Məhkəmə qərarları › İş №2(105)-1/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1/2021

31.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1/2021 31.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Rəhimov Elman Gülbaba oğlu (sədrlik edən və məruzəçi hakim), Tağızadə Gülnarə Fikrət qızı və Quliyev Telman Osman oğlundan ibarət tərkibdə, Yusifova Ayşən Hafiz qızının katibliyi ilə, İddiaçı İKB-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, borcun ipoteka predmetinə yönəldilməsi, evdən istifadə hüququnun itirilmiş hesab olunmaqla evdən çıxarılma və mənzilin boşaldılması tələblərinə dair mülki üzrə Sumqayıt şəhər məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə İddiaçı İKB-nın müqaviləsi üzrə borcun ödənilməsi, borcun ipoteka predmetinə yönəldilməsi, evdən istifadə hüququnun itirilmiş hesab olunmaqla evdən çıxarılma və mənzilin boşaldılması tələblərinə dair iddiası qismən təmin edimiş, Cavabdeh1 ilə bağlanmış 21.08.2014-cü il tarixli 4-M-1-0-910-14 saylı kredit müqaviləsi üzrə 30.07.2015-ci il tarixədək ödənilməmiş 32772 ABŞ dolları əsas borc, 7882 ABŞ dolları faiz borcu və 831 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 41485 ABŞ dolları məbləğində borc, iddia ərizənin qeydə alınması üçün dövlət rüsumu kimi ödənilmış 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiacı İddiaçı İKBnın xeyrinə tutulması, borcun ipoteka predmetinə yönəldilməsi, ipoteka predmeti olan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən, ümumi sahəsi 142,7 kv.m. olan 3 otaqlı 4956 saylı evin hərracda ilkin satış qiymətinin 60.000 manat müəyyən olunmaqla, açıq hərrac vasitəsilə satılması və satışdan əldə olunacaq məbləğin İddiaçı İKB-nin xeyrinə ödənilməsi, ipoteka predmeti olan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən, ümumi sahəsi 142,7 kv.m. olan 3 otaqlı 4956 saylı evə dair Cavabdeh1 istifadə hüququnun itirilmiş hesab edilməsi və onun həmin fərdi yaşayış evindən çıxarılması qət edilmişdir (hakim İlyas Mahmudov). Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı İKB iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı İKB-nin Sumqayıt Filialı ilə Cavabdeh1 arasında 21.08.2014-cü il tarixli 4-M-1-0-910-14 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 28 ay müddətinə illik 26% ödəmək şərtilə 38.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh1 ilə iddiaçı arasında 21.08.2014-cü il tarixli 4-M-1-0-910-14 saylı İpoteka müqaviləsinə əsasən AR DƏDRX-nin Sumqayıt Şəhər Ərazi İdarəsinin MA seryalı, ******* saylı Çıxarışa əsasən Cavabdeh1 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən, ümumi sahəsi 142,7 kv.m. olan 3 otaqlı 4956 saylı ev bank qarşısında ipoteka yüklü edilmişdir. Kredit müqaviləsinin təmini üsulu kimi zamin Cavabdeh2 arasında 21.08.2014-cü il tarixli 4-M-1-0-910-14 saylı zaminlik mqaviləsi bağlanmış və bu müqaviləyə əsasən zamin kredit müqaviləsindən irəli gələn öhdəlikləri tamamilə icra etməyi öz üzərinə məsuliyyət götürmüşdür. Hal-hazırda Cavabdeh1 21.08.2014-cü il tarixli 4-M-1-0-910-14 saylı kredit müqaviləsinə əsasən, üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş və müqavilə şərtlərini pozmuş, nəticədə iddiaçıya maddi ziyan dəymişdir. İddiaçı İKB ilə Cavabdeh1 arasında 21.08.2014-cü il tarixli 4-M-1-0-910-14 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 30.07.2015-ci il tarixədək hesablanmış müvafiq olaraq 32772 ABŞ dolları əsas borc, 7882 ABŞ dolları faiz borcu və 9831 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 50485 ABŞ dolları, iddia ərizənin qeydə alınması üçün dövlət rüsumu kimi ödənilmış 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının xeyrinə tutulmasına, tutulacaq məbləğ öhdəliyin təminatı kimi Cavabdeh1 ilə bağlanmış 21.08.2014-cü il tarixli 4-M-1-0-910-14 saylı İpoteka müqaviləsinə əsasən ipoteka predmeti: Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən, ümumi sahəsi 142,7 kv.m. olan 3 otaqlı 4956 saylı evin hərracda ilkin satış qiyməti 60.000 manat müəyyən olunmaqla açıq hərrac vasitəsilə satılmasına və satışdan əldə olunan məbləğin İddiaçı İKB-nin xeyrinə ödənilməsi, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsinə və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə uyğun ipotekaya qoyulmuş Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən, ümumi sahəsi 142,7 kv.m. olan 3 otaqlı 4956 saylı evdə qeydiyyatda olan Cavabdeh1 istifadə hüququ itirilmiş hesab edilməklə, həmin şəxslərin evdən çıxarılması və həmin mənzilin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək göstərmişdir ki, məhkəmə işə baxarkən və qətnamə qəbul edərkən işin faktiki hallarını düzgün araşdırmamış, habelə qəbul etdiyi qətnaməsində maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Kredit Müqaviləsi üzrə o, İddiaçı İKB-nin hesabına 11.000 ABŞ dolları məbləğində pul ödəmişdir, lakin məhkəmə qətnaməsində bu barədə heç nə göstərilməmişdir. Bundan başqa, dəfələrlə keçirilmiş məhkəmə iclaslarında onun iştirakı təmin edilməmişdir.Onun xüsusi mülkiyyətimdə olan və Bank qarşısında ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evi 0,16 ha torpaq sahəsi üzərində inşa edilmiş 7 otaqdan ibarət bağ evidir və hazırki bazar qiymətləri ilə hesablanarsa, ümumi dəyər qiyməti 60.000 manat deyil, 250.000 - 300.000 manat civarındadır. İddiaçı İKB-nın Sumqayıt filialı ilə aralarında bağlanmış 4-M-1-0- 910-14 saylı, 21.08.2014-cü il tarixli Kredit Müqaviləsinə əsasən Banka olan borcumun düzgün hesablanmaması və xüsusi mülkiyyətimdə olan fərdi yaşayış evinə real dəyər qiyməti qoyulmadığına görə Sumqayıt şəhər məhkəməsinin 2(060)-8962/2015 saylı, 21.10.2015-ci il tarixli qətnaməsinin ləğv edilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcunun tutulması hissəsində və ipoteka predmeti olan evin dəyərinə dair hissədə dəyişdirilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə İddiaçı İKB-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, borcun ipoteka predmetinə yönəldilməsi, evdən istifadə hüququnun itirilmiş hesab olunmaqla evdən çıxarılma və mənzilin boşaldılması tələblərinə dair iddiası qismən təmin edimiş, Cavabdeh1 ilə bağlanılmış 21.08.2014-cü il tarixli 4-M-1-0-910-14 saylı kredit müqaviləsi üzrə 30.07.2015-ci il tarixədək ödənilməmiş 32772 ABŞ dolları əsas borc, 7882 ABŞ dolları faiz borcu və 831 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 41485 ABŞ dolları məbləğində borc, iddia ərizənin qeydə alınması üçün dövlət rüsumu kimi ödənilmış 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiacı İddiaçı İKB-nın xeyrinə tutulması, borcun ipoteka predmetinə yönəldilməsi, ipoteka predmeti olan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən, ümumi sahəsi 142,7 kv.m. olan 3 otaqlı 4956 saylı evin hərracda ilkin satış qiymətinin 60.000 manat müəyyən olunmaqla, açıq hərrac vasitəsilə satılması və satışdan əldə olunacaq məbləğin İddiaçı İKB-nin xeyrinə ödənilməsi, ipoteka predmeti olan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən, ümumi sahəsi 142,7 kv.m. olan 3 otaqlı 4956 saylı evə dair Cavabdeh1 istifadə hüququnun itirilmiş hesab edilməsi və onun həmin fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. İş materiallarından görünür ki, İddiaçı İKB ilə Cavabdeh1 arasında 21.08.2014-cü il tarixli 4- M-1-0-910-14 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 28 ay müddətinə illik 26% ödəmək şərtilə 38.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh1 ilə iddiaçı arasında 21.08.2014-cü il tarixli 4-M-1-0-910-14 saylı İpoteka müqaviləsinə əsasən DƏDRX-nin Sumqayıt Şəhər Ərazi İdarəsinin MA seryalı, ******* saylı Çıxarışa əsasən Cavabdeh1 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən, ümumi sahəsi 142,7 kv.m. olan 3 otaqlı 4956 saylı ev bank qarşısında ipoteka yüklü edilmişdir. İş materiallarından görünür ki, Kredit müqaviləsinin təmini üsulu kimi İddiaçı İKB ilə zamin Cavabdeh2 arasında 21.08.2014-cü il tarixli 4-M-1-0-910-14 saylı zaminlik mqaviləsi bağlanmış və bu müqaviləyə əsasən zamin kredit müqaviləsindən irəli gələn öhdəlikləri tamamilə icra etməyi öz üzərinə məsuliyyət götürmüşdür. İş materiallarından görünür ki, İddiaçı İKB tərəfindən dəfələrlə Cavabdeh1 21.08.2014-cü il tarixli 4-M-1-0-910-14 saylı müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməsi barədə xəbərdarlıq edilmiş, laklin, Cavabdeh1 iddiaçının xəbərdarlığına baxmayaraq İddiaçı İKB-yə olan borclarını ödəməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və nəticədə kreditorun hüquqları əhəmiyyətli dərəcədə pozulmuşdur. Ona görə də, Cavabdeh1 21.08.2014-cü il tarixli 4-M-1-0-910-14 saylı kredit müqaviləsi üzrə ödəməli olduğu məbləğ İddiaçı İKB-nin xeyrinə tutulmalıdır. Kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi ipoteka predmetinə yönəldilməlidir. Birinci instansiya məhkəməsi işin faktiki hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 448, 462-ci maddəsinin tələblərinə əsasən qiymət verərək hesab etmişdir ki, iddia tələbi əsaslıdır. Bununla yanaşı birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi tam həcmdə təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehlərdən 32772 ABŞ dolları məbləğində əsas borc barədə tələb əsaslıdır, lakin 7882 ABŞ dolları faiz borcu və 831 ABŞ dolları cərimə borcu yüksəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azadılması istisna edilir. Kredit müqaviləsinə əsasən tərəflər, müştəri krediti vaxtında ödəmədikdə ödənilməyən kredit üçün faiz dərəcəsini əlavə artırılması barədə razılığa gəlsələr də, məhkəmə hesab edir ki, Bankın cavabdehdən tələb etdiyi 831 ABŞ dolları məbləğində cərimə pulu (penya) yüksək hesablandığından, həmin məbləğ azaldılaraq 100 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün hüquqi nəticəyə gəlsə də, faiz borcunun məbləğinin hesablanmasında və ipoteka predmeti olan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən, ümumi sahəsi 142,7 kv.m. olan 3 otaqlı 4956 saylı evin hərracda ilkin satış qiymətinin 60.000 manat müəyyən etməklə səhvə yol vermişdir. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzinin 07.06.2017-ci il tarixli 23640 və 02 mart 2018-ci il tarixli 20376 nömrəli ekspert rəylərindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və 21.08.2014-cü il arixli, 4-M-1-0-910-14 №-li kredit müqaviləsinin şərtlərini əsas götürülməklə Cavabdeh1 30 iyul 2015-ci il tarixədək (iddia ərizəsində göstərilən tarixə) banka olan borcu 37222.36 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən:30 iyul 2015-cı il tarixə əsas borc üzrə 32772.58 ABŞ dolları,faiz borcu üzrə- 4449.79ABŞ dolları. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə qərar qəbul edilərkən borcun məbləği 07.06.2017-ci il tarixli 23640 və 02 mart 2018-ci il tarixli 20376 nömrəli ekspert rəyləri əsas götürülməklə müəyyən edilməlidir. Eyni zamanda məhkəmə kollegiyasının sorğusu əsasında“xxxx” MMC-nin təqdim etdiyi rəydən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən, ümumi sahəsi 142,7 kv.m. olan 3 otaqlı 4956 saylı evin bazar dəyəri 144 min manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası İddiaçı İKB vəsatətini nəzərə alaraq ipoteka predmeti olan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən, ümumi sahəsi 142,7 kv.m. olan 3 otaqlı 4956 saylı evin hərracda ilkin satış qiymətinin müəyyən edilməsi üçün DƏDRX-nin Sumqayıt Ərazi idarəsinə sorğu vermişdir. Lakin dəfələrlə müraciət edilməsinə və uzun müddət keçməsinə baxmayaraq vəsatət verən hüquqi şəxs İddiaçı İKB DƏDRX-nin Ərazi idarəsinin hesabına xidmət haqqı olaraq 240 manat keçirmədiyindən, sonradan isə mütəxəssislə cavabdehin baxış vaxtını müəyyənləşdirə bilməməsi səbəbindən ipoteka predmeti olan evin qiymətinə dair həmin təşkilat tərəfindən rəy verilməmişdir. İş üzrə icraat təzələndikdən sonra məhkəmə baxışı iclasında iddiaçı tərəf ipoteka predmeti olan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən, ümumi sahəsi 142,7 kv.m. olan 3 otaqlı 4956 saylı evin likvid dəyərinin 60 min manat, bazar dəyərinin 66 min manat, cavabdeh tərəf isə həmin evin likvid dəyərinin 150 min manat, bazar dəyərinin 160 min manat olmasına dair MMClərin rəylərini təqdim etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı İKB-nin təqdim etdiyi rəydə Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən, ümumi sahəsi 142,7 kv.m. olan 3 otaqlı, 0,12 ha torpaq sahəsi olan evin 66 min manat olması real bazar dəyərinə uyğun deyildir. Eyni zamanda cavabdehin təqdim etdiyi rəydə göstərilmiş qiymət də yüksəkdir. Məhkəmə kollegiyası hər iki tərəfin təqdim etdikləri rəylərdə bir-birindən kəskin fərqli olduğunu nəzərə alaraq hesab edir ki, məhkəmə sorğusu əsasında təqdim edilmiş rəy daha mötəbər və real hesabatlarla əsaslandırılmaqla tərtib edilmişdir.Ona görə də həmin rəy ipoteka predmeti olan evin qiymətləndirilməsində əsas götürülməlidir. İş üzrə Cavabdeh1 vəfat etdiyindən cavabdeh kimi onun hüquqi varisi X2 tanınmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcunun tutulması hissəsində ekspert rəyi və ipoteka predmeti olan evin dəyərinə dair “xxxx” MMC-nin təqdim etdiyi rəy əsas götürülməklə həmin hissədə qətnamə dəyişdirilməli, eyni zamanda iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 145 manat ekspertiza xərci və ipoteka predmeti olan evin dəyərinin hesablanmasına dair 145 manat İddiaçı İKB-dən (hazırda “xxxx” ASC) tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin və “xxxx” MMC-nin hesabına keçirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli qətnaməsi faiz cərimə borcunun tutulması və ipoteka predmeti olan evin dəyərinə dair hissədə dəyişdirilsin. Cavabdehlər Cavabdeh1 hüquqi varisi X2 və Cavabdeh2 32772 ABŞ dolları əsas borc, 4449.79 ABŞ dolları faiz borcu və 100 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 37321,79 ABŞ dolları məbləğində borc (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə), iddia ərizənin qeydə alınması üçün dövlət rüsumu kimi ödənilmış 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı məbləğində pul alınaraq İddiaçı İKB Açıq Səhmdar Cəmiyyətinə (hazırda “xxxx” ASC) ödənilsin. İpoteka predmeti olan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən, ümumi sahəsi 142,7 kv.m. olan 3 otaqlı, 0,12 ha torpaq sahəsi olan 4956 saylı evin hərracda ilkin satış qiyməti 144 min manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat ekspertiza xərci cavabdeh İddiaçı İKB-dən (hazırda “xxxx” ASC) tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********; Hesab AZ34CTRE********************, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. İş üzrə qiymətləndirmə tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat İddiaçı İKB-dən (hazırda “xxxx” ASC) tutularaq “xxxx” MMC-nin VÖEN **********, Benefisiar bank: “xxxx” ASC, KOD 505817 VÖEN ********** Müxbir hesab AZ.75 NABZ******************** SWİFT BİK AZEGEAZ22 hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada alındığı gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Ali Məhkəmənin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar