Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1/2023 30.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi ilə, hakimlər X3 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" KB QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan mənzilin açıq hərracdan satılması və mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 10 iyun 2016-ci il tarixli 2(012)-2669/2016 nömrəli qətnaməsindən Cavabdeh2 və maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 10 iyun 2016-ci il tarixli qətnaməsi ilə (hakim İ.Kərimli) iddianın təmin edilməsi, "xxxx" KB QSC ilə Cavabdeh1 arasında bağlanmış 24 noyabr 2014-cü il tarixli 160/00/263/14 saylı kredit müqaviləsi üzrə 42035,38 manat əsas, 1836,26 manat faiz, 150,66 manat cərimə, cəmi 44022,30 manat məbləğində borc, 06 iyul 2015-ci il tarixli, 160/00/415/15 saylı kredit müqaviləsi üzrə 18730,75 ABŞ dolları əsas, 1162,25 ABŞ dolları faiz, 207,47 ABŞ dolları cərimə, cəmi 20100,47 ABŞ dolları məbləğində borcun, 30 manat məhkəmə üçün və 30 manat ipotekanın qeydə alınması üçün ödənilmiş cəmi 60 manat məbləğində dövlət rüsumunun müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 "xxxx" KB QSC-nin xeyrinə tutulması, Cavabdeh1 və Cavabdeh2 tutulmalı olan məbləğin ödənilməsi üçün bank qarşısında ipoteka ilə yüklü edilmiş Abşeron rayonu, Masazır kəndi, İlyas Bayramov küçəsi, 8 saylı fərdi yaşayış evinə tutma yönəldilməsi və ev açıq hərracdan satılması, ipoteka predmetinin ilkin satış qiymətinin 175000 manat müəyyən edilməsi, tutma yönəldikdən və ev satıldıqdan 1 ay sonra Cavabdeh2 və Cavabdeh1 mənzili tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər fərdi yaşayış sahəsindən məcburi qaydada çıxarılmaları qət edilmişdir. Cavabdeh2 və maraqlarına toxunan şəxs Maraqlı şəxs qətnamədən apellyasiya şikayətləri vermişlər. İŞİN HALLARİ İddiaçı "xxxx" KB QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan mənzilin açıq hərracdan satılması və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" KB QSC ilə Cavabdeh1 arasında bağlanmış 24 noyabr 2014-cü il tarixli, 160/00/263/14 saylı kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə 18 faiz dərəcəsi ilə 50200 manat məbləğində kredit verilmişdir. Bundan başqa, bank ilə Cavabdeh1 arasında 06 iyul 2015-ci il tarixli, 160/00/415/15 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən cavabdehə 36 ay müddətinə 19 faiz dərəcəsi ilə 20000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə digər Cavabdeh2 tam mülkiyyət hüququ üzrə məxsus olan Abşeron rayonu, Masazır kəndi, İlyas Bayramov küçəsində yerləşən 8 saylı ev 25 noyabr 2014-cü il tarixli, 160/00/415/15 saylı ipoteka müqaviləsinə əsasən bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Bununla yanaşı, kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 24 noyabr 2014-cü il tarixli 160/00/263/14 saylı və 06 iyul 2015-ci il tarixli 160/00/415/15 saylı zaminlik müqavilələri əsasında Cavabdeh1 bank qarşısında öhdəliklərinin yerinə yetirilməməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Lakin borclu şəxs, hazırki iş üzrə Cavabdeh1 öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və nəticədə onun banka 24 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 42035,38 manat əsas, 1836,26 manat faiz, 150,66 manat cərimə borcu olmaqla cəmi 44022,30 manat, 06 iyul 2015-ci il tarixli kredit müqaviləsi üzrə 18730,75 ABŞ dolları əsas, 1162,25 ABŞ dolları faiz, 207,47 ABŞ dolları cərimə, cəmi 20100,47 ABŞ dolları məbləğində borcu yaranmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh2 Abşeron Rayon Məhkəməsinin 10 iyun 2016-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozuntusu ilə qəbul edilmişdir. Birinci instansiya məhkəməsi heç bir araşdırma aparmadan yalnız iddiaçının tələbini nəzərə almış, işin faktiki hallarını araşdırmadan qətnamə çıxarmışdır. Maraqlarına toxunan şəxs Maraqlı şəxs Abşeron Rayon Məhkəməsinin 10 iyun 2016ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozuntusu ilə qəbul edilmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini müdafiə edirək bildirdi ki, digər Cavabdeh2 onun oğlu, Maraqlı şəxs isə onun keçmiş arvadıdır. Ötən ilin dekabr ayında onun tərəfindən "xxxx" KB QSC-yə olan borc tam olaraq ödənilib. Bununla bağlı Əmanətlərin Sığortalanması Fondunun müvafiq arayışı da var. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən digər tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və Cavabdeh1 izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 10 iyun 2016-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi barədə gəldiyi nəticəni cavabdehlərin müqavilə üzrə öhdəliyi yerinə yetirməmələri ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh2 və maraqlarina toxunan şəxs Maraqlı şəxs vermiş olduğu apellyasiya şikayətlərində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-nin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Prosessual qanunvericilik sübutetmə yükünün bir qayda olaraq tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirir. Sözsüz ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə görə bu cür iddiaların təmin olunması üçün tərəflər arasında etibarlı borc (kredit) müqaviləsi bağlanmış olmalı, müqavilə üzrə Bankın öhdəliyini yerinə yetirdiyi – müəyyən olunmuş məbləği cavabdehə verdiyi sübuta yetirilməlidir. Bu cür tələblər üzrə pulun borcluya verildiyini sübut etmək yükü Bankın üzərindədir. Bank həmin halı sübut etmək yükündən o vaxt azad edilə bilər ki, cavabdeh kredit müqaviləsi üzrə müəyyən edilən pulun ona verildiyini mübahisələndirməsin. Eyni zamanda mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (Mülki Məcəllənin 385.1. və 386.1. maddələri). Məhkəmə kollegiyası kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin cavabdeh tərəfindən mübahisələndirilməsi ilə əlaqədar tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsindən ötrü məhkəmə mühasibatlıq və əmtəəşünaslıq ekspertizaları təyin etmişdir. Məhkəməyə daxil olmuş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən daxil rəylərdə 24 noyabr 2014-cü il tarixli 160/00/263/14 saylı kredit müqaviləsinin üzrə 24 noyabr 2018-ci il tarixə əsas borc üzrə 41017,24 manat, faiz borcu üzrə 22682,53 manat, 06 iyul 2015-ci il tarixli 160/00/415/15 saylı kredit müqaviləsi üzrə 06 iyul 2018-ci il tarixə əsas borc üzrə 18745,12 ABŞ dolları, faiz borcu üzrə 9774,54 ABŞ dolları müəyyən edilmişdir. "xxxx" MMC-nin 05 dekabr 2019-cu il tarixli ƏEM/D 22-1002/19 nömrəli ekspert rəyi ilə Abşeron rayonu, Masazır qəsəbəsi, İlyas Bayramov küçəsi, 8 saylı fərdi yaşayış evinin 05 dekabr 2019-cu il tarixinə bazar qiyməti 180.000 manat, ilkin satış qiyməti 153.000 manat müəyyən edilmişdir. Lakin iddiaçı Ləğv prosesində olan QSC “Bank Standart” KB tərəfindən məhkəmə kollegiyasına ünvanlanmış ərizədə cavabdehlərin sözügedən kredit müqaviləsi üzrə bank qarşısında borc öhdəliyinin hazırda mövcud olmadığı göstərilmişdir. Göründüyü kimi hazırda cavabdeh tərəfindən banka olan borcu ödənilmiş və cavabdehin banka borcu qalmamışdır. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (M.Hüseynovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarı). Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin müqavilə üzrə öhdəliyi icra olunduğundan, iddia tələbi təmin edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 10 iyun 2016-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası həmçinin ekspert tədqiqatının dəyəri ilə əlaqədar hesab edir ki, iddia tələbi rədd edildiyindən, iddiaçı Ləğv prosesində olan QSC “Bank Standart” KB-dən məhkəmə ekspertizasının dəyəri 100+50+100+50=300 (üç yüz) manat alınaraq Azərbaycan Respubliası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin, 250 (iki yüz əlli) manat isə "xxxx" MMC-nin hesabına köçürülməlidir. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ Apellyasiya şikayətləri təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 10 iyun 2016-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı "xxxx" KB QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan mənzilin açıq hərracdan satılması və mənzildən çıxarılma dair iddia tələbi rədd edilsin. İddiaçı Ləğv prosesində olan QSC “Bank Standart” KB-dən məhkəmə mühasibatlıq və əmtəəşünaslıq ekspertizalarının dəyəri 300 (üç yüz) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Dövlət xəzinədarlığı Agentliyi, kod: 210005, VÖEN **********, Muxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************), 250 (iki yüz əlli) manat isə "xxxx" MMC-nin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1/2023
30.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver