Məhkəmə qərarları › İş №2(105)-10/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-10/2022

05.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-10/2022 05.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2, X3, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh5 Əfsər qızına qarşı kredit müqaviləsi üzrə borc və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 04 iyul 2018-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 04 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakim C.Məmmədov) iddianın qismən təmin edilməsi, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 4-G1-1-0-393-15 saylı, xx.xx.2015-ci il tarixli “kredit müqaviləsi”nin ləğv edilməsi, Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 15.936,93 manat, faiz borcu üzrə 2.779,93 manat, gecikdirməyə görə 87,79 manat dəbbə pulunun, ümumilikdə 18.804,65 manat məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tələbin Sumqayıt şəhəri, 4-cü mikrorayonda yerləşən 3 otaqlı, 3/66 saylı evin 3 saylı mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 59.000 manat müəyyən edilməsi, mənzilin açıq hərracda satılması, satışdan əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 18.804,65 manat pul və dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul və 10 manat ipoteka predmetinə tutmanın yönəldilməsi barədə dövlət rüsumunun, 20 manat xidmət haqqının "xxxx" ASC-yə ödənilməsi, qalan vəsaitin Cavabdeh2 qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh3 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı "xxxx" X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 iddiaçı "xxxx" X2 xeyrinə 15936,93 manat məbləğində əsas borcun, 2.779,93 manat məbləğində faizin, gecikdirməyə görə 87,79 manat dəbbə pulunun, ümumilikdə 18.804,65 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat dövlət rüsumunu və 20 manat xidmət haqqının tutulması, tutmanın ipoteka predmeti olan Sumqayıt şəhəri, 4-cü mikrorayonda yerləşən, 3 otaqlı, 3/66 saylı evin, 3 saylı mənzilinə yönəldilməsi, mənzilin açıq hərrac vasitəsilə satılmasına və satışdan əldə olunan məbləğin iddiaçı Yelobank ASC-nin xeyrinə ödənilməsinə, satışdan əldə olunan vəsaitin qətnamənin icrasına kifayət etmədiyi tədqirdə qətnamənin qalan hissəsinin ümumi qaydada icra edilməsi, mənzilə tutuma yönəldikdən 1 ay sonra Cavabdeh2, X1, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh5 Əfsər qızının mənzildə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi, Cavabdeh2 ilə "xxxx" ASC arasında bağlanmış 22 iyul 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə "xxxx" ASC arasında bağlanmış 22 iyul 2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 27 faiz hesablanmaqla 12.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh2 mülkiyyətində olan olan Sumqayıt şəhəri, 4-cü mikrorayonda yerləşən, 3 otaqlı, 3/66 saylı evin, 3 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. Cavabdeh kredit vasitəsindən istifadə etsə də, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə borc yaranmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh3 Sumqayıt Şəhər Məhkəməsinin 04 iyul 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə mühüm əhəmiyyəti olan faktiki halları tam araşdırmamış, bankın xeyrinə əsassız qətnamə qəbul etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 04 iyul 2018-ci il tarixli qətnaməsi qismən mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi barədə gəldiyi nəticəni cavabdehin müqavilə üzrə öhdəliyi yerinə yetirməməsi ilə əsaslandırmışdır. Cavabdeh3 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, qətnaməni iddianın təmin edilən hissəsində mübahisələndirir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə cavabdehin mübahisələndirdiyi hissədə baxılaraq hüquqi qiymət verilməlidir. İşdən görünür ki, cavabdehin iddiaçı ilə bağlanmış olduğu kredit müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmış, həmin kredit müqaviləsi üzrə öhdəliyi icra etməməsinə və ya lazımınca icra etməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsi üzrə yaranmış borcun cavabdehdən tutulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmiş, iddia tələbi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə cavabdeh tərəfindən faiz, cərimə borcunun tutulması və ipoteka predmetinə yönəldilmə hissəsində mübahisələndirilmişdir. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İşdən görünür ki, tərəflər arasında bağlanmış 22 iyul 2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 illik 27 faiz hesablanmaqla 36 ay müddətinə 12000 ABŞ dolları məbləğində kredit verilmiş, cavabdehin xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 15936,93 manat məbləğində əsas borc, 2.779,93 manat məbləğində faiz, gecikdirməyə görə 87,79 manat dəbbə pulu məbləğində borcu yaranmış və iddiaçı bunu əsas gətirərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan iddiaçı "xxxx" ASC tərəfindən verilmiş 30 avqust 2022-ci il tarixli məktuba əsasən Cavabdeh2 xx.xx.2016-cı il tarixli 4-G1-1-0-393-15 sözügedən kredit müqaviləsi üzrə bank qarşısında heç bir öhdəliyi yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan iddiaçı YeloBank” ASC-nin məktublarına əsasən cavabdeh tərəfindən banka olan borcu ödənilmiş və cavabdehlərin banka borcu qalmamışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, borcun təminatı olaraq Sumqayıt şəhəri, 4-cü mikrorayonda yerləşən 3 otaqlı, 3/66 saylı evin 3 saylı mənzili ipoteka ilə yüklü edildiyindən və borc cavabdeh tərəfindən ödənildiyindən, həmin hissələrdə də iddia tələbi təmin edilməməli, mübahisələndirilən qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 04 iyul 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə qismən ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 04 iyul 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə qismən ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 15.936,93 manat, faiz borcu üzrə 2.779,93 manat, gecikdirməyə görə 87,79 manat dəbbə pulunun, ümumilikdə 18.804,65 manat məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tələbin Sumqayıt şəhəri, 4-cü mikrorayonda yerləşən 3 otaqlı, 3/66 saylı evin 3 saylı mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 59.000 manat müəyyən edilməsi, mənzilin açıq hərracda satılması, satışdan əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 18.804,65 manat pul və dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul və 10 manat ipoteka predmetinə tutmanın yönəldilməsi barədə dövlət rüsumunun, 20 manat xidmət haqqının "xxxx" ASC-yə ödənilməsi, qalan vəsaitin Cavabdeh2 qaytarılması hissəsində iddia tələbi təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar