöbəsinə verdiyi xx.xx.2024-cü il tarixli izahatınında qeyd etmişdir ki, bəzi vaxtlarda avropa ölkələrindən yük avtomobili gətirib Azərbaycanda satır, yəni sifariş edən müştərilər üçün gətirir. Avtandil adlı şəxsi isə uzun illərdir ki, Gəncə şəhər sakini olaraq tanımışdır. 2023-cü ildə ilk dəfə Avtandil ondan yük avtomobili istəmiş və o da yük avtomobili gətirib təhvil vermiş, həmin avtomobilə görə pulunu tam şəkildə Avtandildən almışdır. Avtandil sonradan ona ikinci yük avtomobilini sifariş etmiş, ilkin olaraq 16000 manat vermiş, pulun qalan hissəsini avtomobil çatdıqdan sonra veriləcəyini demişdir. Avtomobili Gürcüstana qırmızı körpü keçid məntəqəsinə kimi gətirib çatdırmış və Avtandil müştərini göndərmiş, avtomobili Gürcüstandan götürüb Azərbayacan gətirmişlər, 2023-cü ilin sentyabr ayında gəlib Azərbaycana çatmış və gömrük rəsmiləşdirilməsi baş tutmuşdur. Avtandil avtomobilin gömrük rəsmiləşdirilməsini 10000 manat pul verildiyini demişdir. Bundan sonra onun kart hesabına 1000 manat, 100 manat, 100 manat və 300 manat pullar göndərilmişdir. Həmin vaxt Avtandil müştərisinin Bəhruz adlı şəxs olduğunu demişdir və Bəhruzla onu telefonda da danışdırmışdır. Avtomobil gömrük rəsmiləşdiriləsi olunduqdan sonra avtomobil üçün ondan etibarnamə istəmişlər, o, Avtandilə pulunun qalan hissəsi verilmədiyini deyən zaman Avtandil ona pulu Bəhruzdan özü alıb verəcəyinə söz vemıiş, hətta Bəhruz həmin gün axşamadək lizinqdən pul götürüb onun pulunun veriləcəyini demişdir. Hamin gün axşam o, avtomobilin ondan xəbərsiz şəkildə verdiyi etibarnamə əsasında qardaşı oğlunun adından Rəna adlı bir qadının adına dəyişdirildiyini öyrənmişdir. Avtandildən nə baş verdiyini soruşan zaman Avtandil yenə pulun veriləcəyinə onu əmin etmişdir. Lakin həmin vaxt söz verildiyi kimi onun pulunun qalan hissəsi verilməmişdir. Təxminən 1 ay sonra ona Avtandil 20000 manat pul vermiş, Avtandilin ona 20500 manat borcu qalmışdır. Avtandil avtomobilin söz verdiyi vaxtdan gec gəldiyi üçün Bəhruza qalan pulu ödəməsi üçün 6 ay vaxt verdiyini demişdir. Həmin ərəfədə Avtandil Bəhruzun başqa bir müştərisi üçün yeni bir yük avtomobili lazım olduğunu demiş, yeni bir yük avtomobili sifariş etmişdir. Onun isə yolda həmin vaxt gətirdiyi yük avtomobili olmuş, bu barədə Avtandilə deyib, həmin avtomobili təklif etmişdir. O, həmin vaxt Avtandil Azərbaycanda olmadığı üçün bir başa Bəhruz ilə əlaqə saxlamışdır. Bəhruzdan heç olmasa yol pulu olaraq Türkiyədən Bakıya gəlib çıxması üçün yol xərci olaraq pul vermələrini istəmişdir. Bir neçə dəfə Bəhruzdan pul istəsə də verilməmiş, yük avtomobili isə Türkiyədə gözləmişdir. Bir müddət sonra Bəhruz müştərisinin pul verəcəyəni demiş, onu Rəşad adlı şəxs ilə mobil telefonla danışdırmış və müştərinin həmin Rəşad olduğunu demiş, o, isə müştərinin kim olduğunun ona fərq etmədiyini, Avtandili tanıdığını və yük avtomobilini Avtandilin sifarişi ilə gətirdiyini demişdir. Bəhruz yol pulu üçün olan pulu kimə vermək lazım olduğunu soruşmuş, o, isə Gəncə şəhərində yaşayan kürəkəni Kamala verməsini demişdir. Kamala 6070 manat pulu vermişlər, Kamal isə həmin 6070 manatı ona göndərmişdir. Bir müddət sonra həmin yük avtomobili gəlib Bakıya çatmışdır. O, Avtandildən müştərinin avtomobili nə vaxt gömrük edəcəyini soruşan zaman Avtandil müştəri hazır olduğunu demiş, o, isə ondan həm bu avtomobilin pulunun həm də ki əvvəlki avtomobildən qalan borcun nə vaxt veriləcəyini soruşmuş, avtomobil əvvəlki avtomobildən qalan borcu hələ Bəhruz vermədiyini demiş, bu səbəbdən o, da həmin yəni yeni avtomobili Avtandilin müştərisinə verməkdən imtina etmiş, əvvəlcə köhnə borcun verilməsini, daha sonra isə bu avtomobil üçün ödəniş olunmasını tələb etmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə Avtandil onu görüşüb söhbət etmək üçün çağırmışdır. O, da gedib görüşmüş, Bəhruz, Avtandil, Rəşad və başqa şəxslər də orada olmuş, Rəşad yük avtomobilinin niyə gəlmədiyin somşmuş, Rəşad avtomobili üçün Bəhruza 30000 manat pul verdiyini demişdir. Həmin vaxt o, Rəşada verdiyi 30000 manatın ona verilmədiyini, pulu kimə veribsə ondan istəməsini demişdir. Rəşad isə həmin pulu Bəhruzdan alacağını demiş, onun kürəkəninə verdiyi 6070 manat pulu qaytarmasını tələb etmişdir. O, isə Rəşada həmin pulu Avtandildən və Bəhruzdan tələb etməsini, onların ona borcu olduğunu və yalnız avtomobil satsa həmin pulu avtomobilin ümumi qiymətindən çıxa biləcəyini demişdir. Rəşad isə razılaşmış, lakin sonradan Rəşad ona zəng edərək artıq 30000 manat pulunu Bəhruzdan aldığını və yük avtomobili istəmədiyini demiş, 6070 manat pulunu qaytarmasını istəmişdir. O da Rəşada pul qaytaracağmı demədiyini, yük avtomobili alarsa qiymətindən çıxa biləcəyini dediyini xatırlatmışdır. Belə ki, Avtandil və Bəhruzun ona əvvəlki avtomobildən borcları var və həmin 6070 manatdan əlavə təxminən 15000 manat borcları vardır. Bu səbəbdən o, heç bir pul qaytarmalı deyildir. Avtomobil üçün yerdə qalan pulun verilmədiyi üçün o, avtomobili təhvil verməmişdir. Sonradan ona məlum olmuşdur ki, Rəşad Bəhruzdan onun daha əvvəl gətirdiyi yük avtomobilini satın almışdır, hansı ki, həmin avtomobilə görə Bəhruz və Avtandilin ona borcu vardır. İddiaçı sifariş olunan yük avtomobilinin Bakıya gəlib çıxması üçün 6070 manat vəsaiti yol pulu olaraq kürəkənim Kamala vermişdir.

4. Audio qeydlərdən görünür ki, Cavabdeh 6070 manat vəsaitin Kamal adlı şəxsə verildiyini bildirmişdir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh (üçüncü şəxs X10) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6070 manat məbləğində və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 81 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, «Tır» yük markalı avtomobil almaq niyyətində olduğu üçün qohumu olan X8 bildirmiş, Bəhruz isə ona xarici ölkədən yük avtomobili gətirən tanışı olduğunu demişdir. Bundan sonra X10 onu Aftandil adlı şəxslə, Aftandil isə onu Cavabdeh ilə tanış etmişdir. Avtomobilin qiyməti və 2 ay ərzində gətirilməsi ilə bağlı razılığa gəlmişlər. 2023-cü ilin noyabr ayında 30000 manat vəsaiti Aftandil adlı şəxsə versə də, 2 ay müddət keçməsinə baxmayaraq sözügedən avtomobil ona təhvil verilməmişdir. Bununla bağlı Cavabdeh ilə əlaqə saxladıqda, Eldəniz ona bildirmişdir ki, «Tır» markalı avtomobil hazırda Azərbaycan Respublikasının gömrüyündədir və gömrük rüsumu olaraq 6070 manat vəsait ödənilməlidir. Eldəniz həmin pulu ona çatdırma üçün Kamal adlı kürəkəni ilə görüşüb ona verməyini xahiş etmiş, o da xx.xx.2024-cü il tarixdə Eldənizin kürəkəni Kamalla əlaqə saxlayıb Gəncə şəhəri Nizami küçəsində yerləşən dostuna aid geyim mağazalarının birində görüşüb 6070 manat vəsaiti gömrük rüsumunun ödənilməsi məqsədilə Eldənizə çatdırması üçün Kamala vermişdir. Daha sonra bu barədə Cavabdeh məlumat vermiş, sonuncu isə pulun ona çatdığını və avtomobilin 10 gün ərzində gətiriləcəyini bildirmişdir. Qeyd olunan müddət keçdikdən sonra avtomobil ona çatırılmadığından Cavabdehla yenidən əlaqə saxlayaraq ya avtomobilin, ya da ödədiyi 6070 manat vəsaitin geri qaytarılmasını tələb etmiş, cavabdeh ona sözügedən məbləği Bəhruzun ona olan borcundan sildiyini bildirmiş, Bəhruzun Eldənizə olan borcunun onunla heç bir əlaqəsi olmadığını və ondan 6070 manat pulu avtomaşınımın gətirilməsi üçün gömrük rüsumu kimi aldığını Eldənizə bildirmişdir. Bəhruzun isə Eldənizə borcunun olub-olmamasından məlumatı olmamışdır. Eldənizə gömrük xərci kimi ödədiyi 6070 manat pulu dəfələrlə tələb etsə də, lakin sonuncu qərəzli olararaq imtina etmişdir. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur.

7. Gəncə Şəhər Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli 2(125)-192/2025 nömrəli qətnaməsi ilə (hakim Camal Quliyev) İddiaçı Cavabdeh (üçüncü şəxs X10) qarşı «pul» tələbi barədə iddiasının rədd edilməsi qət edilmişdir.

8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1, 1091.1, 1091.2 və 1092.1-ci maddələrinə, həmçinin Mülki Prosessual Məcəllənin 14.2, 54.1, 54.2, 77.1, 88, 106.1 və 217.4-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, avtomaşının gətirilməsi ilə bağlı gömrük xərclərinin ödənilməsinə görə şəxsən cavabdehlə əlaqə saxlayıb onun dediyi kimi 6070 manat pulu kürəkəni Kamala vermişdir. Pulu cavabdehə avtomobilin gömrük xərcləri üçün ödəmişdir. Cavabdeh ondan pulu istəyəndə və alanda Bəhrzun ona olan borcuna siləcəyini bildirməmişdir. Əgər bildirmiş olsaydı həmin məbləği cavabdehə verməzdi. Bəhruzun Eldənizə olan borcunun ona heç bir aidiyyəti yoxdur. Eldənizin tələbi ilə ona gətirdiyi avtomaşına gömrük xərci kimi pulu onun kürəkəni Kamala vermişdir. Cavabdeh isə həmin pulu Kamalın ona verdiyini məhkəmə prosesində etiraf etmişdir. Lakin, qətnamədə cavabdehin izahatı əslində olduğu kimi göstərilməmişdir. Eldənizin Gəncə şəhərində «Dəyirmanın dairəsi» adlanan ərazidə sözügedən avtomobildə ilk dəfə Bəhruzu gördüyünü və 6070 manat məbləğində pul vəsaitini isə Bəhruzun ona kürəkəni Kamalın vasitəsi ilə verdiyini qeyd etmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, xarici ölkədən avtomobil gətirməsi məqsədilə üçüncü şəxs Bəhruz Əliyevə 25000 manat vermişdir. Sonuncu da həmin vəsaiti Cavabdeh vermiş, eyni zamanda ona cavabdehin mobil telefon nömrəsini vermişdir. Cavabdeh ona demişdir ki, avtomobil ölkəyə gətirir və bunun üçün 6070 manat vəsait lazımdır. Cavabdeh ona təklif etmişdir ki, həmin məbləğdə vəsaiti onun kürəkəni Kamal adlı şəxsə versin, o da həmin pul hesabına avtomobili sərhəddən keçirdərək gətirib ona təhvil versin. Bu hadisədən 5 aydan artıq müddət keçmiş, lakin cavabdeh avtomobili ona təhvil verməmiş, nədə ki,həmin ödədiyi 6070 manat pul vəsaitini ona qaytarmamışdır. Cavabdehlə əlaqə saxladıqda isə sonuncu ona «sənin verdiyin 6070 manat pulu Bəhruzun borcundan sildim» deyə bildirmişdir. Bundan sonra, cavabdeh ona məxsus 6070 manat vəsaiti qaytarmamışdır. Sədrlik edənin suallarına cavab olaraq İddiaçı bildirmişdir ki, avtomobilin alınması məqsədilə Bəhruz Əliyevə 25000 manat pul verəndə nə Cavabdeh, nə də ki, sonuncunun işlərini idarə edən Avtandil adlı şəxsi tanımamışdır. Bəhruz ona demişdir ki, avtomobili gətirən şəxs Eldənizdir və pul ona çatacaq. Cavabdeh 6070 manat vəsaiti gömrük xərcləri qismində ondan istəmişdir və həmin vəsaiti Bəhruz Əliyevə verməmişdir, cavabdehin tapşırığı ilə pulu onun kürəkəni Kamal adlı şəxsə vermiş, sonuncu da pulu cavabdehə çatdırmışdır. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, İddiaçı görməmiş, həmin şəxslə avtomobil alqısatqısı barədə razlılaşmaları olmamışdır. Bəhruz Əliyev iddiaçıdan xarici ölkədən avtomobil gətirilməsi məqsədilə 30000 manat vəsait almış, həmin vəsaitdən 2000 manatı Avtandil adlı şəxs vasitəsilə ona vermişdir. Sədrlik edənin suallarına cavab olaraq Cavabdeh bildirmişdir ki, iddiaçını tanımır. Avtomobilin alqı-satqısı barədə Bəhruz Əliyevlə aralarında razılaşmaları telefon vasitəsilə olmuş, həmin vaxt Bəhruz Əliyev İddiaçı da zəngə qoşmuş və konfransla danışmışlar. 6070 manat vəsait almışdır, lakin həmin vəsait iddiaçının avtomobilinə görə deyil, Bəhruzun ona olan borcuna görə verilmişdir. Bəli, demişdir ki, avtomobilin gömrükdən keçirilməsi üçün 6070 manat vəsait lazımdır, lakin gömrükdə olan avtomobilin məhz iddiaçıya görə gətirildiyini və onun vəsaiti hesabına alındığından məlumatsız olmuşdur. Avtandil adlı şəxsə zəng etmişdir ki, avtomovil gəlib gömrükdədir, kim üçün gətirilibsə sahibi gəlib 4000 avro ödəyib avtomobili götürsün. Bəhruza demişdir ki, onun kürəkəninə 4000 avro pul versin. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil1 apellyasiya şikayətini müdafiə etdiyini və nümayəndəsi olduğu şəxs tərəfindən verilmiş izahata əlavəsi olmadığını bildirmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

16. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

17. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

18. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

19. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

24. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

25. Maddə 384.0.2. apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

26. Maddə 385.1.1 Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

27. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin..

Apellyasiya baxışının hədləri

28. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməli, Cavabdeh 6070 manat və iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi 81 manat, cəmi 6151 manat tutularaq İddiaçı ödənilməlidir.

32. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, İddiaçı üçüncü şəxs X10 və X3 vasitəsilə Cavabdeh ilə yük avtomobilinin xarici ölkədən gətirilməsi ilə əlaqədar razılığa gəlmişlər. Bu məqsədlə İddiaçı tərəfindən üçüncü şəxs Bəhruz Əliyevə 30000 manat pul vəsaiti verilmişdir. Cavabdeh da Bəhruz Əliyev və X1 üzrə İddiaçı yük avtomobili gətirəcəyi barədə üzərinə öhdəlik götürmüşdür. Daha sonra Cavabdeh sifariş edilən avtomobin gömrükdə olduğunu və gömrük xərcləri üçün 6070 manat vəsait lazım olduğunu bildirmiş, bu səbəbdən də İddiaçı Kamal adlı şəxs (cavabdehin kürəkəni) vasitəsilə Cavabdeh 6070 manat vəsait göndərmişdir. Həmin vəsait cavabdeh tərəfindən qəbul edilsə də, lakin sifariş edilən avtomobil cavabdeh tərəfindən iddiaçıya təqdim edilməmişdir. Cavabdeh Eldəniz X5 əvvəlki, yəni başqa avtomobildən borcu olduğunu əsas göstərərək iddiaçının verdiyi pulu qaytarmalı olmadığını əsas göstərmiş, beləliklə, nə iddiaçının gömrük xərclərini qarşılamaq məqsədilə verdiyi 6070 manat vəsaiti ona qaytarmış, nə də ki, iddiaçının sifariş verdiyi avtomobili iddiaçıya təhvil verməmişdir. İddiaçı da həmin vəsaitin cavabdehdən tutulması barədə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

33. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, avtomobilin alğı-satqısı ilə əlaqədar razılaşma İddiaçı X10 və X3 arasında olmuş, sonradan həmin şəxlər İddiaçıla razılaşma predmeti olan avtomobilin Azərbaycan Respublikasına gətirilməsi üçün Cavabdeh ilə şifahi müqavilə bağlamışlar. İddiaçı ilə Cavabdeh arasında avtomobilin alğı-satıqısı barədə hər hansı razılaşma olmamış, Cavabdeh iddia predmetini təşkil edən 6070 manat məbləğdə pul vəsaitinin ödənilməsi zərurətini də məhz X8 bildirmişdir. Qeyd olunan xüsusatlar Cavabdeh məhkəmə iclasında verdiyi izahatında, İddiaçı müraciəti əsasında Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsində toplanmış HK-1/1329 nömrəli rədd materialında olan İddiaçı aid xx.xx.2024-cü il tarixli və X8 aid xx.xx.2024-cü il tarixli izahatlarla təsbit olunmuşdur. Beləliklə, İddiaçı tərəfindən iddia tələbi iddiaya cavab verməli olmayan Cavabdeh yönəlmiş, mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı iddiaçı cavabdehin əsl cavabdehlə əvəz olunmasına razı olmadığını bildirmişdir.

34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir.

35. Qeyd olunmalıdır ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməli (pul ödəməli və s.), yaxud müəyyən hərəkətdən çəkinməlidir. Öhdəlik qanunda nəzərdə tutulmuş əsaslar (əsassız varlanma və s.) və ya müqavilə nəticəsində əmələ gələ bilər (MM maddə 385.1).

36. Əsassız varlanma ilə bağlı tələbin təmin edilməsindən ötrü əsassız varlananın əmlak əldə etməli, həmin əmlakı məhrum olanın hesabına əldə etməli və bu əldə etmə üçün heç bir hüquqi əsas olmamalıdır.

37. Bu üç hal olduqda tələb təmin edilə və əsassız varlanmış şəxsdən əmlak və ya dəyəri alınaraq məhrum olana verilməlidir. Əsassız varlanma: zərərçəkmişin hərəkətləri (başqasına məxsus borc məbləğini ödəmək, ödənilmiş malın təkrar və ya artıq ödənilməsi, artıq malın verilməsi və s.), əldə edənin hərəkətləri (başqasına çatası göndərişi səhvən əldə etmək), üçüncü şəxslərin hərəkətləri (göndərilən yükü səhvən başqasına vermək, bankın ödənişi səhv verməsi və.s) yollarla baş verə bilər.

38. Mülki Məcəllənin 1091-ci maddəsinin dispozitiv şərtlərinin ödənilməsi üçün bu cür varlanmaya haqq verən hər hansı qanuni əsas və ya müqavilə əsası olmamalıdır. Başqa sözlə, bu zaman zərərçəkənlə əldə edən arasında hər hansı razılaşma baş vermir, əldə edən qanunla və ya müqavilə (razılaşma) əsasında əmlak əldə etmir. Bu, o halda baş verir ki, zərərçəkən, əldə edilən razılaşmadan (razılaşma çərçivəsindən) kənar ödəniş edir, ödənişlərdə yanılmış olur, əldə edən bilərəkdən və ya bilməyərəkdən razılaşmadan kənar artıq ödəniş əldə edir, əldə edənə məxsus borc zərərçəkəndən tutulur.

39. İşin mübahisəsiz halıdır ki, üçüncü şəxs B.Əliyev Avtandil adlı şəxs vasitəsilə Cavabdehla yük avtomobilinin xarici ölkədən gətirilməsi ilə əlaqədar razılığa gəlmişlər. Cavabdeh da sifariş üzrə İddiaçı yük avtomobili gətirəcəyi barədə üzərinə öhdəlik götürmüşdür.

40. İşin mübahisəsiz halı həmçinin ondan ibarətdir ki, Cavabdeh sifariş edilən avtomobilin gömrükdə olduğunu və gömrük xərcləri üçün 6070 manat vəsait lazım olduğunu bildirmiş, Kamal adlı şəxs (cavabdehin kürəkəni) vasitəsilə də ona 6070 manat vəsait göndərilmişdir. Həmçinin işin faktiki halları ilə müəyyən edilir ki, gömrük xərcləri üçün 6070 manat vəsait cavabdeh tərəfindən qəbul edilsə də, lakin sifariş edilən avtomobil cavabdeh tərəfindən sifarişçiyə təqdim edilməmişdir.

41. İşin mübahisə doğuran tərəfi həmin avtomobilin Cavabdeh İddiaçı tərəfindən sifariş edilib-edilməməsi, habelə 6070 manat vəsaitin cavabdehə məhz iddiaçı tərəfindən avtomobilin gömrük xərci üçün ödənilib-ödənilməməsi ilə bağlıdır. Çünki, iddiaçı avtomobilin üçüncü şəxs B.Əliyev vasitəsilə cavabdehə onun tərəfindən sifariş edildiyini, habelə 6070 manat vəsaitin cavabdehin göstərişi ilə sonuncunun kürəkəni Kamal adlı şəxsə onun tərəfindən verildiyini iddia edir; cavabdeh isə avtomobilin iddiaçı tərəfindən deyil də, üçüncü şəxs B.Əliyev tərəfindən sifariş edildiyini, habelə ona ödənilmiş 6070 manat vəsaitin də üçüncü şəxs B.Əliyevin ona olan borcuna görə ödənildiyini bildirir.

42. İşin hallarından görünür ki, İddiaçı hazırkı mübahisə ilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl Gəncə şəhər 1-ci Polis Şöbəsinə müraciət etmiş, müraciət üzrə araşdırma aparılmış və məsələnin mülki xarakterli olduğu müəyyən edildiyindən polis şöbəsi araşdırmanı yekunlaşdıraraq məsələnin həlli ilə bağlı məhkəməyə müraciət edilməsini tövsiyə etmişdir.

43. Cavabdeh müraciət üzrə aparılan araşdırma zamanı verdiyi izahatınında qeyd etmişdir ki, Avtandil adlı şəxs Bəhruzun başqa bir müştərisi üçün yeni bir yük avtomobili lazım olduğunu demiş, yeni bir yük avtomobili sifariş etmişdir. Onun isə yolda həmin vaxt gətirdiyi yük avtomobili olmuş, bu barədə Avtandilə deyib, həmin avtomobili təklif etmişdir. O, həmin vaxt Avtandil Azərbaycanda olmadığı üçün bir başa Bəhruz ilə əlaqə saxlamışdır. Bəhruzdan heç olmasa yol pulu olaraq Türkiyədən Bakıya gəlib çıxması üçün yol xərci olaraq pul vermələrini istəmişdir. Bir neçə dəfə Bəhruzdan pul istəsə də verilməmiş, yük avtomobili isə Türkiyədə gözləmişdir. Bir müddət sonra Bəhruz müştərisinin pul verəcəyəni demiş, onu Rəşad adlı şəxs ilə mobil telefonla danışdırmış və müştərinin həmin Rəşad olduğunu demiş, o, isə müştərinin kim olduğunun ona fərq etmədiyini, Avtandili tanıdığını və yük avtomobilini Avtandilin sifarişi ilə gətirdiyini demişdir. Bəhruz yol pulu üçün olan pulu kimə vermək lazım olduğunu soruşmuş, o, isə Gəncə şəhərində yaşayan kürəkəni Kamala verməsini demişdir. Kamala 6070 manat pulu vermişlər, Kamal isə həmin 6070 manatı ona göndərmişdir. Bir müddət sonra həmin yük avtomobili gəlib Bakıya çatmışdır. O, Avtandildən müştərinin avtomobili nə vaxt gömrük edəcəyini soruşan zaman Avtandil müştəri hazır olduğunu demiş, o, isə ondan həm bu avtomobilin pulunun həm də ki əvvəlki avtomobildən qalan borcun nə vaxt veriləcəyini soruşmuş, avtomobil əvvəlki avtomobildən qalan borcu hələ Bəhruz vermədiyini demiş, bu səbəbdən o, da həmin yəni yeni avtomobili Avtandilin müştərisinə verməkdən imtina etmiş, əvvəlcə köhnə borcun verilməsini, daha sonra isə bu avtomobil üçün ödəniş olunmasını tələb etmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə Avtandil onu görüşüb söhbət etmək üçün çağırmışdır. O, da gedib görüşmüş, Bəhruz, Avtandil, Rəşad və başqa şəxslər də orada olmuş, Rəşad yük avtomobilinin niyə gəlmədiyin soruşmuş, Rəşad avtomobili üçün Bəhruza 30000 manat pul verdiyini demişdir. Həmin vaxt o, Rəşada verdiyi 30000 manatın ona verilmədiyini, pulu kimə veribsə ondan istəməsini demişdir. Rəşad isə həmin pulu Bəhruzdan alacağını demiş, onun kürəkəninə verdiyi 6070 manat pulu qaytarmasını tələb etmişdir. O, isə Rəşada həmin pulu Avtandildən və Bəhruzdan tələb etməsini, onların ona borcu olduğunu və yalnız avtomobil satsa həmin pulu avtomobilin ümumi qiymətindən çıxa biləcəyini demişdir. Rəşad isə razılaşmış, lakin sonradan Rəşad ona zəng edərək artıq 30000 manat pulunu Bəhruzdan aldığını və yük avtomobili istəmədiyini demiş, 6070 manat pulunu qaytarmasını istəmişdir. O da Rəşada pul qaytaracağmı demədiyini, yük avtomobili alarsa qiymətindən çıxa biləcəyini dediyini xatırlatmışdır. Belə ki, Avtandil və Bəhruzun ona əvvəlki avtomobildən borcları var və həmin 6070 manatdan əlavə təxminən 15000 manat borcları vardır. Bu səbəbdən o, heç bir pul qaytarmalı deyildir. Avtomobil üçün yerdə qalan pulun verilmədiyi üçün o, avtomobili təhvil verməmişdir. Sonradan ona məlum olmuşdur ki, Rəşad Bəhruzdan onun daha əvvəl gətirdiyi yük avtomobilini satın almışdır, hansı ki, həmin avtomobilə görə Bəhruz və Avtandilin ona borcu vardır. İddiaçı sifariş olunan yük avtomobilinin Bakıya gəlib çıxması üçün 6070 manat vəsaiti yol pulu olaraq kürəkəni Kamala vermişdir.

44. Beləliklə, Cavabdeh polis şöbəsinə verdiyi izahatın sistemli tədqiqi nəticəsində məlum olmuşdur ki, həqiqətən də İddiaçı üçüncü şəxs B.Əliyev və Avtandil adlı şəxs vasitəsilə Cavabdehla yük avtomobilinin xarici ölkədən gətirilməsi ilə əlaqədar razılığa gəlmişlər. Bu məqsədlə İddiaçı tərəfindən üçüncü şəxs B.Əliyevə 30000 manat pul vəsaiti verilmişdir. Cavabdeh da B.Əliyevin sifarişi üzrə İddiaçı yük avtomobili gətirəcəyi barədə üzərinə öhdəlik götürmüşdür. Daha sonra Cavabdeh sifariş edilən avtomobilin gömrükdə olduğunu və gömrük xərcləri üçün 6070 manat vəsait lazım olduğunu bildirdiyindən İddiaçı Kamal adlı şəxs (cavabdehin kürəkəni) vasitəsilə Cavabdeh 6070 manat vəsait göndərmişdir. Həmin vəsait cavabdeh tərəfindən qəbul edilsə də, lakin sifariş edilən avtomobil cavabdeh tərəfindən iddiaçıya təqdim edilməmiş, nə də ki, iddiaçının gömrük xərclərini qarşılamaq məqsədilə verdiyi 6070 manat vəsaiti ona qaytarılmışdır.

45. Məhkəmə kollegiyası işin bu hallarını ağlabatan mühakimə əsasında tədqiq edərək iddiaçının səmimi olduğu və həqiqəti bəyan etdiyi qənaətinə gəlir. Belə ki, işin faktiki halları ilə iddia tələbinin əsaslandırıldığı hallar öz təsdiqini tapır. «İddiaçı görməmiş, həmin şəxslə avtomobil alqısatqısı barədə razlılaşmaları olmamışdır. 6070 manat vəsait almışdır, lakin həmin vəsait iddiaçının avtomobilinə görə deyil, Bəhruzun ona olan borcuna görə verilmişdir. gömrükdə olan avtomobilin məhz iddiaçıya görə gətirildiyini və onun vəsaiti hesabına alındığından məlumatsız olmuşdur» barədə Cavabdeh arqumentləri isə formal mülahizə olmaqla qanuni və əsaslı tələbin təmin edilməməsi məqsədi güdür. Çünki, cavabdehin irəli sürdüyü arqumentlər onun özünün polis şöbəsində verdiyi izahatla birmənalı şəkildə təkzib edilir.

46. Göründüyü kimi iddiaçı sifariş edilən avtomobilin xarici ölkədən Azərbaycan Resbublikasına gətirilməsi niyyəti ilə gömrük xərcləri üçün 6070 manat vəsaiti cavabdeh E. Məmmədova ödəmiş olduğu müəyyən edilmişdir; bu isə o deməkdir ki, iddiaçı iddia tələblərini əsaslandırdığı faktiki hallardan biri olan həmin hal üzrə sübutetmə vəzifəsindən azad olmaqla onun həmin vəsaiti geri tələb etmək hüququna sahib olub-olmadığı müəyyənləşdirilməlidir.

47. Kollegiya qeyd edir ki, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeləri hakim üçün heç bir halda məcburi deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında da göstərilmişdir ki, “apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır”.

48. Bu kontekstdə kollegiya nəzərə alır ki, hazırkı iddia üzrə əsas tələb iddiaçının cavabdehə ödəmiş olduğu pulun ondan tutularaq özünə (iddiçıya) qaytarılması barəsindədir və yuxarıda qeyd olunan prinsipə görə iddia tələbinin qanuni əsasını müəyyənləşdirmək bilavasitə məhkəmənin vəzifəsidir. Ümumiyyətlə, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

49. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının irəli sürdüyü iddia tələbləbinin qanuni əsası kimi mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilə bilər; belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

50. Bu qənaətə gələrkən kollegiya həmçinin nəzərə alır ki, İddiaçı sifariş etdiyi avtomobilin cavabdeh tərəfindən Azərbaycan Respublikasına gətirilərək ona təhvil verilməsinə inanaraq avtomobilin gömrük xərclərinin qarşılanması məqsədilə Cavabdeh 6070 manat vəsait vermişdir. Lakin, Cavabdeh üçüncü şəxs B.Əliyevin ona əvvəlki, yəni başqa avtomobildən borcu olduğunu əsas göstərərək iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi icra etmədiyindən nə sifariş edilən avtomobil cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş, nə də ki, avtomobilə görə iddiaçı tərəfindən cavabdehə ödənilmiş 6070 manat vəsait ona geri qaytarılmamışdır. Bir sözlə, cavabdehin əməli tərəflər arasındakı münasibət üzrə gözlənilən məqsədə uyğun olmamış, nəticə etibarı ilə Cavabdeh iddiaçının məhrum olduğu 6070 manat vəsaiti geri qaytarmamaqla onun hesabına həmin məbləğdə əsassız varlanmışdır.

51. Şərh olunanları ümumiləşdirərək kollegiya, iddiaçının cavabdehə 6070 manat pul vəsaitini sonradan həyata keçirilməmiş əsasla vermiş olduğu qənaətinə gəlir və hesab edir ki, iddiaçının ödəmiş olduğu həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

52. Birinci instansiya məhkəməsi isə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlməyərək iddianı təmin etməmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və yeni qətnamə qəbul edilərək iddia təmin edilməlidir.

53. İşdən müəyyən olunur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 81 (səksən bir) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

54. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli 2(125)-192/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh 6070 (altı min yetmiş) manat və iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi 81 (səksən bir) manat, cəmi 6151 (altı min bir yüz əlli bir) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar