Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-991/2023 19.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Tovuz Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli 2(062)-227/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 19 aprel 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, bank tərəfindən İddiaçı illik 25 faiz olmaqla 36 ay müddətinə 1900 manat məbləğində kredit verilməsi barədə razılığa gəlmişdir.
2. Kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, kreditin aylıq ödənişi 75.6 manat təşkil edir. Ümumi banka qaytarılmalı olan pul məbləği əsas borc üzrə 1900 manat faiz borcu üzrə 818.66 manat olmaqla cəmi 2718.66 manat təşkil etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 4000 manat məbləğində pulun və dövlət rüsumu kimi ödədiyi 60 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə yaxın münasibəti olmuş və ailəvi gediş-gəlişləri olmuşdur. Yaxın münasibətləri olduğuna görə cavabdeh ondan ailə problemini həll etmək üçün 2000 manat borc verməyini xahiş etmişdir. Həmin vaxt cavabdehə pulunun olmadığını bildirmiş, lakin cavabdeh bankdan kredit götürməyini və həmin bankın kreditini faizləri ilə birlikdə ödəyəcəyini bildirmişdir. Yaxın münasibəti olduğuna görə ona inanmış və kömək etmək istəmişdir. Ona görə də Azərbaycan Beynəlxalq Bankından cavabdehin iştirakı ilə 1900 manat kredit götürərək cavabdehə vermişdir. Cavabdeh pulu alıb öz ailə problemini həll etmiş, hər ay bankın kreditini və faizləri ödəyəcəyinə söz vermişdir. Lakin cavabdeh öz vədinə əməl etməmiş, bankın kreditini və faizini ödəmək imkanının olmadığını bildirmiş, ona bankın kreditini özünün ödəməyini və ödədiyi məbləği işləyib qaytaracağına söz vermişdir. Çıxılmaz vəziyyətdə qalıb bankdan götürdüyü krediti faizləri ilə birlikdə 4000 manat banka ödəniş etməklə bağlamışdır. Hesab edir ki, Cavabdeh ona 4000 (dörd min) manat borcu var. Cavabdeh həmin borcu könüllü olaraq ona ödəməkdən yayınır.
5. Tovuz Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli 2(062)-227/2023 nömrəli qətnaməsi ilə (hakim Fərid Əliyev) iddianın təmin edilməməsi ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
6. Məhkəmə həmin nəticəyə gələrkən qeyd etmişdir ki, iddiaçı iddiasının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı tərəfindən cavabdehə borcun verilməsi yalnız özünün mülahizələrinə söykənmişdir. Bu zaman isə onun iddia ərizəsində qeyd etdikləri ilə məhkəmə iclasında verdiyi izahatlar ziddiyyət təşkil etmişdir. İddiaçı iddia ərizəsində krediti məhz cavabdehə borc vermək üçün götürməsini qeyd etsə də, məhkəmə iclasında kreditin oğlu Muradın sürücülük vəsiqəsi almaq üçün aparılacaq işlərin görülməsi üçün götürməsini, lakin sonradan oğlunun təkidi ilə cavabdehə verməsini bildirmişdir. Bundan başqa iddia ərizəsində cavabdehin ailə problemini həll etməsi üçün borc istəməsini qeyd etsə də, məhkəmə iclasında cavabdehin borcu oğlunun kiçik toy məclisi üçün almasını bildirmişdir. Eyni zamanda məhkəmə onu da qeyd etmişdir ki, iddiaçı tərəfindən borc pulun 2015-ci il tarixdə verilməsi, lakin aradan uzun müddət 7 ildən artıq müddət keçdikdən sonra tələb edilməsi də ağlabatan deyildir. İddiaçının cavabdehin aldığı borcu qaytarmadığı halda hüquqlarının pozulduğunu bilə-bilə uzun müddət səssiz qalması həqiqətən də tərəflər arasında borc münasibətlərinin real olaraq mövcud olmasını şübhə altına almış olur. İddiaçı özü cavabdehə 1900 manat pulu bankdan götürərək borc vermiş və faizi ilə banka qaytarmışdır. Həmin məbləğ ümumilikdə ödəniş cədvəli üzrə 1900 manat əsas, 818,66 manat faiz borcu olmaqla cəmi 2718,66 manat təşkil edir. Buna baxmayaraq iddiaçının məhz hansı əsaslara görə cavabdehdən 4000 manat pul tələb etməsi də anlaşılan deyildir. Bu halı iddiaçı əsaslandıra bilməmişdir.
7. Məhkəmə nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1, 389.1, 742.1, 425.1-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 191.1-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli 2(062)-227/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işi düzgün araşdırmamışdır. Belə ki, o öz ifadəsində eləcə də şahidlər öz ifadələrində gördüklərini bildirmişlər. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, pulun miqdarı 4000 manat olmamışdır. 1900 manat əsas borc məbləği, 818 manat faiz borcudur. Həmçinin o, borcunu tələb etmək üçün cavabdehin evinə gedərkən xərc çəkmişdir, cavabdeh borc pulu qaytarmamaqla ona mənəvi əzab vermişdir. Bu qeyd etdiklərinə dair sübutu olmasa da o bankdan götürdüyü pulu Cavabdeh borc vermişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh ilə yaxın münasibəti olmuş və ailəvi gediş-gəlişləri olmuşdur. Cavabdeh ondan ailə problemini həll etmək üçün 2000 manat borc verməyini xahiş etmişdir. Ona görə də Azərbaycan Beynəlxalq Bankından cavabdehin iştirakı ilə 1900 manat kredit götürərək cavabdehə vermişdir. Cavabdeh pulu alıb öz ailə problemini həll etmiş, hər ay bankın kreditini və faizləri ödəyəcəyinə söz vermişdir. Lakin cavabdeh öz vədinə əməl etməmişdir. Məcbur olub bankdan götürdüyü krediti faizləri ilə birlikdə 4000 manat banka ödəniş etməklə bağlamışdır. İddia tələbinə dair sübutu özünün izahatı, şahid ifadələri olmuşdur və onda başqa sübut yoxdur. Ona görə də Cavabdeh 4000 (dörd min) manat borcun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə və məhkəmə bildirişini imzalayaraq almasına baxmayaraq, o heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
12. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
13. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. Maddə 433.3. Öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır.
15. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
16. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun pisk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
17. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
18. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
19. Maddə 740.2 .Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
20. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
24. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
25. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
26. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
27. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
29. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, iş faktiki hallarına düzgün qiymət verilmişdir.
31. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Belə ki, işin müəyyən olunmuş hallarına görə, iddiaçı cavabdehin ondan 1900 manat məbləğdə borc pul istəməsini, aralarında olan münasibət yaxşı olduğuna görə cavabdehin müraciəti üzrə bankdan həmin məbləğdə pulu götürərək ona verdiyini, lakin cavabdehin verdiyi vədə əməl etməyərək pulu qaytarmamasını iddia edərək cavabdehdən 4000 manat məbləğdə borc tələb edir. İddiaçı tələb etdiyi məbləğin bankdan götürərək borc verdiyi məbləğdən, yol xərcindən və mənəvi sarsıntı keçirməsi ilə bağlı mənəvi zərərdən ibarət olduğunu bildirsə də qeyd etdiklərinə dair sübutu nə birinci instansiya məhkəməsinə nə də apellyasiya instansiya məhkəməsinə təqdim etməmişdir. İddiaçının apellyasiya şikayətinin dəlilləri ilə iddia tələbinin dəlilləri eyni olmaqla məhkəmə araşdırmaları zamanı öz təsdiqini tapmamışdır.
33. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə Məhkəmə Kollegiyası razılaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
34. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Tovuz Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli 2(062)-227/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayət verilə bilməz .