Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-997/2023 25.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı mülki iş üzrə Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi və sədrlik edən), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı X4, Cavabdeh1 iştirakları ilə, Göygöl Rayon Məhkəməsinin 2(066)-74/2023 saylı mülki iş üzrə 11 yanvar 2023-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən birlikdə verilmiş apellyasiya şikayətinə 25 aprel 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İşdə olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı1 tərəfindən Cavabdeh3 adına 14939 (on dörd min doqquz yüz otuz doqquz) manat pul vəsaiti ödənilmişdir.
2. İşdə olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı1 tərəfindən Cavabdeh1 adına 16164 (on altı min yüz altmış dörd) manat pul vəsaiti ödənilmişdir.
3. İşdə olan Göygöl Rayon Polis X5 Cavabdeh1 və Cavabdeh3 tərəfindən yazılmış izahatların təsdiq olunmuş surətlərindən görünür ki, onlar İddiaçı1 borclu olmalarını etiraf etmişlər.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiаçı İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qаrşı “pul” tələbinə dair iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, cavabdehlərdən Cavabdeh3 14.939 (on dörd min doqquz yüz otuz doqquz) manat və ödənilmiş 240 (iki yüz qırx) manat dövlət rüsumunun 120 (yüz iyirmi) manatını, Cavabdeh1 36.136 (otuz altı min yüz otuz altı) və ödənilmiş 240 (iki yüz qırx) manat dövlət rüsumunun 120 (yüz iyirmi) manatının tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 2012-ci ildən tanıyır. Oğlu X1 Türk Litseyini bitirmiş və xaricdə təhsil almaq istəmişdir. Cavabdeh Gəncə Dövlət Universitetində müəllimə işlədiyinə görə onun vasitəsilə oğlunu xaricdə təhsil almağa göndərə bilmişdir. O vaxtdan cavabdehə qarşı güvəni yaranmışdır. Onların yaxşı münasibətləri olmuş və bir-birilərinin xeyir və şər işlərində iştirak etmişlər. 2019-cu ildə qızı üçün ev axtarmışdır. Bu haqda cavabdehə onun tanıdığı, bildiyi evlərin yaxınlığında ev satan olmasını soruşmuşdur. Cavabdeh ona qonşuluqlarında yerləşən bir neçə ev göstərmiş və sonra onun öz evini almasını təklif etmişdir. O, cavabdehdən evin qiymətini soruşan zaman ona 100 (bir yüz) min manata satmasını bildirmişdir. O, cavabdehə o qədər pulunun olmamasını demişdir. Cavabdeh ona 50 (əlli) min manat pulun əvvəlcədən verilməsini, qalan məbləğini isə ildə 10 min manat civarında verilməsini bildirmişdir. O, cavabdehə 50 min manat pulu ödədikdən sonra evi adına sənədləşidirməsini demişdir. Lakin, cavabdeh onunla razılaşmamışdır. O vaxtdan sonra aralarında ev söhbəti olmamışdır. 2022-ci ilin yanvar ayında Cavabdeh1 ona zəng edərək, evini 60 min manat pula satmaq istədiyini bildirmişdir. O, Cavabdeh1 həmin pulun olmamasını və tələbə oxutmasını bildirmiş, ancaq 50 min manat pul vermək iqtidarında olmasını demişdir. Beləliklə, cavabdehə məxsus olan evin alqı satqısını əlli beş min manata razılaşmışlar. O vaxtdan Cavabdeh1 onunla tez-tez əlaqə saxlamış və həmin pulu nə vaxt ona verəcəyini soruşmuşdur. O, pulu cavabdehə notarial qaydada deyil, nəğd şəkildə vermişdir. O həmin pulu cavabdehə verən zaman arvadı X6 və X2nun iştirakı ilə vermişdir. O, cavabdehə məxsus evin 31100 (otuz bir min yüz) manatdan artıq pulunu banka ödəmişdir. Cavabdeh1 ona bankda pulun qalanını da verməsini bildirmişdir. O isə cavabdehə qalan pulun evi adına sənədləşdirdikdən sonra verəcəyini demişdir. Cavabdeh isə ona həmin pulun geri qaytarılmasına söz vermişdir. Sonuncu dəfə cavabdehə ya pulunun qaytarılmasını və ya evin verilməsini bildirmişdir. Lakin cavabdeh ona hal-hazırda həmin pulu ödəmək imkanın olmamasını demişdir. Cavabdeh onu aldadaraq aldığı 50000( əlli min) manatın 14939 (on dörd min doqquz yüz otuz doqquz) və 16164 (on altı min yüz altmış dörd) manatını ödədiyi qəbzlər təsdiq edir. 14939 (on dörd min doqquz yüz otuz doqquz) manatını qəbzlə Cavabdeh3 ödəmişdir.
6. Göygöl Rayon Məhkəməsinin 2(066)-74/2023 saylı mülki iş üzrə 11 yanvar 2023cü il tarixli qətnaməsi ilə (hakim Ə.Kərimov) iddianın təmin edilməsi, Cavabdeh3 14.939 (on dörd min doqquz yüz otuz doqquz) manat və Cavabdeh1 36.136 (otuz altı min yüz otuz altı) manat pul vəsaitinin və ödənilmiş 240 (iki yüz qırx) manat dövlət rüsumunun alınaraq, İddiaçı1 qət edilmişdir.
7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 600.4, 601.1 və 601.2-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qətnamədən birlikdə apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin 2(066)-74/2023 saylı mülki iş üzrə 11 yanvar 2023cü il tarixli qətnaməsinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onlar məhkəmədə vəkillə təmsil olunmadığı və hüquqi savadlarının olmaması üçün iddianı etiraf etmişlər. İddiaçı onlara ilkin ödənişiş edib, qalan pulu verməmişdir. Həmin pulu artıq xərclədiklərindən, ödənişi yalnız ayda 200 manat şəklində verə bilərlər. Məhkəmə isə qeyd edilən halları nəzərə almadan iddianı təmin etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, izahatında bir daha göstərdi ki, həqiqətən də işə birinci insansiya məhkəməsində baxılarkən onlara qarşı irəli sürülən iddianı etiraf etdikləri barədə ərizə vermişlər, yenə də borcun mövcudlunu mübahisə etmir. Mövcud olan borc isə Cavabdeh3 borcu deyil onun borcudur. O, isə maddi imkanı olan kimi həmin məbləğdə pulu iddiaçıya qaytaracaqdır. Sonda apellyator şikayətin təmin edilməsini xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətində göstərilənlə etirazını bildirərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
12. İş üzrə digər Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, o heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
13. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
15. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. 16.Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
17. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
18. Maddə 575.1. Əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər.
19. Maddə 575.2. Satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
23. Maddə 385.2 birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
24. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
26. Cavabdehlər apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, iş faktiki hallarına düzgün qiymət verilmişdir.
28. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Belə ki, işin müəyyən olunmuş faktik hallarına görə, İddiaçı1 ev almaq məqsədilə cavabdehlər Cavabdeh1 36136 manat, Cavabdeh3 14939 manat məbləğində pul vəsaiti vermişdir. Cavabdeh tərəf bundan sonra evi iddiaçının adına sənədləşdirməmiş və aldıqları pul vəsaitini geri qaytarmaqdan yayınmışlar. Cavabdehlər həmin pulun onlarda qalmasını özləri də etiraf etmişlər. Bundan sonra İddiaçı1 Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən həmin pul məbləğinin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş və məhkəmə iddia tələbini təmin etmişdir.
30. Cavabdehlər apellyasiya şikayətində birinci instansiya məhkəməsində işə baxılarkən borcun etiraf edilməsini hüquqi biliyə malik olmamaları ilə əsaslandırsalar da, işə apellyasiya qaydasında baxılarkən Cavabdeh1 yenə də məhkəmə qətnaməsində əks olunmuş məbləğdə iddiaçıya borcunun olmasını etiraf edərək, maddi imkanı olan kimi həmin məbləğdə pulu iddiaçıya qaytaracağını bildirmişdir. 31.Qeyd edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, şikayətdə göstərilən dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır. İddiaçının iddia etdiyi məbləğdə pulu ev alqı satqısı məqsədilə cavabdeh tərəfə verməsi, Cavabdeh1nin sonradan həmin evi alqı satqı yolu iddiaçıya verməkdən imtina etməsi və cavabdehlərin iddiaçıdan aldıqları pulları iddiaçıya qaytarmadıqları işin faktiki halları kimi müəyyən olunur. Cavabdeh1 borcun yalnız ona aid olduğunu iddia etsə də, işdə olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı1 tərəfindən 14939 (on dörd min doqquz yüz otuz doqquz) manat məbləğində pul vəsaiti məhz Cavabdeh3 ödənilmişdir. 32.Azərbaycan Respublikasının MPM-in 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Ona görə də kollrgiya şikayətin həmin dəlilini də əsassız sayır. 33.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin yuxarıda qeyd edilən normalarının hazırki işin faktiki hallarına tətbiqindən belə nəticə müəyyən olunur ki, irəli sürülən iddia qanuni əsaslıdır. 34.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin yuxarıda qeyd edilən 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
35. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsaslanmaqla hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarilə haqlı olaraq iddianı təmin etmişdir. 36.Мəhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. 37.Ona görə də, məhkəmə kollegiyası belə qərara gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Göygöl Rayon Məhkəməsinin 2(066)-74/2023 saylı mülki iş üzrə 11 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393, 402, 403, 404 və 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin 2(066)-74/2023 saylı mülki iş üzrə 11 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.