Məhkəmə qərarları › İş №2(104)-994/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-994/2024

14.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-994/2024 14.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: maddi ziyanın əvəzinin ödənilməsi. Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli 2(021)-94/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 14 iyun 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, Toyota Rav-4 markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı adına qeydiyyata alınmışdır;

2. Nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında ƏN-Vİ seriyalı 184175 nömrəli etibarnamədən görünür ki, mülkiyyətçi İddiaçı tərəfindən Cavabdeh Toyota Rav-4 markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobili 09 aprel 2028-ci il tarixədək idarə etmə hüququ verilmişdir.

3. DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və təhqiqat şöbəsinin təhqiqatçısı polis kapitanı X2 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 13 yanvar 2023-cü il tarixli qərardan müəyyən olunur ki, Cavabdeh əməlində cinayət tərkibi yaranmadığından barəsində cinayət işinin başlanılması rədd edilmiş, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati tənbeh görülməsi qərarın surəti DYPB-nin YPXA-na göndərilmişdir. Həmin qərardan müəyyən olunur ki, 19 dekabr 2022-ci il tarixdə saat 00:45 radələrində Bakı-Quba- Dağıstan sərhəddi yolunun Binəqədi rayonu ərazisindən keçən 7.2-ci kilometrliyində Cavabdeh idarə etdiyi Toyota Rav-4 markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə X4 idarə etdiyi Mercedes Benz ** VX *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur;

4. Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında TP ******* nömrəli 13 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Cavabdeh 19 dekabr 2022-ci il tarixdə saat 00:45 radələrində Bakı-Quba-Dağıstan sərhəddi yolunun Binəqədi rayonu ərazisindən keçən 7.2-ci kilometrliyində Toyota Rav-4 markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevri etməklə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və buna görə 40 manat məbləğində inzibati qaydada cərimə edilmişdir;

5. Toyota Bakı Mərkəzi MMC tərəfindən verilmiş 26 dekabr 2022-ci il tarixli ilkin qiymətləndirmə aktından müəyyən olunur ki, Toyota Rav-4 markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobildəki dəyişdirilməli ehtiyat hissələrinin ümumi dəyəri 26161,02 manat, görülməli işlərin ümumi dəyəri 11435, 59 manat olmaqla, cəmi xərc 37596,61 manat təşkil edir. Həmin məbləğin əlavə dəyər vergisi 6767,39 manatdır. Eləcə də MMC tərəfindən avtomobilə çəkilməli olan cəmi 37596,61 manat xərcə 10 faiz endirim edilmişdir.

6. Universal Servis tərəfindən verilmiş qiymətləndirmə aktından müəyyən olunur ki, Toyota Rav-4 markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilə çəkilən xərc 10998 manat qiymətləndirilmişdir;

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 may 2023-cü il tarixli, 9/28584 nömrəli ekspert rəyi ilə 2022-ci il buraxılışlı Toyota Rav-4 markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci hadisə baş verən tarixə təxminən 39917 manat müəyyən edilmişdir;

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 noyabr 2023-cü il tarixli, 9/7425 nömrəli ekspert rəyi ilə 2022-ci il buraxılışlı Toyota Rav-4 markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci hadisə baş verən tarixə təxminən 39917 manat müəyyən edilmişdir. Toyota Rav-4 markalı avtomobil 2022-ci il buraxılışlı olduğundan dəyişilmiş ehtiyat hissələrinin qiyməti yeni ehtiyat hissələrinin qiymətlərinə müvafiq hesablanır.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yol nəqliyyat hadisəsi törətməsi nəticəsində onun avtomobilinə dəymiş 39928 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 19 dekabr 2022-ci il tarixdə 00:45 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Binəqədi rayonu ərazisindən keçən 7.2ci kilometrliyində Cavabdeh idarə etdiyi Toyota Rav-4 markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə X4 idarə etdiyi X7 **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində hər iki avotmobilə maddi ziyan dəymişdir. DİN-in Baş İstintaq və təhqiqat idarəsi tərəfindən araşdırma aparılmış. 13 yanvar 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və həmin hadisəni törətməkdə təqsirli bilinən şəxs Cavabdeh olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə Cavabdeh barəsində inzibati tənbeh görülməsi üçün qərarın surəti BDYPİ-nin YPXA-na göndərilmişdir. Həmin yol-nəqliyyat hadisəsi nəticəsində ona məxsus onun mülkiyyətində olan avtomobil tamamilə sıradan çıxmışdır. Toyota Bakı Mərkəzi tərəfindən dəymiş ziyan qiymətləndirilərək 39928 manat müəyyən edilmişdir. Avtomobilin xərcini ödənilməmiş hissəsini cavabdehdən tələb etsə də, lakin müsbət nəticə olmamışdır. Cavabdeh ona dəymiş ziyanın ödənilməsi üçün məsuliyyət daşıyır.

11. Bərdə Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli 2(021)-94/2024 nömrəli qətnaməsi ilə (hakim Elsun Əhmədov) iddia qismən təmin edilərək, Cavabdeh avtomobilin təmir bərpa xərcinə görə 39917 (otuz doqquz min doqquz yüz on yeddi ) manat alınaraq İddiaçı verilməsi; Cavabdeh ekspert rəyinə görə 150 (yüz əlli) manat tutularaq X1 (Kod 21005, BÖEN **********, müxbir hesabı AZ41NABZ)**********0********) hesabına ödənilməsi; İş üzrə iddia tələbi qismən təmin edildiyindən 210 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi; İddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

12. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 152.1, 157.4, 1096, 1097.1, 1098.2 və 1115-ci maddəsinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçının mülkiyyətində olan avtomobil özəl ekspertizaya aparılmadan ilkin qiymətləndirmə rəyi alınmışdır. Eləcə də dəymiş ziyanın yüksək məbləğdə müəyyən edilmişdir. İddiaçının mülkiyyətində olan avtomobil satıldığı halda avtomobilə dəymiş ziyan məbləği necə müəyyən edilə bilər. Hətta qətnaməyə yazılan avtomobilin dövlət qeydiyyat nişanı ilə qəza törədilmiş, yəni iddiaçının mülkiyyətində olan avtomobilin dövlət qeydiyyat nişanı eyni deyil.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, iş üzrə verilmiş ekspert rəyi ilə razılaşmır. Çünki, ekspert rəyi ilə iddiaçıya məxsus avtomobilə dəymiş ziyan məbləği həddən artıq çox hesablanmışdır. Qəza nəticəsində sözügedən avtomobilin arxa kapotu və paneli dəyişmişdir. Avtomobilə dəymiş ziyana görə 10000 manat ödəyə bilər. İddiaçıya məxsus avtomobilin alınmasında iştirak etmişdir və avtomobil 31000 ABŞ dollarına alınmışdır.

16. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobil tamamilə yararsız vəziyyətə düşmüşdür. Avtomoblin təmiri üçün çox xərc lazım olduğundan iddiaçı avtomobili satmışdır.

17. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə etdiyini və əvvəlki məhkəmə iclasında verdiyi izahata əlavəsi olmadığını bildirmişdir. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və etibarnamə üzrə nümayəndəsi (vəkil) məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil məhkəməyə ərizə ünvanlayaraq apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

20. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır.

21. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

22. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

27. Maddə 384.0.3. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

29. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

32. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia tələbi qismən təmin olunmuş və iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Yalnız cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. Sonuncu apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv olunmasını xahiş etsə də, lakin apellyasiya şikayətinin məzmunundan müəyyən olunur ki, qətnamə iddia tələbinin təmin olunmuş hissəsində mübahisələndirilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi “Cavabdeh avtomobilin təmir bərpa xərcinə görə 39917 (otuz doqquz min doqquz yüz on yeddi ) manat alınaraq İddiaçı verilməsi” hissədə dəyişdirilməli, İddiaçı məxsus Toyota Rav-4 markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın əvəzi olaraq Cavabdeh 27063,3 manat alınaraq İddiaçı verilməli, apellyasiya şikayəti qalan hissədə təmin edilməməlidir.

34. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Toyota Rav-4 markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı adına qeydiyyata alınmışdır. Sonuncu həmin avtomobilə dair 09 aprel 2028-ci il tarixədək Cavabdeh avtomobilin idarə edilməsi barədə etibarnamə vermişdir. 19 dekabr 2022-ci il tarixdə saat 00:45 radələrində Bakı-Quba- Dağıstan sərhəddi yolunun Binəqədi rayonu ərazisindən keçən 7.2-ci kilometrliyində iddiaçıya məxsus olan və Cavabdeh idarə etdiyi Toyota Rav-4 markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə X4 idarə etdiyi Mercedes Benz ** VX *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. İnzibati tənbeh vermə haqqında TP ******* nömrəli 13 yanvar 2023-cü il tarixli qərarla baş vermiş yol nəqliyyat hadisəsinə görə cavabdeh Məmmədov X3 Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı (əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmək) müəyyən edilmiş və buna görə o, 40 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya dəymiş ziyan ödənilmədiyindən sonuncu hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddia tələbini qismən təmin etmişdir.

35. Cavabdeh İddiaçı məxsus Toyota Rav-4 markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətməsi və hadisənin baş verməsində cavabdehin təqsirli olması, habelə həmin hadisə nəticəsində iddiaçıya məxsus avtomobilə ziyan dəyməsi işin mübahisəsiz hallarıdır. İşin mübahisə doğuran tərəfi dəymiş ziyanın hansı məbləğdə olmasıdır.

36. İşdən müəyyən olunur ki, birinci instansiya məhkəməsində icraat zamanı iki dəfə iş üzrə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 may 2023-cü il tarixli, 9/28584 nömrəli ekspert rəyi ilə 2022-ci il buraxılışlı Toyota Rav-4 markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci hadisə baş verən tarixə təxminən 39917 manat müəyyən edilmişdir. Həmçinin həmin mərkəzin 24 noyabr 2023-cü il tarixli, 9/7425 nömrəli ekspert rəyi ilə də 2022-ci il buraxılışlı Toyota Rav-4 markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci hadisə baş verən tarixə təxminən 39917 manat müəyyən edilmişdir.

37. Azərbaycan Respublikasının MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir.

38. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 №-li Qərarının 3.3-cü bəndində göstərilmişdir ki, digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla bərabər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır.

39. Məhkəmə kollegiyası qeyd edir ki, ekspertiza tədqiqatı zamanı avtomobil təmirbərpa xərcinin müəyyən edilməsi zamanı iş materiallarında olan qiymətləndirmə aktında qeyd edilən zədələnmiş və dəyişilməyə ehtiyacı olan hissələr nəzərə alınmış və ölkə ərazisindəki avto eytiyyat hissələri satışı bazarında məhkəmə ekspertizası mərkəzinin təcrübəsində toplanmış məlumatlardan və qiymətlərdən istifadə edilmişdir.

40. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası iş üzrə verilmiş ekspert rəylərini mötəbər sübut olaraq qiymətləndirmiş və rəyin qeyri-obyektiv olması barədə cavabdeh tərəfin arqumentlərini əsassız hesab etmişdir.

41. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi baş vermiş yol nəqliyyat hadisəsi nətcəsində iddiaçıya məxsus avtomobilə dəymiş ziyanın əvəzini 39917 manat müəyyən etməkdə haqlı olmamışdır.

42. Çünki, Toyota Bakı Mərkəzi MMC-nin 26 dekabr 2022-ci il tarixli ilkin qiymətləndirmə məlumatları əsasında verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 noyabr 2023-cü il tarixli, 9/7425 nömrəli ekspert rəyindən müəyyən olunur ki, Toyota Rav-4 markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobildəki dəyişdirilməli ehtiyat hissələrinin ümumi dəyəri 26153 manat, görülməli işlərin ümumi dəyəri 11434 manat olmaqla, cəmi xərc 37587 manat təşkil edir. Həmin məbləğin əlavə dəyər vergisi 6765 manatdır. Eləcə də MMC tərəfindən avtomobilə çəkilməli olan cəmi 37587 manat xərcə 10 faiz endirim nəzərdə tutulmuşdur.

43. Göründüyü kimi, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus Toyota Rav-4 markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobildə dəyişdirilməli ehtiyat hissələrinin və görülməli işlərin cəmi dəyəri 37587 manat müəyyən edilsə də, servis tərəfindən edilən 10 faiz endirim nəzərə alınmaqla və ƏDV tətbiq olunmadan (37587- 3758,7- 6765) avtomobildə dəyişdirilməli ehtiyat hissələrinin və görülməli işlərin cəmi dəyəri 27063,3 manat təşkil edir.

44. Qeyd edilməlidir ki, Mülki Məcəllənin zərərin əvəzinin ödənilməsinin hüquqi əsaslarını müəyyən edən 21-ci maddəsində zərər anlayışının tərifi verilmişdir. Həmin tərifə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

45. İddiaçı etibarnamə üzrə nümayəndəsinin (vəkil) məhkəməyə göndərdiyi ərizədə qeyd edilmişdir ki, İddiaçı Toyota Rav-4 markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobili təmir etdirmədən qəzalı vəziyyətdə 10000 (on min) ABŞ dolları müqabilində başqa şəxsə satmışdır.

46. Göründüyü kimi, İddiaçı məxsus Toyota Rav-4 markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilə hər hansı servis xidməti göstərilmədən qəzalı vəziyyətdə sonuncu tərəfindən həmin avtomobil başqa şəxsə satılmışdır. Belə olan halda isə sözügedən avtomobilə dair xərclər üçün hesablanmış məbləğə X6 dəymiş maddi ziyan kimi hesablanaraq həmin məbləğin cavabdehdən tutulması yolverilməzdir.

47. Şərh olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus Toyota Rav-4 markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın əvəzi 27063,3 manat təşkil edir. Birinci instansiya məhkəməsi isə yuxarıda şərh olunanları hərtərəfli, tam və obyektiv araşdırmamış və avtomobilə dəymiş ziyanın məbləğini 39917 manat məbləğində müəyyən ertmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh avtomobilin təmir bərpa xərcinə görə 39917 (otuz doqquz min doqquz yüz on yeddi) manat alınaraq İddiaçı verilməsi hissədə dəyişdirilməli və həmin hissədə dəymiş ziyan məbləği 27063,3 (iyirmi yeddi min altmış üç) manat məbləğində müəyyən edilməlidir.

48. “İddiaçının mülkiyyətində olan avtomobil özəl ekspertizaya aparılmadan ilkin qiymətləndirmə rəyi alınmışdır; Qətnaməyə yazılan avtomobilin dövlət qeydiyyat nişanı ilə qəza törədilmiş, yəni iddiaçının mülkiyyətində olan avtomobilin dövlət qeydiyyat nişanının eyni olmaması” barədə apellyasiya şikayətinin dəlilləri məhkəmə kollegiyası tərəfindən əsassız hesab edilmişdir.

49. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilməsi barədə məhkəmə qərardadlarında İddiaçı məxsus Toyota Rav-4 markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin dövlət qeydiyyat nişanı texniki yanlışlığa yol verilərək ** ON *** dövlət qeydiyyat nişanlı göstərilmişdir. Bunun nəticəsi olaraq da iş üzrə verilmiş ekspert rəylərində sözügedən avtomobilin dövlət qeydiyyat nişanı səhvən ** NO *** əvəzinə ** ON *** qeydiyyat nişanı kimi qeyd edilmişdir. Həmçinin bu texniki yanlışlığa birinci instansiya məhkəməsinin qətnaməsində də yol verilmişdir.

50. Lakin, İddiaçı məxsus Toyota Rav-4 markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat nişanı iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktında, o cümlədən xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda, xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarda və.s sənədlərdə düzgün olaraq, yəni **-NO-*** dövlət qeydiyyat nişanlı göstərilmişdir. Yəni, ekspert rəylərində, habelə məhkəmə qətnaməsində iddiaçıya məxsus avtomobilin dövlət qeydiyyat nişanının səhv göstərilməsinin səbəbi ekspertizaya başqa avtomobilin təqdim edilməsi deyil, texniki yanlışlıq nəticəsində olmuşdur.

51. Bu kontekstdə kollegiya birinci instansiya məhkəməsinin ekspertiza təyin edilmə barədə qərardadındakı və qətnaməsindəki “Toyota Rav-4 markalı **-ON-*** dövlət qeydiyyat nişanlı” ifadəsini texniki səhv olaraq qiymətləndirir. Bununla belə kollegiya, qeyd olunan səhvin gəlinən nəticəyə təsir etmədiyi, eləcə də qətnamənin formal mülahizələrə görə ləğv edilməsinin prosessual qanunvericilik baxımından məqsədəuyğun hesab edilmədiyi qənaətilə, göstərilən çatışmazlığı qətnamənin ləğvi üçün əsas hesab etmir.

52. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 384, 392-393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli 2(021)-94/2024 nömrəli qətnaməsi “Cavabdeh avtomobilin təmir bərpa xərcinə görə 39917 (otuz doqquz min doqquz yüz on yeddi ) manat alınaraq İddiaçı verilməsi” hissədə dəyişdirilsin. İddiaçı məxsus Toyota Rav-4 markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın əvəzi olaraq Cavabdeh 27063,3 (iyirmi yeddi min altmış üç manat altmış üç qəpik) manat alınaraq İddiaçı verilsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar