Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1000/2021 11.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi və vəkili X3 iştirakı ilə açıq məhkəmə iclasında Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(067)-423/2020 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(067)-423/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Anar Sadıqov) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Cavabdeh 4850 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh 4850 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 4880 manatın tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, icarəyə götürdüyü 20 ha torpaq sahəsində buğda əkdirmişdi. Həmin buğdaya o və ailə üzvləri qulluq etmiş, aqrotexniki şərtlərə riayət edərək lazımi tədbirlər görmüşdülər. Buğda yetişəndən sonra məhsulunu yığdırmış, yığdığı məhsul 51600 kq təşkil etmişdir. Məhsulunu yığandan sonra satmaq üçün Xaçmaz rayonunda yerləşən dəyirmana aparmışdı. Dəyirmanda taxılı guya yaxşı keyfiyyətdə olmadığı üçün qəbul etməmişdilər. Buna görə də taxılın satılması üçün oranın işçisi olan Samir adlı bir nəfərdən köməklik göstərməsini xahiş etmişdi. Samir onu Cavabdehla tanış etmiş, Cavabdeh taxıla baxaraq bir kiloqramını 20 qəpikdən özünə satmağı təklif etmişdi. O, əlacsız qaldığı üçün taxılı həmin qiymətə Cavabdeh satmağa razı olmuşdu. Razılaşdıqdan sonra taxılını Cavabdeh anbarına boşaltdırmışdı. Razılaşmalarına əsasən həmin taxılın dəyəri 9450 manat təşkil etmişdi. Cavabdeh taxılın pulunu bir-iki günə verəcəyini bildirmişdi. O, Cavabdeh inandığı üçün buna razı olmuşdu. Bir həftə keçəndən sonra Cavabdeh Samirin vasitəsi ilə ona 1000 manat çatdırmış və yaxın vaxtda qalan borcunu tam qaytaracağını bildirmişdi. Bir müddət keçəndən sonra Cavabdeh ona 2600 manat pul vermiş və qalıq 5850 manatı qaytarmaq üçün vaxt istəmiş, lakin vəd verdiyi vaxtda pulu qaytarmadığı üçün aralarında mübahisə yaranmış, buna görə də məcbur olub xx.xx.2018-ci il tarixdə Xaçmaz rayon prokurorluğuna müraciət etmişdi. Xaçmaz rayon prokurorluğuna ərizə ilə müraciət edəndən sonra cavabdeh iltizam yazaraq borcunu etiraf etmiş və qalıq 5850 manatı xx.xx.2018-ci il tarixdə qaytaracağını bildirmişdi. Həmin iltizamı yazdıqdan sonra cavabdeh ona 1000 manat qaytarmış, 4850 manat borcu qalmışdı. Xaçmaz rayon prokurorluğuna yazdığı ərizəyə cavab olaraq bildirilmişdi ki, məsələ mülki mübahisə xarakterli olduğundan məhkəməyə müraciət etməlidir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamədən narazıdır. Qətnamədən görünür ki, işə onun iştirakı olmadan baxılmışdır. Belə ki, İddiaçı ilə heç bir iş birliyi olmamışdır. O, 50 ton taxılı kiloqramı 19-20 qəpikdən hesablanmaqla dəyirmanın işçisi Samir adlı şəxsdən almış və aldığı taxılın pulunu da Samir adlı şəxsə tam qaytarmışdır. İddiaçıya borclu olmağı barədə hər hansı iltizam verməmiş və iddiaçı ilə heç bir münasibəti olmamışdır. Ondan bir neçə dəfə imza nümunələri götürülsə də, ekspert rəy verə bilməmiş, nəhayət, sonuncu dəfə məhkəmə istəyinə nail olmuşdur ki, guya yazıların ona məxsus olması sübuta yetirilmişdir. Ekspert rəyi ona təqdim olunmasa da, qətnaməni aldıqdan sonra belə bir rəyin verilməsini bilmişdir. Həmin rəylə qətiyyən razı deyildir, iltizamdakı yazıların ona heç bir aidiyyəti yoxdur. Cavabdeh apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X5 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh İddiaçı borclu olduğu 5850 manat pulu xx.xx.2018-ci il tarixdə qaytaracağına söz vermişdir. İş üzrə keçirilmiş ekspertizanın xx.xx.2020-ci il tarixli, 4/340 saylı rəyindən görünür ki, mülki işin 11-ci vərəqində Cavabdeh adından olan xx xxxxxx 2018-ci il tarixli 5850 manat pula dair iltizamdakı yazılar- Cavabdeh tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında taxılın nisyə alqı-satqısı olmuş, cavabdeh nisyə aldığı taxılın dəyərinin müəyyən hissəsini ödəmiş, 4850 manat borcu qalmışdır. Birinci instansiya məhkəməsi mübahisəyə borc münasibətlərini nizama salan normaları tətbiq etsə də mahiyyəti üzrə düzgün nəticəyə gələrək tərəflər arasında taxılın nisyə alqı-satqısından yaranmış 4850 manat borcu cavabdehdən iddiaçının xeyrinə tutmuşdur. Cavabdeh apellyasiya şikayətində işə onun iştirakı olmadan baxılmasını qeyd etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli məhkəmə iclas protokolundan görünür ki, cavabdeh məhkəmə iclasında iştirak etmiş və izahat vermişdir. Cavabdeh apellyasiya şikayətində iddiaçıya borclu olmağı barədə hər hansı iltizam vermədiyini və onunla heç bir münasibəti olmadığını göstərmişdir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi bu dəlillər iş materiallarında olan xx.xx.2018-ci il tarixli iltizamla və iş üzrə keçirilmiş ekspertizanın rəyi ilə tam təkzib olunur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(067)-423/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari
Məhkəmə qərarları › İş №2(105)-1000/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1000/2021
11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver