Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-998/2025 14.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Məcidov Rüfət Azadəli oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkil) Vəkil, Cavabdeh2 (o həmdə digər Cavabdeh1 nümayəndəsidir) iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-206/2025 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-206/2025 saylı qətnaməsi ilə (hakim R.Məmmədov) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərdən 2900 manat məbləğində pulun alınıb ona verilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək Ağdam Rayon Məhkəməsinin 13 fevral 2025-ci il tarixli, 2(013)-206/2025 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən 2900 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, 1993-cü ildən Ağdam rayonu Muğanlı kəndinin işğalından sonra ailə üzvləri ilə birlikdə Ağdam rayonu Sarıcalı kəndində məskunlaşır. 2024-cü ilin iyul ayında əvvəllər tanımadığı Cavabdeh2 onun evinə gələrək, qardaşı Cavabdeh1 onun yanında işləməsini təklif etdiyini və özünün buna razı olaraq, özünə məxsus X3 HMK 1028 markalı traktoru sürücü kimi işləməsi üçün Cavabdeh1 etibarnamə vermişdir. Həmin ilin sentyabr ayında ona zəng edərək, Bərdə şəhərində iş olduğunu bildirmiş, aradan 3-4 gün keçdikdən sonra qardaşı Arazla onun yanına getmişlər. Həmin zaman Anar traktorun motorunun yaxşı işləmədiyini, qardaşının motorist olduğu üçün kolso adlı hissənin xarab olduğunu və traktoru onun həyətinə aparmağı bildirmişdir. Özü başqa ustalarla əlaqə saxlamış və həmin ustaların yanacaq nasosunda problem olduğunu bildirmişlər. Bundan sonra traktoru Arazın həyətinə aparmış, traktorun bəzi hissələrini dəyişdirməyi təklif etmişlər və öz qardaşının və onun qardaşı Anarın şahidliyi ilə 1850 manat zapçast alması üçün, əlavə olaraq 1050 manat əlmuzdu üçün ona pul vermiş, motorun hissələrini dəyişsələr də, traktorun işləməmiş, daha sonra benzin nasosunun xarab olduğundan bunun üçün 150 manatı qardaşı Anarın yanında vermiş, beləliklə qardaşlar onu 3050 manat xərcə salmışlar və həmin məbləği onlardan tələb etsə də, heç bir nəticəsi olmamış və məhkəməyə müraciət etmək qərarına gəlmişdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi cavabdehlərin izahatlarına əsaslanaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir. İddiaçı iddia ərizəsində göstərdiklərini eyni ilə təkrarlayaraq traktorundan sökülən ehtiyat hissəsinin tam olaraq işlək vəziyyətdə olduğunu, o, bu barədə birinci instansiya məhkəməsində bildirib ehtiyat hissəsinin tam işlək vəziyyətdə olub-olmamasının aydınlaşdırılması üçün ekspertiza təyin edilməsini xahiş etsə də, nədənsə birinci instansiya məhkəməsi bunu etməmiş və iddianı təmin etməmişdir. Ona görə də hesab edir ki, Ağdam Rayon Məhkəməsinin 13 fevral 2025-ci il tarixli, 2(013)-206/2025 saylı qətnaməsi qanunsuz və əsassızdır. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlərdən Cavabdeh1 nümayəndə vasitəsilə təmsil olunsa da özü məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini müdafiə edərək həmin şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 (o həmdə digər Cavabdeh1 nümayəndəsidir) apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, özü uzun illərdir ki, mühərrik ustasıdır və iddiaçının texnikasını dəfələrlə təmir etmişdir. İddiaçıya məxsus traktorun mühərrikində nasazlıq olmuş, ona görə də iddiaçının təklifi ilə traktorunun mühərrikini sökmüş, porşenlərindən ikisinin nasaz olduğu müəyyən olunduğuna görə həmin porşenlər iddiaçının vəsaiti hesabına yenisi ilə əvəz edilmiş, köhnələri də iddiaçının özünə təhvil verilmişdir. Təmirdən sonra texnika işlək vəziyyətdə iddiaçıya qaytarılmış, iddiaçı isə ona ehtiyat hissələrin dəyəri ilə yanaşı zəhmət haqqı ödəmişdir. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb işin halları barədə məruzəçi hakimi, apellyasiya şikayətinin dəlilləri ilə bağlı iddiaçını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşin məhkəmə iclasında araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, İddiaçı razılığına əsasən Cavabdeh1 X2 HMK 1028 markalı traktoru işlətmiş, daha sonra traktorun xarab olduğunundan və Anarın qardaşı Araz həmin traktoru təmir etmişdir. Hazırda İddiaçı qardaşların onu 3050 manat xərcə saldıqlarını bildirərək həmin məbləği onlardan tələb edir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən İddiaçı iddianın təmin edilməsinə əsas verə bilən mötəbər sübutların təqdim edilməsi təklif olunsa da İddiaçı şahid İddiaçı başqa məhkəməyə digər heç bir dəlil-sübut təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, şahid X1 izahatında göstərilənlər iddianın təmin olunmasına əsas ola bilməz. Belə ki, tərəflərin izahatlarından aydın olur ki, Cavabdeh2 İddiaçı sifarişi əsasında sonuncuya məxsus X3 HMK 1028 markalı traktoru təmiri üçün ehtiyat hissələri alaraq həmin traktoru təmir etmiş və təmirdən sonra traktor normal işləmişdir. Digər Cavabdeh1 isə qeyd olunan traktorun təmirinə dair heç bir öhdəliyi yaranmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 752.1-ci maddəsinin tələblərinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə cavabdeh iddia tələbini qəbul etmədiyi üçün cavabdehin onu əsassız xərcə salmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 İddiaçı sifarişi əsasında sonuncuya məxsus X3 HMK 1028 markalı traktoru təmiri üçün ehtiyat hissələri alaraq həmin traktoru təmir etmiş, bununla da öz üzərinə düşən işi tam həcmdə görmüşdür. İddiaçı isə cavabdehin gördüyü işin keyfiyyətsiz olmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Kollegiya apellyasiya şikayətinin iş üzrə məhkəmə ekspertizasının təyin edilməli olmasına dair dəlili də razılaşmır. Ona görə ki, MPM-in 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsində iddiaçının yeganə vəsatəti şahidin dindirilməsi ilə bağlı olmuş, həmin şahid məhkəmə tərəfindən dindirilmiş, şahid ifadəsində iddiaçı tərəfindən cavabdehə pulun verildiyini bildirmişdir ki, cavabdeh də həmin xüsusatı inkar etmir və pulun həm əl muzduna, həm də ehtiyat hissə alınmasına görə verildiyini bildirir. Göründüyü kimi apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla cavabdehin formal mülahizəsidir. İddiaçı cavabdehlərin ona 2900 manat borlu olmalırını qeyd etsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Ona görə də iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin təmin edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, həmin şikayət təmin edilmədən, Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-206/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393 və 404-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-206/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-998/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-998/2025
14.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver