Məhkəmə qərarları › İş №2(104)-982/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-982/2025

27.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-982/2025 27.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iş üzrə Ağdam Rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli 2(013)-595/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağcabədi Rayon Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli 2(017)-1310/2019 nömrəli qətnaməsi ilə 1 uşaga görə 130 manat müəyyən edilmiş alimentin məbləğinin artırılaraq cavabdehdən birgə nikahlarından anadan olmuş 27 iyun 2017-ci il təvəllüdlü X2 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 246 manat alimentin tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Ağdam Rayon Məhkəməsinin 11 yanvar 2018-ci il tarixli 2(013)-77/2018 nömrəli qətnaməsi ilə 27 iyun 2017-ci il təvəllüdlü Xədicənin yetkinlik yaşına çatana kimi saxlanmasından ötrü cavabdehdən hər ay 110 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Ərizəyə əlavə edilmiş 31 oktyabr 2019-cu il tarixli 2(017)-1310/2019 nömrəli Ağcabədi Rayon Məhkəməsinin qətnaməsinin surətindən görünür ki, onun iddiası qismən təmin edilmiş, 2017-ci il təvəllüdlü Xədicənin saxlanması üçün qətnamə ilə müəyyən olunmuş alimentin məbləği dəyişdirmiş, hər ay 130 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Hazırda həmin aliment işi Ağcabədi Rayon icra və probasiya şöbəsində icra edilir. Hamıya məlum faktdır ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı müasir dövrün tələblərinə cavab vermir. Ərizəyə əlavə edilmiş ilkin mediasiya sessiyasının xx.xx.2024-cü il tarixli MŞB/MT039/2024-01403 saylı arayışından görünür ki, Cavabdeh mübahisənin həll edilməsi üçün mediasiya sessiyasında iştirak etmək üçün gəlməkdən imtina etmişdir. Belə olan halda alimentin artırılması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ona görə də hesab edir ki, bir uşaga görə 130 manat müəyyən edilmiş alimentin məbləği artırılmalı, 246 manat məbləğində müəyyən edilməlidir. Ağdam Rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli 2(013)-595/2025 nömrəli qətnaməsi ilə (hakim Elşad Bayramov) iddia qismən təmin edilərək, Cavabdeh - Ağcabədi Rayon Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli, 2(017)-1310/2019 saylı qətnaməsi ilə bir uşagın saxlanılması üçün tutulan 130 manat alimentin məbləği qismən artırılaraq, 27 iyun 2017-ci ildə anadan olmuş X2 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla və 14 yanvar 2025-ci il tarixdən hesablanılmaqla hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0.5 misli həddində müəyyən edilməsi, həmin məbləğin tutulub İddiaçı xeyrinə ödənilməsi; Tələbin qalan hissəsinin təmin edilməməsi; Dövlət rüsumu kimi ödənilməli olan 30 /otuz/ manat məbləğində pulun Cavabdeh tutularaq dövlət nəfinə verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməklə, uşağın saxlanılması üçün hər ay ölkə üçün müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0.4 misli həddində aliment tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyeltiv araşdırm aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəmə alimentin sabit pul məbləğində miqdarını müəyyən edərkən onun himayəsində sonrakı nikahdan doğulmuş iki azyaşlı uşağın olması, habelə onun ailənin yeganə qazanc gətirən şəxs olması kimi halları nəzərə almamışdır. İşin həqiqi halı ondan ibarətdir ki, iddiaçı ilə aralarındakı nikah pozulduqdan sonra 29 oktyabr 2022-ci il tarixdə ikinci dəfə nikaha daxil olmuş, bu nikahdan 12 oktyabr 2023-cü il tarixdə X3 və 18 oktyabr 2024-cü ildə X4 adlı2 uşağım doğulmuşdur. Qeyd olunanlar barədə məhkəməyə müvafiq sənədlər təqdim edilmişdir. Lakin məhkəmə bu hala qiymət verməmişdir. Xüsusilə ikinci nikahdan olan azyaşlı uşaqlardan birinin xəstə olması və daimi müalicəyə ehtiyacı olması, arvadının işsiz olması və hər hansı dövlət təminatının olmaması kimi halı məhkəmə nəzərə almamışdır. Qanunun tələbinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasının əsas tutulması imperativ müddəa kimi göstərilsə də, qeyd olunan diqqətəlayiq hallar nəzərə alınmamışdır Cavabdehin başqa bir qadınla evlənib ailə qurması və bu nikahdan himayəsində iki azyaşlı uşağının olması barədə müvafiq sənədlər məhkəməyə təqdim olunmuş, lakin məhkəmə cavabdehin iş üçün əhəmiyyətli olan izahatını nəzərə almadan işin həqiqi halını düzgün qiymətləndirməmiş, cavabdehin sonrakı nikahdan himayəsində iki azyaşlı uşağının olmasını, ailənin yeganə qazanc gətirən şəxs olmasını, başqa gəlirlərinin olmaması kimi hallara hüquqi qiymət verməmişdir. Məhkəmə qətnamədə cavabdehin izahatını təhrif etmişdir. Məhkəmə iclasında “iddianı qəbul edir kimi”, ifadə işlətməmişdir, az miqdarda aliment ödəyə biləcəyini bildirmişdir, lakin qətnamədə guya iddianı qəbul etdiyi kimi göstərilmişdir. Məhkəmə iddiaçının daimi işi olmaqla 438 manat miqdarında əmək haqqı alması, məcburi köçkün olaraq özü və uşağının dövlət tərəfindən müavinət alması kimi iş üçün əhəmiyyətli hala qiymət verməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, ikinci nikahdan doğulmuş azyaşlı uşaqları vardır. Məhkəmə tərəfindən müəyyən edilmiş aliment məbləğini ödəməyə imkanı yoxdur. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməklə, uşağın saxlanılması üçün hər ay ölkə üçün müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0.4 misli həddində aliment tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatılnda bildirmişdir ki, Xədicə adlı uşağın artıq 8 yaşı vardır. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği hazırkı dövr üçün uşağın saxlanılması üçün kifayət etmir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İş materiallarında olan: Ağcabədi Rayon Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli 2(017)- 1310/2019 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası qismən təmin edilmiş və 2017-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılmasından ötrü Ağdam Rayon Məhkəməsinin 11 yanvar 2018-ci il tarixli, 2(013)- 77/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, cavabdehdən hər ay 130 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 232-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli № 15 Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında dəyişikliklər edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli № 15 Qərardakı hüquqi mövqeyinə görə, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir (Qərarın 8.4- 3-cü bəndi). İşin müəyyən olunmuş və faktiki hallarından görünür ki, tərəflərin ailə münasibətlərindən doğulmuş xx.xx.2017-ci il təvəllüdlü Xədicə adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 2019-cu ildə məhkəmə qətnaməsi əsasında cavabdeh (ata) Cavabdeh hər ay 130 manat sabit məbləğdə aliment iddiaçı (ana) İddiaçı xeyrinə tutulmuşdur. Sonuncu məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin hazırkı dövr üçün uşağın saxlanılmasına kifayət etmədiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Başqa sözlə, iddiaçı ailə və ya maddi vəziyyətdə dəyişikliklə əlaqədar hazırkı iddianı irəli sürməmişdir. İddiaçının tələbi ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumunun artımına əsaslanmaqla indeksasiya xarakterli olmuşdur. Şərh olunanları məcmu halda qiymətləndirən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, hazırkı işə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir. Məsələ icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilə bilər. Birinci instansiya məhkəməsi isə ərizəni icraata qəbul edərək işə mahiyyəti üzrə baxmışdır. Ona görə də birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə işin icraatına xitam verilməlidir. MPM-nin icraata xitam verilməsinin prosessual hüquqi əsaslarını müəyyən edən 261.0.2-ci maddəsinə görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə görə, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Həmin Məcəllənin 402.2.4-cü maddəsinə görə, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və MPM-nin 261.0.1, 263-264, 384, 402.2 və 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli 2(013)-595/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə işin icraatına xitam verilsin. İddiaçıya izah edilir ki, məsələnin həlli ilə bağlı Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri əsasında icra icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar