Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-978/2023 04.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, Gəncə Şəhər Məhkəməsinin 2(125)-495/2023 saylı mülki iş üzrə 19 yanvar 2023-cü il tarixli qətnaməsindən İddiaçı ASC-nin nümayəndəsi X3 tərəfindən verilmiş apellyasiya şikayətinə 04 aprel 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmədə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İş materiallarında olan 09 aprel 2013-cü il tarixli, 10-M-1-0-530-13 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 kreditdən istifadəyə görə illik 28% borc faizləri ödəməsi şərtilə, 24 ay müddətinə 3.500 ABŞ dolları məbləğində kredit vermişdir. İş materiallarında olan 09 aprel 2013-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh1 "xxxx" İKB Açıq Səhmdar Cəmiyyətindən 09 aprel 2013-cü il tarixdə 3.500 ABŞ dolları məbləğində pul vəsaitini almışdır. İş materiallarında olan 09 aprel 2013-cü tarixli, 10-M-1-0-530-13 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 eyni tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına zaminliyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 09 aprel 2013-cü il tarixli kredit müqaviləsi üzrə maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə borcu əsas borcun əvəzi qismində 1.414 ABŞ dolları 35 sent, 30 sentyabr 2022-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 2.202 ABŞ dolları 66 sent, cərimə qismində 2.194 ABŞ dolları 08 sent, müqavilənin bitdiyi tarixdən – 09 aprel 2015-ci il tarixdən 30 sentyabr 2022-ci tarixədək əsas borca illik 5 faizi dərəcəsi ilə hesablanmış faiz borcunun əvəzi qismində 685 ABŞ dolları 85 sent, cəmi 6.496 ABŞ dolları 94 sent təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 09 aprel 2013-cü il tarixli, 10-M-1-0-530-13 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.414 ABŞ dolları 35 sent, 30 sentyabr 2022-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 2.202 ABŞ dolları 66 sent, cərimə qismində 2.194 ABŞ dolları 08 sent, müqavilənin bitdiyi tarixdən – 09 aprel 2015-ci il tarixdən 30 sentyabr 2022-ci tarixədək əsas borca illik 5 faizi dərəcəsi ilə hesablanmış faiz borcunun əvəzi qismində 685 ABŞ dolları 85 sent, cəmi 6.496 ABŞ dolları 94 sent və ödənilmiş dövlət rüsmunun əvəzi qismində 123 manat 13 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 09 aprel 2013-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 28 faizlə 24 ay müddətinə 3.500 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq iddiaçı Bankla Cavabdeh2 arasında 09 aprel 2013-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. 30 sentyabr 2022-ci il tarixədək Cavabdeh1 iddiaçı Banka 09 aprel 2013- cü il tarixli kredit müqaviləsi üzrə əsas borcun əvəzi qismində 1.414 ABŞ dolları 35 sent, faiz borcu qismində 2.202 ABŞ dolları 66 sent, cərimə qismində 2.194 ABŞ dolları 08 sent, müqavilənin bitdiyi tarixdən – 09 aprel 2015-ci il tarixdən 30 sentyabr 2022-ci tarixədək əsas borca illik 5 faizi dərəcəsi ilə hesablanmış faiz borcunun əvəzi qismində 685 ABŞ dolları 85 sent, cəmi 6.496 ABŞ dolları 94 sent olmaqla borcu yaranmışdır. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmişdir.
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X1 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etməyərək, bildirmişdir ki, o, 09 mart 2013-cü il tarixdə iddiaçı "xxxx" İKB ASC-dən 24 ay müddətinə 3.500 ABŞ dolları məbləğində kredit götürmüşdür. Cavabdeh2 ona zamin durmuş və iddiaçı ilə arasında 2013-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Qeyd olunan kredit müqaviləsi üzrə o 2013 və 2014-cü illər ərzində ödənişlər aparmışdır, sonradan isə maddi imkanının pisləşməsi səbəbindən onun tərəfindən heç bir ödəniş edilməmişdir. Hazırda İddiaçı Açıq Səhmdar Cəmiyyəti kredit borcunun ödənilməməsinə görə ona və Cavabdeh2 qarşı iddia qaldırmışdır. Lakin İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia müddətini ötürmüşdür. Belə ki, iddiaçı öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən, yəni 2015-ci il tarixdən başlayaraq 3 il müddətində məhkəməyə müraciət etməli idi. Hazırki halda isə qeyd olunan tarixdən 7 il müddət keçmişdir. İddia müddətinin keçməsi məhkəmənin iddianı rədd etməsi üçün əsasdır. Sonda Cavabdeh1 iddianın təmin edilməməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.
5. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Lakin xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim etdiyi ərizəsində Cavabdeh2 iddia tələbinə iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir.
6. Gəncə Şəhər Məhkəməsinin 2(125)-495/2023 saylı mülki iş üzrə 19 yanvar 2023cü il tarixli qətnaməsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı 09 aprel 2013-cü il tarixli, 10-M-1-0-530-13 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.414 ABŞ dolları 35 sent, 30 sentyabr 2022-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 2.202 ABŞ dolları 66 sent, cərimə qismində 2.194 ABŞ dolları 08 sent, müqavilənin bitdiyi tarixdən – 09 aprel 2015-ci il tarixdən 30 sentyabr 2022-ci tarixədək əsas borca illik 5 faizi dərəcəsi ilə hesablanmış faiz borcunun əvəzi qismində 685 ABŞ dolları 85 sent, cəmi 6.496 ABŞ dolları 94 sent və ödənilmiş dövlət rüsmunun əvəzi qismində 123 manat 13 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə iddiası təmin edilməmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X3 apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 2(125)-495/2023 saylı mülki iş üzrə 19 yanvar 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam əsassızdır buna görə də apellyasiya qaydasında ləğv edilməlidir. Belə ki, kredit müqaviləsi üzrə öhdəliyin icrası vaxtı xx.xx.2015-ci il tarixdə baça çatmalı idi, lakin borclu öhdəliyini tam şəkildə yerinə yetirməmişdir, belə olan halda kredit müqaviləsi qüvvədə sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da bu, əksini tapmışdır. Plenumun mövqeyinə görə MM-nin 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bundan əlavə şərti olaraq hesab etsək ki, öhdəliyin icrası vaxtı xx.xx.2015-ci ildə başa çatmışdır. Ona görə də birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin plenumunun xx.xx.2013-cü il tarixli qərarına istinad edərək iddianın rədd edilməsi ilə bağlı qənaət formalaşmışdır, onda məhkəmə yenə də maddi hüquq normasının pozuntusuna yol vermişdir. Belə ki, iddia tələbinin bir hissəsini kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmış 685.85 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla zərər təşkil etmiş, nədənsə birinci instansiya məhkəməsi iddia tələbinin bu hissəsində də 3 illik müddəti tətbiq edərək iddianı rədd etmişdir. Halbuki, işin faktiki halından göründüyü kimi cavabdeh öz üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməyərək gecikməyə yol vermiş və bundan sonra bankın gecikdirilmiş vaxt üçün faiz tələb etmək hüququ yaranmışdır. Hesab edirlər ki, gecikdirilmiş vaxt üçün faiz tələbi kredit müqaviləsindən irəli gələn hüquq deyil, qanundan irəli gələn hüquqdur. Göründüyü kimi iddiaçının gecikdirilmiş vaxt üçün faiz tələbinin rədd olunması üçün heç bir əsas olmadan məhkəmə düzgün olmayaraq iddianı rədd etmişdir. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
Məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı və cavabdehlər məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanmaqla işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
10. Maddə 372.1 - başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
11. Maddə 373.2 - müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
12. Maddə 375.2 - məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
13. Maddə 376 - əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də idia müddəti keçir.
14. Maddə 377.1 - iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydada istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
15. Maddə 377.2 - icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
16. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
19. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
20. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
21. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
22. Maddə 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
23. Maddə 372.6 - apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Maddə 372.7 - apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, mərizəçi hakimi dinləyib, apellyasiya şikayətində göstərilmiş xüsusatları araşdıraraq hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.
26. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin məhkəmə iclasında tədqiq olunmaqla müəyyən edilmiş hallarından görünür ki, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 09 aprel 2013-cü il tarixli, 10-M-1-0-530-13 saylı kredit müqaviləsi üzrə kreditin icra müddəti 09 aprel 2015-ci il tarixdə bitmiş, sonuncu ödəniş isə 19 aprel 2019-cu il tarixdə edilmiş və iddia ərizəsi ilə məhkəməyə 25 oktyabr 2022-ci il tarixdə müraciət olunmuşdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə iddia müddətinin axımı kredit müqaviləsi üzrə kreditin icra müddətinin bitdiyi vaxtdan, yəni hazırki halda 09 aprel 2015-ci il tarixdən hesablanmalıdır. Beləliklə, istər 09 aprel 2015-ci il tarixdən sonuncu ödəniş tarixi olan 19 aprel 2019-cu il tarixə qədər müddət (4 il 10 gün) və həmin tarixdən məhkəməyə iddia ərizəsi ilə müraciət edildiyi 25 oktyabr 2022-ci il tarixə qədər müddət (7 il 06 ay 16 gün), istərsə də sonuncu ödəniş tarixi olan 19 aprel 2019-cu il tarixdən məhkəməyə iddia ərizəsi ilə müraciət edildiyi 25 oktyabr 2022-ci il tarixə qədər müddət (3 il 06 ay 06 gün) nəzərə alınmaqla iddia müddəti hesablanarsa, iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünü müəyyən etmək olar. İddiaçı ASC 09 aprel 2013-cü il tarixli, 10-M-1-0- 530-13 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 və Cavabdeh2 qarşı öhdəliklərin icrası üçün nəzərdə tutulmuş müddətdən 7 il 06 ay 16 gün sonra məhkəmədə iddia qaldırmasına, bununla da iddia müddətini buraxmasına dair məhkəməyə heç bir üzrlü səbəb və ya həmin səbəblərin üzrlü olmasına dair heç bir mötəbər dəlil təqdim etməmişdir. Bu səbəbdən də məhkəmə iddia tələbinə iddia müddəti tətbiq edilməklə, iddianı rədd etmişdir.
27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı qeyd edir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair" 27 dekabr 2001-ci il tarixli Qərarı).
28. İş materiallarından görünür ki, müqavilənin müddəti 09 aprel 2015-ci il tarixdə başa çatmış, iddia ərizəsi 10 oktyabr 2022-ci il tarixdə imzalanmaqla məhkəməyə 25 oktyabr 2022-ci il tarixdə daxil olmuşdur. Hazırki işin faktiki hallarına görə, müqavilənin müddətinin başa çatdığı 09 aprel 2015-ci il tarixdən sonuncu ödəniş tarixi olan 19 aprel 2019-cu il tarixə qədər müddət (4 il 10 gün) və həmin tarixdən məhkəməyə iddia ərizəsi ilə müraciət edildiyi 25 oktyabr 2022-ci il tarixə qədər müddət (7 il 06 ay 16 gün), istərsə də sonuncu ödəniş tarixi olan 19 aprel 2019-cu il tarixdən məhkəməyə iddia ərizəsi ilə müraciət edildiyi 25 oktyabr 2022-ci il tarixə qədər müddət (3 il 06 ay 06 gün) nəzərə alınmaqla iddia müddəti hesablanarsa, iddiaçı Bank tərəfindən iddia müddətinin ötürüldüyü təsdiq olunur və hazırki işdə iddia müddətinin axımının kəsilməsi halları müəyyən edilməmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən Cavabdeh2 məhkəməyə ərizə verərək iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir.
29. Apellyasiya şikayətinin gecikdirilmiş vaxt üçün faiz tələbinə dair dəlilinə münasibətdə isə kollegiyası qeyd edir ki, həmin dəlil əsassızdır. Belə ki, Mülki Məcəllənin 376-cı maddəsində əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddətinin keçdiyi təsbit edilmişdir. Əsas tələb üzrə iddia müddətinin keçməsi səbəbindən onun məcburi icrası mümkün olmadığından, bu tələblə bağlı olan digər tələblər də təmin edilə bilməz.
30. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia müddətinin tətbiqi ilə bağlı normalara istinad etməklə iddia tələbini təmin etməməkdə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Beləliklə, məhkəmə kollegiyasının gəldiyi qənaətə görə, birinci instansiya məhkəməsi mübahisəni işin faktiki hallarına uyğun, iş üzrə mövcud sübutlara faktlar nöqteyi-nəzərindən hüquqi qiymət verməklə, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təsdiq olunmur və şikayətin təmin edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Buna görə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Gəncə Şəhər Məhkəməsinin 2(125)-495/2023 saylı mülki iş üzrə 19 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 384.0.1, 385.2 və 402-407-ci maddələrini rəhbər tutaraq
Q Ə T E T D İ:
İddiaçı ASC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-495/2023 saylı mülki iş üzrə 19 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməzsə, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.